Məhkəmə qərarları › İş №2(107)-890/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-890/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-890/2024 18.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızına qarşı borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzildən çıxarma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: ipoteka predmetinə tutmanın yönəldilməsi, mənzildən çıxarma, İpoteka 59.4, 5% əldən çıxmış fayda) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızına qarşı borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzildən çıxarma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(024)-44/2024 nömrəli qətnaməsindən iddiaçı ASC “Xalq” Bank tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı (kreditor) ASC "Xalq" Bankı ilə Cavabdeh4 (Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borcalana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə 19 500 (on doqquz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.

2. xx.xx.2017-ci il larixdə borc alanla iddiaçı arasında xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsi üzrə kreditləşmə müddətinin artırılması, mövcud borcun restruktruzasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə 01 №-li Əlavə Saziş bağlanmışdır. Həmin Sazişlə, kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi 19%-dən (on doqquz faizdən) 18%-ə (on səkkiz faizə) endirilmiş, kredit müqaviləsində nəzərdə tutulmuş kreditləşmə müddəti 36 (otuz altı) ay uzadılaraq 84 (səksən dörd) aya çatdırılmış, vaxtı keçmiş əsas borc əsas borc kateqoriyasına keçirilərək, kreditdən istifadəyə görə hesablanmış faiz borcu və penyanın əsas borc məbləğinə kapitallaşdırılması hesabına əsas borc 17 274.72 (on yeddi min iki yüz yetmiş dörd ABŞ dolları 72 sent) ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin məbləğin Azərbaycan manatına konvertasiya edilməsi nəticəsində kredit üzrə əsas borcun qalığı 29 410.21 (iyirmi doqquz min dörd yüz on manat 21 qəpik) manat məbləğində müəyyən edilmişdir.

3. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh4 arasında sonuncuya məxsus olan Qax şəhəri, Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış, 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********99214/İM №-li İpoteka müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh4 bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditləşmə müddətinin xx.xx.2021- ci il tarixdə bitməsinə baxmayaraq kredit üzrə əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı ASC “Xalq” Bankı Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2014-cü il tarixli **********99214/1M №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh4 məxsus olan Qax şəhəri. Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3- cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış, 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına Borcalan Cavabdeh4 xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 5 307.97 (beş min üç yüz yeddi manat 97 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2 710.25 (iki min yeddi yüz on manat 25 qəpik) manat məbləğində penya, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 4 305.48 (dörd min üç yüz beş manat 48 qəpik) manat manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 12 223.70 (on iki min iki yüz iyirmi üç manat 70 qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat məbləğində çəkilmiş xərc ASC «Xalq» Bankının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızı, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və iddia ərizəsinin verilməsinə görə 126.67 (bir yüz iyirmi altı manat 67 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc Cavabdeh4 iddiaçının xeyrinə tutulması və ipoteka predmetlərinin ilkin satış qiyməti ipoteka müqaviləsinin 3.5-ci bəndində göstərilmiş likvid dəyərinə uyğun olaraq 24000 (iyirmi dörd min) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh4 izahat verərək göstərdi ki, iddia tələbini qismən qəbul edir. İddiaçı tərəfindən ona yüksək məbləğdə penya və əldən çıxmış faydaya görə borc məbləği hesablanmışdır. Həmin məbləğlərlə razılaşmır. O iddiaçıya 40 (qırx min) manat pul ödəmişdir. Ekspertiza rəyində göstərilən əsas borca hesablanmış faiz məbləğini qəbul edir. İddianı qəbul etdiyi hissədə təmin edilməsinə etiraz etmir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı bu qətnamənin 1-3-cü bnədlərində göstərilənlərdən əlavə müəyyən edilmişdir ki, xx.xx.2021- ci il tarixə borc alanın iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 23 370.97 (iyirmi üç min üç yüz yetmiş manat 97 qəpik) manat məbləğində olmuşdur ki, bunun da 17 762.59 (on yeddi min yeddi yüz altmış iki manat 59 qəpik) manatını vaxtı keçmiş əsas borc məbləği 5 608.38 (beş min altı yüz səkkiz manat 38 qəpik) manatını isə əsas borc məbləğinə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Bundan sonra borc alan tərəfindən ümumilikdə 18 063 (on səkkiz min altmış üç) manat məbləğində ödəniş həyata keçirilmiş və həmin ödənişlərin 17 762.59 (on yeddi min yeddi yüz altmış iki manat 59 qəpik) manatı əsas borcun, 300.41 (üç yüz manat 41 qəpik) manatı isə adi faiz borcunun ödənilməsinə yönəldilmişdir.

7. İddia tələbinin düzgün həlli məqsədi ilə Cavabdeh4 hesablanmış borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədi ilə Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 02 fevral 2024-cü il tarixli, № 9/15 saylı rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh4 ilə ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2017-ci il tairxli 01 saylı Əlavə Saziş müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 kredit müqaviləsinin bitmə tarixinə yəni xx.xx.2021-ci il tarixəd banka olan borcu əsas borc üzrə 17763.0 manat, faiz borcu isə 5159.04 manat, illik 5 faiz hesablanmış əldən çıxmış fayda krredit müqaviləsinin bitmə müddətindən sönra yəni xx.xx.2023-cü il tarixə banka olan borcu isə əsas borc üzrə 0 manat faiz borcuna görə 5159.04 manat. əldən çıxmış faydaya görə isə 1139.53 manat (5 faizlə) müəyyən olunur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2 710.25 (iki min yeddi yüz on manat 25 qəpik) manat məbləğində penya, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 4 305.48 (dörd min üç yüz beş manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi təmin edilərsə, bu Cavabdeh4 maddi durumunu ağırlaşdırmaqla iddiaçıya olan borcunu ödəməyə maneçilik törədəcəkdir. Ona görə də, məhkəmə kreditorun əmlak və bütün əsaslı mənafeləri ilə yanaşı Cavabdeh4 da mənafelərini nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh4 hesablanmış 2 710.25 (iki min yeddi yüz on manat 25 qəpik) manat məbləğində penya tənasübsüz şəkildə 27 (iyirmi yeddi) manat məbləğinədək azaldılmalı, tələbin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 4 305.48 (dörd min üç yüz beş manat 48 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulmasına dair hissəsi isə təmin edilməməlidir.

9. İddia tələbinin ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 24 000(iyirmi dörd min) manat məbləğində təyin edilməsinə dair hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, ipoteka predmeti 24000 (iyirmi dörd min) manat məbləğində qiymətləndirilməlidir.

10. Bundan başqa mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızı, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılması tələbinə dair hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, fərdi yaşayış evi ipoteka ilə yüklü edilsə də, iddiaçı həmin evin boşaldılmasını tələb etməkdə haqlı olmamışdır. Sözügedən evin boşaldılması tələbi ilə yalnız gələcəkdə həmin əmlaka mülkiyyət hüququ əldə edəcək şəxs məhkəməyə müraciət edə bilər. Ona görə də, məhkəmə hesab edir ki, tələbin həmin hissəsi əsassızdır.

11. Qax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(024)-44/2024 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin olunmuş, xx.xx.2014-cü il tarixli **********99214/1M №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh4 məxsus olan Qax şəhəri, Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış, 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borcalan Cavabdeh4 xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2021-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 5159.04 (beş min bir yüz əlli doqquz manat 04 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 27 (iyirmi yeddi) manat məbləğində penya və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat məbləğində çəkilmiş xərc və 72.31 (yetmiş iki manat 67 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 5303.35 (beş min üç yüz üç manat otuz beş qəpik) manat pulun Cavabdeh4 iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndində göstərilmiş likvid dəyərinə uyğun olaraq 24000 (iyirmi dörd min) manat müəyyən edilməsi, iş üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh4 tutularaq müvafiq hesaba ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, (Büdcə təsnifatının kod-1425954, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X2, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, HesabAZ34CTRE********************) qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423, 424 və 467-ci maddələrinə və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39 və 59-cu maddələrinə istinad etmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsi xx.xx.2017-ci il tarixli iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99214 №-li Kredit müqaviləsi üzrə kreditləşmə müddətinin artırılması, mövcud borcun restruktruzasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyası barədə 01 №-li Əlavə Saziş xx.xx.2014-cü il tarixli **********99214/İM №-li İpoteka müqaviləsi (xx.xx.2017-ci il tarixli Saziş) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış İddiaçı tərəfindən Cavabdeh4 göndərilmiş İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli ZQ-XO-7.4.2023-001 nömrəli bildiriş İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ZQ-XO-13.4.2023-001 nömrəli ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2024-cü il tarixli, № 9/15 saylı rəyi maliyyə arayışı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı

14. Qətnаmədən nаrаzı qаlаn iddiaçı ASC “Xalq” Bank аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı ASC “Xalq” Bank apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə, kredit müqaviləsi üzrə İddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsinə dair qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi ilə yanaşı, mənzilin satışından sonra həmin evdə yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay ərzində evdən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqları halda onların 10 gün müddətində məcburi qaydada evdən və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalı olduğunu göstərməlidir. “İpoteka haqqında” qanunun 59.4-cü maddəsinin bu redaksiyası ipoteka predmeti olan yaşayış sahəsini almış yeni mülkiyyətçinin hüquqlarının təmin edilməsinə, yəni həmin şəxsin əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsinə dair başqa qətnamə çıxarmadan mülkiyyəti barəsində hüquqlarının effektiv şəkildə müdafiə edilməsinə yönəldilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsi əsasında yeni mülkiyyətçinin öz hüquqlarının effektiv və vaxtında həyata keçirə bilməsi üçün təbii ki Qanunun 59.4-cü maddəsində nəzərdə tutulmuş müddəaların məhkəmə qətnaməsinin nəticə hissəsində əks olunması məntiqlidir, labüddür və hər-hansı bir şəkildə ipoteka qoyanın hüquqlarını pozmur.

16. Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan (xx.xx.2021-ci il) əsas borcun tam şəkildə ödənildiyi tarixədək (xx.xx.2023-cü il) qədər xeyli müddət keçmişdir və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına uyğun olaraq Bank bu müddət ərzində əldən çıxmış faydanın tələb edilməsində tamamilə haqlıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iş üzrə iddia ərizəsinə Bank tərəfindən Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan (xx.xx.2021-ci il) əsas borcun tam şəkildə ödənildiyi tarixədək (xx.xx.2023-cü il) olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə iddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunmuşdur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, AR Mərkəzi Bankının „Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair Məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi 20% (iyirmi faiz) təşkil etməyinə baxmayaraq, Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi əldə çıxmış faydanın hesablanmasında kredit müqaviləsində nəzərdə tutulmuş (18 %) əldə rəhbər tutmağı əsaslı hesab etmişdir.

17. Qax Rayon Məhkəməsi qətnamə qəbul edərkən Bankın tələb etdiyi adi faizlər üzrə borc məbləğinin (5 307,97 manat) AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/15 saylı ekspert rəyində göstərilən məbləğdən (adi faizlər üzrə borc 5159,04 manat) çox olmasını nəzərə alaraq ekspert rəyində göstərilən məbləğə istinad etməsi ilə bağlı gəldiyi nəticə ədalətli məhkəmə araşdırmasının aparılmasını, eyni zamanda qəbuledilmiş qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işdə olan mövcud sübutları tədqiq edərək onlara hüquqi qiymət verməli, ekspert rəyinin, yaxud Bankın iddia ərizəsinə əlavə etdiyi sənədlərin mötəbər sübut olaraq qəbul edilməsini əsaslandırmalı idi. Yaranmış uyğunsuzluq mütləq qaydada birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı və ən azından təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi bunu etməmiş və hər-hansı əsaslandırma aparmadan Bankın iddiasını ekspert rəyində göstərilən məbləğ həddində təmin etmişdir.

18. Birinci instansiya məhkəməsi qətnamədə hər-hansı əsas göstərmədən, illik 15% dərəcəsi ilə hesablanmış 2.710,25 (iki min yeddi yüz on manat 25 qəpik) manat məbləğində penyanı təqribən 100 (bir yüz) dəfə azaltmaqla 27 (iyirmi yeddi) manat məbləğində müəyyən etmişdir. Cavabdeh4 ilə ASC «Xalq» Bankı arasında bağlanmış Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Borc alan əsasborc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 %faiz dərəcəsi ilə hesablanan penya ödəməyi öz öhdəsinə götürmüşdür. Başqa sözlə müvafiq hesablamalar aparıldıqdan sonra xx.xx.2023-cü il tarixinə bu məbləğin məhz 2.710,25 (iki min yeddi yüz on manat 25 qəpik) manat olması barədə iddiaçı tərəfindən məhkəməyə müvafiq sübut (borc arayışı) təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi hər-hansı əsas göstərmədən həmin məbləği azaltmışdır.

19. Ona görə də, Qax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(024)- 44/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(024)-44/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Digər cavabdehlər Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. 317.1-ci maddəsinə uyğun olaraq, Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddəsinə əsasən, Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

25. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun hazırki iş üzrə ipoteka müqaviləsi bağlanan vaxt qüvvədə olan: 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

26. Qərarlar: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “22” iyun 2023-cü il tarixli 02/2023 nömrəli Qərardadı

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

29. İddiaçı Qax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(024)-44/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən cavabdehlərin tutmanın yönəldildiyi ipoteka predmetindən çıxarılması ilə bağlı hissədə və 1139.53 manat əldən çıxmış faydaya aid hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 17-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəf iddiaçının təqdim etdiyi maliyyə arayışında göstərilən adi faizlər üzrə borcun məbləğini mübahisələndirmiş və keçirilmiş ekspert rəyi ilə adi faizlər üzrə borcun məbləğinin iddiaçının tələb etdiyindən nisbətən az olduğu təsdiq edilmişdir. İddiaçı tərəf məhkəmənin həmin ekspert rəyinə əsaslanmasını qanunsuz hesab etsə də, ekspert rəyinin əsassız olması ilə bağlı heç bir dəlil gətirməmiş, heç bir sübut təqdim etməmişdir. Ona görə də, apellyasiya şikayəti həmin hissədə əsassızdır.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 18-ci bəndində göstərilən dəlillərinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllə 467-ci maddəsi ilə tənasübsüz surətdə yüksək hesab etdiyi cərimə məbləğini azaltma səlahiyyətini məhkəmələrə vermişdir. Birinci instansiya məhkəməsi də həmin səlahiyyətindən istifadə etmişdir. Həmin maddənin tələbi baxımından iddiaçının müqavilədə göstərilən 15 % rəqəminə əsaslanmaqla cərimənin tam təmin edilməsini tələb etməsi haqlı deyildir. Ona görə də, apellyasiya şikayəti həmin hissədə də əsassızdır.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 16-cı bəndində göstərilən dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının istinad etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarı ilə bankın əldən çıxmış fayda olaraq Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən 5%-dən artıq pul tələb etməsi üçün əlavə sübutetmə şərti qoyulmuşdur. Hazırki halda isə, iddiaçı bank belə bir sübut təqdim edə bilməmişdir. Ona görə də, apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır. Lakin, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarının tələbi baxımından 5%-lə əldən çıxmış fayda tutula bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 02 fevral 2024cü il tarixli, № 9/15 saylı rəyində 5%-lə hesablanmaqla əldən çıxmış faydanın məbləği 1139.53 manat müəyyən edilmişdir. Ona görə də, iddia tələbi əldən çxımış faydaya aid hissədə qismən – 1139.53 manat həcmində təmin edilməlidir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 15-ci bəndində göstərilən dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “22” iyun 2023-cü il tarixli 02/2023 nömrəli Qərardadında göstərilmişdir ki, “İpoteka predmeti olan fərdi yaşayış evindən və ya mənzildən, orada yaşayan şəxslərin çıxarılmasının ipoteka saxlayan tərəfindən tələb olunması qaydası “İpoteka haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının 59.4cü maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılması üçün ayrıca məhkəmə qərarının verilməsi qanunda nəzərdə tutulmamışdır. Yəni, ipoteka saxlayan yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında icra haqqında qanunvericiliyə uyğun olaraq ipoteka predmeti olan yaşayış evi və ya mənzilin boşaldılmasına məhkəmədənkənar qaydada nail ola bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. Qeyd edilənlərdən belə nəticə hasil olur ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin əvvəlki redaksiyası ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə əlaqədar ipoteka saxlayan üçün alternativ iki sənəddən biri (tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı) ilə öz tələb hüququnu həyata keçirməyə imkan yaradırdı. Lakin sözügedən tarixdən sonra qanunverici bu proseduru sadələşdirərək, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan məcburi qaydada çıxarılmasını yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, sözügedən iddia tələblərinə dair mübahisələrə baxılarkən ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranma tarixlərinə diqqət yetirilməlidir. Əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir.” Hazırki iş üzrə **********99214/İM №-li ipoteka müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış, xx.xx.2017-ci il tarixli Sazişlə restrukturizasiyaya əsasən həmin müqaviləyə dəyişikliklər edilmişdir. Yəni tərəflər arasında mübahisəli ipoteka münasibətləri 2018-ci il 28 dekabr tarixinədək yarandığından ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələb “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin əvvəlki redaksiyasına əsasən təmin edilməlidir.

35. Kollegiya onu da qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehlərin, onların ailə üzvlərinin və digər şəxslərin mənzildən çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçı bank həmin sözlərlə cavabdehlərin yetkinlik yaşına çatmayan ailə üzvlərinin mənzildən çıxarılmasını nəzərdə tutmuşdur. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ona görə də, kollegiya hesab edir ki, cavabdehlərin ipoteka predmeti olan mənzildən çıxarılması onların uşaqlarının da həmin mənzildən çıxması anlamına gəldiyindən bu barədə məhkəmə qətnaməsinin qəbul edilməsinə ehtiyac yoxdur.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehlərin tutmanın yönəldildiyi ipoteka predmetindən çıxarılması ilə bağlı hissədə və 1139.53 manat əldən çıxmış faydaya aid hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı ASC “Xalq” Bank tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(024)-44/2024 nömrəli qətnaməsi iddianın cavabdehlərin tutmanın yönəldildiyi ipoteka predmetindən çıxarılması ilə bağlı və 1139.53 manat əldən çıxmış faydaya aid təmin edilməyən hissələrində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızına qarşı borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzildən çıxarma tələbinə dair iddiası həmin hissədə təmin edilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına əldən çıxmış fayda olaraq 1139.53 manat pul Cavabdeh4 iddiaçının xeyrinə tutulmalı, ipoteka predmeti olan Qax şəhəri, Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış, 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızı mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı ASC “Xalq” Bank tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qax Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 2(024)-44/2024 nömrəli qətnaməsi iddianın iddianın cavabdehlərin tutmanın yönəldildiyi ipoteka predmetindən çıxarılması ilə bağlı və 1139.53 manat əldən çıxmış faydaya aid təmin edilməyən hissələrində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızına qarşı borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzildən çıxarma tələbinə dair iddiası həmin hissədə təmin edilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına əldən çıxmış fayda olaraq 1139.53 manat pul Cavabdeh4 iddiaçının xeyrinə tutulsun. İpoteka predmeti olan Qax şəhəri, Şota Rustaveli küçəsində, 14 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 3-cü mərtəbəsində yerləşən, 52.4 kv.m ümumi, 29.4 kv.m yaşayış, 23 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 56 nömrəli mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh4, Cavabdeh2 Niyazi qızı, Cavabdeh3 və Əliyeva (Bayramova) Fəridə Əlövsət qızı mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılsınlar. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar