Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-878/2021 29.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 iştirakı ilə, İddiaçı cavabdeh Cabbarova (Abdullayeva) Gülnar Sərdar qızına qarşı alimentin artırılması tələbinə dair Şəki Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)- 379/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)-379/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim P.Hacıyev) iddia qismən təmin edilərək, 12 may 2006-cı il təvəllüdlü X7 və 12 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat aliment Cabbarova (Abdullayeva) Gülnar Sərdar qızından tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddianın qalan hissəsi təmin edilməmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 may 2006-cı il təvəllüdlü X7 və 12 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilməsi və cavabdeh Cabbarova (Abdullayeva) Gülnar Sərdar qızından alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh Cabbarova (Abdullayevə) Gülnar Sərdar qızı ilə arasındakı nikah pozulmuş, AZ-İ № 333767 nömrəli, 16 dekabr 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamə ilə qeydiyyat alınmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-142/2020 nömrəli, 11 fevral 2020ci il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından doğulmuş 12 may 2006-cı il təvəllüdlü X7 və 12 avqust 2009-cu il təvəllüdlü X5 onun himayəsinə verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(107)-982/2020 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahlarından doğulmuş 12 may 2006-cı il təvəllüdlü X7 və 12 avqust 2009-cu il təvəllüdlü X1 hər birinin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ayda 60 (altmış) manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda oğlunun 14, qızının isə 11 yaşı var. Şəki Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqların saxlanılmasını təkbaşına həyata keçirdiyi üçün əlavə işdə çalışa bilmir. Təkbaşına onların tələbatını tamamilə ödəyə bilmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Həmçinin, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri bir dəfə də olsun ödəməmişdir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqların da anasına qarşı ehtiyac və tələbatı artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək təklikdə ona çox çətindir. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)-379/2021 saylı qətnaməsi ləğv edilməli və iddia tam təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, güya o, heç yerdə işləmir və atasının himayəsindədir. Halbuki, o, hal-hazırda Bakı şəhəri Nərimanov rayonu ərazisində “Metro Park” deyilən ticarət mərkəzinə yaxın olan ərazidə gözəllik salonunda çalışır və kifayət qədər aylıq qazanca malikdir. Bununla bağlı isə məhkəmə heç bir araşdırma aparmadan, yəni hər il artan tələbatı nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)-379/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan AZ-İ № 333767 nömrəli, nikahın pozulması haqqında şəhadətnamənin sürətində görünür ki, İddiaçı ilə cavabdeh Cabbarova (Abdullayevə) Gülnar Sərdar qızı ilə arasındakı nikah pozulmuş, 16 dekabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, 12 may 2006-cı il təvəllüdlü X7 və 12 avqust 2009-cu il təvəllüdlü X1 anaları Cabbarova (Abdullayeva) Gülnar Sərdar qızı, ataları isə İddiaçıdur. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli, 2(075)- 291/2019 saylı qətnaməsində görünür ki, X6 ilə İddiaçı arasında 11 avqust 2024-ci il tarixdə Şəki şəhər VVADQ Şöbəsində bağlanmış 263 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları – 12 may 2006-cı il təvəllüdlü X7 və 12 avqust 2009-cu il təvəllüdlü X1 anası X2 yanında qalmaları, 12 may 2006-cı il təvəllüdlü X7 və 12 avqust 2009- cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi və alimentin tutulmasının əvvəlinin 06 may 2019-cu il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-142/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahdan olan uşaqları – 12 may 2006-cı il təvəllüdlü X4 və 12 avqust 2009-cu il təvəllüdlü X1 anaları Cabbarova (Abdullayeva) Gülnar Sərdar qızının himayəsindən alınaraq ataları İddiaçı verilməsi və onun himayəsində saxlanılmaları qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-982/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 11 fevral 2020ci il tarixli, 2(075)-142/2020 nömrəli qətnaməsi “iddianın təmin olunmayan” hissəsində ləğv edilmiş, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Cabbarova (Abdullayeva) Gülnar Sərdar qızından 21 yanvar 2020ci il tarixdən başlayaraq 12.24.2006-cı il təvəllüdlü X7 və 12.08.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 60 (altmış) manat, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)-379/2021 saylı qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2024-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Hazırda, öyrənilən işin gerçək vəziyyətindən bəlli olur ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cabbarova (Abdullayeva) Gülnar Sərdar qızından 12 may 2006-cı il təvəllüdlü X4 və 12 avqust 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər ay hər uşağa 60 manat olmaqla cəmi 120 manat aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşağa 175 manat olmaqla cəmi 350 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır və apellyasiya şikayətində qeyd edilmiş alimentlə bağlı məsələlərlə münasibət bildirərək, aşağıdakıları qeyd edir. Belə ki, övlada məhəbbət, onun tərbiyəsi, təminatı, inkişafı və xoşbəxt gələcəyi naminə hər əzaba qatlaşma yanğısı milli mentalitetimizin və genimizin istisnasız olaraq hər bir azərbaycanlı valideyninə bəxş etdiyi ən qiymətli mənəvi dəyərdir. AM-in 56.1 və 58-ci maddələri, Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olubolmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyubduymamalarından asılı deyildir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV hissəsinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Yuxarıda şərh edilmiş AM-in 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmədən bəhs edən AM-in 112.1-ci maddəsinin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilənləri nəzərə alan məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşaqların saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğini təyin etdiyi həddə artırmaqda haqlı olmuşdur. Çünki, Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunun 3-cü maddəsində göstərlir ki, “Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır”. Həmçinin, məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri sayır ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi kimi, yetkinlik yaşına çatmayan uşaqların qayğısına qalması, onların saxlanılmasını təkbaşına həyata keçirməsi sonuncunu öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunması ilə bağlı vəzifələrindən azad etmir. Digər tərəfdən iddiaçı cavabdehin hal-hazırda Bakı şəhəri Nərimanov rayonu ərazisində “Metro Park” deyilən ticarət mərkəzinə yaxın olan ərazidə gözəllik salonunda çalışdığını və kifayət qədər aylıq qazanca malik olduğunu göstərsədə, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi iddiaçı-atanın özünün də bir valideyn kimi uşağı saxlamaq vəzifəsini nəzərə almaqla, alimentin tələb olunan məbləğini qismən, yəni yetkinlik yaşına çatmayan hər uşaq üçün 70 manat olmaqla cəmi 140 manat həddində təmin etməklə düzgün qənaətə gəlmişdir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2024-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)-379/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və MPM-in 372, 384, 387, 392 və 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(075)-379/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-878/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-878/2021
29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver