Məhkəmə qərarları › İş №2(107)-866/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-866/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-866/2022 04.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti-müddət keçib) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(024)-40/2022 nömrəli qərardadından Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(024)-40/2022 saylı qətnaməsinə əsasən Cavabdeh 15000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə) və iddiaçının dövlət rüsumu olaraq ödədiyi 176 manat pul vəsaiti alınaraq İddiaçı verilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə Qax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(024)-40/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(024)-40/2022 saylı qərardadı ilə Cavabdeh Qax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(024)-40/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə ona geri qaytarılmışdır. Cavabdeh Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(024)-40/2022 saylı qərardadından şikayət vermişdir. Qax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(024)-40/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(024)-40/2022 saylı yanlışlıq qərardadı ilə Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(024)-40/2022 saylı qərardadında “Cavabdeh anası Fərqanə Mahmudovaya təqdim edilmiş” kimi yazılmış yanlışlıq düzəldilərək “Cavabdeh anası Mahmudova soyadlı şəxsə təqdim edilmiş” kimi oxunması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Cavabdeh qətnamə rəsmi qaydada onun ailə üzvünə (anasına) verildikdən 1 aydan çox müddət keçdikdən sonra 17 may 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirdiyi halda müddətin bərpası barədə vəsatətlə müraciət etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda göstərilən xəbərnamə ilə Qax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(024)-40/2022 saylı qətnaməsinin iddiaçı Cavabdeh rəsmi qaydada xx.xx.2022-ci il tarixdə verilməsi müəyyən olunduğundan apellyasiya şikayəti qəbul edilməkdən imtina edilməli və apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçı Cavabdeh geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5, 135.1, 135.2, 135.3, 135.4, 135.5 və 363.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı 15000 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 15 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamə rəsmi olaraq ona təqdim olunmamışdır. Həmin qətnamənin mövcudluğundan Qax rayon İcra və Probasiya şöbəsinin məktubundan sonra məlumatlı olmuşdur. Bundan dərhal sonra da Qax Rayon Məhəkəməsinin 15 mart 2022-ci il tarixli, 2(024)-40/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(024)-40/2022 saylı qərardadında qeyd olunur ki, o həmin qətnaməni 28 mart 2022-ci il tarixdə anası Fərqanə Mahmudova rəsmi olaraq qəbul etmiş və bu barədə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etmişdir. Halbuki, qeyd olunan qətnamə ona rəsmi olaraq təqdim olunmamış və həmin xəbərnaməni cavabdehin anası kimi qeyd olunan Fərqanə Mahmudova imza etməmişdir. Çünki cavabdehin Fərqanə Mahmudova adlı anası yoxdur. Əmindir ki, qeyd olunan xəbənamədəki imza başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin imzanın onun tərəfindən icra edilməsi mümkünsüzdür. Həmin halı məhkəmə xəttşünaslıq ekspertizası təyin etməklə də müəyyən etmək mümkündür. Göstərdiklərinin nəzərə alınaraq məhkəmədən Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(024)-40/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİMK-nin 16 avqust 2006-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət 4 yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur». Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(024)-40/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(024)- 40/2022 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(024)-40/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarını nəzərdən keçirdikdə müəyyən olunur ki, Qax Rayon Məhkəməsinin 15 mart 2022ci il tarixli, 2(024)-40/2022 saylı qətnaməsi X2 poçt vasitəsi ilə göndərilmiş, xx.xx.2022-ci il tarixdə qətnaməni alması barədə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə Cavabdeh Mahmudova soyadlı anasının imza etdiyi qeyd olunmuşdur. Həmin qərardadda səhvən Cavabdeh anasının adı Fərqanə Mahmudova kimi göstərildiyi üçün məhkəmənin 31 may 2022-ci il tarixli qərardadı ilə qərardaddakı yanlışlıq aradan qaldırılmışdır. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yer üzrə tapmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə qətnaməsini ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvü olan anasına vermişdir. Beləliklə də Cavabdeh qətnamə rəsmi qaydada onun ailə üzvünə (anasına) verildikdən 1 aydan çox müddət keçdikdən sonra 17 may 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirdiyi halda müddətin bərpası barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə kollegiyası şikayətin cavabdehin Fərqanə Mahmudova adlı anasının olmaması dəlilinə münasibət bildirərək qeyd edir ki, Qax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(024)-40/2022 saylı yanlışlıq qərardadı ilə Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(024)-40/2022 saylı qərardadında “Cavabdeh anası Fərqanə Mahmudovaya təqdim edilmiş” kimi yazılmış yanlışlıq düzəldilərək “Cavabdeh anası Mahmudova soyadlı şəxsə təqdim edilmiş” kimi oxunması qərara alınmışdır. Göründüyü kimi cavabdehin qeyd etdiyi nöqsan birinci instansiya məhkəməsinin yalnışlıq qərardadı ilə aradan qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.». Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(024)-40/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(024)-40/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar