Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-899/2023 01.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Mustafayeva(Cəlilova) Nailə Hidayət qızına qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh Mustafayeva(Cəlilova) Nailə Hidayət qızının iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdeh Mustafayeva(Cəlilova) Nailə Hidayət qızına (bundan sonra- cavabdeh) qarşı borc tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Abunə kodu **********00230 olan Abunə haqqında sənəddən görünür ki, cavabdehin Yevlax rayonu Kövər kəndində yerləşən evində istifadə olunmuş elektrik enerjisinə görə 5.957,70 manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 5.957,70 manat borcun və ödənilmiş 63,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2015-ci il tarixdən elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin "Proqram bazasında” **********00230 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG 6807 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2012-ci il tarixdən xx.xx.2016-ci il tarixinə istifadə istifadə etmiş, xx.xx.2016-cı il tarixindən hal-hazıra kimi isə M550 tipli, zavod nömrəsi 18932939 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alğı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş bildiriş-xəbərdarlığa uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdehin X1yə görə xx.xx.2015-ci il tarixinə 3.019,18 manat məbləğində debitor borcu olmuşdur. Həmin tarixdən xx.xx.2021-ci il tarixinə kimi cavabdehin yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 4.863,95 manat təşkil edən 69485 kvt. saat miqdarında elektrik enerjisi istehlak etmişdir. xx.xx.2016-cı il tarixindən "xxxx" ASC tərəfindən məcburi köçkünlərin X1yə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. Cavabdehin həmin tarixə yaratmış olduğu 3.526,70 manat məbləğində debitor borcu da onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Cavabdehin yaşadığı ünvana 14 yanvar 2021-ci il tarixli, 45 №-li Pretenziya göndərilərək həmin tarixə X1yə görə yaranmış olduğu 3.395,72 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks tədbirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbardarlıq edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixdə ona ünvanlanmış Pretenziyanı şəxsən alınması baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh tərəfindən 2017-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayına kimi olan dövürdə dəyəri 6.132,45 manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. Onun Yevlax EŞ-nin Proqram bazasında qeydiyyatda olan **********00230 saylı istehlakçı kodu üzrə hesabına dövlət tərəfindən məcburi köçkünlər üçün nəzərdə tutulmuş “limitə” (ailə üzvlərinin sayına görə) uyğun olaraq 2.394 manat məbləğində ödəniş edilmişdir. Limitdən artıq istehlak edilmiş 2.471,88 manat məbləğində elektrik enerjisi nəzərə alınmaqla cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixinə 5.957,70 manat məbləğində debitor borcu yaranmışdır. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 567/2023 nömrəli iş üzrə qəbul etdiyi 28 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 5957 ( beş min doqquz yüz əlli) manat 70 (yetmiş) qəpik məbləğində borc və 63 (altmış üç) manat 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu cavabdeh Mustafayeva (Cəlilova) Nailə Hidayət qızından "xxxx" ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh istehlak etdiyi elektrik enerjisinin haqqını ödəməmiş və nəticədə 5.957,70 manat borcu yaranmışdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası mülki Məcəlləsinin 385.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 9.10-cü bəndinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddia ərizəsində qeyd olunan məbləğ iddiaçı tərəfindən həddindən artıq şişirdilmiş bir məbləğdir. Ona görə də, hazırkı qət edilmiş qətnamə mənim hüququmu pozur. Belə ki, müqavilə şərtlərində qeyd olunur ki, iddiaçı tərəf istehlakçını keyfiyyətli və dayanıqılı elektrik enerjisi ilə təmin etməyi öhdəsinə götürür. Lakin elektrik enerjisinin verilişində müəyyən fasilələr olmuşdur. Bu vəziyyətdə elektrik enerjisinin verilişinin keyfiyyətliliyindən və dayanıqlılığından söhbət gedə bilməz. Ona görə də hesab edirəm ki, iddiaçı öhdəliyini layiqincə yerinə yetirməmiş və eyni zamanda borc məbləğini həddindən artıq şişirtmişdir. Eyni zamanda qeyd etmək istəyirəm ki, mən Kəlbəcər rayonundan məcburi köçkünəm. Yuxarıda qeyd olunan ünvanda müvəqqəti məskunlaşmışam. Beş dəfə ağır əməliyyat olunmuşam. Həyat yoldaşım şəhid olmuşdur. Tək qadınam. Səhhətim çox ağırdr. İşləyə bilmirəm. Ona görə də borc üzrlü səbəblərdən yaranmışdır. Göründüyü kimi qeyd etdiklərim nəzərə alınmamış və məhkəmə tərəfindən qəbul edilmiş bu qətnamə birbaşa hüquqlarımın pozulması ilə nəticələnmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, məcburi köçkün statusunda olan şəxslər dövlət tərəfindən hər ay hər ailə üzvünə görə vahid aylıq müavinət müəyyən olunmuşdur. Lakin cavabdeh limitdən artıq enerji istehlak etdiyinə görə tələb olunan məbləğdə borcu yaranmışdır. Borc məbləği 2017ci ildən yaranmağa başlamışdır. 2016-cı ilin dekabr ayına cavabdehin 3.526 manat debitor borcu olmuşdur ki, həmin borc dövlət tərəfindən silinmişdir. Hazırda tələb olunan borcun silinməsi ilə bağlı hər hansı bir göstəriş yoxdur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları” Bənd 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, cavabdehə məxsus ünvan (Yevlax rayonu Kövər kəndi, abunə kodu **********00230) iddiaçı tərəfindən elektrik enerjisi ilə təchiz olunmuş və cavabdehə məxsus ünvan elektrik sayğacı ilə təmin edilmişdir. İş materialları ilə o da müəyyən olunur ki, cavabdeh məcburi köçkün statusunda olan şəxsdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il Fərmanının 1-ci bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, həmin kateqoriya şəxslər üçün dövlət büdcəsindən ödənişlər 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinətlə əvəz edildiyi üçün istifadə olunmuş elektrik enerjisinin haqqı ödənilməlidir. Göründüyü kimi iddiaçının tələb etdiyi 5.957,70 manat məbləğində borc 2017-ci ilin yanvar ayından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində sayğac göstəricilərinə əsasən X1yə görə yaranmışdır. Cavabdeh həmin borcun düzgün hesablanmamısını bildirsə də, tərəfindən aparılmış ödənişlərin nəzərə alınmaması və ya sayğac göstəricilərinin düzgün olmamasını təsdiq edən sübutları məhkəmələrə təqdim etməmiş, əksinə yaranmış borcun ödənilməməsini maddi vəziyyəti və səhhəti ilə əlaqələndirmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Mustafayeva(Cəlilova) Nailə Hidayət qızıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2023-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-899/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-899/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver