Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-901/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Qəhraman qızına, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: borcun qaytarılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Qəhraman qızına, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli 2(039)-642/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. BOKT İnkişaf üçün Maliyyə MMC Cavabdeh1 30 ay müddətinə ilkin 26% olmaqla 6000 manat məbləğində kredit vermişdir. Öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT İnkişaf üçün Maliyyə MMC ilə Cavabdeh2, Cavabdeh4 Qəhraman qızı, Cavabdeh3 və Cavabdeh5 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə borcu 1778.40 manat, faiz borcu üzrə 260.73 manat, cərimə borcu üzrə 266.85 manat və əldən çıxmış fayda 235.05 manat olmaqla, cəmi 2541.03 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Qəhraman qızına, Cavabdeh3 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə BOKT İnkişaf üçün Maliyyə MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, L-MN-0054558-F saylı kredit və zaminlik müqaviləsinin ləğv edilməsini və qalıq kredit borcu üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Qəhraman qızından, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada əsas məbləğ üzrə 1778.40 manat, faiz borcu üzrə 260.73 manat, cərimə borcu üzrə 266.85 manat və əldən çıxmış fayda 235.05 manat olmaqla, cəmi 2541.03 manat məbləğində kredit borcu və ödənilmiş 46 manat dövlət rüsumunun alınaraq BOKT İnkişaf üçün Maliyyə MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka olan 1778.40 manat, faiz borcu üzrə 260.73 manat, cərimə borcu üzrə 266.85 manat və əldən çıxmış fayda 235.05 manat olmaqla, cəmi 2541.03 manat məbləğində borcu ödənilməmiş qalmışdır.
4. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehdən 1778.40 manat məbləğində əsas borcun, 260.73 manat faiz borcunun və əldən çıxmış fayda 235.05 manatın tutulması hissəsində əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 266.85 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 6.85 manat müəyyən edilməlidir.
5. Yevlax Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli 2(039)-642/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1dan, Cavabdeh4 Qəhraman qızından, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada xx.xx.2021-ci il tarixli, L-MN-0054558-F saylı kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 1778.40 manat, faiz borcu üzrə 260.73 manat, cərimə borcu üzrə 6.85 manat və əldən çıxmış fayda 235.05 manat olmaqla, cəmi 2281 (iki min iki yüz səksən bir) manat 03 (üç) qəpik məbləğində borcu və 41 (qırx bir) manat 81 (səksən bir) qəpik dövlət rüsumunun iddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbinin Cavabdeh2 aid hissəsində icraata xitam verilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448, 467 və 472-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2021-ci il tarixli, L-MN-0054558-F №li əsas kredit və bank hesabı müqaviləsi xx.xx.2021-ci il tarixli, MN-00019321 №li zaminlik müqaviləsi xx.xx.2021-ci il tarixli, MN00020446 №li zaminlik müqaviləsi xx.xx.2021-ci il tarixli, MN00033188 №li zaminlik müqaviləsi BOKT İnkişaf üçün Maliyyə MMC-nin tərəfindən verilmiş maliyyə arayışı Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 222570 №-li ölüm haqqında akt qeydi
8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o hesablanan əsas məbləğ üzrə 1778.40 manat ödəyir və onu ödəməyə hazırdır. Lakin faiz borcu üzrə 560.73 manat, cərimə borcu üzrə 6.85 manat və əldən çıxmış fayda 235.05 manat cəriməni qəbul etmir. Belə ki, bu hesablamalar əsassızdır və hakim bununla bağlı heç bir araşdırma aparılmamışdır. Müvafiq araşdırılma aparılsaydı, yəni mühasibatlıq ekspertiziyası təyin olunsaydı bu məbləğ az olardı. Belə ki, o, 6000 manat krediti 2021-ci il tarixdə götürmüşdür. Bu 6000 manatı o ödəmişdir. 30 ay müddətdə olan faiz 1700 manat təşkil edir.
10. Odur ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli 2(039)- 642/2024 nömrəli qətnaməsinin faiz, cərimə borcları və əldən çıxmış faydaya aid hissədə ləğv olunmasını və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Qəhraman qızı, Cavabdeh3 və Cavabdeh5 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 və onun vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
16. Cavabdeh Yevlax Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli 2(039)-642/2024 nömrəli qətnaməsinin faiz, cərimə borcları və əldən çıxmış faydaya aid hissədə ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən faiz, cərimə borcları və əldən çıxmış faydaya aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinə əsasən kollegiya tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 6 noyabr 2024-cü il tarixli 9/8349 nömrəli ekspert rəyində göstərilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli L-MN-0054558-F saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə) olan borcu ümumilikdə 1.793,30 manat məbləğində müəyyən olunur. O cümlədən: xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə--------------------------------- 1.488,97 manat; faiz borcu üzrə---------------------------------- 304,33 manat. Qeyd edilir ki, iş materiallarında 15 aprel 2021-ci il tarixli, L-MN-0054558-F saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 J3äh£əman oğluna cərimə hesablanmadı. Göründüyü kimi, idia tələbində cavabdehdən əsas borc olaraq 1778.40 manat tələb olunduğu halda ekspert rəyi ilə əsas borcun məbləği 1.488,97 manat müəyyən edilmişdir. Cavabdeh isə həmin hissəni mübahisələndirməmişdir və apellyasiya baxışının hədləri baxımından həmin hissədə araşdırma aparılmır. Faiz borcu olaraq isə iddia tələbində cavabdehdən 260.73 manat tələb edilmiş, cavabdeh həmin məbləği mübahisələndirmiş, keçirilmiş ekspert tədqiqatı nəticəsində isə cavabdehin faiz borcu daha çox, yəni 304,33 manat müəyyən edilmişdir. Cərimə borcuna gəldikdə isə birinci instansiya məhkəməsi MM-in 467-ci maddəsinə əsasən tələb olunan 266.85 manat cərimə borcunu tənasübsüz surətdə yüksək hesab etməklə azaltmış, cəmi 6.85 manat müəyyən etmişdir ki, kollegiya hesab edir ki, həmin məbləğ ağlabatan və ədalətli hesab edilməlidir.
18. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisələndirilən hissədə qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
19. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən faiz, cərimə borcları və əldən çıxmış faydaya aid hissədə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 3 aprel 2024cü il tarixli 2(039)-642/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 3 aprel 2024-cü il tarixli 2(039)-642/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.