Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-890/2023 03.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair (Açar sözlər: alimentin artırılması tələbi) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(033)-437/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(033)-933/2016 nömrəli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmiş 80 (səksən) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh birgə nikahlarından 03 dekabr 2014-cü il tarixdə Röyal adlı oğlan övladları dünyaya gəlmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(033)-933/2016 iş nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş övladları X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. xx.xx.2014-cü il tarixdə anadan olmuş övladları X4 3-cü sinifdə oxuyur. Bugünki gün övladının saxlanılması, yəni təhsili, geyimi, qidalanması, istirahəti və s. üçün nəzərdə tutulmuş xərclərin miqdarı olduqca artmışdır. Bundan əlavə bildirmək istəyir ki, uşağının həm psixoloji, mənəvi, həm də maddi tələblərini o ödəyir. Qarşı tərəfin yüksək səviyyədə maddi imkanının olmasına baxmayaraq bununla bağlı ona heç bir yardım etmir. Nəzərə alınmalıdır ki, o bir ana kimi övladının ən yüksək səviyyədə təhsil alması və digər tələbləri ilə bağlı xərclərin ödənilməsi üçün əlindən gələni edir. Ancaq nə ödənilən alimentin miqdarı, nə də onun səyi, övladının saxlanılması üçün zəruri olan xərclərin ödənilməsinə kifayət etmir. Bu isə onu və azyaşlı övladını olduqca çox məyus edir. Cavabdeh də bir valideyn kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun təhsilinə və digər ehtiyaclarını ödəməklə bağlı ona maddi cəhətdən köməklik göstərməyə borcludur. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(033)-437/2023 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia tələbini qismən təmin edilmiş, Cavabdeh alınaraq 03 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli, 2(033)-933/2016 saylı qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilməsi, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsinin aldığı vaxtdan hesablanması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflərin birgə nikahından 03 dekabr 2014-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-933/2016 saylı 14 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin alınaraq cavabdeh İddiaçı verilməsi, sabit pul məbləğində həmin alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə daxil olduğu 05 may 2016-cı il tarixdən hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini, uşağın yaşını, tərəflərin izahatlarını və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 03 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Şərh edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 03 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli, 2(033)-933/2016 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 180 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndi, 34-cü maddəsinin 4-cü bəndi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 112.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107.1, 119.2, 217.4, 218.3, 233.4-cü maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutun nədən ibarət olmasını qeyd etməmişdir. Başqa sübutların nədən ibarət olmasını qətnamədə göstərməmişdir. Bununla da məhkəmə işə hərtərəfli və tam baxmamışdır. Bundan başqa, onun maddi durumumda dəyişiklik yoxdur. Alimentin artırılması üçün şəxsin sosial durumunda yaxşılaşma olmalıdır. Hazırda isə onun sosial durumunda artım yoxdur. Əksinə o, ailə başçısıdır. Himayəsində bir azyaşlı uşağı vardır. İddiaçı sabit pul məbləğində aliment təyin ediləndən sonra keçən müddət ərzində onun maddi vəziyyətinin yaxşılaşma halı olması barədə iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Uşağa baxmaq, qayğı göstərmək hər iki valideynin borcudur. Qanunun tələbinə görə uşağın maddi təminatında hər iki valideyn eyni vəzifələr daşıyır. Bu baxımdam uşağın saxlanılması ilə bağlı bütün xərcləri və ya həmin xərclərin əhəmiyyətli hissəsinin valideynlərdən birinin yəni, atanın üzərinə qoyulması yolverilməzdir. Belə ki, o, xx.xx.2016-cı il tarixdə ikinci dəfə rəsmi qaydada evlənmişdir. Onun ikinci nikahından xx.xx.2018-ci il tarixdə Mələk adlı uşağı anadan olmuşdur. O, uşağa baxmaqdan imtina etmir. Lakin, iddia ərizəsində göstərilən bir uşağa görə 220 manat ailiment tələbi ilə razı deyil. Onun hər ay bir uşağa görə 220 manat aliment ödəməyə maddi imkanı çatmır. Tərəflər arasında nikahın pozulması səbəbi keçimsizlik olmuşdur. Bu baxımdam uşağın saxlanılması ilə bağlı bütün xərcləri və ya həmin xərclərin əhəmiyyətli hissəsinin valideynlərdən birinin yəni, atanın üzərinə qoyulması yolverilməzdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)- 437/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini, xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı xeyrinə 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin qət edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-437/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini, xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı xeyrinə 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin qət edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiya «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Qanun: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-437/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini, xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı xeyrinə 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin qət edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı qismən mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(033)-437/2023 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Zaqatala Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(033)-437/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından 03 dekabr 2014-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-933/2016 saylı 14 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin alınaraq cavabdeh İddiaçı verilməsi, sabit pul məbləğində həmin alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə daxil olduğu 05 may 2016-cı il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirir və qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2023-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 220 manat aliment məbləğini nəzərdən keçirdikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini hər uşaq üçün 180 manat qət etməklə əslində hər iki tərəfin mənafeyini nəzərə almışdır. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşaqların saxlanması üçün 180 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüququ və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(033)-437/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli, 2(033)-437/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-890/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-890/2023
03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver