Məhkəmə qərarları › İş №2(107)-875/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-875/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-875/2023 27.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cаvаbdеh Cavabdeh qаrşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cаvаbdеh Cavabdeh qаrşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli, 2(014)-43/2023 saylı qətnaməsindən iddiаçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiаçı "xxxx" ASC cаvаbdеh Cavabdeh qаrşı «kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə CL-EE000036348 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 7861.55 manat, faiz borcu üzrə 494.72 manat olmaqla, cəmi 8356.27 manat tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahis etmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2023-cü il tarixdə məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh əsas borc üzrə 7861.55 manat, faiz borcu üzrə 1405 manat olmaqla, cəmi 9266.55 manat tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 112.67 manat dövlət rüsumunun və 0.80 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahis etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış CL-EE000036348 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh elektron təsdiq vasitəsi ilə (OTP kod) illik 17.9 faizlə 36 ay müddətinə 8000 (səkkiz min manat, sıfır qəpik) manat kredit verilmişdir. Kreditin təyinatı bor alanın borc verən qarşısında mövcud olan 8000 manat məbləğində qalıq kredit borcunun ödənilməsidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayraq borclu öz öhdəlliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən CL-EE000036348 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 7861.55 manat, faiz borcu üzrə 1405 manat olmaqla, cəmi 9266.55 manat borcu mövcuddur. Eyni zamandan tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 112.67 manat dövlət rüsumu və Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2022ci il tarixində 22-9010/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli, 2(014)-43/2023 saylı qətnaməsi ilə (hakim N.Əliyev) iddia qismən təmin edilmiş, CL-EE000036348 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 7926.29 manat, faiz borcu üzrə 926.16 manat olmaqla, cəmi 8852.45 manat borc və iş üzrə ödənilmiş 12.67 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqının Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 150 (yüz əlli) manat ekspertiza xərci müştərək qaydada Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(014)-43/2023 saylı qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli, e-2(014)-43/2023 saylı qətnaməsinin “Nəticə” hissəsində buraxılmış yanlışlıq düzəldilmiş, qətnamənin “Nəticə” hissəsində qeyd edilmiş “CL-EE000036348 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 7926.29 manat, faiz borcu üzrə 926.16 manat olmaqla, cəmi 8852.45 manat borc və iş üzrə ödənilmiş 12.67 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı cavabdeh X1 tutularaq "xxxx" ASC- nin xeyrinə ödənilsin” cümləsi “CL EE000036348 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 7926.29 manat, faiz borcu üzrə 926.16 manat olmaqla, cəmi 8852.45 manat borc və iş üzrə ödənilmiş 112.67 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı cavabdeh X1 tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin” cümləsi kimi oxunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləlsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, 7926.29 manat, faiz borcu üzrə 926.16 manat olmaqla, cəmi 8852.45 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 112.67 manat dövlət rüsumu və 0.80 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.1, 739-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehdən əsas və faiz borcunun tutulması və rüsum hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə təqdim edilən ekspert rəyini əsas götürərək iddianı həmin qaydada təmin etmişdir. Baxmayaraq ki, xx.xx.2023-cü il tarixdə tərəflərindən məhkəməyə (elektron məhkəmə sistemi vasitəsi ilə) iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə təqdim edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7861.55 manat əsas, 1405 manat faiz borcu olmaqla, cəmi 9266.55 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 112.67 manat dövlət rüsumu və 0.8 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilsə də, məhkəmə tərəfindən ərizənin nəzərə alınmaması qənaətinə gəlmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə xx.xx.2023-cü il tarixində, məhkəmə baxış iclası təyin olunmamışdan əvvəl təqdim edilmişdir. Belə olan halda hesab edirlər ki, məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə münasibətdə qətnamə qəbul etməliydi. Bundan başqa, icraat zamanı iş üzrə məhkəmə-mühasibatlıq eskpertizası təyin edilmiş və borc barədə xx.xx.2023-cü il tarixli eksperti rəyi alınmışdır. Həmin rəydən də göründüyü kimi, cavabdehin xx.xx.2022-ci il tarixə cavabdehin əsas borc üzrə 7926.29 manat, faiz borcu üzrə 918.28 manat, xx.xx.2022-ci il tarixə isə əsas borc üzrə 7926.29 manat, faiz borcu üzrə 926.16 manat kredit borcları müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə təqdim edilmiş xx.xx.2022-ci il tarixli iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizəyə əsasən həmin tarixə cavabdehdən iddiaçının xeyrinə 7861.55 manat əsas, 975.02 manat faiz borcu olmaqla, cəmi 8836.57 manat kredit borcu olmuşdur. Qeyd edilənlərdən aydın olur ki, ekspert tərəfindən təqdim edilmiş rəylə bank tərəfindən təqdim olunmuş maliyyə arasında əsas və faiz borcları eynilik təşkil edir. Bu da öz növbəsində onu göstərir ki, iddiaçının tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə məhkəməyə (elektron məhkəmə sistemi vasitəsi ilə) təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilən qaydada iddianı tam təmin etməli idi. Məhkəmə qətnamə qəbul edərkən xx.xx.2023-cü il tarixində təqdim edilmiş xx.xx.2023-cü il tarixli iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizəni nəzərə almamış, qətnamədə isə bunu əsaslandırmamışdır. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bundan başqa, qətnamənin “qət etdi” hissəsində rüsum məbləği 112.67 manat və 0.8 manat bank xidmət haqqı qeyd edilməli olduğu halda, yanlışlığa yol verilərək 12.67 manat və 0.8 manat bank xidmət haqqı qeyd olunmuşdur. Hesab edirlər ki, məhkəmə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş (elektron məhkəmə sistemi vasitəsi ilə) iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə əsaslanaraq, qeyd edilən halı aydınlaşdırmalı və qətnaməni həmin ərizədə göstərilən məbləğlərdə təmin edərək qəbul etməliydi. Qeyd olunanlara əsasən, Ağdaş Rayon Məhkəməsinin 2(014)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini cavabdehdən pulun tutulması hissəsində dəyişərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7861.55 manat əsas, 1405 manat faiz borcu olmaqla, cəmi 9266.55 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 112.67 manat dövlət rüsumunun və 0.8 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, cavabdehdən pulun tutulması hissəsində dəyişərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7861.55 manat əsas, 1405 manat faiz borcu olmaqla, cəmi 9266.55 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 112.67 manat dövlət rüsumunun və 0.8 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Ağdaş Rayon Məhkəməsinin 2(014)- 43/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini cavabdehdən pulun tutulması hissəsində dəyişərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7861.55 manat əsas, 1405 manat faiz borcu olmaqla, cəmi 9266.55 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 112.67 manat dövlət rüsumunun və 0.8 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli, 2(014)-43/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli, 2(014)-43/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirək qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi 26 avqust 2022-ci il tarixdə verilmiş və cavabdehin banka 20 iyul 2022-ci il tarixə olan borcu tələb edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə 23 noyabr 2022-ci il tarixə cavabdehin banka olan borcu tələb edilmişdir. Ərizə icraata qəbul edilmiş və həmin ərizəyə əlavə edilmiş maliyyə arayışına uyğun olaraq ekspertiza rəyi alınmışdır. xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizəyə gəldikdə isə, həmin ərizədə 13 mart 2023-cü il tarixə cavabdehin banka olan borcu tələb edilmişdir. Görünür ki, iddiaçı bank məhkəmə prosesi davam etdikcə artan faiz borclarını cavabdehdən tələb etmək üçün ərizələr verməyə davam edir. Buradan belə nəticəyə gəlmək olar ki, əgər 17 mart 2023-cü il tarixli ərizəy də icraata qəbul edilərək ona uyğun ikinci dəfə ekspertiza rəyi alınsaydı, həmin rəyin alınmasınadək keçən bir neçə ay müddət ərzində faiz borcu daha da artmağa davam edəcək və iddiaçı bank bir daha məhkəməyə ərizə verməklə artmış məbləği cavabdehdən tələb edəcəkdi. Cavabdeh borcu ödəmədiyi müddətcə, faiz borcları artmağa davam edəcəkdir. Əgər bu şəkildə davam edərsə, məhkəmə prosesi heç bir zaman başa çatmazdı. Baxmayaraq ki, qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır, yuxarıda göstərilən şəkildə iddia tələbinin həcmini dəyişdirməklə artmaqda davam edən faiz borclarını hər dəfə yenidən tələb etmək qanunun iddiaçıya verdiyi prosessual hüquqlardan sui-istifadə etməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Həmin Məcəllənin 184.5-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir. Bundan başqa, bu cür davranış hüquqi müəyyənlik prinsipinə də zidd qəbul edilməlidir. Belə ki, əgər bank kredit müqaviləsinin müddəti bitmədən məhkəmə qaydasında borcu cavabdehdən tələb edirsə, tələb ediləcək olan məbləğ müəyyən olmalıdır. Çünki mübahisə edilən hüquq münasibəti hələ davam edir və belə olan halda məhkəmə hazırlığının yekunlaşmamasından istifadə etməklə davam edən münasibətdə davam edən tələbləri irəli sürmək məhkəmə tərəfindən həll olunan hüquqi münasibətdəki müəyyənliyi aradan qaldırardı. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan suiistifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Kollegiya apellyasiya şikayətinin məhkəmənin qətnaməsindəki yanlışlıqla bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, Ağdaş Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(014)-43/2023 saylı qərardadı ilə həmin yanlışlıq düzəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli, 2(014)-43/2023 saylı qətnaməsi iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatda az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli, 2(014)-43/2023 saylı qətnaməsi iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar