Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-888/2024 25.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair (Açar sözlər: alimentin artırılması tələbi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(025)-527/2024 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh mediasiya xərcinə görə 50 (əlli) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-439/2020 nömrəli, 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim Elman İsayev) X8 ilə Cavabdeh arasında 19 avqust 2014-cü il tarixdə bağlanmış və Qəbələ rayon Həmzəli kənd İ.Ə.D tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 08 sentyabr 2015-ci il təvəllüdlü X5 anası X3 yanında qalması, Cavabdeh 19 avqust 2020-ci il tarixdən başlayaraq, 08 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X6 verilməsi müəyyən edilmişdir. X9 tərəfindən uşağın dərman və müalicə xərclərinin mütəmadi davam etməsi səbəbindən aliment məbləğinin artırılması barədə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 2036/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2164/2021 nömrəli, 17 may 2021-ci il tarixli qərarı ilə aliment məbləği dəyişdirilmədən (120 manat məbləğində) saxlanılmışdır. Mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməzdən əvvəl 09 sentyabr 2023-cü il tarixində cavabdehə mediasiya prosesinin tətbiq edilməsi barədə təkliflə müraciət edilmiş (alınma tarixi: xəbərnamə üzrə xx.xx.2023-cü il), ardınca 25 sentyabr 2023-cü il tarixdə Qəbələ 1 X7 müraciət edilmiş və cavabdeh 03 noyabr 2023-cü il tarixinə təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etmədiyindən Qəbələ 1 X10 tərəfindən xx.xx.2023-cü il tarixli, MQ/MT-035-2023-232 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” AR Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün ölkə üzrə uşaqların yaşayış minimumu 235 manat müəyyən edilib. Cavabdeh tərəfindən tutularaq iddiaçıya aylıq ödənilən alimentin məbləği (120 manat) 2021-ci il tarixində - cari tarixdən 3 il əvvəl müəyyən edilib. Həmin dövrdən etibarən 3 il ərzində həm ölkə üzrə yaşayış minimumun artması, həm də dövri inflyasiyanın artması səbəbilə 2024-cü il və növbəti illərdə yaşayış minimumundan iki dəfə daha az olan 120 manat vəsaitlə hər hansı bir uşağın saxlanılmasının mümkün olmadığı aşkardır. Həmçinin iddiaçının qeydiyyat ünvanı Qəbələ rayonu olsa da, iddiaçı işləməsi və himayəsində olan azyaşlı övladının həkim müayinələri və müalicəsi səbəbindən övladı ilə birgə Bakı şəhərində yaşayır. Himayəsindəki azyaşlı övladının xərclərini Bakı şəhəri üzrə mövcud olan qiymətlər üzrə qarşılamağa (təmin etməyə) məcbur olan iddiaçıya aylıq cavabdeh tərəfindən verilən aliment məbləği cavabdehin Qəbələ rayonunda çalışması və rayon ərazilərində əmək haqqı məbləğinin aşağı olması əsas gətirilərək 120 manat məbləğində təyin edilmişdir. Halbuki AR Ailə Məcəlləsinin vəziflərindən biri ana və uşaqların hərtərəfli mənafelərinin müdafiəsini təmin etməkdir. Məlumdur ki, uşaqlar üçün təyin edilmiş yaşayış minimumuna nisbətdə 120 manat məbləğində aliment olduqca azdır və uşağın ən minimal təminatlarını belə təmin etmək üçün kifayət deyildir. Bundan əlavə, iddiaçı ilə cavabdehin birgə nikahından dünyaya gələn və iddiaçının himayəsində qalan azyaşlı övladının beyin daxili selikli qişasının qalınlaşması səbəbindən mütəmadi müalicəyə və dərman təminatına ehtiyacı vardır və iddiaçı övladının saxlanılmasına və müalicəsinə hər təqvim ayı ən azı 500 manat məbləğində xərc çəkir. Nəzərə alaraq ki, uşağın yaşayış yeri, saxlanılması və müalicəsi ilə bağlı xərclərin çox hissəsini iddiaçı çəkir, cavabdeh də uşağın saxlanılmasında ən azı yaşayış minimumu həcmində aliment ödənilməklə iştirak etməlidir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(025)-527/2024 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(025)-439/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh 08 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması, hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməsi, Cavabdeh 50 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflərin birgə nikah münasibətlərindən 8 sentyabr 2015-ci il təvəllüdlü X11 adlı bir uşaqları doğulmuşdur, anadan olmuş uşaq ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(025)-439/2020 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş 08 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan 08 sentyabr 2015-ci il təvəllüdlü X2 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulmasını və mediasiya xərcinə görə 50 (əlli) manat məbləğində pulun tutularaq ona verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatlarının artması, Qəbələ Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(025)-439/2020 nömrəli qətnaməsi ilə aliment təyin edilən tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat təşkil etməsi) və bu xüsusda uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahından anadan olmuş 08 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qəbələ Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(025)-439/2020 nömrəli qətnaməsi ilə hər ay təyin edilmiş 120 manat aliment həmin uşağın yaşının və bu xüsusda aradan keçən müddət ərzində tələbatlarının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması, həmçinin iddiaçının da işləyərək əmək haqqı alması kimi hallar nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının vəkilinin izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, məhkəmə qətnaməsi ilə cavabdehin hər ay uşağa ödəməli olduğu 120 manat aliment yetkinlik yaşına çatmayan həmin uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən, alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatlarının artması və həyat şəratinin bahalaşması ilə bağlı uşaqların saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, bununla bağlı qeyd olunmalıdır ki, ümumməlum faktdır ki, alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Belə ki, iddiaçı alimentin artırılması üçün məhkəməyə müraciət etdiyi 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu məbləği 170 manat olduğu təqdirdə, bu rəqəm ilbəil artmış, 2024cü il üçün isə bu məbləğ 235 manat təşkil etmişdir. Lakin cavabdeh, yalnız təyin olunmuş aylıq uşaq üçün 120 manat alimenti ödəməyə çalışmış, alimentin miqdarının artırıldığı vaxtdan 4 ilə yaxın müddət keçməsinə, sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşağın artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşağın məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşağın əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarından da göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən, mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 50 manat mediasiya xərcini iddiaçı ödədiyindən, Cavabdeh 50 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(025)-439/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh 08 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılmalı, hər ay sabit pul məbləğində 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 81.1, 112.1-ci maddələri, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarı, “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun 3 və 13-cü maddələri, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 112.3-ci maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, e-2(025)-527/2024 nömrəli qətnaməsi ilə razı deyil, belə ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən tərəflərin maddi vəziyyəti, gəlirləri, qazanc mənbəyi, iş yeri, səhhəti, yaşayış səviyyəsi, əmlak vəziyyəti (hər hansı daşınar və daşınmaz əmlaklarımın olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməmişdir. Qeyd edir ki, o, işsizdir, bir neçə ildir ki, işdən çıxmış və hal-hazıra kimi daimi iş tapa bilməmiş, təqaüdçü valideynlərinin yanında yaşayır. Digər tərəfdən yaxın qohumunun adına bankdan kredit götürmüş və hər ay "xxxx" Bank ASC-yə 200 manatdan kredit ödənişini valideynləri təqaüdlərini alaraq ödəyirlər. Həmin kredit ödənişlərini etməkdə çətinlik çəkirlər. Onun göz xəstəliyi vardır ki, hər ay müalicə etdirir və xəstəliyi ilə əlaqədar müəyyən işlər görə də bilmir. Həmçinin təyin olunmuş aliment də valideynlərinin köməkliyi ilə ödəyir. Digər tərəfdən nəzərə alsaq ki, onun adında hər hansı daşınar və daşınmaz əmlak yoxdur və əlavə qazanc da əldə edə bilmir. Qeyd edir ki, onun maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Əksinə maddi vəziyyəti daha da pisləşmişdır. Belə ki, o heç bir yerdə işləmir və aylıq qazancı yoxdur, gəliri sabit olmayan fərdi işlərlə məşğuldur. İddiaçı ondan 08 sentyabr 2015-ci il tarixində anadan olmuş X1 üçün alimentin artırılaraq hər ay sabit pul məbləğində 235 manat olmasını tələb etsə də, qeyd olunan məbləğdə alimentin ödəmək imkanı olmağı baradə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda İddiaçı tam sağlamdır, özünə iş mərkəzi açaraq işləyir və uşağın saxlanılması hər iki valideynin vəzifə borcu olduğundan, qarşı tərəf də qazancı ilə uşağın saxlanılmasında köməklik göstərməlidir. Həmçinin Qəbələ Rayon Məhkəməsinin qətnaməsində 50 manat məbləğində mediasiya xərci də ondan tutularaq İddiaçı ödənilməsi qeyd edilmişdir. Lakin qanunvericiliyin normasına əsasən mediasiya xərci məhkəmə xərci hesab olunmur və həmin xərclərin tərəflərdən tutulması qaydası “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsi ilə tənzimlənir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(025)-527/2024 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(025)-527/2024 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir «Uşaq hüquqları haqqında» Konvensiya «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Qanun: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(025)-527/2024 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(025)-527/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(025)-527/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikah münasibətlərindən 08 sentyabr 2015-ci il təvəllüdlü X11 adlı bir uşaqları doğulmuşdur, tərəflərin nikah münasibətlərindən anadan olmuş uşaq ananın yanındadır. Qəbələ Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(025)-439/2020 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş 08 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, bu səbəbdən də, təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan 08 sentyabr 2015-ci il təvəllüdlü X2 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulmasını və mediasiya xərcinə görə 50 (əlli) manat məbləğində pulun tutularaq ona verilməsini xahiş etmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, işsizdir, bir neçə ildir ki, işdən çıxmış və hal-hazıra kimi daimi iş tapa bilməmiş, təqaüdçü valideynlərinin yanında yaşayır. Yaxın qohumunun adına bankdan kredit götürmüş və hər ay "xxxx" Bank ASC-yə 200 manatdan kredit ödənişini valideynləri təqaüdlərini alaraq ödəyirlər. Həmin kredit ödənişlərini etməkdə çətinlik çəkirlər. Kollegiya qeyd edir ki, şikayətin dəlili əsassızdır. Kollegiya qeyd edir ki, apellyatorun heç yerdə işləməməsi eyni zamanda "xxxx" Bank ASC-yə 200 manat kreditin ödəməsi onu uşağın saxlanması vəzifəsindən azad etmir. Ona görə də kollegiya hesab edir ki, şikayət əsassızdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2024-cü il üçün uşaqlara münasibətdə müəyyən edilmiş 235 manat aliment məbləğini nəzərdən keçirdikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 200 manat qət etməklə əslində hər iki tərəfin mənafeyini nəzərə almışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün 200 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlara münasibətdə 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şikayətin son dəlili ondan ibarətdir ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsində 50 manat məbləğində mediasiya xərci də ondan tutularaq İddiaçı ödənilməsi qeyd edilmişdir. Lakin qanunvericiliyin normasına əsasən mediasiya xərci məhkəmə xərci hesab olunmur və həmin xərclərin tərəflərdən tutulması qaydası “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsi ilə tənzimlənir. Kollegiya qeyd edir ki, şikayətin dəlili əsassızdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bu səbəbdən Cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən, mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 50 manat mediasiya xərcini iddiaçı ödədiyindən, Cavabdeh 50 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(025)-527/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(025)-527/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-888/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-888/2024
25.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver