Məhkəmə qərarları › İş №2(107)-901/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-901/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-901/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən apelyasiya mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı «xxxx» ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 13490 ABŞ dolları məbləğdə əsas kredit borcu, 6133 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 19623 ABŞ dolları borcun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsum məbləğinin və ipoteka yüklülüyü çıxarışların surətlərinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 manatın tutulub «xxxx» ASCnəödənilməsi, ödəmənin Cavabdeh2 mülkiyyətində olan, Mingəçevir şəhərinin İncilli küçəsində yerləşən 5 saylı evə yönəldilməsi, evin açıq hərracda satılması, açıq hərracda əldə olunmuş vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli (hakim H.Mirzəyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 13490 ABŞ dolları məbləğdə əsas kredit borcu, 5136.40 ABŞ dolları məbləğdə faiz borcu olmaqla, cəmi 18626.40 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb «xxxx» ASC-nə ödənilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, 77.57 kv.metr ümumi, 53.98 kv.metr yaşayış, 23.59 kv.metr yardımçı sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat və sənədlərin notariat qaydada təsdiqlənməsi üçün 10 manat rüsum məbləğinin Cavabdeh1 alınıb «xxxx» ASC-nin hesabına ödənilməsi, iş üzrə 300 manat ekspertiza xərcləri Cavabdeh1 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Qədimov X1 Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 358.0.1-ci maddəsinə görə, rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarına şikayət verilə bilər. Həmin Məcəllənin 3662-ci maddəsinə əsasən, apelyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apelyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki işin materialları araşdırılarkən müəyyən olunur ki, cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş olsa da, lakin qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun tam ödənilməsini təsdiq edən sənəd apelyasiya şikayətinə əlavə edilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, “Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində dövlət rüsumu ödəməkdən azad olunan halların siyahısı konkret sadalanmışdır. Azərbaycan Respublikası MPM-in 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdirsa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edildikdə apelyasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrindəgöstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apelyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Qanunun 8.4-cü və 8.4.1-ci maddələrinə əsasən apelyasiya və kassasiya şikayətlərindən birinci instansiya məhkəməsinə müraciət edilərkən həmin qanununun 8.1ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50% məbləğində dövlət rüsumu ödənilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən dövlət rüsumu ödənilərək apelyasiya şikayətinə əlavə edilmədiyindən apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-29/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar