Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-863/2021 02.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair Balakən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(019)-132/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 8306.46 AZN əsas, 937.75 AZН faiz-cəmi 9244.21 AZN məbləğində vəsaitin və ödənilmiş 20 AZN dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(019)-132/2019 nömrəli (hakim H.Səlimov) qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8306.46 AZN əsas, 937.75 AZN faiz borcu olmaqla-cəmi 9244.21 AZN məbləğində vəsait və 20.00 AZN dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İdiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29.11.2017-ci il tarixli 111ЭТКР173330003 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 29.84 faiz dərəcəsi ilə 9000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsininin 1.2-ci bəndinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 29.11.2017ci il tarixli Z-111ЭЕКР173330003 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqvilənin 1.3-cü bəndinə əsasən zamin durmuş şəxs kredit borcunu vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə borclunun 17.10.2018-ci il tarixə "xxxx" ASC-nə 8306.46 AZN əsas, 937.75 AZN faiz-cəmi 9244.21 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 oğlundan 8306.46 AZN əsas, 937.75 AZN faiz-cəmi 9244.21 AZN məbləğində vəsait və ödənilmiş 20 AZN dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etmədiyi üçün cavabdeh tərəf məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edə bilməyib. Halbuki o əsas və faiz borcu ilə razı deyildir. Hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Odur ki, qətnamənin qismən ləğv edilərək iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Cavabdeh2 gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, faiz borcuna münasibətdə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş 29.11.2017-ci il tarixli 111ЭТКР173330003 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 36 ay müddətinə 9000 manat məbləğində kredit götürmüşdür. İşdə olan, 29.11.2017-ci il tarixli Z-111ЭТКР173330003 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 oğlu ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında zaminlik müqaviləsi bağlanmış, Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 26.10.2018-ci il tarixli 135000/1333 saylı maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 oğlunun 29.11.2017-ci il tarixli 111ЭТКР173330003 saylı kredit müqaviləsi üzrə 17.10.2018-ci il tarixə olan borcu-8306.46 AZN əsas, 937.75 AZN faiz borcu –cəmi 9244.21 AZN borcu vardır. Apellyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 9/6209 nömrəli rəydən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ASC-nə müqavilə müddətinin bitdiyi tarixə yəni 17.10.2018-ci il tarixə olan borcu əsas borc üzrə 8208,17 manat, faiz borcu üzrə 627,35 manat olmaqla cəmi 8835,52 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi həmin kredit müqaviləsi üzrə cərimə dəbbə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 448, 470, 472 və 467-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə qismən razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə qismən düzgün nəticəyə gəlmişdir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmununa görə, Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 29.11.2017-ci il tarixli 111GTKR173330003 nömrəli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər birinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 Bankla bağladıqları kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi Azərbaycan Respublikası MMin 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya icraatı zamanı əsas, faiz və cərimə borcunun düzgün hesablanıbhesablanmaması barədə məhkəmə-mühasibastlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 9/6209 nömrəli rəydən müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ASC-nə müqavilə müddətinin bitdiyi tarixə yəni 17.10.2018-ci il tarixə olan borcu əsas borc üzrə 8208,17 manat, faiz borcu üzrə 627,35 manat olmaqla cəmi 8835,52 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi həmin kredit müqaviləsi üzrə cərimə dəbbə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qismən əsaslı olduğundan kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləği hissəsində qətnamənin dəyişdirilməsi üçün əsasdır. Belə ki, ekspert rəyindən müəyyən edilir ki, cavabdehin müqavilə müddətinin sonuna, əsas borc üzrə 8208,17 manat, faiz borcu üzrə 627,35 manat borcu qalmışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən digər dəlillər əsassızdır. Belə ki, cavabdeh onun tərəfindən ödənilmiş ödənişlərin əsas borcdan həddən artıq az silindiyini bildirsə də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya apellyasiya şikayətinə münasibətdə əlavə olaraq onu da qeyd edir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilələrdə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 21 yanvar 2019cu il tarixli, 2(019)-132/2019 nömrəli qətnaməsi əsas, faiz və cəmi borc məbləği hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci Cavabdeh2 аid edilməli və məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat оndаn alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(019)-132/2019 nömrəli qətnaməsi 8306.46 AZN əsas, 937.75 AZN faiz borcu olmaqla-cəmi 9244.21 AZN tutulması” hissəsində dəyişdirilsin, həmin hissədə əsas borc 8208,17 (iki min yeddi yüz doqquz manat 29 qəpik) manat, faiz borcu 627,35 (dörd yüz əlli bir manat 41 qəpik) manat, cəmi borc isə 8835,52 (səkkiz min səkkiz yüz otuz beş manat 52 qəpik) müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-863/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-863/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver