Məhkəmə qərarları › İş №2(107)-891/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-891/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-891/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı «xxxx» X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə İddiaçı «xxxx» X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair Qəbələ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(025)-27/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «xxxx» X6 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən «xxxx» KB ASC-nin xeyrinə 911,78 ABŞ dolları əsas, 15,62 ABŞ dolları faiz və 87,67 ABŞ dolları cərimə olmaqla, cəmi 1015,07 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(025)-27/2021 nömrəli (hakim A.Əliyev) qətnaməsinə əsasən iddiа qismən təmin оlunmuş, cavabdeh (borclu) Cavabdeh 24.01.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsi üzrə «xxxx» X6 Səhmdar Cəmiyyətinin xeyrinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 518,26 ABŞ dolları əsas, 14,17 ABŞ dolları faiz borcu və 1 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 533,43 (beş yüz otuz üç dollar qırx üç sent) ABŞ dolları kredit borcu və 30 (otuz) manat dövlət rüsumu tutulması qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(025)-27/2021 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişlər. İşin faktiki halları: İddiaçı «xxxx» KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış 24.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27% ödəmək şərtilə 1600 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri 1 saylı əlavəyə uyğun həyata keçirmədiyi üçün onun hazırda tələb olunan borcu yaranmışdır. Ödəniş tarixçəsinə və hesabdan çıxarışa müqayisəli şəkildə nəzər yetirəndə müəyyən olunur ki, cavabdeh ümumilikdə 1934.66 ABŞ dolları ödəniş etmiş, həmin məbləğin 688.22 ABŞ dollarıı əsas borcdan silinmişdir. Sadə hesablama üsulu ilə cavabdehə verilmiş kredit məbləğindən (1600 ABŞ dolları) əsas borcdan silinən məbləği (688.22 ABŞ dolları) çıxılsa, iddia tələblərindəki məbləği alarlar: 1600-688.22=911.78 ABŞ dolları) Qalıq borca da müqavilə şərtlərinə əsasən faiz və cərimələr hesablanmışdır. Cavabdeh işi üzrə olan kredit müqaviləsi ABŞ dolları valyutası (USD) ilə olduğuna görə fərmana görə kompensasiyanın hesablanması təbii olaraq nəzərdə tutulmuşdur və həmin kompensasiya məbləği (1180.68 AZN) cavabdeh tərəfindən xxxx KB ASC-dən plastik kart vasitəsilə götürülmüşdür. Bu vəsaitin vətəndaşa çatdırılması X4 Palatasının rəsmi çıxarışında da açıq-aşkar əks olunmuşdur. Lakin vətəndaşa kompensasiya məbləğinin verilməsi onun əvvəlki kredit borcunun bitməsi anlamına gəlmir. Əgər cavabdehin əvvəlki kredit borcu bağlanmış olsaydı, bu, Palatanın rəsmi çıxarışında “ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilən hissə”də qeyd olunmalı idi. Halbuki, çıxarışda həmin hissədə borcların yönəldilməsi və ya bitməsi ilə bağlı heç bir qeyd yoxdur. Bu da onu göstərir ki, cavabdehin əvvəlki kredit borcu üzrə olan öhdəliyi hələ də davam edir. Bundan başqa kredit müqaviləsi 24.01.2015-ci ildə bağlanılmasına və ABŞ dolları valyutası (USD) ilə olduğuna baxmayaraq cavabdeh öz öhdəliyini Azərbaycan Respublikası Prezidentinin məlum fərmanı qəbul edildiyi vaxta qədər (28.02.2019-cu il) tam olaraq vaxtında yerinə yetirmişdir. Buna görə də məlum fərmanın çıxdığı dövrə cavabdehin gecikməsi olmamışdır və nəticə etibarilə gecikmə günləri hesablanmamışdır. Qeyd olunanların sübutu həm X4 Palatasının rəsmi çıxarışında, həm də bankın hesabdan çıxarışında açıq-aydın görsənir. Belə ki, Palatanın çıxarışının “restrukturizasiya olunması təklif olunan kreditlər” hissəsində restrukturizasiya barədə heç bir qeyd yoxdur. Bütün restrukturizasiya olunmalı kreditlər bu hissədə açıq-aydın göstərilir, ancaq cavabdehin çıxarışda olan məlumatlarında restrukturizasiya barədə hər hansı bir qeyd yoxur. Eyni zamanda, hesabdan çıxarışdakı ödəniş tarixlərinə diqqət edilsə, cavabdehin məlum Fərmanın çıxdığı dövrə qədər olan ödənişlərinin müqaviləyə uyğun olaraq yerinə yetirildiyi aydın olar. Yəni Fərmanın çıxdığı dövrə kredit üzrə 360 günlük gecikmə olmadığına görə restrukturizasiya şərtlərinin də aid edilməsi qeyri-mümkündür. Hətta iş üzrə bankın məlumat bazasında bugünki tarixə (17.04.2020) olan gecikmə günlərinin sayı 332-dir. Hər bir halda gecikmə günləri 360 gündən azdır. Bunlardan əlavə, Fərmanın icrasının müddəti 31.12.2019-cu ildə bitdiyinə görə restrukturizasiya şərtləri də həmin tarixə qədər mümkün olacaqdır. Yəni, 01.01.2020-ci il tarixdən etibarən Fərmanla bağlı restrukturizasiyanın həyata keçirilməsi qeyri-mümkün olacaqdır. Bütün real şərtlərdə kreditin restrukturizasiyası mümkün deyildir. Eyni zamanda “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış 24.01.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsi Bankın bugünkü məlumat bazasına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən restrukturizasiya olunmalı kredit müqavilələrinin siyahısında aşkar olunmamışdır. Yəni iş fərmanın təsir dairəsinə düşmür, çünki iş üzrə gecikmə günlərinin sayı 360 gündən azdır. Nəticə etibarilə, həmin kredit müqaviləsinin fərmanın çıxdığı dövrə olan gecikməsi 360 gündən azdır. Bu da o deməkdir ki, həmin kredit müqaviləsinə fərmanda nəzərdə tutulan restrukturizasiya şərtlərinin də aid edilməsi qeyrimümkündür. Çünki fərmanda yalnız 360 gündən çox gecikməsi olan kreditlərə restrukturizasiyanın təklif edilməsi vurğulanmışdır. Bütün yazılanlardan aydın olur ki, sözügedən kredit müqaviləsi fərmanın təsir dairəsinə düşmür. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 24.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” KB ASC-dən 24 ay müddətinə, illik 27% ödəmək şərtilə 1600 ABŞ dolları kredit götürmüşdür. Ümumilikdə həmin müqavilə üzrə onun “xxxx” KB ASC-yə 1934,66 ABŞ dolları məbləğində ödəniş etməyinə baxmayaraq borcverənin hələ də ondan daha 1015,07 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etməsini qanunsuz və əsasız hesab edir. Bildirir ki, AR Prezidentinin 28.02.2019-cu il tarixli müvafiq fərmanı qaydasında da ona qismən kompensasiya verilməsi zamanı da iddiaçı tərəf həmin məbləğin 150 manatını da ondan tutmuşdur ki, bunu da əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsini İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir, yəni qanunvericiliyə əsasən kredit yalnız manatla alına bilər. Bu və digər səbəblərdən iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının 04.08.2020-ci il tarixli rəyi ilə də razı deyil. Hesab edir ki, ekspertiza onun real olaraq iddiaçı tərəfə ödədiyi 1934,66 ABŞ dolları məbləğində ödənişi doğru qiymətləndirə və nəzərə ala bilməmişdir. Odur ki, 24.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə “xxxx” KB ASC-nin xeyrinə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 518,26 ABŞ dolları əsas kredit borcu, 14,17 ABŞ dolları faiz borcu və 1,0 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 533,43 ABŞ dolları kredit məbləğinin və 30 manat dövlət rüsumunun tutulmasına dair Qəbələ Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli 2(021 )-27/2021 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, o “xxxx” KB ASC-dən 1180 manat kredit götürmüşdür. Həmin kredit borcunu ödəyib qurtarmışdır. Bank tərəfindən ona kredit veriləndən sonra ona bankın əməkdaşları tərəfindən dəfələrlə zəng vurulmuş və borcun ödənilməsi tələb edilmişdir. Onun həmin borcu ödəməyə imkanı yoxdur. Həmin yaranmış borcun azaldılmasını və hissə-hissə ödənişini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxx» X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, “xxxx” KB ASC-i Qəbələ Rayon Məhkəməsinin çıxardığı qətnamə ilə razılaşır. Həmin qətnamə ekspertin rəyinə əsasən çıxarılmışdır. «xxxx» X6 Səhmdar Cəmiyyətində hal hazırda daxili kompaniya təşkil olunub. Həmin daxili kompaniyada 3-5 faizlə kredit təklif olunur .Vətəndaş həmin kompaniyadan yararlanaraq ilk 6 ayını 3-5 manat ödəməklə, qalan aylarınıda 20-50 manat arası ödəməklə borcunu ödəyir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6. maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər: İddiaçı «xxxx» KB ASC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun borcalan) arasında bağlanan 24.01.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1600 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 24.01.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 1600 ABŞ dolları məbləği illik 27 %-lə, 24 ay müddətinə aylıq 88 ABŞ dolları, sonuncu ay isə 61,97 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 27.11.2019-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24.01.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsi 911,78 ABŞ dolları əsas, 15,62 ABŞ dolları faiz, 87,67 ABŞ dolları cərimə, cəmi 1015,07 ABŞ dolları borcu vardır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh 24.01.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsi üzrə sonuncu dəfə 27.05.2019-cu il tarixdə 0,15 ABŞ dolları məbləğində ödəniş etmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 21.06.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1954-cü il tarixdə Qəbələ rayonu Hacallı kəndində doğulmuş, Qəbələ rayonu Vəndam kəndində qeydiyyatdadır. İş materiallarında olan «xxxx» KB ASC tərəfindən Cavabdeh ünvanlanmış 24.09.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 24.01.2015-ci il tarixdə 1520 ABŞ dollarını imza edərək qəbul etmişdir. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası”ndan çıxarışdan görünür ki, Cavabdeh işi üzrə olan kredit müqaviləsi ABŞ dolları valyutası ilə olduğuna görə fərmana uyğun olaraq 1180,68 manat cavabdehə iddiaçı bank tərəfindən ödənilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(025)- 737/2020 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin 11 sentyabr 2020-ci il tarixli, 287 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh «xxxx» KB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 27.11.2019-cu il tarixə 518,26 ABŞ dolları əsas, 14,17 ABŞ dolları faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər MM-in 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair MM-in 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 24.01.2015-ci il tarixli, 237nkİSML/15 saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi MM-in 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Cavabdeh «xxxx» KB ASC-dən 1600 ABŞ dolları məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməmiş kredit borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticəni düzgün hesab edir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apelyasiya şikayətində qətnamənin qeyri-obyektiv olmasını qeyd etsə də, iddia tələbinə etirazının əsası kimi, o cümlədən də apelyasiya şikayətinin dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməməklə, apelyasiya şikayətini öz formal mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. MPM-in 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(025)-27/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar