Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-902/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində təyin edilmiş alimentin məbləğinin artırılması tələbinə dair tələbinə dair (Açar sözlər: alimentin artırılması tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, Yevlax Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(039)-793/2022 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində təyin edilmiş alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ödənilməsi qət edilmiş 130 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun sabiq həyat yoldaşıdır. Onların arasında olan rəsmi nikah 05 may 2020-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh ilə onun birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X9 adlı bir övladları anadan olmuşdur. Cavabdehlə rəsmi boşandıqdan sonra azyaşlı övladının onun yanında qalması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir və cavabdehin aliment öhdəlikləri yaranmışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 29 yanvar 2020-ci il tarixdən başlayaraq, hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Cavabdeh aliment öhdəliklərini vaxtı-vaxtında ödəyir. Ona heç bir aliment borcu yoxdur. Cavabdehin maddi durumu çox əladır. Qazancı yüksəkdir. Cavabdeh daha yüksək məbləğdə aliment ödəmək iqtidarındadır. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(039)-793/2022 saylı qətnaməsi ilə (hakim R.Əlizadə) iddia tələbinin qismən təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 05 may 2020-ci il tarixli, 2(039)-480/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X9 adlı uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment İddiaçı xeyrinə tutulsun. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh evlənərək ailə qurmuşlar. Birgə nikahlarından bir uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiklərindən ayrılmışlar. Məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, uşaq iddiaçının himayəsində saxlanılmış və onun saxlanılması üçün 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. İddiaçı alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə uşağın layiqli, firavan yaşayış səviyyəsini, təlim-tərbiyəsini, təhsilini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2018-ci il təvəllüdlü X9 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment cavabdeh X3 alınaraq İddiaçı xeyrinə verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndi, Ailə Məcəlləsinin 75.1-ci, 75.4, 76.2, 78.1, 78.2, 112.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, tərəflər – İddiaçı və Cavabdeh rəsmi nikah münasibətində olmuşlar. Tərəflərin birgə nikahdan xx.xx.2028-ci il təvəllüdlü X9 adlı övladları vardır. Tərəflərin arasında olan rəsmi nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə azyaşlı Məryəmin anasının yanında qalması və sonuncunun saxlanması üçün 130 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. İş üzrə Cavabdeh aliment öhdəliklərini vaxtlı – vaxtında ödəyir, aliment borcu yoxdur. İş üzrə Cavabdeh qazancı yüksəkdir. Dövlət sektorunda çalışır. 1 gün işdə, 2 gün evdə olur. Evdə qaldığı günlərdə təsərrüfat işləri ilə məşğul olur. İri və xırda buynuzlu mal-qara saxllayır, kənd təsərrüfatı məhsullarının əkini – biçini ilə məşğul olur. Mülkiyyəti altında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə Cavabdeh yuxarıda qeyd edilən digər gəlirlərini nəzərə almamışdır. Halbuki, Cavabdeh əsas gəli rmənbəyi kənd təsərrüfatı işlərindən mal – heyvandan əldə etdiyi gəlirlərindən, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əldə etdiyi gəlirlərindən ibarətdir. Cavabdeh kənd həyatında doğulub, böyüyüb boya başa çatıb. Təsərrüfat işlərindən əla qazanc əldə edir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Yevlax Rayon Məhkəməsinin 2(039)-793/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam olaraq təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-793/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam olaraq təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək, Yevlax Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(039)-793/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun: «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən yəni, iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən, yəni təmin edilməyən 100 manat hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də iş üzrə Yevlax Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(039)-793/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. ”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh evlənərək ailə qurmuşlar. Birgə nikahlarından bir uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiklərindən ayrılmışlar. Məhkəmə qətnaməsi ilə nikahları pozulmuş, uşaq iddiaçının himayəsində saxlanılmış və onun saxlanılması üçün 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. İddiaçı alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Cavabdeh qazancı yüksəkdir. Dövlət sektorunda çalışır. 1 gün işdə, 2 gün evdə olur. Evdə qaldığı günlərdə təsərrüfat işləri ilə məşğul olur. İri və xırda buynuzlu mal-qara saxllayır, kənd təsərrüfatı məhsullarının əkini – biçini ilə məşğul olur. Mülkiyyəti altında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə Cavabdeh yuxarıda qeyd edilən digər gəlirlərini nəzərə almamışdır. Halbuki, Cavabdeh əsas gəli rmənbəyi kənd təsərrüfatı işlərindən mal – heyvandan əldə etdiyi gəlirlərindən, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əldə etdiyi gəlirlərindən ibarətdir. Məhkəmə kollegiya apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 2022-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 193 manat aliment məbləğini nəzərdən keçiridikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini uşaq üçün 150 manat qət etməklə əslində hər iki tərəfin mənafeyini nəzərə almışdır. Belə ki. Apellyator apellyasiya şikayətində cavabdehin əalvə gəliri olduğunu, yəni onun kənd təsərrüfatı ilə məşğul olaraq əlavə gəlir əədə etdiyini bildirsə də, o, bunu sübut edəcək hər hansı bir sənəd kollegiyaya təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün hər ay 150 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(039)-793/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(039)-793/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-902/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-902/2022
25.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver