Məhkəmə qərarları › İş №2(107)-86/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-86/2020

29.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-86/2020 29.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(025)-550/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «mülkiyyətində olan ferma binasına və torpaq sahəsinə gediş-gəliş yolunun açılması, bu sahələrdən digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan qeyri-yaşayış (ferma binasına) və torpaq sahəsinə gediş-gəliş yolunun açılması, bu sahələrdən digər yardımçı vasitələrlə birlikdə istifadəyə cavabdeh tərfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(025)-550/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 249 km.m qeyri-yaşayış sahəsinə və 0,10 ha torpaq sahəsinə gedişgəliş yolunun açılması, həmin sahələrdən istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə öz qətnaməsində "249 kv.m qeyri-yaşayış sahəsi və 0,10 ha torpaq sahəsi" kimi göstərdiyi ona məxsus olmuş və tərəfində iddiaçıya rəsmi alqı-satqı müqaviləsi əsasında satılmışdır. Cəmi 0,10 ha torpaq sahəsinin üzərində 249 kv.m ferma tikilisi mövcuddur, lakin məhkəmə bu faktı "249 kv.m qeyri-yaşayış sahəsi və 0,10 ha torpaq sahəsi" kimi göstərməsi işin tam araşdırılmamasına bariz sübutdur. Belə ki, ferma 0,10 ha torpaq sahəsinin üzərindədir. Eyni zamanda məhkəmə qətnamədə "fermada olan digər yardımçı sahələr" kimi göstərdiyi əşyalar və onun xüsusi mülkiyyətində olan yaşayış sahəsi və onun yanında olan ləvazimatlardır. Bundan əlavə "249 kv.m qeyri-yaşayış sahəsinə və 0,10 ha torpaq sahəsinə yol açılsın" hissəsində, məhkəmə yolun haradan açılmasına, hansı ərazi hesabına və hansı əsaslarla açılmasına izah verməmişdir. Onun tərəfindən satılmış iddiaçının mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə yolun açılması iddiaçının istədiyi yerdən mümkündür. Amma ona məxsus ərazidən iddiaçıya yol verilməsi onun hüquqlarının pozulması deməkdir. Məhkəmə bu qənaətə gələrkən mütləq mütəxəssis və ekspert rəyindən istifadə etməli olduğu halda, bunu etməmiş, və onun konstitusion hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Belə ki, əgər mübahisəli əraziyə başqa üsulla giriş-çıxış mümkün olmazsa, o zaman ona məxsus ərazidən iddiaçıya yol verilə bilər və bunun əvəzində haqq ödənilməlidir. Zəruri keçidə ehtiyac varsa, qonşu torpaq sahəsinin sahibi buna hörmətlə yanaşmalıdır. İddiaçının heç bir qonşuya maneçilyi olmayan ərazidən giriş-çıxış yolu açmaq imkanı var. Sadəcə ora müəyyən xərc qoyub yol açmalıdır, iddiaçı isə bunu başqasının torpaq sahəsinə qanunsuz müdaxiləsi ilə asan yo!la əldə etmək istəyir. Yəni burada iddiaçının yol açılmasına zəruri ehtiyacı yoxdur. Burada qonşunun müxtəlif yollarla ona məzxsus, 30 il ərzində stifadəsində, sahibliyimdə və ən nəhayət mülkiyyətində olan əraziyə müdaxiləsi kimi qiymətləndirilməlidir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instanisya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(025)-550/2019 saylı qətnаməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Qəbələ rayonu keçmiş Xanlar təsərrüfatında aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində RX ********** saylı çıxarış ilə İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin plan-ölçü sənədində qeyd olunmuş koordinatlara əsasən sözügedən 0.10 ha torpaq sahəsi hər tərəfdən Mirzəbəyli bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq ilə sahəsi ilə əhatələnmişdir və gediş-yolu nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığı üçün Cavabdeh tərəfindən istifadə edilməsini müəyyənləşdirmək mümkün deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.1-ci mаddəsinə əsasən, mülkiyyət hüququ- subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhibi оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin qismən ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşır. Belə ki, iş üzrə keçirilmiş xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizası barədə rəydən görünür ki, Qəbələ rayonu keçmiş Xanlar təsərrüfatında aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində RX ********** saylı çıxarış ilə İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin plan-ölçü sənədində qeyd olunmuş koordinatlara əsasən sözügedən 0.10 ha torpaq sahəsi hər tərəfdən Mirzəbəyli bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq ilə sahəsi ilə əhatələnmişdir və gediş-yolu nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmadığı üçün Cavabdeh tərəfindən istifadə edilməsini müəyyənləşdirmək mümkün deyildir. Beləliklə İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi sübut olunmur. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(025)-550/2019 saylı qətnаməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(025)-550/2019 saylı qətnаməsi qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(025)-550/2019 saylı qətnаməsi qismən yəni, İddiaçı Əhmədiyyə oğlunun mülkiyyətində olan Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 249 km.m qeyri-yaşayış sahəsinə və 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması, həmin sahələrdən istifadəyə Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, həmin sahələrə daxil olmağın cavabdehə qadağan edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən50 (əlli) manat İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar