Məhkəmə qərarları › İş №2(107)-906/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-906/2024

18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-906/2024 18.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi, məhkəmə hökmünə əsasən) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli 2(035)-304/2023 nömrəli qiyabi qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hazırki iş üzrə İddiaçı etibarından sui-istifadə etməklə 6000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X4 Xidmətinin Zərdab rayon X2 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq hazırki iş üzrə Cavabdeh1 vasitəsi ilə ümumilikdə 6600 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə 6600 manat maddi ziyanın, həmin pula görə götürdüyü bank kreditinə görə ödədiyi 1400 manat pulun, cəmi 8000 manat ziyanın və 51 manat məbləğində dövlət rüsumunun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iş üzrə cavabdehlər siyahısından çıxarılmasını, Cavabdeh1 isə onun xeyrinə maddi ziyana görə 6600 manat, həmin pula görə götürdüyü kreditinə görə ödədiyi 1400 manat, cəmi 8000 manat pulun və ödənilmiş dövlət rlsumuna görə 51 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasım xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, cavabdeh tamah niyyəti ilə iddiaçının etibarından sui-istifadə edərək 6600 manat məbləğində pulunu ələ keçirmişdir. Belə ki, cavabdeh iddiaçının oğlunu işə düzəltmək adı ilə 6600 manat pul almışdir. Lakin, sonradan ona məlum olmuşdur ki, cavabdeh tamah niyyəti ilə iddiaçının etibarından sui-istifadə edərək aldatmışdır. İddiaçının pulu nəqd şəkildə olmadığından o, bankdan kredit götürməyə məcbur olmuş və buna görə də cavabdehə verdiyi 6600 manat puldan banka faizləri ilə birgə əlavə olaraq 1400 manat pul ödəmişdir. Həmin borcun könüllü şəkildə ödənilməsi üçün cavabdehə xəbərdarlıq olunsa da, borcun könüllü şəkildə ödənişi təmin edilməmişdir. Ona görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilə öhdəliklərinə aid olan borc münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklər və borcla bağlı normaları tətbiq edilməlidir.

6. Zərdab Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(035)- 304/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 borca görə 8000 manatın, dövlət rüsumuna görə 51 manatın, cəmi 8051 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443, 445, 448 və 739-cu maddələrinə istinad etmişdir.

8. İşdə olan sənədlər: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 1(004)- 111/2020 nömrəli hökmü Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 1(103)-2007/2021 nömrəli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 1(102)-765/2022 nömrəli qərarı

9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mülki iş üzrə cavabdeh olan Cavabdeh1 Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğuna görə üzürlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməmiş, iddiaya qarşı etirazını və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş və hazırda qüvvədə olan məhkəmə aktlarından görünür ki, Cavabdeh1la İddiaçı arasında borc münasibəti yaranmamışdır. Belə ki, təqdim etdiyi məhkəmə aktlarından məlum olur ki, İddiaçı 6600 manat pulu FHN X4 Xidmətinin Zərdab rayon X2 işə düzəlməsi məqsədilə vermiş və bununla Cavabdeh1 kimi bir qrup dələduzun qurbanına çevrilmişdir. Məhkəmə hökmündən və apellyasiya instansiyasının yekun qərarından da görünür ki, bu hərəkətlərinə təqsirləndirilən şəxslər məhkum olunmuşlar. Təqdim edilmiş məhkəmə aktlarından da görünür ki, İddiaçı verdiyi pulun kimə çataçağını və həmin pulu hansı məqsədlə verəcəyini dərk etmiş, atdığı addımı könüllü atmışdır. Bu işdə ona təzyiq və təsir də olmamışdır. Təqdim edilən məhkəmə aktlarında hər hansı bir borcdan söhbət getmir. Məhkəmə aktlarından göründüyü kimi iddiaçı iddia etdiyi 6600 manat pulu könüllü və məqsədli şəkildə tamamilə başqa bir şəxsə çatdırılması üçün vermişdir. Pulu qəbul edən şəxs də pulun ona çatdırılmasını bildirmişdir. Məhz həmin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri də hazırkı iş üzrə Cavabdeh1 olmuşdur. İddiaçının əmlakla əlaqədar tələblərinin cavabdehə heç bir aidiyyəti yoxdur. Həmin münasibətlər iddiaçı ilə digər şəxslər arasında yaranmış münasibətlərdir. Bu münasibətlər təqdim edilmiş məhkəmə aktlarından da açıq-aydın görünür. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı cavabdeh məhkəmə iclaslarında iştirak edə bilmədiyinə görə onun tərəfindən təqdim edilə bilməmişdir.

11. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli 2(035)- 304/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli 2(035)-304/2023 nömrəli qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Qərarlar: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli 2(035)-304/2023 nömrəli qiyabi qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri aşağıda qeyd olunanlara görə əsaslıdır. Belə ki, işə əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 1(004)-111/2020 nömrəli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 1(103)-2007/2021 nömrəli qərarından görünür ki, Cavabdeh2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cavabdeh1 4000 manat müqabilində oğlu X3 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X4 Xidmətinin Zərdab rayon X2 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə ümumilikdə 4000 manatı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib xeyli miqdarda maddi ziyan vurmaqla Cavabdeh1 aldadaraq dələduzluq etmişdir. Həmçinin o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı etibarından sui-istifadə etməklə 6000 manat müqabilində onu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X4 Xidmətinin Zərdab rayon X2 yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq Cavabdeh1 vasitəsi ilə ümumilikdə 6600 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin məhkəmə qərarlarında Cavabdeh2 Cavabdeh3 ilə birlikdə digər bir neçə şəxsi də aldadaraq dələduzluq etdikləri müəyyən edilmişdir. Həmin məhkəmə qərarlarından görünür ki, hazırki iş üzrə Cavabdeh1 təqsirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh3 dələduzluğunun qurbanı olmuş, həmin şəxslərin digər şəxslərə, o cümlədən hazırki iddiaçıya qarşı olan dələduzluq aktlarında isə vasitəçi olmuşdur. Cavabdeh1 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq tanınmışdır. Həmin qərarlarla müəyyən olunur ki, Cavabdeh1 digər şəxslərdən, o cümlədən hazırki iddiaçıdan həmin iş üzrə təqsirləndirilən şəxslərə çatdırmaq üçün pul alarkən nə özünün, nə də onların aldadıldığından məlumatlı olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 1(004)- 111/2020 nömrəli hökmü ilə hazırki iddiaçı, o cümlədən digərləri barəsində dələduzluq etdiklərinə görə Cavabdeh2 və Cavabdeh3 məhkum olunmuşlar. Cavabdeh1 hərəkətlərində dələduzluq aşkar edilməsi və məhkum olunması müəyyən edilmir. Belə olan halda kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçıya maddi ziyan vuran hazırki iş üzrə Cavabdeh1 deyil, Cavabdeh2 və Cavabdeh3 olmuşlar. MPM-in 54.1-cü maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Hazırki iş üzrə iddiaçı ilkin olaraq iddia tələbini cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı qaldırmış, daha sonra dəqiqləşmə ərizəsi verərək Cavabdeh3 və Cavabdeh2 cavabdehlər sırasından çıxarmışdır. Ona görə də, hazırki halda, işə mövcud tələb üzrə baxılmalı və iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından rədd edilməlidir.

21. Kollegiya onu da qeyd edir ki, iş materiallarında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 1(004)-111/2020 nömrəli hökmü və Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 1(102)-765/2022 nömrəli qərarı olmasına və iddiaçının iddia ərizəsində həmin cinayət işinə istinad edərək ona dəyən zərərin ödənilməsini tələb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi işə borc münasibəti olaraq yanaşmaqla Mülki Məcəllənin borc münasibətlərinə müvafiq maddələrini tətbiq etmişdir. Halbuki hazırki işə zərərin əvəzinin ödənilməsini və əsassız varlanma münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır.

22. Kollegiya əlavə olaraq qeyd edir ki, qətnamənin ləğv olunma əsası hesab edilməsə belə, hazırki iş üzrə birinci instansiya məhkəməsi qiyabi qətnamə qəbul etsə də, qəbul etdiyi qətnamənin giriş hissəsində adını “qiyabi qətnamə” deyil, “qətnamə” kimi qeyd etmişdir. Halbuki, MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut edilmədiyinə görə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Zərdab Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli 2(035)- 304/2023 nömrəli qiyabi qətnaməsi ləğv edilməli, iş üzə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh1 qarşı 8000 manat maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 3 iyul 2023-cü il tarixli 2(035)-304/2023 nömrəli qiyabi qətnaməsi ləğv edilsin. İş üzə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı 8000 manat maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Dövlət rüsumuna olaraq ödənilmiş 51 manat İddiaçı özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar