Məhkəmə qərarları › İş №2(107)-878/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-878/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-878/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyaları tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, tapşırıq müqaviləsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh vəkili X5 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(039)-246/2022 saylı qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən geyim və məişət əşyaları: bir ədəd uşaq paltarı – 55 manat; bir ədəd ayaqqabı – 60 manat; bir ədəd uşaq donu – 8 manat; 2 ədəd parfüm – biri 50 manat olmaqla, cəmi 100 manat; 5 ədəd yataq örtük dəsti – biri 50 manat olmaqla, cəmi 250 manat; bir ədəd pərdə - 300 manat; üç ədəd döşək örtüyü – biri 20 manat olmaqla, cəmi 60 manat; yeddi ədəd yataq örtük dəsti – biri 46 manat olmaqla, cəmi 322 manat; bir ədəd çilçıraq – 50 manat; bir ədəd kofta – 20 manat; bir ədəd fincan – 11 manat; bir ədəd elektrikli ət maşını – 210 manat; bir dəst ədviyyat qabları – 25 manat; qızıl zinət əşyaları: brilyant qaşlı, 750 əyarlı, 8 qram çəkisi olan qarnitur dəsti – 1,600 manat: brilyant qaşlı, 750 əyarlı, 1.20 qram çəkisi olan üzük – 250 manat, brilyant qaşlı, 750 əyarlı, 2.50 qram çəkisi olan boyunbağı (kolye formalı) – 450 manat, brilyant qaşlı, 750 əyarlı, 2.40 qram çəkisi olun sırğa – 600 manat, brilyant qaşlı, 750 əyarlı, 1.90 qram çəkisi olun qolbaq – 300 manat; 583 əyarlı, 16.30 qram çəkisi olan boyunbağı (tros) – 1,304 manat; 583 əyarlı, 16.40 qram çəkisi olan boyunbağı (tros) – 1,312 manat; 583 əyarlı, 20 qram çəkisi olan qolbaq (sünbül formalı) – 1,600 manat; şüşə qaşlı, 583 əyarlı, 10 qram çəkisi olan üzük, tənə dəsti – 850 manat; brilyant qaşlı, 750 əyarlı, 6 qram çəkisi olan üzük dəsti – 600 manat; şüşə qaşlı, 583 əyarlı, 3 qram çəkisi olan üzük – 330 manat; 583 əyarlı, 7.27 qram çəkisi olan qolbaq – 580 manat; 585 əyarlı, 4.62 qram çəkisi olan boyunbağı (raket) – 415 manat; şüşə qaşlı, 583 əyarlı, 8.50 qram çəkisi olan üzük, tənə dəsti (meduza) – 680 manat; 583 əyarlı, 1 qram çəkisi olan tənə - 80 manat; 585 əyarlı, 7.23 qram çəkisi olan qolbaq – 650 manat; şüşə qaşlı, 583 əyarlı, 6,23 qram çəkisi olan üzük, tənə, kulon dəsti – 560 manat; şüşə qaşlı, 583 əyarlı, 8.56 qram çəkisi olan üzük, tənə dəsti – 770 manat; şüşə qaşlı, 583 əyarlı, 3.36 qram çəkisi olan üzük – 300 manat; 583 əyarlı, 6.10 qram çəkisi olan qolbaq – 550 manat; 583 əyarlı, 7.60 qram çəkisi olan üzük, tənə dəsti – 680 manat; 583 əyarlı, 30 qram çəkisi olan boyunbağı – 2,400 manat; 585 əyarlı, 6.20 qram çəkisi olan boyunbağı – 560 manat; 585 əyarlı, 5.29 qram çəkisi olan kulon – 470 manat; şüşə qaşlı, 585 əyarlı, 3.80 qram çəkisi olan üzük – 360 manat; 583 əyarlı, 29.13 qram çəkisi olan qolbaq – 2,330 manat; 583 əyarlı, 29.55 qram çəkisi olan qolbaq – 2,364 manat; 583 əyarlı, 30 qram çəkisi olan qolbaq – 2,400 manat; 583 əyarlı, 31 qram çəkisi olan qolbaq – 2,480 manat; brilyant qaşlı, 750 əyarlı, 4 qram çəkisi olan üzük – 450 manat; 585 əyarlı, 10.40 qram çəkisi olan boyunbağı – 835 manat; 585 əyarlı, 5.47 qram çəkisi olan qolbaq – 440 manat; şüşə qaşlı, 583 əyarlı, 10 qram çəkisi olan üzük, tənə dəsti – 800 manat; 585 əyarlı, 7 qram çəkisi olan boyunbağı, kulonu ilə birgə - 630 manat; 583 əyarlı, 30 qram çəkisi olan qolbaq – 2,400 manat; 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat; 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat dəyərində əşyalarının və ya onların dəyərlərinin, həmçinin ödənilmiş 199 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh onunla qonşuluqda yaşayır. Bir qonşu kimi həmişə yaxşı münasibətləri olmuşdur. O, özü geyim və məişət, həmçinin qızıl əşyalarının satışı ilə məşğul olub. Cavabdeh satması üçün ona da geyim və məişət, həmçinin qızıl əşyalarını verməyini xahiş etmişdir. Razılaşmışlar ki, həmin əşyaları Gülşənə verərsə, o da, həmin əşyaları ayrı-ayrı şəxslərə sataraq onun pulunu verəcəkdir. Yəni əşyalar Gülşənə nisyə olaraq verilirdi. Beləliklə iddia ərizəsində qeyd edilən geyim və məişət əşyaları, habelə qızıl-zinyətəşyalarını Cavabdeh vermişdir. Həmin 43 adda qızıl əşyadan 10 adda qızılın dəyəri ödənilmişdir. 33 adda qızılın isə pulunu bu gün də ödəməməkdədir. Həmin 33 adda qızılın dəyəri isə 34,340 manatdır. Dəyəri ödənilmiş 10 adda qızılı hazırkı iddia tələbinə daxil etməmişdir. Geyim və məişət əşyalarından isə 1,471 manat borcu qalmışdır (həmin əşyalar da çox idi, bəzilərinin pulunu ödəyib, bəzilərini də münasibət pozulandan sonra gedib ondan almışdır). Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(039)-246/2022 saylı qətnаməsi ilə (hakim T.Əliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh: 1. 750 əyarlı, 8 qram çəkisi olan qarnitur dəsti – 1,000 manat; 2. 583 əyarlı, 16.30 qram çəkisi olan boyunbağı (tros) – 800 manat; 3. 583 əyarlı, 10 qram çəkisi olan qolbaq (sünbül formalı) – 800 manat; 4. brilyant qaşlı, 750 əyarlı, 6 qram çəkisi olan üzük dəsti – 600 manat; 5. şüşə qaşlı, 583 əyarlı, 3 qram çəkisi olan üzük – 330 manat; 6. 583 əyarlı, 7.27 qram çəkisi olan qolbaq – 580 manat; 7. 585 əyarlı, 4.62 qram çəkisi olan boyunbağı (raket) – 415 manat; 8. 583 əyarlı, 1 qram çəkisi olan tənə - 80 manat; 9. şüşə qaşlı, 583 əyarlı, 6.23 qram çəkisi olan üzük, tənə, kulon dəsti – 500 manat; 10. şüşə qaşlı, 583 əyarlı, 3.36 qram çəkisi olan üzük – 269 manat; 11. 583 əyarlı, 6.10 qram çəkisi olan qolbaq – 488 manat; 12. 583 əyarlı, 7.60 qram çəkisi olan üzük, tənə dəsti – 608 manat; 583 əyarlı, 30 qram çəkisi olan boyunbağı – 1,550 manat; 14. 585 əyarlı, 6.20 qram çəkisi olan boyunbağı – 558 manat; 15. 585 əyarlı, 5.29 qram çəkisi olan kulon – 570 manat;

16. şüşə qaşlı, 585 əyarlı, 3.80 qram çəkisi olan üzük – 342 manat; 17. 583 əyarlı, 31 qram çəkisi olan qolbaq – 2,480 manat; 18. brilyant qaşlı, 750 əyarlı, 4 qram çəkisi olan üzük – 450 manat; 19. 585 əyarlı, 5.47 qram çəkisi olan qolbaq – 440 manat; 20. şüşə qaşlı, 583 əyarlı, 6 qram çəkisi olan üzük, tənə dəsti – 400 manat; 21. 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat, bu qızıl zinət əşyalarının özü, olmadıqda qeyd olunan dəyərinin alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzinin təmin edilmiş tələbə mütənasib hissədə 133 (bir yüz otuz üç) manat 62 (altmış iki) qəpik Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı özünə məxsus əşyaları Cavabdeh satmaq üçün vermiş, sonuncu isə həmin əşyaları sataraq dəyərini ona qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərara əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, İddiaçı iddia ərizəsində qeyd edilən əşyaların mövcudluğunu, Cavabdeh satmaq üçün verməsini sübut etməlidir. Lakin, iddiaçı buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə iddia ərizəsində qeyd edilən geyim və məişət əşyalarını ümumiyyətlə almadığını, qızıl zinət əşyalarının isə bir qisminin aldığı bildirməklə həmin qızıl zinət əşyalarının dəyərini tam olaraq İddiaçı qaytardığını bildirsə də, etiraf etdiyi əşyaların pulunun qaytarmasına dair mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara dair iddiaçı və cavabdehin təqdim etdikləri əlyazmalar isə, kimin tərəfindən icra olunması, özündə nəyi ehtiva etməsini əks etdirmədiyindən sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı, iddia ərizəsində qeyd edilən, özünə məxsus əşyaları cavabdehə verdiyini bildirsə də, buna dair sübut təqdim etmədyindən, cavabdeh isə həmin əşyaların dəyərini iddiaçıya qaytarmasına dair sübut təqdim etmədiyindən, tələb yalnız cavabdehin etiraf etdiyi əşyalara aid hissədə təmin edilməlidir. Həmin əşyaların qiyməti ilə bağlı qeyd edilməlidir ki, iddiaçı əşyaların qiyməti ilə bağlı da sübut təqdim etməmişdir, bu səbəbdən həmin qiymətlər də cavabdehin etiraf etdiyi məbləğdə müəyyən olunmalıdır. Cavabdeh bir sıra qızıl-zinyət əşyalarını aldığını etiraf etsə də, onların qiymətini açıqlamadığından həmin əşyaların qiymətləri "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyində əks olunan həddə, iddia tələbində həmin əşya üçün qeyd edilən məbləğdən artıq olmamaq şərti ilə, müəyyən edilməlidir. Məhkəmə xərclərinin təmin edilən iddia tələbinə mütənasib hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (14,540 manat həcmində təmin edilmişdir) Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 777.1, 777.2, 778.1, 779.1, 782.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin bir hissədə rədd edilməsinə dair qənaətə gələrkən əsaslandırmışdır ki, “İddiaçı iddia ərizəsində qeyd edilən əşyaların mövcudluğunu, Cavabdeh satmaq üçün verməsini sübut etməlidir. Lakin, iddiaçı buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir”. Hesab edir ki, həmin əşyaların mövcudluğu iddia ərizəsi, məhkəmə istintaqındakı ifadələr, həmçinin polisdə araşdırılmış material ilə tam təsdiq edilir. Belə ki, Cavabdeh həm polisə, həm də məhkəməyə verdiyi izahatında ondan qızılzinyətəşyalarını almağını etiraf etmişdir. Həmçinin polisdə şahid qismində dindirilmiş X2 ona satmaq üçün qızıllar verdiyini, həmin qızılları bazarda Çingiz və Rafiq adlı şəxslərə satdığını bildirmişdir (həm Şahizənin izahatı, həm də həmin qızlların satılmasına dair çoxsaylı qəbzlər polisdə olan materiala əlavə edilmişdir). Bu xüsusatlar polisdə ifadə vermiş X13, X8 və X12 ifadələri ilə də təsdiq edilir. Hesab edir ki, həmin şəxslərin məhkəmə kollegiyasının iclasına çağırılıb dindirilməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması, eyni zamanda həqiqətə nail olunması üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin onu qeyd edir ki, iddia ərizəsində adları qeyd olunan qızıl zinət əşyalarının mövcudluğunu həmin qızılları aldığı şəxslər X19 və X20 təsdiq edə bilər. Həmin şəxslərin məhkəmə kollegiyasının iclasına çağırılıb dindirilməsi də həqiqətə nail olunması üçün mühüm əhəmiyyətə malikdir. Qeyd edilənləri nəzərə alaraq Yevlax Rаyоn Məhkəməsinin 05 aprel 2022-ci il tаrixli 2(039)-246/2022 saylı qətnаməsinin qismən, yəni “iddia tələbinin təmin edilməyən” hissəsində ləğv edilməsi, yeni qətnamə çıxarılaraq iddia tələbi “583 əyarlı, 16.40 qram çəkisi olan boyunbağı (tros) – 1,312 manat; şüşə qaşlı, 583 əyarlı, 10 qram çəkisi olan üzük, tənə dəsti – 850 manat; şüşə qaşlı, 583 əyarlı, 8.50 qram çəkisi olan üzük, tənə dəsti (meduza) – 680 manat; 585 əyarlı, 7.23 qram çəkisi olan qolbaq – 650 manat; şüşə qaşlı, 583 əyarlı, 8.56 qram çəkisi olan üzük, tənə dəsti – 770 manat; 583 əyarlı, 29.13 qram çəkisi olan qolbaq – 2,330 manat; 583 əyarlı, 29.55 qram çəkisi olan qolbaq – 2,364 manat; 583 əyarlı, 30 qram çəkisi olan qolbaq – 2,400 manat; 585 əyarlı, 10.40 qram çəkisi olan boyunbağı – 835 manat; 585 əyarlı, 7 qram çəkisi olan boyunbağı, kulonu ilə birgə - 630 manat; 583 əyarlı, 30 qram çəkisi olan qolbaq – 2,400 manat; 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat dəyərində qızıl və ya onların dəyərinin, yəni 16501 (on altı min beş yüz bir) manat pulun, eyni zamanda geyim və məişət əşyaları: bir ədəd uşaq paltarı – 55 manat; bir ədəd ayaqqabı – 60 manat; bir ədəd uşaq donu – 8 manat; 2 ədəd parfüm – biri 50 manat olmaqla, cəmi 100 manat; 5 ədəd yataq örtük dəsti – biri 50 manat olmaqla, cəmi 250 manat; bir ədəd pərdə - 300 manat; üç ədəd döşək örtüyü – biri 20 manat olmaqla, cəmi 60 manat; yeddi ədəd yataq örtük dəsti – biri 46 manat olmaqla, cəmi 322 manat; bir ədəd çilçıraq – 50 manat; bir ədəd kofta – 20 manat; bir ədəd fincan – 11 manat; bir ədəd elektrikli ət maşını – 210 manat; bir dəst ədviyyat qabları – 25 manat, cəmi 1471 manat pulun ödənilməsi hissəsində də təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, tələbi qəbul etmir. Yevlax Rayon Polis Şöbəsinə rəsmi ifadə vermişdir. Bildirmişdir ki, İddiaçı onun qonşusudur. O, İddiaçı “whatsapp” profilində qızıl-zinyətəşyalarının paylaşdığını görmüşdür. Ondan 1 ədəd qızıl boyunbağını satın almışdır. Həmin boyunbağını o, özü üçün satın almış və ilkin ödəniş olaraq 50 manat ödəmiş daha sonra 27 ay ərzində hər ay üçün 50 manat ödəmişdir. Daha sonra maddi imkanı yaxşı olmadığı üçün həmin qızılı satmışdır. O, avqust ayının sonuna qədər Nuranədən aldığı qızılların dəyərini vaxtında ödəyirdi. Avqust ayından sonra ona heç bir ödəniş edə bilməmişdir. Çünki ondan qızıl alan şəxslər həmin qızılları baha olduğu üçün ona qaytardılar. O da həmin qızılları qaytarmaq üçün Nuranənin evinə getmiş və müştərilərin qaytardığı qızılları geri qaytarmaq istədiyini bildirmişdir. Bu zaman Nuranə həmin qızılları sifariş əsasında gətirdiyi üçün geri qaytara bilməyəcəyini bildirərək həmin qızılları götürməmişdir. Həmçinin ona bildirdi ki, “mənə maraqlı deyil, apar qızılları sat mənə pulunu ver.” O da məcbur olub həmin qızılları qonşusu Şahizə Cabbarovaya vermişdir ki, Yevlax şəhərində zərgərə satsın. Bundan sonra o, qızılları Şahizəyə alması üçün vermiş, ondan gələn pulun hamısını da Nuranənin özünə vermişdir. Şahizəyə zəhmət haqqı olaraq təxminən 20-40 manat aralığında, qızıl saatı satan zaman 50 manat, hətta bir dəfə 70 manat da pul vermişdir. Onun iki azyaşlı uşağı olduğu üçün o, qızılları özü satmağa apara bilmir deyə Şahizə vasitəsilə həmin qızılları satdırmışdır. Bundan sonra o, Nuranəyə olan aylıq borcunu ödəmək üçün özünə məxsus olan qızıl zinət əşyalarını satmışdır. O, özünə məxsus olan 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağ və 1 ədəd qızıl üzüyü Şahizə vasitəsilə 3500 manata sataraq həmin məbləği aparıb Nuranəyə vermişdir. Növbəti ayın ödənişi gələn zaman o, Nuranəyə ödəniş edə bilməyəcəyini, hətta özünə məxsus olan qızılları da satıb ona verdiyini bildirmişdir. Bu zaman Nuranə ona nə üçün qızılları satıb ziyan etdiyini, əvəzində qızılları lombarda girov qoyub kredit götürmədiyini və həmin pul ilə də ona aylıq ödənişi ödəmədiyini bildirdi. Bu zaman həm o özünə, həm həyat yoldaşına, qaynanasına və qaynına məxsus olan qızıl əşyalarını lombarda girov qoymuş və 5000 manat məbləğində kredit götürmüşdür. Həmin məbləğin hamısını Nuranəyə olan borcuna ödəmişdir. Lakin Nuranə ondan 6000 manat ödəniş tələb edirdi, o isə ancaq 5000 manat ödəyə bilmidir. Bundan sonra o anasına məxsus olan qızıl-zinyətəşyalarını yenidən lombarda girov qoymuş və 5000 manat məbləğində kredit götürmüşdür. Həmin məbləğin hamısını Nuranəyə olan borcuna ödəmişdir. Lakin Nuranə ondan 6000 manat ödəniş tələb edirdi, o isə ancaq 5000 manat ödəyə bilmişdir. Bundan sonra o anasına məxsus olan qızıl-zinyətəşyalarını yenidən lombarda girov qoymuş və 3500 manat məbləğində pul götürmüşdür. Həmin məbləğin hamısını Nuranəyə ödəmişdir. O, ifadəsində də etirazda qeyd etdiyi zinət əşyasını aldığı ancaq pulunu qaytardığını bildirmişdir. Avqust ayında iddiaçının pulunu ödəyə bilmədiyi üçün ailəsinin qohum əqrabasının qızıllarını götürərək, banka qoyaraq işin hallarında da göründüyü kimi 5000 və əlavə 3500 manat ona ödəmişdir. Bundan başqa o, ondan götürdüyü zinət əşyalarının dəyərini 3 ay ərzində yəni may 5000 manat, iyun 5000 manat, avqust 6000 manat ona şəxsən ödəmişdir. Bütövlüyündə iddiada qeyd edilən zinət əşyalarına hər birinə münasibət bildirmişdir. İddiaçının qızılzinyətəşyasına aid 33 adda yazmış olduğu əşyaya münasibətini bildirmişdir. Brilyant qaşlı 750 əyarlı, 8 qram çəkisi olan qarnitur dəsti 1000 manat. Belə bir zinət əşyasını 1000 manata almış və Çingizə satılması üçün vermişdir. Tələbin 2-ci sırasında olan boyunbağı tros sep 10 qram olmuş, 800 manata almış və pulunu ödəmişdir. 3-cü sırada olan boyunbağı təkrar yazılıb. O, belə əşyanı almamışdır. 4-cü sırada olan qolbağı cəmi 10 qram olmuş, 800 manata almışdır. 5-ci sırada olan tənə dəsti üzük belə bir zinət əşyası olmamışdır. 6-cı sırada olan zinət əşyasını 600 manata almışdır. 7-ci sırada olan zinət əşyasını almışdır. 8-ci sırada olan zinət əşyasını almışdır. 9-cu sırada olan boyunbağını 415 manata almışdır. 10-cu sırada olan belə əşya almamışdır. 11-ci sırada olan zinət əşyasını 80 manata almışdır. 12-ci sırada olan zinət əşyası almamışdır. 13-cü sırada olan zinət əşyasını almışdır. 14-cü sırada olan belə bir zinət əşyası olmamışdır. 15-ci sırada olan zinət əşyasını almışdır. 16-cı sırada olan zinət əşyasını almışdır. 17-ci sırada olan zinət əşyasını almışdır. 18-ci sırada olan zinət əşyasını 30 qram qızıl çəkisi olmaqla 1550 manata almışdır. 19-cu sırada olan zinət əşyasını almışdır. 20-ci sırada olan zinət əşyasını almışdır. 21-ci sırada olan zinət əşyasını almışdır. 22-ci sırada olan belə zinət əşyası olmayıb. 24-cü sırada olan belə əşya olmayıb. 25-ci sırada olan zinət əşyasını almışdır. 26-cı sırada olan zinət əşyasını almışdır. 27-ci sırada olan qolbağı almışdır. 28-ci sırada olan zinət əşyası 6 qram çəkisi olan 400 manat dəyərində olan zinət əşyası almışdır. 30-cu sırada olan zinət əşyasını almamışdır. 31-ci sırada olan zinət əşyası təkrar yazılıb belə bir əşyanı almamışdır. (bax 24-cü sıraya) 32-ci sırada olan zinət əşyası alınıb. 33-cü sırada olan əşya təkrar yazılıb. Bildirir ki, o, götürdüyü zinət əşyalarının dəyərini ödəmişdır. Hər ay iddiaçıya 5000 manat olmaqla üçüncü ayı 6000 manat ödəməklə 16000 manat ona pul ödəmişdir. Sonra isə bütün zinət əşyalarını qohum əqrabasının əşyalarını da topalayaraq lombarda qoymuşdur. Oradan da xx.xx.2021-ci il tarixində 2635 manat, xx.xx.2021-ci il tarixində 1938 manat, xx.xx.2021ci il tarixində 2662 manat, xx.xx.2021-ci il tarixində 2455 manat kredit götürmüşdür. Həmin pullar onu çətin vəziyyətə salan, həddindən artıq baha qiymətlərlə onu özündən asılı vəziyyətə salan iddiaçıya verilmişdir. Onun iddiaçıya heç bir borcu qalmamışdır. O şəxsə hər şeyini sataraq ondan aldığı qızılların borcunu ödəmişdir. Ona heç bir borcu qalmamışdır. Şəxs onu çox çətin vəziyyətə salaraq hər cür təsirlərdən belə istifadə etmişdir. Məhkəmə tərəfindən prosessual hüquq normalar pozulmuşdur. Məhkəmə onun sübutlarına, gətirdiyi dəlillərə heç bir əsas olmadan hüquqi qiymət verməmişdir. Onun bank sənədləri vardır ki, həmin sənədlərdə iyul-sentyabr aylarını əhatə edən kredit müqavilələrində götürdüyü pul məbləğləri iddiaçıya yönəlib. İddiaçı özü belə bildirirdi ki, ona 4 ay ərzində hər ay pul ödəmişdir. Özünün etirafı ilə yanaşaraq ən az 7000 manatı etiraf edir. Halbuki 16000 manat ödənişi etmişdir. Şəxsin əlyazması var. Ümumiməbləğin siyahısı var. Həmin siyahı üzrə qızılların özünün bildiyi və qiymətləndirildiyi qiyməti var. Qiymətləndirmə rəyi havaya baxılıb yazılıb. İddiadakı qiymət əvvəl yazılıb məhkəməyə verilib, rəydəki qiymət isə sonradan alınıb. İddia ilə rəydəki qiymət elə bil ki, bir reallıqdır kimi eynən üst-üstə yazılıb. Bu da rəyin qeyri formallığını ortaya qoyur. O ödədiyi pulu, yəni 16000 manat pulu, baxmayaraq ki, iddiaçı qismən etiraf edir, ancaq məhkəmə heç təşəbbüs belə göstərmədi ki, ödənilən məbləğin ümumi həcmi müəyyən edilsin. Çünki bu şəxs həm susur, həm də 7000 manatı etiraf edir. Məhkəmə tərəfindən təqdim etdiyi borc müqavilələrinə qimət verilməmişdir. Halbuki buradan aldığı pullar iddiaçıya verilib. Əlyazmaya diqqət yetirilsə şəxsin özü bu əlyazmanı qəbul edir. Ancaq nə çəkisi nə də çeşidi barədə heç nə bilmir. Havadan ucuz qiymətli əşyanı baha qeyd edərək cavabdehi, onu özündən asılı vəziyyətə salıb. Məhkəmə işin faktiki hallarını aydınlaşdırmamışdır. Əlyazmadaki uydurma qiymətlərin mənbəyini müəyyən etməmişdir. İddiaçıya ödənilən yekun rəqəmi aydınlaşdırılmadı. Əsassız qəraq qəbul edildi. Kredit müqavilələri üzrə həmin aylarda götürülərək pul məbləğinin iddiaçıya verilməsi ilə bağlı ona ödənilən 3 ayın yekun alınan rəqəmini aydınlaşdırmamışdır. Bundan başka iddiaçının istinad etdiyi hallara heç bir subut olmadığı halda məhkəmə tələbi qismən təmin etmişdir. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-246/2022 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi, iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılaraq iddia tələbinina təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 05 aprel 2022ci il tarixli, 2(039)-246/2022 saylı qətnaməsinin qismən, yəni “iddia tələbinin təmin edilməyən” hissəsində ləğv edilməsinı xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X11 apellyasiya şikayətini müdafiə edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)- 246/2022 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi, iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılaraq iddia tələbi təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq:

Mülki Məcəllə Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı: «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirirlər. İddiaçı Yevlax Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(039)-246/2022 saylı qətnaməsinin qismən, yəni “iddia tələbinin təmin edilməyən” hissəsində ləğv edilməsinı xahiş etmişdir. Cavabdeh qətnamənin iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi, iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılaraq iddia tələbi təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin təmin edilmiş, 8600 manat hissəsinə münasibətdə düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(039)-246/2022 saylı qətnaməsi iddianın təmin edilmiş 8600 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə razılığa gələrək özünə məxsus əşyaları Cavabdeh satmaq üçün vermiş, sonuncu isə həmin əşyaları sataraq dəyərini ona qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. İlk öncə kollegiya iddiaçının apelyasiya şikayəti ilə bağlı qeyd edir ki, şikayət əsaslandırılmamış, şikayətin dəlillərini təsdiq edəcək sübutlar iş materiallarında aşkar edilməmişdir. İddiaçı apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, əşyaların mövcudluğu iddia ərizəsi, məhkəmə istintaqındakı ifadələr, həmçinin polisdə araşdırılmış material ilə tam təsdiq edilir. Belə ki, Cavabdeh həm polisə, həm də məhkəməyə verdiyi izahatında ondan qızıl-zinyətəşyalarını almağını etiraf etmişdir. Həmçinin polisdə şahid qismində dindirilmiş X2 ona satmaq üçün qızıllar verdiyini, həmin qızılları bazarda Çingiz və Rafiq adlı şəxslərə satdığını bildirmişdir (həm Şahizənin izahatı, həm də həmin qızılların satılmasına dair çoxsaylı qəbzlər polisdə olan materiala əlavə edilmişdir). Bu xüsusatlar polisdə ifadə vermiş X13, X8 və X12 ifadələri ilə də təsdiq edilir. Şikayətin bu dəlilləri əsassızdır; Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar nəzərdən keçirilərkən aşağıdakılar müəyyən edilir. Təhqiqat araşdırması zamanı izahatı alınmış X7 izahatında Cavabdeh onun qonşusu olduğunu, 2021-ci ilin iyun ayında Gülşənin onun yaşadığı evə gəldiyini, ondan əlində qızılı satmağını xahiş etmişdir. O da həmin qızılı satdığını və əldə etdiyi pulun hamısını Gülşənin özünə vermişdir. Ancaq hansı qızılları, hansı tarixlərdə nə qədər məbləğə satdığını xatırlamır. Təhqiqat araşdırması zamanı izahatı alınmış X13, X17 və X1 Şahizə Məhərrəm qızı ilə eyni məzmunlu izahat verərək, ondan qızıl-zinyətəşyalarını satın aldığını, alqı-satqı edən zaman bu barədə qeydlər etdiyini bildirmişdir. X4 və X12 apardığı alqı-satqıya dair qeydlərin surəti materiala əlavə olunmuşdur. Təhqiqat araşdırması zamanı izahatı alınmış Cavabdeh izahatında İddiaçı 1 ədəd qızıl boyunbağını özü üçün almışdır. Sonradan İddiaçı müəyyən miqdarda qızıl əşyaları alaraq satmış və pulunu iddiaçıya ödəmişdir. Əvvəllər vaxtında ödəsə də sonradan ödəyə bilməmiş, özünə məxsus olan qızılları satıb iddiaçıya vermişdir. Bundan başqa bankdan kredit götürərək Nuranənin borcunu ödəmişdir. Göründüyü kimi iddiaçının qeyd etdiyi qərarda izahatı alınmış şəxsləri heç biri şikayətdə qeyd edilən miqdarda və çəkidə qızıl əşyalarının iddiaçı tərəfindən cavabdehə verildiyi öz təsdiqini tapmır. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının təmin edilməyən tələbi üzrə əsaslı izah vermiş, iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. İddiaçı tərəf şikayətində qeyd etdiyi əşyaların cavabdehə verməsinə dair heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tərəf cavabdehə şikayətdə qeyd etdiyi geyim və məişət əşyaları: bir ədəd uşaq paltarı – 55 manat; bir ədəd ayaqqabı – 60 manat; bir ədəd uşaq donu – 8 manat; 2 ədəd parfüm – biri 50 manat olmaqla, cəmi 100 manat; 5 ədəd yataq örtük dəsti – biri 50 manat olmaqla, cəmi 250 manat; bir ədəd pərdə - 300 manat; üç ədəd döşək örtüyü – biri 20 manat olmaqla, cəmi 60 manat; yeddi ədəd yataq örtük dəsti – biri 46 manat olmaqla, cəmi 322 manat; bir ədəd çilçıraq – 50 manat; bir ədəd kofta – 20 manat; bir ədəd fincan – 11 manat; bir ədəd elektrikli ət maşını – 210 manat; bir dəst ədviyyat qabları – 25 manat, cəmi 1471 manat dəyərində əşyaların cavabdehə verməsi barədə hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də kollegiya şikayəti əsaslı hesab etmir və şikayət təmin edilə biməz. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayəti ilə bağlı onu qeyd edir ki, şikayət qismən əsaslıdır. Birinci instansiya məhkəməsi 14540 manat dəyərində qızıl-zinyət əşyalarına aid hissədə gəldiyi nəticə barədə heç bir araşdırma aparmamış, maddi və prosessual normalarını sadalamaqla kifayətlənmişdir. İş materialları ilə müəyyən edlir ki, cavabdeh tərəf iddiaçıdan müəyyən sayda və məbləğdə qızıl əşyaları aldığını etiraf etmiş, ancaq aldığı əşyaların pulunu iddiaçıya ödədiyini bildirmişdir. Tərəflərin izahatları və iş materialları öyrənilərkən müəyyən edilir ki, cavabdeh tərəf qızıl əşyalarının dəyəri olan 8600 manat pulu iddiaçıya ödəmişdir. Kollegiya gəldiyi qənaəti onunla əsaslandırır ki, iddiaçı tərəf həm iddia ərizəsində həm də kollegiyanın iclasında cavabdehin ona 8600 manat pul ödədiyini etiraf etmişdir. Ancaq iddiaçı tərəf 10 adda qızıl əşyasının əvəzi olaraq həmin məbləğin nəzərə alınmadığını bildirsə də kollegiya bununla razılaşmır. Belə ki, həmin məbləğin siyahıdan kənar, yəni iddia ərizəsində göstərmədiyi qızllardan başqa cavabdehə əlavə olaraq verdiyinə dair hər hansı bir sübut növü təqdim etməmişdir. Bundan başqa kollegiya diqqəti iddiaçının izahatına çəkmək istəyir. Belə ki, iddiaçı kollegiyanın iclasında iştirak edərək izahatında qeyd etmişdir ki, cavabdeh qeyd edilən qızıl əşyalarını 3 ay ərzində hər predmetə görə 50 manat ödəmək şərti ilə satmalı idi. Lap götürsək ki, cavabdehə 33 adda qızıl əşyası verilib cavabdeh iddiaçıya hər ayın sonunda 1650 manat pul ödəməli idi. Onu da 3-ə vuranda 4950 manat pul ödəmiş olmalı idi. Ancaq iddiaçı tərəf etiraf edir ki, cavabdeh ona 8600 manat pul ödəmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri, eyni zamanda polisdə araşdırma zamanı verdiyi izahatla, məhkəmə iclasında verdiyi izahatlar üst-üstə düşmür. Ona görə də kollegiya hesab edir ki, qətnamə 8600 manata aid hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Daha sonra kollegiya iddianın təmin edilmiş 5940 manat (14540-8600= 5940) hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə əsassızdır. Belə ki, cavabdeh şikayətində qeyd edir ki, iddiaçıya 16000 min manat pul ödəmişdir. Kollegiya qeyd edir ki, əgər cavabdeh tərəf 16000 manat pul ödədiyini etiraf edirsə (ancaq bu barədə hər hansı sübut növü təqdim etməmişdir) demək iddiaçıdan 14540 manat dəyərində qızıl əşyalarını aldığını etiraf etmiş olur. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi 5940 manat dəyərində qızıl əşyasının cavabdehdən tələb edilməsində əsaslıdır. Ona görə də kollegiya hesab edir ki, şikayət həmin hissədə təmin edilə bilməz. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yalnız iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin təmin edilmiş, 8600 manat hissəsinə münasibətdə düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(039)-246/2022 saylı qətnaməsi iddianın təmin edilmiş 8600 manata aid hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(039)-246/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş 8600 manata aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar