Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-90/2024 10.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası ilə bağlı mülki üzrə (Açar sözlər: borc tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(051)-1253/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1998nk/MNG/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 23% ödəmək şərtilə 5171 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5170,27 manat əsas, 976,37 manat faiz və 7,37 manat cərimə olmaqla, cəmi 6154,01 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 81,95 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 1998nk/MNG/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 23% ödəmək şərtilə 5171 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Ona görə də, məhkəmədən cavabdehdən iddiaçının xeyrinə 5170,27 manat əsas, 976,37 manat faiz və 7,37 manat cərimə olmaqla, cəmi 6154,01 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 81,95 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, onun həqiqətən də "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə 5170,27 manat əsas, 976,37 manat faiz və 7,37 manat cərimə olmaqla, cəmi 6154,01 manat borcu vardır. İddianı qəbul edir. Borcunu ödəməkdən yayınmır. Borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmədən qətnamə çıxararkən izahatında göstərdiyi halları nəzərə almasını xahiş edir.
5. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
7. İddiaçı borcalana krediti ödəmədiyi üçün 7,37 manat məbləğdə cərimə hesablanmışdır. Məhkəmə hesab edir ki, 7,37 manat dəbbə pulu müqavilənin şərtlərinə uyğundur.
8. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və Cavabdeh kredit müqaviləsi üzrə 5170,27 manat məbləğdə əsas borc, 976,37 manat məbləğdə faiz və 7,37 manat məbləğdə cərimə pulu olmaqla, cəmi 6154,01 manat məbləğdə pul alınaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə verilməlidir
9. Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(051)-1253/2023 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, Cavabdeh kredit müqaviləsi üzrə 5170,27 manat məbləğdə əsas borc, 976,37 manat məbləğdə faiz və 7,37 manat məbləğdə cərimə pulu olmaqla, cəmi 6154,01 manat məbləğdə pulun alınaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 81,95 manat pulun cavabdehdən tutulub "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 317, 319, 385, 442, 443, 448, 462 və 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
11. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 23% ödəmək şərtilə 5171manat məbləğində kredit verilmişdir.
12. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikindən görünür ki, Cavabdeh ödəniş qrafikində göstərilən məbləğdə aylıq kredit ödənişi etməyi öhdəsinə götürmüşdür.
13. İşə əlavə olunmuş "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin 03 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 5170,27 manat əsas, 976,37 manat faiz və 7,37 manat cərimə olmaqla, cəmi 6154,01 manat borcu yaranmışdır.
14. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnamə qəbul edərkən həqiqətə nail olmaq üçün işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə onun əleyhinə yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, məhkəmə iclasında əslində verdiyi izahatında o "xxxx"dan 5171 manat kredit götürdüyünü və 1000 manatdan artıq ödəniş etdiyini, lakin sonradan maddi vəziyyəti aşağı düşdüyündən ödənişlər edə bilmədiyini bildirmiş və 1000 manatdan artıq pul vəsaitini ödəməyinə baxmayaraq əsas borcdan cəmi 0.73 (0 manat yetmiş üç qəpik) manat silindiyini məhkəmənin nəzərinə çatdırmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən işin düzgün, hərtərəfli araşdırılmasını və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin qətnamədə qeyd edilmişdir ki, guya o, izahatında həqiqətən "xxxx"a 5170,27 manat əsas, 976,37 manat faiz və 7,37 manat cərimə olmaqla, cəmi 6154,01 manat borcu olduğunu etiraf etmişdir. O, maliyyə məsələləri üzrə ekspert və ya mütəxəssis deyil, nə də ki, onun elə bir xüsusi biliyi və ya təcrübəsi yoxdur ki, qəpiyinə kimi hansı məbləğdə borcu olduğunu bilə və iddianı məhkəmədə verdiyi şifahi izahatında etiraf edə. Əgər məhkəmə onun verdiyi izahatına xüsusi diqqətlə yanaşsaydı, məhkəmədə sual yaranardı ki, 1000 manat pul ödədiyi halda 5171 manatlıq kredit üzrə necə olur ki, hələ onun əsas borcu 5170,27 manat qalır? Hesab edir ki, Bank tərəfindən borc məbləği həddindən artıq hesablanmışdır, nə qədər ödənişlər etmişdirsə iddiaçı əsassız olaraq faiz və cərimələri şişirdərək ödənişlərini faiz və cərimələrə silmişdir.
16. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(051)- 1253/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək işin tam, hərtərəfli və obyektiv araşdırılmasını və yeni qətnamə çıxarılmasını xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(051)-1253/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan: 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(051)- 1253/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən əsas borcun və cəmi borcun məbləğinə dair hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
25. Şəki Apellyasiya Məhkəməsinin 4 oktyabr 2023-cü il tаrixli, 2(107)-1071/2023 nömrəli qərаrdаdı ilə məhkəmə-mühasibatlıq ekspertizаsı təyin edilmiş və həmin qərardada əsasən verilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 15 noyabr 2023-cü il tarixli 9/7853 nömrəli rəyində göstərilmişdir: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1998nk/MNG/21 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə (iddia ərizəsinin verildiyi tarixə) banka olan borcu ümumilikdə 6.659,82 manat məbləğində müəyyən olunur. O cümlədən: xx.xx.2023-cü il tarixə (iddia ərizəsinin verildiyi tarixə): əsas borc üzrə-------------------------------------------------------5.170,11 manat; faiz borcu üzrə------------------------------------------------------1.489,71 manat. Həmin rəyin tədqiqat hissəsində göstərilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən banka ümumilikdə xx.xx.2021 -ci il tarixdən xx.xx.2023-cü il tarixədək (hesabdan çıxarış məlumatlarının bitmə tarixinədək) 100,00 manat məbləğində ödəniş aparmışdırki, həmin məbləğin 0,89 manatı əsas borca, 99,11 manatı isə faiz borcuna silinmişdir. Məhkəmə kollegiyası hazırki ekspert rəyini sübut kimi qəbul edir. Eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən tələb edilmiş və birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş faiz borcun məbləği 976,37 manat olduğu halda, apellyasiya baxışında təyin edilmiş ekspertiza üzrə verilmiş hazırki - 15 noyabr 2023-cü il tarixli 9/7853 nömrəli rəydə faiz borcunun məbləği 1.489,71 manat müəyyən edilmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində göstərilmiş məbləğin az olduğundan və iddia həmin məbləğdə təmin olunduğundan, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən faiz borcunun məbləğinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 15-ci bəndində göstərilmiş digər dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinin tələbindən görünür ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi, qanun ödənişlərin ilkin olaraq faiz və cərimələrdən silinməsini, daha sonra əsas borca keçilməsini tələb edir. Bundan əlavə, ekspertiza nəticəsində müəyyən edilmiş əsas borcun məbləği iddia tələbində göstərilən məbləğdən 0.16 manat az olduğu halda, faiz borcunun məbləği isə iddia tələbində göstərilən məbləğdən xeyli artıq müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı faiz borcunu real borcdan daha az tələb etmişdir. Beləliklə, cavabdehin həmin dəlili əsassızdır.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddia təmin edilməsini qət etməklə əsas və cəmi borcun məbləğinə dair hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(051)-1253/2023 nömrəli qətnaməsi əsas borcun məbləği 5.170,11 manat, cəmi borcun məbləği 6.153,85 manat müəyyən edilməklə dəyişdirilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 99 manatı Cavabdeh və 1 manatı iddiaçı "xxxx" KB ASC-dən tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22).
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(051)-1253/2023 nömrəli qətnaməsi Cavabdeh alınaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə verilməli olan əsas borcun məbləği 5.170,11 manat, cəmi borcun məbləği 6.153,85 manat müəyyən edilməklə dəyişdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pulun 99 manatı Cavabdeh və 1 manatı iddiaçı "xxxx" KB ASC-dən tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.