Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-853/2024 16.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair mülki işi üzrə Zərdab Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı bildirir ki, onunla cavabdeh arasında rus rublunun alğı-satqısı barədə şifahi razılaşma olmuşdur və razılaşma əsasında cavabdehin ona 42.653 manat məbləğində borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 42.653 manat pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə normal münasibətləri olmuş, 2023-cü ilin yanvar ayından şərikli işləməklə rus rublunu Azərbaycan manatının kursu ilə dəyişərək qazanclarını yarı bölmüşlər. Ağcabədi rayon qara bazarında pul dəyişən tanışlarından rus rublu götürərək cavabdehə vermişdir. Cavabdeh isə rus rublunu dəyişib iddiaçının pulunu həmişə vaxtında qaytarmışdır. Beləliklə cavabdeh onun tam etibarını qazanmışdır. Onun 2023-cü ilin mart ayının 10-na kimi olan dövr ərzində cavabdehdə Azərbaycan manatı ilə 20.273 manat pulu qaldığı üçün, həmin pulu cavabdehdən istədikdə, cavabdeh həmin pulla çox qazanc əldə etmək üçün Zərdab rayonunda rus rublu aldığını demişdir. Bundan sonra cavabdeh yenidən ondan əlavə qazanc məqsədilə rus rublu istəmiş, cavabdehə əlavə olaraq 1.120.000 rus rublu (Azərbaycan manatının kursu ilə 22.380 manat) vermiş və cavabdehə sabah 22.380 manatı və əvvəl verdiyi pulluda gətirib hesablaşmalarını və alverlərini davam etmələrini demişdir. Səhəri gün cavabdeh gəlmədiyinə görə, ona zəng etmiş, cavabdeh bildirmişdir ki, guya rus rublu verdiyi adam Bakı şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulmuşdur. Cavabdehlə görüşmək istədikdə cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ondan qaçmışdır. Bir müddət keçdikdən sonra o, məcburiyyət qarşısında qaldığı üçün cavabdehin yaşadığı Zərdab rayonuna gedərək onunla görüşmüşdür. Cavabdeh ona müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, ona olan borcunu hissə-hissə və ya kredit götürüb qaytaracaqdır. Lakin cavabdeh ona olan borcundan 4950 manatını qaytarmış, həmin pulu qaytaranda özündə olan qeydiyyat dəftərinə imza etmişdir. Zərdab Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(035)-40/2024 nömrəli iş üzrə qəbul etdiyi 02 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Həsənquliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh yaranmış borca görə 38.153 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin halları ilə müəyyən olunur ki, tərəflər 2023-ci ilin yanvar ayından rus pulu dəyişərək şərikli işləmişlər. Belə ki, iddiaçı Ağcəbədi rayon qara bazarında pul dəyişən tanışlarından rus pulunu götürüb cavabdehə vermiş, cavabdeh isə rus pulunu aparıb artıq kursa dəyişərək, pulun mayasını özündə saxlamaqla qazancını isə gətirib iddiaçı ilə bölüşmüşdür. İddiaçının 2023-cü ilin mart ayının 10-na kimi olan dövr ərzində cavabdehdə Azərbaycan manatı ilə 20.273 manat pulu qaldığı üçün həmin pulu cavabdehdən istədikdə, cavabdeh həmin pulla çox qazanc əldə etmək üçün Zərdab rayonunda rus rublu aldığını demiş, yenidən iddiaçıdan əlavə qazanc məqsədilə rus rublu istəmiş, iddiaçı da cavabdehə əlavə olaraq 1.120.000 rus rubulu (Azərbaycan manatının kursu ilə 22.380 manat) vermiş və cavabdehə səhəri gün 22.380 manatı və əvvəl verdiyi 20.273 manat puluda gətirib hesablaşmalarını və alverlərini davam etmələrini demişdir. Səhəri gün cavabdeh gəlmədiyinə görə, iddiaçı cavabdehə zəng etmiş, cavabdeh bildirmişdir ki, guya rus rubulu verdiyi adam Bakı şəhərində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulmuşdur. İddiaçı cavabdehlə görüşmək istədikdə cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bir müddət keçdikdən sonra iddiaçı məcburiyyət qarşısında qaldığı üçün cavabdehin yaşadığı Zərdab rayonuna gedərək, Ağcabədi körpüsündə onunla görüşmüşdür. Cavabdeh ona müxtəlif bəhanələr gətirərək bildirmişdir ki, iddiaçıya olan borcunu hissə-hissə və ya kredit götürüb qaytaracaqdır. Lakin bugünədək cavabdeh iddiaçıya olan borcu qaytarmamışdır. Cavabdeh iddianı qəbul etmədiyini bildirsə də, öz etirazını məhkəmə iclasında əsaslandıra bilməmiş, iddianın rədd edilməsi üçün məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş diskdə yazılanlar dinlənilmiş, şahidlərin ifadələri alınmış, diskdə yazılanlarla şahid ifadələri uyğun gəldiyi üçün məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş şahidlərin ifadələrini inandırıcı hesab etmişdir. Bundan başqa iddiaçı izahatında borcun bir hissəsini taksi sürücüləri ilə qaytardığını bildirsə də borclu olduğu pulları həqiqətən qaytarmasını sübuta yetirə bilməmişdir. Eyni zamanda məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əlyazmada yazılmış qəbzin yararsız olması səbəbindən sübut kimi qəbul edilməsini yol verilməz hesab etmişdir. Bundan başqa məhkəmə cavabdehin izahatına da tənqidi yanaşır. Belə ki, cavabdeh iddiaçıdan aldığı pulları etiraf etsə də, qaytarmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi üçün məhkəmə onun ifadəsini də inandırıcı hesab etməmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1, 739.1, 739.2, 740.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə prosesində cavabdeh tərəfindən şahid qismində çıxış edən X1 və X4 iddiaçıya cavabdeh tərəfindən pul göndərilməsini etiraf etsə də, məhkəmə bu faktı nəzərə almamışdır. Hansı ki, iddiaçı özü belə sözü gedən şəxslər tərəfindən ona pul verilməsini etiraf edir. Lakin qərəzli şəkildə qeyd etmişdir ki, göndərilən pul guya köhnə borcla bağlı olmuşdur. Lakin köhnə borcun nə zaman yaranması və necə ödənilməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmədə işin hallarını dəqiq araşdırmamışdır. Belə ki,şahidlər pulu mart ayında aparmalarını bildirsə də lakin qətnamədə şahidlərin ifadələri təhrif olunub və pulun yanvar ayında aparılması qeyd olunmuşdur. Eyni zamanda isə şahidlər pulu konvertdə aparmadığını bildirsə də, qətnamədə pulun konvertdə aparılması qeyd olunmuşdur. İddiaçı məhkəmə zamanı izahatında qeyd etmişdir ki, “Ağcəbədi rayon qara bazarında pul dəyişən tanışlarından rus pulunu götürüb cavabdehə vermiş, cavabdeh isə rus pulunu aparıb artıq kursa dəyişərək, pulun mayasını özündə saxlamaqla qazancını isə gətirib onunla bölüşmüşdür”. Lakin məhkəmə bu hissədə də işin hallarını düzgün araşdırmamış və iddiaçının formal xarakter daşıyan iddiasını təhlil etməmişdir. Belə ki, izahat təhlil olunsaydı ortaya maraqlı sual çıxardı ki, əgər rus pulunu iddiaçı alırdısa və cavabdeh sadəcə həmin pulu artıq kursa dəyişirdisə niyə pulun mayası cavabdehdə saxlanılırdı? Hansı ki, iddiaçı özü belə etiraf edir ki, bu proses bir müddət belə davam etmişdir. İddiaçı pulun mayası cavabdehdə saxlanıldığı halda yenidən qara bazardan hansı pulla rus rublu aldığını əsaslandırmamış və məhkəmə də bu hissəni aydınlaşdırmamışdır. Rus rublu cavabdeh tərəfindən dəyişdirildikdən sonra maya hissəsi tam şəkildə qazanc hissəsi isə yarı şəklində iddiaçıya qaytarılmışdır. Eyni zamanda iddiaçı məhkəmə prosesi zamanı əlyazma təqdim edərək əlyazmada borcun cavabdeh tərəfindən etiraf olunmasını bildirmişdir. Buna əsasən məhkəmə tərəfindən 13 noyabr 2023-cü il tarixli xətşünaslıq ekspertizası təyin olunmuşdur. 12 yanvar 2024-cü il tarixli ekspertin tədqiqatının nəticəsindən aydın olur ki, məhkəmə prosesi zamanı İddiaçı tərəfindən təqdim olunan əlyazma və həmin əlyazmada olan imza cavabdeh tərəfindən icra olunmamışdır. Lakin buna baxmayaq məhkəmə iddiaçının iddiasını qismən təmin etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçıdan 22.300 manat məbləğində pul almışdır və həmin pulu artıqlaması ilə faizləri ilə birlikdə iddiaçıya qaytarmışdır. Belə ki, o, pulu hissə-hissə olaraq, 9400+4800+5000+4500 manat olaraq iddiaçıya qaytarıb. Diskdəki səs yazısı ona aid olsa da, orda onun borclu olduğu kimi qeyd etdiyi 48.000 vəsait azərbaycan manatı deyil, rus rubludur. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehin 2023-cü ilin mart ayına qədər ona təxminən 21.000 manat borcu yaranmışdır, 2023-cü ilin mart ayının əvvəllərində o dəyişməsi üçün cavabdehə 1.125.000 rus rublu- 23.575 manat vermişdir. Cavabdeh Novruz bayramından sonra, martın 29-dək kredit götürüb borcunu qaytaracağını bildirsə də borcundan 4950 manat ödəniş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnaməni tam mübahisələndirdiyindən, Məhkəmə Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsini tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, İddiaçı şikayəti əsasında Ağcabədi Rayon Polis İdarəsində aparılmış araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə toplanmış HK- 1/1074 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Rayon Məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində tərəflər arasındakı mübahisə ilə bağlı bildirmişdir ki, iddiaçı və digər tanışları X7 və X5 ilə birlikdə cavabdehin yaşadığı Zərdab rayonuna gedərək, Ağcabədi körpüsündə cavabdehlə görüşmüşlər. Söhbət zamanı cavabdeh 42.653 manat borcunu qaytaracağını demişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilən X7 və X5 şahid X3 ifadəsində göstərilənləri təsdiq etmiş və həmin ifadə ilə anoloji ifadə vermişlər. Rayon məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zərdab rayonunda taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin yay aylarında tanışı olan cavabdeh ona 8400 manat pulu çatdırmalı olduğu Vüqar adlı şəxsin mobil nömrəsini vermiş, həmin şəxslə görüşərək Vüsalın verdiyi pulu ona vermişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Zərdab rayonunda taksi fəaliyyəti ilə məşğul olur. Təxminən bir il bundan əvvəl cavabdeh ona Vüqar adlı şəxsin mobil nömrəsini vermiş, həmin şəxslə Ağcabədi körpüsündə görüşərək Vüsalın verdiyi 9404 manat pulu ona vermişdir. İş materiallarına əlavə olunmuş CD diskdəki səs yazısından məlum olur ki, tərəflər arasında olan danışıq zamanı cavabdehin iddiaçıya 42.653 manat məbləğində borcu olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən Rayon Məhkəməsi tərəfindən işin halları kimi müəyyən edilmişdir ki, tərəflər arasında əldə olunmuş razılaşmaya görə, iddiaçı Ağcəbədi rayon qara bazarında pul dəyişən tanışlarından müxtəlif vaxtlarda rus pulunu götürüb cavabdehə vermiş, cavabdeh isə rus pulunu aparıb artıq kursa dəyişərək, pulun mayasını özündə saxlamaqla qazancını gətirib iddiaçı ilə bölüşmüşdür. İddiaçının 2023-cü ilin mart ayının 10-na kimi olan dövr ərzində cavabdehdə 20.273 manat pulu qaldığı üçün həmin pulu cavabdehdən istədikdə, cavabdeh həmin pulla çox qazanc əldə etmək üçün Zərdab rayonunda rus rublu aldığını demiş, yenidən iddiaçıdan əlavə qazanc məqsədilə rus rublu istəmiş, iddiaçı da cavabdehə əlavə olaraq 1.120.000 rus rubulu (Azərbaycan manatının kursu ilə 22.380 manat) vermiş və cavabdehə səhəri gün 22.380 manatı və əvvəl verdiyi 20.273 manat puluda gətirib hesablaşmalarını və birgə fəaliyyətlərini davam etmələrini demişdir. Lakin sonradan cavabdeh müxtəlif bəhanələrlə iddiaçıya həmin məbləği qaytarmaqdan yayınmışdır. Bunları müəyyən edən Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya borcu olması işdə olan sübutlarla tam təsdiq olunur və həmin borc cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, qeyd olunan hissədə Rayon Məhkəməsinin mövqeyi əsaslıdır. Belə ki, işdə olan sübutlara, o cümlədən iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahid ifadələrinə, 3-cü şəxslərin iştirakı ilə iddiaçı və cavabdeh arasında aparılan danışıqların audioyasısına əsasən məlum olur ki, cavabdehin iddiaçıya qaytarılmayan borcu vardır. Cavabdeh özü də nə birinci instansiya məhkəməsində, nə də ki apellyasiya instansiyası məhkəməsində işə baxılması zamanı iddiaçıdan pul aldığını inkar etmişdir. Cavabdeh Rayon Məhkəməsində verdiyi izahatında, sonradan isə iş üzrə qəbul edilmiş qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçıdan pul aldığını təsdiq etmiş, lakin həmin pulu tam həcmdə iddiaçıya qaytardığını göstərmişdir. Göründüyü kimi, rus rublunun Azərbaycan manatına dəyişmək məqsədilə iddiaçı tərəfindən cavabdehə pul vəsaitinin verilməsi tərəflər arasında mübahisə doğurmur. Tərəflər arasında mübahisə doğuran hal, həmin pulun qaytarlılması və məbləğidir. Belə ki, hazırki işin başlanmasına əsas olmuş iddia ərizəsindən görünür ki, iddiaçı ilkin olaraq cavabdehdən ümumilikdə 42.653 manat pulun tutulması barədə tələb irəli sürmüş, lakin sonradan xx.xx.2024-cü il tarixdə yazılı ərizə təqdim edərək, həmin məbləğin 38.153 manat olduğunu və qeyd olunan məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh isə verdiyi izahatlarında iddiaçıdan cəmi 22.000(apellyasiya baxışı zamanı 22.300) manat faizlə pul götürdüyünü, əvəzində isə iddiaçıya faizlə birlikdə 29.000(apellyasiya baxışı zamanı 23.700) manat pul ödədiyini, 2024-cü ilin yanvar ayında taksi sürücüləri X1 və X4 vasitəsilə müvafiq olaraq 8000 manat və 9000 manat pulu iddiaçıya ödədiyini, iddiaçının övladı Rauf Ömərovun bank kartına isə ayrı-ayrı vaxtlarda 3000 manat və 1500 manat pul köçürdüyünü göstərərək, hazırda iddiaçıya borcunun olmadığını bildirmişdir. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinrn tələbinə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilən və sonradan iş mateiallarına əlavə edilən 2023-cü ilin aprel ayında lentə alınan audioyazılar Məhkəmə və işdə iştirak edən şəxslər tərəfindən dinlənildikdən sonra sədrlik edənin suallarını cavablandıran cavabdeh bildirmişdir ki, dinlənilən audioyazıdakı səs ona aiddir. Həmin audioyazıda onun etiraf etdiyi və bankdan kredit götürərək hissə-hissə ödəyəcəyini vəd etdiyi 48.000 məbləğində borc Azərbaycan manatı deyil, Rus rublu ilə ifadə olunmuş borcdur. Məhkəmə cavabdehin izahatında göstərilənləri qeyri-səmimi qəbul edir. Çünki cavabdehin göstərdiyi 48.000 rus rublun manat məzənnəsi təqribən 945 manat təşkil edir. Bu baxımdan cavabdehin iddiaçıya qaytarılmalı olan pulun 945 manat məbləğdə olması barədə cavabdehin bildirdikləri ilə cavabdehin həmin pulun Bankdan götürəcəyi kredit hesabına hissə-hissə qaytaracağı barədə iddiaçıya vədlər verməsi ziddiyət təşkil edir. Göstərilənləri, habelə cavabdehin 48.000 manat məbləğində idddiaçıya borcunun olması barədə danışıqların 2023-cü ilin aprel ayında lentə alınmasını, cavabdehin taksi sürücüləri ilə iddiaçıya (həqiqət olduğu qəbul edilsə belə) ümumilikdə 17.800 manat pulun 2024-cü ilin mart-aprel ayına qədər göndərildiyini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçıya aid 38.153 manat məbləğində pul cavabdehdə qalmışdır və həmin pul iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, göstərilən məbləğdə pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyini nəticə düzgündür. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 102,50 manat dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməli, dövlət rüsumunun kəsiri olan 6,48 manat isə cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Zərdab Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun kəsiri olan 6,48 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-853/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-853/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver