Məhkəmə qərarları › İş №2(107)-848/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-848/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-848/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 351 manat məbləğdə əsas borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və Mingəçevir şəhər Məhkəməsinin 26.11.2020-ci il tarixli 2(051)-440/2020 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Bundan sonra Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin 26.11.2020-ci il tarixli məhkəmə əmrinə etiraz vermiş və məhkəmənin 13.01.2021-ci il tarixli qərardadı ilə əmr ləğv edilərək, material iddia icraatına keçirilib, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 351 manat məbləğdə pulun alınıb İddiaçı MMC-nə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pul cavabdehdən tutulub İddiaçı MMC-nə ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyasiya şikаyəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir hüquqi əsas olmadan iddianı təmin etmişdir. Cavabdeh borc müqaviləsinin bütün şərtlərinə krediti başa çatanadək əməl etmişdir. İddiaçı müqavilənin şərtlərini kobud şəkildə pozaraq, ödəniş cədvəlini yoxlamadan onun haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun İddiaçı MMC heç bir kredit borcu yoxdur. Cavabdeh borc müqaviləsində göstərilən məbləği pandemiya dövrü olmasına baxmayaraq ödəmişdir. Cavadeh Mingəçevir Şəhər Məhkəməsi tərəfindən keçirilən məhkəmə proseslərinə çağırılmamış və işə onun iştirakı olmadan baxılmışdır. Əgər cavabdeh məhkəmə prosesində iştirak edərək sübutları məhkəməyə təqdim edə bilsəydi, iddiaçının ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi məsləhət verilə bilərdi. Cavabdeh borc müqaviləsi üzrə bütün ödənişləri etmişdir. Qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tаrixli qətnaməsi ləğv edilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı MMC-nin arasında olan 06 iyun 2019-cu il tarixli MİK ******* saylı borc müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 479 manat olan məişət avadanlığı əldə edib. Borclu müqavilə üzrə ilkin ödəniş etdikdən sonra kreditora 351 manat məbləğdə borcu qalmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun 351 manat məbləğdə əsas borcu yaranmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır. Tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1-ci, 14.2.1 və 386.1-ci, 739-cu, 385-ci, 742.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci və 448.1-ci maddələri ilə əsaslandırmışdır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı MMC ilə 06.06.2019cu il tarixli MİK ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 479 manat olan məişət avadanlığı əldə etmişdir. İşdə olan İddiaçı MMC-nin 30 sentyabr 2020-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06.06.2019-cu il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 351 manat əsas (qalıq) borcu vardır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı MMC-nin arasında olan 06 iyun 2019-cu il tarixli MİK ******* saylı borc müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 479 manat olan məişət avadanlığı əldə edib. Borclu müqavilə üzrə ilkin ödəniş etdikdən sonra kreditora 351 manat məbləğdə borcu qalmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun 351 manat məbləğdə əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə iş üzrə verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı MMC ilə 06.06.2019-cu il tarixli MİK ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 479 manat olan məişət avadanlığı əldə etmişdir. İşdə olan İddiaçı MMC-nin 30 sentyabr 2020-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06.06.2019cu il tarixdə bağlanmış MİK ******* saylı müqavilə üzrə ödənilməmiş 351 manat əsas (qalıq) borcu vardır. İddiaçı MMC ilə 06.06.2019-cu il tarixli MİK ******* saylı müqaviləyə əsasən kredit yolu ilə cavabdehə dəyəri 479 manat olan məişət avadanlığı vermiş, yəni üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh isə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs kimi iddiaçı qarşısında olan öhdəliyini lazımınca icra etməmişdir. Cavabdeh şikayətində İddiaçı MMC-yə heç bir kredit borcunun olmadığını, borc müqaviləsində göstərilən məbləği pandemiya dövrü olmasına baxmayaraq ödədiyini bildirmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə də razılaşmır. Belə ki, cavabdeh iddiaçıya olan borcunu qaytarmasını sübut edə bilməmişdir, bu barədə məhkəməyə heç bir mötəbər dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə cavabdeh Mingəçevir Şəhər Məhkəməsi tərəfindən keçirilən məhkəmə proseslərinə çağırılmadığını və işə onun iştirakı olmadan baxıldığını qeyd etsə də, işə əlavə olunan sənədlərdə görüldüyü kimi cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə razılaşmır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayətİ Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar