Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-901/2023 24.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(075)-1275/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2(075)- 1546/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən 27 sentyabr 2013-cü il təvəllüdlü X2 və 16 dekabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşaq üçün tutularaq ona ödənilən 125 manat alimentin miqdarını 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbаycаn Respublikаsı Qanunundа uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğdən az olmamaq şərti ilə hər uşağa görə 220 manat olmaqla cəmi 2 uşağa görə 440 manat məbləğinə artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da İddiaçı qarşı 09 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsində 27 sentyabr 2013-cü il təvəllüdlü X2 və 16 dekabr 2019- cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün müəyyən edilmiş alimetin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin cavabdeh X4 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(075)-1275/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(075)-1275/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(075)- 1275/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddiaçılar aliment tələbləri ilə bağlı iddialarında dövlət rüsumundan azad edilsələr də, alimentin azaldılması barədə tələblər üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, qarşılıqlı iddianın verilməsi ümumi qaydalar əsasında həyata keçirməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsinə nəzər yetirdikdə görünür ki, o, qarşılıqlı iddia tələbi ilə bağlı qarşılıqlı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməldir. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 112.3-cü maddəsinə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmişdir ki, 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi və 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 112-ci maddəsinə görə iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.6. ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə. Həmin Məcəllənin 150.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Cavabdeh şikayətində göstərmişdir ki, Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8cimaddəsini düzgün təfsir etməmişdir. Belə ki, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Hesab edirəm ki, ilk dəfə alimentin təyin edilməsi, daha sonra alimentin miqdarının artırılması və azaldılması tələbinə dair iddialar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-cimaddəsinin təsir dairəsinə düşür. Kollegiya qeyd edir ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsində alimentin alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad oldunduğu göstərilmişdir. Hazırki halda Cavabdeh aliment alan şəxs deyil, aliment verən şəxsdir və verməli olduğu alimentin azaldılması barədə iddia qaldırmışdır. Bu səbəbdən də, hazırki qarşılıqlı iddia ərizəsi həmin normanın təsir dairəsinə düşə bilməz. Cavabdeh şikayətində həmçinin göstərmişdir ki, o ilk iddia ərizəsinə etirazda da qeyd etmişdir ki, o iddia ərizəsində qeyd edildiyi kimi Şəki rayonu, Kosalar kəndində yaşayır. İddiaçı da özü bunu yaxşı bildiyi halda bunu məhkəmədən gizlətmişdir ki, onun iştirakı olmadan məhkəmə iclası keçirilsin və o öz-özünü məhkəmədə müdafiə edə bilməsin. Beləliklə onun özünü müdafiə hüququ pozulmuşdur. Cavabdehin şikayətinin həmin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iddia ərizəsində ünvan 1 ünvanı olaraq qeyd edilmiş, həmin məlumat Elektron məhkəmə informasiya sistemindən əldə edilən cavabdehin şəxsiyyət məlumatları ilə də eynilik təşkil etmişdir. Kollegiya o cümlədən qeyd edir ki, cavabdeh hazırki şikayətində də “1.5. Ünvan (yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan):” qrafasında “ünvan 2dən iddia ərizəsinin surəti də həmin ünvana göndərilmişdir. Eyni zamanda, Elektron məhkəmə informasiya sistemindən görünür ki, cavabdeh 15 may 2023-cü il tarixdə həmin sistemdə qeydiyyatdan keçməklə elektron kabinet yaratmışdır. Bu da onu göstərir ki, cavabdeh ən geci həmin tarixdən hazırki iş üzrə iddia ərizəsindən xəbərdar olmuşdur. Göründüyü kimi, cavabdehin həmin dəlilləri də əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(075)-1275/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(075)-1275/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(075)-1275/2023 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-901/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-901/2023
24.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver