Məhkəmə qərarları › İş №2(107)-899/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-899/2022

01.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-899/2022 01.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, maneələrə son qoyulması, dəymiş maddi ziyan” tələbinə dair (Açar sözlər: mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, maneələrə son qoyulması, dəymiş maddi ziyan” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(025)-370/2022 saylı qətnaməsindən iddiaçı Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********69; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2010 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 1.3 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Nümayəndə2, Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 və X3 adına qeydiyyata alınmışdır.

2. Qəbələ rayon Mirzəbəyli Bələdiyyəsi tərəfindən 18 saylı 20 may 2020-ci il tarilxli arayışdan görünür ki, Qəbələ Rayon Mİrzəbəyli (Corlu) kənd sakini Nümayəndə2 Qəbələ Rayon Mİrzəbəyli kəndində 1.30 ha fındıq bağı var. Hər il həmin fındıq bağında təxminən 1.200 kq və 1.500 kq civarinda məhsul olur. Son 5 (beş) ildə məhsulun təxmini miqdarı 6.500 kq və həmin məhsulun qiyməti daxili bazar qiyməti ilə minimum 3.40 manat ümumi qiyməti 22.100 manat təşkil edir.

3. Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Nümayəndə2 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılması və onun tərəfindən törədilən maneələrə son qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən edilməsi, ilkin iddia üzrə iddiaçı Nümayəndə2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən X2 xüsusi mülkiyyətində olan 1,9171 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2020-ci il tarixli, 2(107)- 289/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(102)-4114/2021 nömrəli qərarı ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2020-ci il tarixli, 2(107)- 289/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ilk iddianın təmin olunmamış və qarşılıqlı iddianın təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır. . İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, maneələrə son qoyulması, dəymiş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 DƏDRX-dən verilmiş ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli ÇİXARİŞ-a əsasən iddiaçılara məxsus torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və Cavabdeh1 Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 xeyrinə 32.825 manat dəymiş ziyanın və 187,5 (yüz səksən yeddi manat 50 qəpik) manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər 6 ildən çox bir müddət onlara məxsus olmuş fındıq bağını mənimsəyərək onun məhsulunu yığmış və onları bu illər ərzində həmin bağa içəri daxil olmağa qoymamışdılar. Belə ki, cavabdehlər özləri də başqa məhkəmə iclasında etiraf edirlər ki, bu bağ sahəsini 6 ildən çoxdur ki, fındığını yığırlar. Bunu da yalandan onunla əsaslandırılar ki, guya bağı onlar salıblar və bağın bəhrəsini də özləri götürürlər. Lakin bu heç də belə deyil. Cavabdehlər dəfələrlə onlara bağdan istifadəyə maneələrin son qoyulması və fındığın bağdan yığılmasına son qoyulması barədə xəbərdarlıq edilmələrinə baxmayaraq bu illər ərzində yenə də etdiklərini edirlər.

8. Bir il qabaq belə Nümayəndə2 iddiası üzrə maneələrə son qoyulması və həmin bağdan onların çıxarılması barədə məhkəmə işi getməsinə baxmayaraq və bununla bağlı məhkəmə qətnaməsi olmasına baxmayaraq 2021-ci ilin avqust sentyabr ayında yenə məhsulu gəlib özləri yğımışdılar. Bununla bağlı polisə də müraciət olunmuşdur. Polis mülki məsələ olduğuna görə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir.

9. Göründüyü kimi cavabdehlər məhkəmə qətnaməsi olmasına baxmayaraq yenə də 2021-ci ildə fındığın ən bol olduğu ildə məhsulu yığıb mənimsəmişdilər. Həmçinin cavabdehlər bu günədək də həmin torpaq sahəsindən çıxarılmırlar.

10. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 28 aprel 2022-ci il tarixli, e- 2(025)-370/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA № ******* saylı, xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, Nümayəndə2 və X3 ümumi birgə mülkiyyətində olan 1.3 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar özlərinə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, məhkəmə araşdırması zamanı məlum oldu ki, iddiaçıların mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdehlər tərəfindən maneələr yaradılmış, iddiaçı Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 və X3 ümumi birgə mülkiyyətində olan 1.3 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunaraq fındıq ağacları əkilmişdir. Həmçinin cavabdehlər həmin torpaq sahələrindən iddiaçıların istifadəsinə maneələr törədir. Bununla da iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 152.1-ci, 152.2-152.4-cü, 152.5-ci, 21-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçı Nümayəndə1 apellyasiya şikayəti vermişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər 6 ildən çox bir müddət onlara məxsus olmuş fındıq bağını mənimsəyərək onun məhsulunu yığmış və onları bu illər ərzində həmin bağa içəri daxil olmağa qoymamışlar. Belə ki, cavabdehlər özləri də başqa məhkəmə iclasında etiraf edirlər ki, bu bağ sahəsini 6 ildən çoxdur ki, fındığını yığırlar. Bunu da yalandan onunla əsaslandırılar ki, guya bağı onlar salıblar və bağın bəhrəsini də özləri götürürlər. Lakin bu heç də belə deyil. Cavabdehlər dəfələrlə onlara bağdan istifadəyə maneələrin son qoyulması və fındığın bağdan yığılmasına son qoyulması barədə xəbərdarlıq edilmələrinə baxmayaraq bu illər ərzində yenə də etdiklərini edirlər. Bir il qabaq belə Nümayəndə2 iddiası üzrə maneələrə son qoyulması və həmin bağdan onların çıxarılması barədə məhkəmə işi getməsinə baxmayaraq və bununla bağlı məhkəmə qətnaməsi olmasına baxmayaraq 2021-ci ilin avqust-sentyabr ayında yenə məhsulu gəlib özləri yğımışdılar. Bununla bağlı tərəflərindən polisə də müraciət olunmuşdur. Polis mülki məsələ olduğuna görə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Göründüyü kimi cavabdehlər məhkəmə qətnaməsi olmasına baxmayaraq yenə də 2021-ci ildə fındığın ən bol olduğu ildə məhsulu yığıb mənimsəmişdilər.

15. Hazırda onlar tərəfindən dəymiş ziyan tələb olumaqla həmçinin cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması tələb olunur. Məhkəmə isə yalnız olaraq iddianı qismən təmin etmiş işin faktiki hallarını qırağa qoymaqla başqa bu işə aid olmayan qətnaməyə istinad etməklə onların mülkiyyət hüquqlarımızı pozmuşdur..

16. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e- 2(025)-370/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. .

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat vermədən, məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəf elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq şikayətin təmin olunmasını xahiş etmişdir.

19. Tərəflər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 051 302 20 22 və 050 223 77 00 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.

20. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. (Mülki Prosessual Məcəllə maddə 135.7)

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(025)-370/2022 saylı qətnaməsini iddianın təmin olunmayan (dəymiş maddi ziyan) hissəsini mübahisələndirmişlər.

26. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissə üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən (dəymiş ziyanın ödənilməsi hissəsində) ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İddia tələbinin ifadə tərzindən və mahiyyətindən göründüyü kimi hazırki iş üzrə iddia tələbi üç hissədən, 1) torpaq sahsəinin boşaldılması, 2) maneələrə son qoyulması və 3) dəymiş ziyanın ödənilməsindən ibarətdir.

29. Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(025)-370/2022 saylı qətnaməsi ilə iddia tələbinin 1-ci və 2-ci hissələri təmin olunmuş, 3-cü hissə (dəymiş maddi ziyan) isə təmin edilməmişdir.

30. Apellyasiya şikayəti də yalnız iddianın təmin olunmayan 3-cü hissəsindən verilmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir, digər hissələrə toxunmur.

31. Mövcud mübahisə üzrə iddiaçılar pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusunun qarşısını almaqla yanaşı, mövcud hüquqların bərpa olunmasından ibarətdir.

32. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçıların cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

33. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 1.3 ha torpaq sahəsi Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********69; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2010 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına əsasən iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 və digər ailə üzvlərinin mülkiyyətindədir.

34. Hazırda iddiaçılar Cavabdeh1 və Cavabdeh2 DƏDRX-dən verilmiş ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli ÇİXARİŞ-a əsasən iddiaçılara məxsus torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və Cavabdeh1 Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 xeyrinə 32.825 manat dəymiş ziyanın və 187,5 (yüz səksən yeddi manat 50 qəpik) manat dövlət rüsumunun alınmasını tələb edir. Cavabdehlər iddia tələblərini qismən qəbul edərək həmin torpaq sahəsini zəbt etdiklərini etiraf etsələr də, fındıq ağaclarının məhz özləri tərəfindən əkilib-becərildiyini bildirmişlər. İddiaçı tərəf isə bunun əksini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

35. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qətnamənin mübahisələndirilən bu hissəsi üzrə digər iddiaçının tələbi ilə Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmiş və sözügedən qətnamə ilə də iddia tələbi təmin edilməmişdir.

36. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir.

37. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vurulmuş ziyanla bağlı iddianın sübutetmə vəzifəsi iddiaçıların üzərinə düşür.

38. Məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması,

3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf ona maddi və mənəvi zərər vurmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcud olduğu halda bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Əksinə işin araşdırılması zamanı müəyyən edilımişdir ki, tərəflərin bir-birinin torpaq sahəsindən istifadə etməsi əvvəllər qarşılıqlı razılaşma əsasında baş vermiş, sonradan münasibətləri pisləşdiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Belə olan halda, cavabdeh tərəfin həmin istifadə nəticəsində iddiaçıya zərər vurulması aşağı instansiya məhkəmələrində sübut olunmamışdır.

40. Qanunvericililin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.

41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

42. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

43. MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

44. Lakin kollegiyanın araşdırması zamanı da bildiriş vasitəsilə təklif olunmasına baxmayaraq iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi kimi ehtimal olunan ziyanın məbləği və əldə edə biləcəyi həcmdə faydanın mənbəyi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, hesablama qaydasını heç bir sübuta söykənməyən riyazi hesablamaya isinad etməklə iddiasının təmin olunmasını xahiş etmişdir.

45. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün birinci instansiyası məhkəməsinin iddianı rədd etməklə mövqeyi əsaslı olmuşdur.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Nümayəndə1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, e-2(025)-370/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə (dəymiş ziyanın ödənilməsi hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar