Məhkəmə qərarları › İş №2(107)-852/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-852/2020

17.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-852/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müalicə xərcinin artırılmasıtələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(035)-835/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(035)-835/2019 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia qismən təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 2(035)-215/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı müalicəsinə görə tutulan müalicə xərcinin miqdarının dəyişdirilməsi, cavabdehdən iddiaçının xeyrinə müalicə xərcinə görə hər ay 100 (bir yüz) manat pulun tutularaq verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dəyişdirilən miqdarda müalicə xərcinin tutulmasının əvvəlinin hazırkı qətnamənin çıxarıldığı xx xxxxxx 2019-cu il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-215/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən tutulan müalicə xərcinin miqdarının dəyişdirilərək hər ay 150 manat müalicə xərci tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçının doğma atasıdır. İddiaçı həm “asma”, həm də “epelepsiya” xəstəliyindən əziyyət çəkir. Keçirdiyi xəstəliklərə görə iddiaçının əmək qüvvəsi yoxdur. 10 kq artıq yük götürdükdə sudurqa (qıcolma) keçirir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən iddiaçının müalicəsinə görə tutulan 30 manat hazırkı bazar şəraitində artan təlabatlar baxımından iddiaçının müalicəsi üçün yetərli deyildir. Belə ki, iddiaçı “asma” xəstəliyinə görə daimi olaraq Seretid (Aerozol) istifadə edir ki, bununda bir ədədinin qiyməti 37-47 manatdır. “Epilepsiya” xəstəliyinə görə isə iddiaçı ayda iki qutu Epineks tabletləri qəbul edir ki, bununda bir qutusunun qiyməti 37 manat x 2 ədəd =74 manat, Letiram tabletləri qəbul edir ki, bununda bir qutusunun qiyməti 60.01 manat, Finlepsin dərmanı (gündə iki tablet, ayda 60 tablet) qəbul edir, bir qutuda 50 tablet olduğundan ayda iki qutu almağa məcbur olur ki, bununda qiyməti 15 manatdır. Bundan başqa iddiaçı xəstəlikləri ilə əlaqədar hər ay Bakı şəhərinə həkim müayinəsinə gedib-gəlir. İddiaçı istifadə etdiyi dərmanlardan əlavə həkim müayinəsinə gedərkən gediş-gəlişə və müayinəyə görə əlavə xərclər çəkməli olur. Göründüyü kimi həkim müayinəsinə gedərkən gediş-gəlişə və müayinəyə görə çəkdiyi əlavə xərclər nəzərə alınmasa belə, iddiaçının təkcə dərmanlara görə çəkdiyi aylıq xərc 186-196 manat təşkil edir. Məhkəmənin diqqətinə çatdırır ki, müalicə xərci tutulması barədə Zərdab Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin çıxarılmasından artıq 04 il, 08 ay müddət keçmişdir. İddiaçının adı çəkilən dərmanları almaq üçün rayon mərkəzinə gedib-gəlməsinə, Bakı şəhərinə həkim müayinəsinə gedərkən gediş-gəlişə və müayinəyə görə əlavə xərclərə və adı çəkilən dərmanları almaq üçün yuxarıdakı qiymətlər nəzərə alınmaqla aylıq xərci ən azından 200- 250 manat təşkil edir ki, bununda ödənilməsində cavabdeh bir ata kimi iştirak etməlidir. Lakin, cavabdeh həmin xərclərin çəkilməsində iddiaçıya könüllü olaraq köməklik etmir. Bununla da cavabdeh bir ata kimi mənəvi borcunu yerinə yetirmir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində iddiaçı cavabdehdən hər ay müalicəsinə görə 150 manat tutulmasını istəsə də, hazırda cavabdehdən tutulan müalicə xərcinin 70 manat artırılaraq hər ay 100 manat müalicə xərci tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının 18 yaşı tamam olanadək ona aliment ödəmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçının müalicəsinə görə hər ay 30 manat pul ödəyir. İddiaçı artıq böyük kişidir, əlilliyə görə 130 manat müavinət alır, müstəqil olsun özü-özünü saxlasın. İddiaçının iş qabiliyyəti var. İddiaçı toyda atılıb-düşürsə demək sağlamdır. Özü də xəstədir, qara ciyər böyüməsindən əziyyət çəkir, lakin xəstəliyinə görə hər hansı bir sənədi yoxdur. Özü 230 manat əmək haqqı alır, ondan iddiaçıya 30 manat müalicə xərci ödəyir, qalanını isə özünün komunal xərclərinə sərf edir. İddiaçının hər hansı xəstəliyi ilə bağlı müalicə xərci onun üzərinə qoyula bilməz. İddiaçının anası işləyir. Həmçinin bu cür xəstə hesab edilən şəxslərin rayon mərkəzi xəstəxanasında xüsusi qeydiyyatı aparılır və onların dövlət hesabına müayinə və müalicəsi təmin olunur. İddiaçı dövlət tibb müəssisələrinin xidmətindən istifadə etmək əvəzinə özəl müəssisələrə müraciət edir. Bu nə deməkdir? Belə çıxır ki, dövlət səhiyyə müəssisələri bu xəstəliyi müalicə edə bilmir? Bu hal onun xəstəliyi və müalicə xərcləri ilə bağlı şübhələr yaradır. Hesab edir ki, iddia əsassızdır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə olunan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, müalicə xərcinin artırılaraq cavabdehdən 100 manat tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh оğlu apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Əvvəla, məhkəmə qətnaməsində qeyd edir ki, qanunvericilikdə alimentin tutulmasının əvvəlinin ərizənin verildiyi gündən hesablanması təsbit edilsə də, müalicə xərcinin tutulmasının ərizənin verildiyi gündən hesablanması ilə bağlı qayda təsbit edilməmişdir. Göründüyü kimi, hazırki mübahisə predmeti müalicə xərcinin tutulması yox, onun məbləğinin artırılmasıdır. Belə olan halda, məhkəmənin qətnamənin dərhal icra edilməsi ilə bağlı mövqeyi tamamilə səhv olmuşdur. Başqa sözlə, güman etsə ki, iddia əsaslıdır, bu zaman dəyişdirilən miqdarda müalicə xərcinin tutulmasının əvvəli hazırki qətnamənin çıxarıldığı xx.xx.2019-cu il tarixdən yox, qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Həmçinin bu onun göstəricisidir ki, məhkəmənin ümumiyyətlə Ali Məhkəmə Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarından xəbəri yoxdur. Belə ki, həmin Qərarın 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İkincisi, müalicə xərcinin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə müalicə xərcinin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və müalicə xərcinin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun vəsait ödəyən şəxsin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Buna baxmayaraq, məhkəmə işin hallarını birtərəfli araşdırmış, iddiaçının ehtimal xarakterli fikirlərinə istinad edərək qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Prezidentinin xx.xx.2019-cu il tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən 2019-cu il aprelin 1-dən əlillər və digər imtiyazçılar üçün sosial müavinətlərin məbləği iki dəfədən çox artırılmışdır. Yəni, iddiaçının müavinəti 61 mantdan 130 manata qalxmış və vəziyyəti daha da yaxşılaşmışdır. İddiaçının hər il yeni model telefon alması və eyni vaxtda ən azı iki-üç nömrədən istifadə eləməsi və hər ay danışıq məqsədilə həmin nömrələrə 25- 30 manat pul yükləməsi onun sosial durumunun yüksək olmasından xəbər verir. Günə bir qutu olmaqla ayda 30 qutu siqaret istifadə edir ki, bunun da minimal qiyməti 60 manat olar. İddiaçıya şamil olunan xəstəliklərin protokola görə təyinata uyğun qəbul etdiyi dərmanlara siqaret və içgilər qəti əks göstərişdir. İddiaçı bu vərdişlərdən xilas olmasa heç bir müalicənin faydası yoxdur. Məhkəmənin bu kimi halları nəzərə alması işin mahiyyətinin açılması üçün çox əhəmiyyətlidir. İddiaçı ikinci qrup əlil olsa da, əmək qabiliyyəti mövcuddur. Onun işləməməsi və bundan yayınması əmək qabiliyyətinin olmaması anlamına gəlməz. Dövlət Tibbi-Sosial Reablitasiya xidməti tərəfindən verilmiş xx.xx.2018-il tarixli məktubdan da görünür ki, İddiaçı əmək qabiliyyətlidir və onun əmək qabiliyyətini itirmə faizi sətrinin qarşısı boşdur. Qeyd olunanları nəzərə almayaraq məhkəmə qeyd edir ki, müalicə xərcinin miqdarı müəyyənləşdirilərkən iddiaçının dərmanları almaq üçün rayon mərkəzinə gedib-gəlməsinə, Bakı şəhərində həkim müayinəsinə gediş-gəlişə və müayinəyə görə əlavə xərcləri nəzərə alınmışdır. Halbuki, müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər birbaşa tibbi xidməti ilə bağlı olmadığından müalicə xərcləri kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə iddiaçının nümayəndəsi, anası Nümayəndə təqdim etdiyi dərman qutularının üzərində olan qiymətlərə istinad edir. Lakin, məhkəmə həqiqətən həmin dərmanların iddiaçıya təyin edilməsini müəyyənləşdirməmişdir. Məlum olmur ki, həmin dərmanların iddiaçının xəstəliyinə nə qədər aidiyyatı var? Bu dərmanlardan hansılar dövlət tərəfindən xəstəyə verilir? Bütün bunların araşdırılması üçün tərəfsiz mütəxəssis rəyinə ehtiyac var. O, bununla bağlı Zərdab RMX-ya sorğu etsə də bugünədək sorğusuna cavab verilməmişdir. Məhkəmədən xahiş edir ki, Səhiyyə Nazirliyinə sorğu verib iş üzrə iddiaçıya iddiada iddia etdiyi dərmanların onun xəstəliyi ilə uyğunluğu və dövlət hesabına pulsuz verilməsi barədə məlumat əldə olsun? Arayışda adı keçən dərmanlar epilepsiyaya qarşı Karbamazepin tərkibli (Finlepsal) və astmaya qarşı ağız boşluğuna püsgürdülən Seretid dərmanıdır ki, bu dərmanlar da dispanser qeydiyyat qaydasında iddiaçıya poliklinika tərəfindən pulsuz verilir. Məhkəməyə sübut kimi təqdim edilmiş digər dərman qutularının, kassa çeklərinin iddiaçının müalicəsinə heç bir aidiyyatı yoxdur. Həmin oxunmaz vəziyyətdə olan çeklər iddiaçıya aid deyil və sübut kimi təqdim edilə bilməz. Bundan əlavə, sorğu verib onun maddi vəziyyətini araşdırın. Baxın görək onun adına əmlak, nəqliyyat vasitəsi və s. varmı? Eyni zamanda, Zərdab Rayon Məhkəməsinin qətnaməsi ilə30 manat müalicə xərci müəyyən edildikdən sonra, onun maddi vəziyyətində hər hansı yüksəliş olmuşdurmu? Bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa, “İcbari tibbi sığorta haqqında” qanun qüvvəyə minmişdir. Artıq müalicələr və dərmanlar pulsuzdur. Məhkəmə niyə bu halları araşdırmır? Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(035)- 835/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini, işə mahiyyəti üzrə baxıb, yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(035)-835/2019 nömrəli qətnaməsinin “dəyişdirilən miqdarda müalicə xərcinin tutulmasının əvvəli hazırki qətnamənin çıxarıldığı xx.xx.2019-cu il tarixdən hesablanması və qətnamənin dərhal icra edilməsi” hissəsinin icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(035)-835/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dindirilmiş Şəki RPX-nin həkim psixiatrı X1 mülki işin materialları ilə və əlavə təqdim olunmuş sənədlərlə tanış olaraq bildirdi ki, hazırki iş üzrə İddiaçı sadə parsial tutmalarla gedən lokalizə olunmuş sinptomatik epilepsiya xəstəliyindən əziyyət çəkir və o, müntəzəm olaraq Epinex, Literon, Finlepsal və Seretid dərmanlarını qəbul etməlidir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(035)-835/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Epikrizdən görünür ki, İddiaçı “sadə parsial tutmalarla gedən lokalizə olunmuş sinptomatik epilepsiya xəstəliyindən əziyyət çəkir. İşdə olan Zərdab rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş arayışdan görünür ki, X2 (hazırkı iddiaçı) həqiqətən də, hər ay mütamadi olaraq Epinex, Literon, Finlepsal və Seretid dərmanlarını qəbul edir. İşdə olan ƏƏSMN-i yanında DSMF-nin Zərdab rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 057189 saylı vəsiqədən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən İİ qrup əlildir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-215/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh (hazırki cavabdeh) xx.xx.1999-cu il təvəllüdlü İddiaçı (hazırki iddiaçı) müalicəsinə görə hər ay 30 manat pulun tutularaq Nümayəndə verilməsi qət edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin 2(035)-566/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh (hazırki cavabdeh) İddiaçı (hazırki iddiaçı) qarşı müalicə xərcinin ləğv edilməsi və artıq ödənilmiş məbləğin qaytarıması”na dair iddiası rədd edilmişdir. İşdə olan Şəki Аpellyаsiyа Məhkəməsinin 2(107)-453/2019 saylı, xx.xx.2019-cu tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Zərdab Rayon Məhkəməsinin 2(035)- 566/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən vermiş olduğu apelyasiya şikayəti təmin edilməmişdir. İşdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli **********2 saylı məktubundan görünür ki, İddiaçı Ağır fiziki işlər əks göstərişdir. Texniki təhlükəsizlik və əlverişli iqlim şəraitində yüngül işlərdə işləyə bilər. İşdə olan həkim reseptlərindən görünür ki, İddiaçı mütamadi olaraq həkim müayinəsindən keçmiş və onun müalicəsi üçün müxtəlif dərmanlar yazılmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1, 81.1 və 81.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1 və 234.2.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmışövladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmışövladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi iləəlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinəəsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 234.1-ci maddəsinə görə bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki,, cavabdeh xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2000-ci il tarixdən “Toksiki-hipoksik ensefalopatiyanın nəticələri, fiziki-psixi inkişafdan geri qalma və tez-tez başverən qıcolma tutmaları” diaqnozu ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində dispanser qeydiyyatdadır. O, hazırda həm “asma”, həm də “epelepsiya” xəstəliklərindən əziyyət çəkir. İddiaçıya ağır fiziki işlər əks göstərişdir, o, yalnız texniki təhlükəsizlik və əlverişli iqlim şəraitində yüngül işlərdə işləyə bilər. İddiaçı İİ qrup əlildir, vaxtaşırı həkim müyanəsindən keçməklə müalicə alır, o, hər ay mütamadi olaraq Epinex, Literon, Finlepsal və Seretid dərmanlarını qəbul edir. İddiaçı yetkinlik yaşına çatsa da, tam əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxsdir. İddiaçı “asma” xəstəliyinə görə daimi olaraq Seretid (Aerozol) istifadə edir ki, bununda bir ədədinin qiyməti 37-47 manat, “Epilepsiya” xəstəliyinə görə ayda iki qutu Epineks tabletləri qəbul edir ki, bununda bir qutusunun qiyməti 37 manat x 2 ədəd =74 manat, Letiram tabletləri qəbul edir ki, bununda bir qutusunun qiyməti 60.01 manat, Finlepsin dərmanı (gündə iki tablet, ayda 60 tablet) qəbul edir ki, bir qutuda 50 tablet olduğundan ayda iki qutu almağa məcbur olur ki, bununda qiyməti 15 manat olmaqla ümumilikdə 186-196 manat təşkil edir. Bundan başqa iddiaçının adı çəkilən dərmanları almaq üçün rayon mərkəzinə gedib-gəlməyə, Bakı şəhərinə həkim müayinəsinə gedərkən gediş-gəlişə və müayinəyə görə əlavə xərclərə məruz qalır. Cavabdehin məhkəmə qətnaməsinə əsasən ödədiyi 30 manat puldan başqa tam əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan iddiaçının müayinə və müalicəsində hər hansı bir iştirakı yoxdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandıra bilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının adı çəkilən dərmanları almaq üçün rayon mərkəzinə gedib-gəlməsinə, Bakı şəhərinə həkim müayinəsinə gedərkən gediş-gəlişə və müayinəyə görə əlavə xərclərə və müalicəsinə görə adı çəkilən dərmanları almaq üçün yuxarıdakı qiymətlər nəzərə alınmaqla aylıq xərcinin ən azından 200-250 manat təşkil etməsi barədə iddiaçının dəlillərini inandırıcı hesab etmişdir. Cavabdeh iddiaçının artıq yetkinlik yaşına çatmasına və əmək qabiliyyətli olmasına əsaslanaraq iddiaya qarşı etiraz etsə də, öz etirazını məhkəmə iclasında əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təklif olunsa da, cavabdeh izahat verməkdən savayı iddianın rədd olunmasını əsaslandıra biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Onun iddianın rədd edilməsi üçün izahatında göstərdiyi dəlillər iddiaçının nümayəndəsinin izahatındakı dəlillər və iş materialları ilə birmənalı şəkildə təkzib olunmuşdur. Birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq və sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, belə nəticəyə gəlmişdir ki, iddiaçının gətirdiyi dəlillər iddianın təmin edilməsi üçün əsasdır. Cavabdehin gətirdiyi dəlillər isə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin Zərdab Rayon Məhkəməsinin 2(035)-215/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçının müalicəsi üçün ödədiyi 30 manat pul hazırkı artan təlabatlar baxımından iddiaçının müalicəsinin təşkili üçün yetərli deyildir. Ona görə də iddiaçının yetkinlik yaşına çatmasına baxmayaraq, o, tam əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxs olduğu üçün onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin qorunması və müalicəsinin təşkil edilməsi məqsədi ilə iddia qismən təmin edilməli və Zərdab Rayon Məhkəməsinin 2(035)-215/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçının müalicəsi üçün cavabdehdən tutulan müalicə xərcinin miqdarı dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi bu zaman qeyd etməyi lazım bilmişdir ki, “asma” və “eplepsiya” xəstəliyindən əziyyət çəkən, tam əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladın–hazırkı İddiaçı saxlanmasında iştirak etmək hazırkı cavabdehin həm də bir ata kimi mənəvi borcudur. Birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan müalicə xərcinin miqdarı məsələsini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, ondan tutulmalı olan müalicə xərcinin miqdarı müəyyənləşdirilərkən iddiaçının adı çəkilən dərmanları almaq üçün rayon mərkəzinə gedib-gəlməsinə, Bakı şəhərinə həkim müayinəsinə gedərkən gediş-gəlişə və müayinəyə görə əlavə xərclərə və adı çəkilən dərmanları almaq üçün yuxarıdakı qiymətlər nəzərə alınmaqla aylıq xərcinin təxminən 200-250 manat təşkil etməsinə rəğmən iddiaçının cavabdehdən hər ay 100 manat tələb etməsinə dair iradə ifadəsi əsas götürülməlidir. Birinci instansiya məhkəməsi müalicə xərcinin tutulmasının əvvəli məsələsini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, müalicə xərcinə görə tutulması qət edilən pul vəsaitləri şəxsin saxlanılması üçün vəsaitlərə aid olduğundan MPM-nin 234.2.1-ci maddəsinin tələbləri baxımından qətnamə dərhal icraya yönəldilməlidir. Lakin, qanunvericilikdə alimentin tutlmasının əvvəlinin ərizənin verildiyi gündən hesablanması təsbit edilsə də, müalicə xərcinin tutlmasının əvvəlinin hesablanması ilə bağlı qayda təsbit edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, nə qədər ki, müalicə xərcinin tutlması barədə olan hazırkı qətnamə dərhal icra edilməlidir, onda müalicə xərcinin tutulmasının əvvəli məsələsi də məhkəmə tərəfindən həll edilməlidir. Bu baxımdan məhkəmə cavabdehdən müalicə xərcinin tutulmasının əvvəlinin qətnamənin çıxarıldığı tarixdən hesablanmasını məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Nümayəndə iddiası üzrə Zərdab Rayon Məhkəməsinin qəbul etdiyi 2(035)-215/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnamə ilə, hazırki iş üzrə Cavabdeh hazırki iş üzrə iddiaçı xx.xx.1999-cu il təvəllüdlü İddiaçı müalicəsinə görə hər ay 30 manat pulun tutularaq Nümayəndə verilməsi qət edilmişdir. Hazırki iş üzrə isə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-215/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan 30 manat müalicə xərci də daxil olmaqla hər ay cəmi 100 manat müalicə xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə qətnaməsi ilə Zərdab Rayon Məhkəməsinin 2(035)-215/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı müalicəsinə görə tutulan müalicə xərcinin miqdarı dəyişdirilmiş və cavabdehdən iddiaçının xeyrinə müalicə xərcinə görə hər ay 100 (bir yüz) manat pulun tutularaq verilməsi qət edilmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh оğlunun apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(035)-835/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(035)-835/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar