Məhkəmə qərarları › İş №2(107)-871/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-871/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-871/2023 13.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Şəki Rayon Məhkəməsinin e-2(075)-484/2023 saylı mülki iş üzrə qəbul etdiyi 11 may 2023-cü il tarixli qərardadından İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)1270/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, 35.040 manat, habelə ödəniş günü milli manata məzənnədə 24.000 ABŞ dolları və 267.537,84 rubl pulun Cavabdeh2 tutulub X7 ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(107)-1698/2021 saylı qətnaməsindən görünür ki, maraqlarına toxunan şəxs Qəhrəmanova(Əliyeva) Ülkər Çingiz qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(075)1270/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(102)-2572/2022 saylı qərarından görünür ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(107)- 1698/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı X6 Cavabdeh2 qarşı 35.040 manat, 24.000 ABŞ dolları və 267.537,84 rubl pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı oğlu oğlu (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35.040 manat, 24.000 ABŞ dolları, 267.537,84 Rusiya rublu məbləğində borcun, ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və X2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, uzun illərdir ki, Rusiya Federasiyasında yaşamaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2015-cı ildə qaynı, yəni Cavabdeh2 Şamil oğlu ona müraciət edərək aldığı təmirsiz mənzilləri təmir etdirmək istədiyini, lakin bunun üçün pulu olmadığından ona borc pul verməsini xahiş etmişdir. O, Vüqardan borcunu necə qaytaracağını soruşduqda Vüqar, onun verəcəyi borc pul məbləği ilə təmirsiz mənzilləri təmir etdirdikdən sonra kirayə verib alacağı kirayə pulu ilə borcunu hissə-hissə olmaqla qaytaracağını bildirmişdir. O, Vüqarın yaxın qohumu olmasını, həmin mənzilləri də əvvəllər ona verdiyi borc əsasında aldığını və aldığı borcunu ona qaytarmasını nəzərə alaraq ona yenə də borc vermək qərarına gəlmişdir. Buna görə də 22 aprel 2015-cı il tarixdə aralarında borc müqaviləsi bağlamışlar. Belə razılığa gəlmişlər ki, borc məbləğini tələb etdiyi vaxtdan 3 ay ərzində geri qaytaracaq. Borc pulun bir hissəsini bank vasitəsi ilə şəxsən öz adından, bir hissəsini isə yanınıda işləyən bacısı oğlu X5 vasitəsilə Cavabdeh2 Şamil oğluna göndərmişdir. Öz adından bank vasitəsilə Cavabdeh2 Şamil oğluna 13 may 2015- ci il tarixdə 5.000 ABŞ dolları, 22 iyun 2016-cı il tarixdə 5.000 ABŞ dolları, 14 dekabr 2016-cı il tarixdə 67.537,84 Rusiya rublu, 14 avqust 2019-cu il tarixdə isə 200.000 Rusiya rublu məbləğdə pul göndərmişdir. Bacısı oğlu X1 vasitəsi ilə isə bankdan Cavabdeh2 Şamil oğluna 09 sentyabr 2016-cı il tarixdə 5.000 ABŞ dolları, 30 may 2017-ci il tarixdə 4.000 ABŞ dolları və 01 iyun 2017-ci il tarixdə 5.000 ABŞ dolları məbləğdə pul göndərmişdir. Bundan başqa aralarında olan razılığa əsasən o, cavabdehə icazə vermişdir ki, ona məxsus ünvan 1 ünvandan yerləşən 69 nömrəli mənzili və ünvan 2 ünvandan yerləşən 2318 nömrəli mənzili kirayə versin və kirayə haqqını da özünə götürsün. Cavabdeh2 Şamil oğlu, ünvan 1 ünvandan yerləşən 69 nömrəli mənzili 1 aylıq kirayə haqqı 380 manat olmaqla 21 avqust 2016-cı il tarixdən 01 avqust 2020-ci il tarixədək olan 48 ay ərzində kirayə haqqı olan 18.240 manat məbləğində pulu və ünvan 2 ünvandan yerləşən 2318 nömrəli mənzili 1 aylıq kirayə haqqı 350 manat olmaqla 16 avqust 2016-cı il tarixdən 01 avqust 2020-ci il tarixədək olan 48 ay ərzində kirayə haqqı olan 16.800 manat məbləğində pulu borc olaraq özünə götürmüşdür. Beləliklə Cavabdeh2 Şamil oğlu ondan 35.040 manat, 24.000 ABŞ dolları və 267.537 Rusiya rublu məbləğində borc almış və bu günə qədər də borcunu ödəməmişdir. 2020-ci ildə ona məlum olmuşdur ki, cavabdehlər arasında münasibətlər gərginləşmiş və onların arasında böyük ailədaxili münaqişə yaranmışdır. Cavabdehlər arasında yaranmış problemlərin düzəlmədiyini gördükdən sonra bu məsələnin yekunda onun üçün də problem yaradacağını ehtimal etdiyi üçün Cavabdeh2 müraciət edərək aldığı borcu qaytarmasını tələb etmişdir. Cavabdeh2 isə hazırda borcunu qaytarmaq üçün imkanının olmamasını əsas gətirərərək borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. Lakin bu günə qədər Cavabdeh2 aldığı borcunu ödəməmişdir. Həmçinin borcun ödənilməsi ilə bağlı etdiyi müraciətlərin və apardığı danışıqların heç bir nəticəsi olmamışdır. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)-484/2023 nömrəli iş üzrə 11 may 2023-cü il tarixli qərardadı ilə (hakim P.Hacıyev) İddiaçı oğlunun cavabdehlər Cavabdeh2 və X4 qarşı pul tələbinə dair mülki iş üzrə iddia tələbinin “35.040 manat, 24.000 ABŞ dolları, 267.537,84 Rusiya rublu məbləğində borcun və ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutulması” hissəsi üzrə icraata xitam verilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə iddiaçının Cavabdeh2 qeyd edilən məbləğləri tələb etməsinə dair işə artıq baxılmış və bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş qərarı mövcud olduğundan hazırki işə yenidən baxıla bilməz, ona görə də iş üzrə icraata xitam verilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin iddia tələbinin Cavabdeh2 münasibətdə hissəsi üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarması və X4 münasibətdə isə iddianı təmin etməməsi tamamilə əsassız və qeyri-qanunidir. Məhkəmə bundan əvvəl cavabdehlər arasında və iddiaçı ilə cavabdeh X9 arasında olan məhkəmə prosseslərinin nəticələrinə dair məhkəmə aktlarına istinad etməklə iddianı rədd etmiş və iddia tələbinin Cavabdeh2 münasibətdə hissəsi üzrə icraata xitam vermişdir. Halbuki məhkəməyə təqdim edilən kifayət qədər mötəbər sübutlardan açıq-aşkar görünür ki, Cavabdeh2 iddiaçıdan külli miqdarda borc almışdır. Digər cavabdeh X8 isə qətiyyətlə belə bir borcdan məlumatlı olmasını inkar etsə də, keçmiş əri Cavabdeh2 qeyd edilən daşınmaz əmlakları hansı qazancı hesabına əldə etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda Cavabdeh2 cavabdeh X3 ona qarşı olan iddiası zamanı məhkəmə iclasında aldığı borc barədə məlumatlı olmasını bildirmiş və bununla bağlı həmin məhkəmə prossesinin audiovideo yazısının dinlənilməsi barədə vəsatət versə də, nədənsə məhkəmə həmin vəsatəti təmin etməmişdir. Hazırda məhkəmənin mövqeyindən belə çıxır ki, cavabdehlər heç bir problem olmadan iddiaçıya məxsus olan pullarla əldə etdiklərini rahatlıqla öz aralarında bölə bilərlər, iddiaçıdan aldığı pullarla istədiklərini edə bilərlər, iddiaçıya olan borclarını qaytarmalı deyillər və iddiaçının da əziyyətlə qazandığı pullarını onlardan tələb etmək hüququ yoxdur. Baş verən bütün bu prosseslər cavabdehlərin özləri tərəfindən məqsədli və qərəzli şəkildə təşkil və təmin edilmiş oyundan başqa bir şey deyildir və məhkəmə də onların bu oyununu təsdiq etmək üçün sadəcə bir alətdir. Məqsəd isə cavabdehlər tərəfindən iddiaçıya məxsus olan pulları mənimsəməkdən başqa bir şey deyil. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 261.0 və 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 398.0 və 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin mövqeyi səhvdir. Belə ki, məhkəmələrin əsas məqsədi qanunçuluq və ədalət prinsiplərinə əsaslanaraq tərəflər arasında yaranmış mübahisələri həll etməkdir. Pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxs də öz işinə məhkəmədə tez baxılmasını və pozulmuş hüququnun bərpa edilməsini güman edir və buna inanır. İddiaçının Cavabdeh2 qarşı 35.040 manat, 24.000 ABŞ dolları və 267.537,84 rubl pul tələbi barədə iddia ərizəsi üzrə işin icraatına xitam verən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddianın predmetinə dair tərəflər arasında hər hansı mübahisə yoxdur və bu səbəbdən iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Cavabdeh2 yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı hazırki iddia ərizəsində mahiyyət etibarı ilə eyni tələbi irəli sürsə də, fərqli əsaslar göstərərək bildirmişdir ki, Cavabdeh2 borcunu qaytarmaq üçün imkanının olmamasını əsas gətirərərək borcunu hissə-hissə ödəyəcəyini bildirsə də, bu günə qədər borcunu ödəməmişdir. Bundan başqa Cavabdeh2 əvvəlki məhkəmə icraatında iddia tələbini tam qəbul etdiyini bildirərək bu barədə məhkəməyə iddianın etirafı barədə yazılı ərizə təqdim etsə də, hazırki iş üzrə keçirilən məhkəmə iclaslarında iddia tələbini qismən qəbul etdiyini bildirmişdir(13 aprel 2023-cü il tarixli məhkəmənin hazırlıq iclasının protokolu və 11 may 2023-cü il tarixli məhkəmə iclasının protokolu). Bundan başqa cavabdehin hərəkətləri, yəni borcun ödənilməsi ilə bağlı hərəkətlər davam edən hərəkətlərdir. Belə ki, əvvəlki məhkəmə icraatı üzrə Cavabdeh2 iddianı qəbul etməsindən 2 ildən çox müddət keçməsinə baxmayaraq cavabdeh borcundan hər hansı bir məbləğdə ödəniş etməmiş, əksinə iddia tələbinə münasibətini dəyişmişdir. İddiaçının isə mülkiyyətində olan pul vəsaitini tələb etmək hüququ vardır. Belə olan halda Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi hazırki iddia ərizəsi üzrə Cavabdeh2 münasibətdə icraata xitam verilməsi barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçı tərəfin verdiyi şikayəti təmin etməməkdə haqlı olmamışdur. Şikayətin dəlilləri əsaslıdır. Odur ki, Məhkəmə, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və mülki iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda MPM-in 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 may 2023-cü il tarixli qərardad ləğv edilsin. Mülki iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar