Məhkəmə qərarları › İş №2(107)-889/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-889/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-889/2025 30.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması tələbi, qismən ləğv) X1 (sədrlik edən və məruzəçi), X4 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X5 və Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(037)- 445/2025 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3749,69 manat əsas, 1066,95 manat faiz, cəmi 4816,64 manat borcun və 68,16 manat ödənilmiş dövlət rüsumunun alınaraq verilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı QSC BOKT iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3749,69 manat əsas, 1066,95 manat faiz, cəmi 4816,64 manat borcun və 68,16 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərlə iddiaçının Şamaxı filialı arasında bağlanmış 24 iyun 2014-cü il tarixli 489 saylı kredit müqaviləsinə əsasən birgə borclulara 24 ay müddətinə illik 27 faizlə 4500 manat məbləğində kredit verilmişdir. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə birgə borclular təşkilat qarşısında öhdəliklərini yerinə yertirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Birgə borclularla bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borcalanlar kredit və ona hesablanmış faizləri vaxtında ödəməyi öhdələrinə götürür və buna öz əmlakı ilə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 4500 manat əsas borc və ona hesablanmış faiz borcu qrafikə uyğun ödənilməli olduğu halda buna əməl edilməmiş, əsas borcdan 750,31 manat, faiz borcundan isə 474,69 manat ödəniş olmuşdur. Birgə borcluların iddiaçıya olan əsas borcu 3749,69 manat, faiz borcu 1066,95 manat, cəmi borcu 4816,64 manat təşkil edir. Borcun ödənilməsi tələbi cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Birgə borclulara göndərilmiş xəbərdarlıq məktubu da nəticəsiz qalmışdır. Cavabdeh3 kredit borcundan 19 iyun 2025-ci il tarixdə 30 manat ödəniş etmişdir. Ona görə də cavabdehlərdən müştərək qaydada 3749,69 manat əsas, 1036,95 manat faiz, cəmi 4786,64 manat borcun və 68,16 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İsmayıllı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(037)-445/2025 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3749,69 manat əsas borc, 1036,95 manat faiz borcu və 67,67 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 4854 (dörd min səkkiz yüz əlli dörd) manat 31 (otuz bir) qəpik tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 0,49 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 449.1, 500.1, 500.2, 509.1 və 509.2-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 24 iyul 2014-cü il tarixli, 489 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24 ay müddətinə illik 27 faizlə 4500 manat məbləğində kredit verilmişdir. 16 yanvar 2025-ci il tarixli, 20 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehlərdən borcun on gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 18 fevral 2025-ci il tarixli məlumatın surətindən görünür ki, cavabdehlərin 24 iyul 2014cü il tarixli 489 nömrəli kredit müqaviləsi üzrə 18 fevral 2025-ci il tarixə 3749,69 manat əsas və 1066,95 manat faiz, cəmi 4816,64 manat qalıq borcu vardır. İşdə olan hesabdan çıxarışın surətindən görünür ki, Cavabdeh3 19 iyun 2025-ci il tarixdə kredit borcundan 30 manat ödəniş etmişdir. 25 fevral 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 68,16 manat dövlət rüsumu ödənilmişdir.

7. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə yaranmış borc qanunvericilikdə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü və iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. Bu məqsədlə o 26 mart 2025-ci il tarixdə elektron imza ilə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı ərizə ilə müraciət etmişdir. Bir neçə gün keçdikdən sonra özünü məhkəmə işçisi kimi təqdim edən şəxs istifadəsində olan mobil telefonuna zəng edərək məhkəməyə gəlməsini bildirmişdir.Həmin vaxt həyat yoldaşının xəstəliyi ilə əlaqədar həkim müayinəsində olduğunu və İsmayıllı rayon ərazisində olmadığını ona bildirmiş və məhkəməyə gələ bilməyəcəyini, lakin elektron kabinet vasitəsi ilə ərizə göndərdiyini işə onun iştirakı olmadan baxılmasına və müvafiq qərar qəbul olunmasına etirazının olmadığını bildirmişdir. Elektron kabinetinə yerləşdirilən ərizə elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər olduğunu onun diqqətinə çatdırsa da o bununla razılaşmamış və öz narazılığını bildirmişdir. Belə olan halda o təkrar iddia müddətinin tətbiqi barədə yazdığı ərizəni şəxsən imzalayıb elektron kabinetinə yerləşdirdi və imzaladığı həmin ərizəni yenidən poçt vasitəsi ilə sifarişli məktubla İsmayıllı Rayon Məhkəməsinin ünvanına göndərmişdir. Beləliklə iş üzrə cavabdeh kimi onunla təmas qura bilmədiyindən qərəzli olaraq elektron və poçt vasitəsi ilə məhkəməyə göndərdiyi ddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə biganə münasibət göstərilərək kənara atmışdır. 02 aprel,21 aprel,19 may,11 iyun və 25 iyun 2025-ci tarixlərə keçirilmiş bütün məhkəmə iclaslarına çağırılmışdır. Qeyd olunan tarixlərdə keçirilmiş məhkəmə iclaslasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyi haqqında məhkəməyə təqdim etdiyi ərizəni nəzərə almayaraq ona qarşı qərəzli,məqsədli şəkildə özbaşınalıq edərək yaratdıqları şəbəkə vasitəsilə müxtəlif usullarla bilə-bilə İddiaçıQSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Rəfail Allahverdiyev uzun illərdən bəri kredit müqaviləsi üzrə yaranmış borcunu ödətdirə bilməyən nümayəndə necə olur ki, məhkəmə baxış iclasının gedişində krediti əldə etmiş İsmayıllı rayon Mican kəndində yaşayan X2 tapıb ondan kredit borcunu ödəməyi tələb etmişdir. Sonuncu da hazırkı kredit borcundan 30 manat bank nümayəndəsi Rəfail Allahverdiyevə təqdim etmişdir. Bank nümayəndəsi isə digər borcluların adından yox məhz iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyi üçün onun adına 19 iyun 2025-ci il tarixdə ödəniş aparmış və ödəniş olunmasını əks etdirən məlumatı məhkəməyə təqdim etmişdir ki, bu səbəbdən də məhkəmə adına banka ödəniş olunduğunu əsas gətirərək iddia müddətinin axımı kəsilmiş və hazırki iddia üzrə iddia müddəti ötürülmədiyini qeyd edilmiş və bunun əsasında da iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməmişdir.

9. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(037)-445/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq etməklə iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(037)-445/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq etməklə iddianın ona aid hissədə rədd edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(037)-445/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Hacıyeva X3 Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2(051)- 13/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən, qətnamənin ləğv edilməsini və iddia müddətinin tədbiq edilməklə iddia ərizəsinin ona aid olan hissədə rədd edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

23. Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.

24. Belə ki, Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərin hərtərəfli araşdırılmasını, sübutların məcmusuna hüquqi qiymət verməklə iddiaçının iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan və digər cavabdehlərdən müştərək qaydada 3749,69 manat əsas, 1066,95 manat faiz olmaqla, cəmi 4816,64 manat borc və 68,16 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. İddiaçının iddia tələbini əsassız hesab edir. Belə ki, 2014-cü ildə iddiaçı tərəfindən onun və digər birgə borcluların adına kredit rəsmiləşdirilsə də həmin vaxtdan 11 ilə yaxın müddət keçməsinə baxmayaraq bank tərəfindən ona kredit borcu barədə heç bir məlumat verilməmişdir. Məhkəmədən bildiriş gələndən sonra ona məlum olmuşdur ki, onun və digər cavabdehlərin iddiaçıya ödənilməmiş borcları qalmışdır. İddiaçı 11 il keçdikdən sonra onu və digər cavabdehləri məhkəməyə vermiş, bununla da qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Göründüyü kimi İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə onun arasında bağlanmış 24 iyul 2014cü il tarixli 489 saylı kredit müqaviləsinin müddəti 24 iyul 2017-cı il tarixdə bitmişdir. Belə olan halda iddiaçının borc tələbi ilə bağl iddia müddəti ötmüşdür. İddia müddətinin keçməsi ilə bağlı iddiaçının iddia tələbi rədd edilməlidir. İddiaçının ona qarşı cəmi 4816,64 manat borc və 68,16 manat dövlət rüsumu məbləğinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

26. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.

27. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

28. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

29. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

30. İş materiallarında olan 24 iyul 2014-cü il tarixli, 489 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC BOKT-nın Şamaxı filialı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24 ay müddətinə illik 27 faizlə 4500 manat məbləğində kredit verilmişdir.

31. Göründüyü kimi müqavilənin icra müddəti 24 iyul 2016-cı il tarixində bitmiş və həmin vaxtdan iddia müddətinin axımı başlamışdır.

32. Həmin müddət ərzində iddia axımının kəsilməsini və yenidən başlanmasını təsdiq edən hər hansı hal baş verməmiş və 24 iyul 2019-cu il tarixində iddia müddəti bitmişdir.

33. İddiaçı "xxxx" QSC-nin iddia ərizəsi isə 26 fevral 2025-ci il tarixində birinci instansiya məhkəməsinə daxil olmuşdur.

34. Bundan başqa iş materialında olan və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təqdim edilməsindən sonra ödənilmiş 30 manat məbləğində pulun isə kim tərəfindən ödənildiyini müəyyənləşdirmək mümkün deyil və reallığı əks etdirmir.

35. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin qismən ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir.

36. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

37. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

40. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı Cavabdeh3 münasibətdə təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(037)-445/2025 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh3 aid olan mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə iddia müddəti tətbiq edilməklə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(037)-445/2025 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh3 aid olan mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia tələbi Cavabdeh3 aid olan hissədə rədd edilsin. İsmayıllı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, e-2(037)-445/2025 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar