Məhkəmə qərarları › İş №2(107)-893/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-893/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-893/2025 06.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, qüvvə) X2 (sədrlik edən və məruzəçi), X8 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(046)- 950/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2, X5n hüquqi varisləri Cavabdeh3, X7 və Cavabdeh4 müştərək qaydada 10120 ABŞ dolları pulun, ödənilmiş 141 manat 60 qəpik dövlət rüsumunun və hüquqi yardım almaq uçün vəkilə ödədiyi 800 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 və onun mərhum qardaşı X12 uzun illər əvvəl tanımış və aralarında dostluq münasibətləri olmuşdur. X6 2023-cü ilin aprel ayının sonunda ondan 15000 ABŞ dolları borc pul istəmişdir. 2023-cü ilin may ayının 4-də o özünə məxsus «FORD TRANZİT» markalı yük avtomobili ilə mərhum Tural Həşimova məxsus meyvə məhsulunu Bakı şəhərinə Meyvəli bazarına aparıb orada alver edən Cavabdeh2 təhvil vermişdir. Həmin vaxt Cavabdeh2 ona bildirdi ki, özünün xəstəliyi ilə bağlı alver edə bilmir rayona qayıdanda Turala istədiyi məbləğdə borc pul ver, onlar meyvə satışından qazanıb borcunu qaytaracaqlar. X5 və Cavabdeh2 uzun illərdir tanıdığı üçün Bakıdan qayıdandan 1 gün sonra Göyçay şəhərində Təzə bazarda mərhum Tural Həşimova 12 000 ABŞ dolları, 2-3 gün sonra eyni yerdə 2000 ABŞ dolları borc pul vermişdir. 16 may 2023-cü il tarixdə Tural Həşimov qəflətən Bakı şəhərində vəfat etmişdir. Həmin vaxtdan keçən müddət ərzində Cavabdeh2 Tural Həşimovun 7 yas mərasimindən sonra 3400 manat, 40 mərasimindən sonra 2000 manat, 15 may 2024-cü il tarixdə 1000 manat borclarından ona qaytarmışdır. Bundan sonra dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh2 nəinki ona borclu olduğu pulu qaytarmamış, hətta ona şər atacağı ilə onu hədələmişdir. Cavabdeh2 qanunsuz hərəkətləri barədə 14 avqust 2024-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinə etdiyi şikayət X3 araşdırılmış, cavabdeh izahatında ona 6400 manat pul qaytardığını, ona 17400 manat borcunun qaldığını etiraf etmiş, həmin vaxtdan sonra ona əlavə 200 manat da qaytarmışdır. Göyçay rayon Polis Şöbəsinin 28 avqust 2024-cü il tarixli məktubu ilə tələbi mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən də borcun qaytarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Göyçay Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(046)-950/2025 saylı qətnaməsi ilə (hakim Elçin Qurbanov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı 10120 ABŞ dolları məbləğində pulun müştərək qaydada alınması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385- ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bərabər, həmin Məcəllənin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Deməli, iddiaçı kreditor kimi digər şəxsdən (şəxslərdən) vəzifəsinin icrasını məhkəmə qaydasında tələb etməsi üçün cavabdehlərin borclu kimi öhdəliklərinin əmələ gəlməsinin hüquqi əsasını sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə tərəflərin hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. İddiaçı mərhum X19 ilə 2023-cü ilin may ayında borc münasibətlərinin yaranmasını bildirdiyindən və borcun predmetinin cəmi 14000 ABŞ dolları (12000 birinci dəfə,2-3 gündən sonra 2000 ABŞ dolları) məbləğində xarici valyutanın təşkil etməsini göstərdiyindən,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halı- tərəflər arasında borc müqaviləsinin bağlanmasını sübut etməlidir. Məlumdur ki, Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır.Yazılı formada müqavilə isə sadə və ya notariat qaydada bağlanmalıdır.Sadə yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə,notariat qaydada bağlanmış müqavilə isə tərəflərin imzaladığı sənədin notariat qaydada təsdiq edilməsi yolu ilə bağlanır. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan İddiaçı ilə X6 arasında etibarlı borc müqaviləsinin bağlanması müəyyən edilməmiş,iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bununla yanaşı məhkəmə iddia olunan pul məbləğinin borc müqaviləsi əsasında deyil, Mülki Məcəllənin əsassız varlanma hallarını tənzimləyən normaları nəzərə alınmaqla verildiyini təsdiq edən sübutları tədqiq etmişdir. Məhkəmə Cavabdeh2 Göyçay rayon Polis şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatla bağlı qeyd edir ki,izahatdan da göründüyü kimi,Cavabdeh2 qardaşı X23 İsgəndərov tərəfindən borc pul verməsini bildiyini göstərmiş,lakin borcun nə qədər olmasına dəqiq məlumata malik olmamış, İddiaçı ona verdiyi məlumat əsasında Turalın 25000 manat pul borclu qalmasını öyrənmişdir.Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 izahatında göstərmişdir ki,qardaşı Turalın 7 gün yas mərasimində İddiaçı ona Turalın borclu olduğunu demiş,əvvəl inanmamış,sonra borcun bir qismini ödəmiş,İddiaçı Turala borc verməsindən xəbəri olmamışdır. Beləliklə iddiaçı iddia ərizəsində verilmiş pulun cəmi 14000 ABŞ dolları məbləğində (məzənnə üzrə 23800 manat) olmasına istinad edir,digər tərəfdən isə Cavabdeh2 Göyçay rayon Polis şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatına istinad edir,halbuki həmin izahatda pulun 25000 manat olması göstərilir, cavabdehin verdiyi izahatlarla iddia ərizəsində göstərilən hallar uyğun gəlməmiş, iddia olunan məbləğdə pulun verilməsini cavabdeh etiraf etməmişdir. O ki, qaldı Cavabdeh2 tərəfindən 6600 manat (6400+ 200) manat məbləğində pulun İddiaçı verilməsi məsələsinə gəldikdə,məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən öhdəliyi borclunun şəxsən icra etməli olduğu hallar istisna olmaqla, onun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir . Bu halda borclunun kreditor qarşısında bir qayda olaraq, özünün yerinə yetirməli olduğu öhdəlik üçüncü bir şəxs tərəfindən icra edilmiş olur: məsələn, alıcının əşyanın dəyərini satıcıya ödəmək borcunu başqa bir şəxsin yerinə yetirməsi. Öhdəliyi üçüncü şəxsin icra etməsi borclu ilə üçüncü şəxs arasındakı müxtəlif məzmunlu hüquq münasibətlərindən - xidmət, tapşırıq və ya üçüncü şəxsin xeyrinə müqavilədən irəli gələ bilər. Belə müqavilə münasibətləri olmadan və hətta borclunun məlumatı xaricində, lakin onun mənafeyi naminə icra isə özgə işlərini tapşırıqsız aparma hesab edilir. Bu halda kreditoru təmin edən üçüncü şəxs qanun əsasında kreditorun yerinə keçməklə onun xələfi olur, borclu isə üçüncü şəxsin qarşısında öhdəlik daşıyır. Öhdəliyi icra edilmiş borclunun, kreditoru təmin edən üçüncü şəxsin icrasını bəyəndiyi təqdirdə tapşırıq müqaviləsi, əks halda özgə işlərini tapşırıqsız aparma qaydaları çərçivəsində öhdəlik daşıması, icraçının da mənafeyinə uyğun iş görülmüş şəxsdən xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır.Odur ki, Cavabdeh2 tərəfindən cəmi 6600 manat məbləğində pulun iddiaçıya verilməsi tapşırıq müqaviləsi əsasında müəyyən edilmədiyindən ,həmçinin Tural Həşimovun hüquqi varisləri olan digər cavabdehlər tərəfindən icranın bəyənilməsi təsdiq olunmadığından məhkəmə hesab edir ki,bu halda cavabdehin hərəkətləri özgə işlərini tapşırıqsız aparma qaydaları çərçivəsində qiymətləndirilməli,pulun iddiaçıya verilməsi heç də cavabdehin iddiaçı qarşısında öhdəliyin mövcud olması nəticəsinə gəlməyə əsas yaratmır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı 10120 ABŞ dolları məbləğində pulun alınması tələbi əsassız olduğundan təmin edilməməlidir.

5. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 407.2, 431.1, 431.2, 431.3, 500.1, 500.2, 739.1, 740.2, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1306.1, 1306.2-ci maddələrinə və «Azərbaycan Respublikası Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli e-2(046)-950/2025 saylı qətnaməsinə əsasən iddia tələbim təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla X6 arasında etibarlı borc müqaviləsinin bağlanmasının müəyyən edilməməsi, tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməməyi ilə əsaslandırmış, təqdim etdiyi sübutlara tənqidi yanaşmış və Cavabdeh2 etiraf edici səs yazısına ümumiyyətlə qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin onun borc pul verməyini təsdiq edən sübutları təqdim edə bilməməyi barədə göstərdiyi hallar işin həqiqi halları ilə təkzib olunur. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, hakim iddianı rədd edərkən Cavabdeh2 mənə borclu olduqları məbləğdən hissə-hissə 6600 manat qaytarması və daha sonra borcu qaytaracağına söz verməsi hallarını aydınlaşdırmamışdır.

7. Odur ki, Göyçay Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(046)-950/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(046)-950/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(046)-950/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı,notarial qaydada təsdiq edilmiş müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin ºəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikası Mülki Məcəllənin 407.2-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki,müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(046)-950/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

17. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. İddiaçı Göyçay Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(046)-950/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(046)-950/2025 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.

21. Belə ki, işə əlavə edilmiş Göyçay rayon Qarabaqqal bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5n ailə üzvləri ilə ümumi birgə mülkiyyətləri barədə bildirilir ki, yaşayış məntəqəsi torpaqları 0.13 ha və kənd təsərrüfatı təyinatlı 0.78 ha torpaq sahəsi bələdiyyənin bamus proqramında qeydiyyatda mövcuddur və mülkiyyətlərində olan torpaq sahələrini alqı-satqısına dair Qarabaqqal bələdiyyəsində məlumat yoxdur.

25. İşə əlavə edilmiş Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1959-cu il təvəllüdlü Cavabdeh3 mərhum oğlu X19 atası Cavabdeh3 məxsus fərdi yaşayış evində yaşamışdır. X20 sağlığında və ya vəfat etdikdən sonra onun adına Göyçay RİHB-nın Qarabaqqal İƏDsi üzrə nümayəndəliyinin təsərüffat başına qeydiyyat kitabında heç bir mal, mülkü haqqında qeyd yoxdur və olmamışdır.

26. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin görünür ki, X1 Munisə Seyfulla qızı ilə nikahlarını Göyçay RİHB-nın Qarabaqqal kənd İƏD üzrə nümayəndəliyində xx.xx.2015-ci ildə 28 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həşimova soyadı verilmişdir.

27. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X13, Cavabdeh1, Cavabdeh2 Ariz oğluna və X14 Göyçay rayonu Qarabaqqal kəndində 0.13 ha torpaq sahəsi verilmişdir.

28. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh3 adında Azərbaycan Respublikası ərazisində daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında hazır ki dövr üçün məlumat yoxudr.

29. İşə əlavə edilmiş Göyçay rayon Polis Şöbəsində verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki,Cavabdeh2 yazaraq qeyd etmişdir «mənim məlumatım var idi Elşən ona pul vermişdi.Pulun qədərini dəqiq bilmirdim.Tural rəhmətə gedəndən sonra Elşən mənə dedi ki,Turalın ona 25000 manat pul borcu qalıb.Mən Elşənə bu günə kimi dəqiq bilmirəm,lakin bildiyimə görə 8400 manat qaytarmışam,hazırda Elşən qardaşımın qalan borcunu məndən tələb edir.Mən Elşənə 6400 manat vermişəm.Hazırda Elşən məndən 17400 qalan borcu qayarılmasını tələb edir.Həmin borcu hissə-hissə qaytaracam.»

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(046)-950/2025 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(046)-950/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar