Məhkəmə qərarları › İş №2(107)-907/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-907/2022

22.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-907/2022 22.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Oğuz rayonu Qumlaq Bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Oğuz rayonu Qumlaq Bələdiyyəsi və “Azəriqaz” İstehsalat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlərin vəsaiti hesabına açılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 may 2022-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Oğuz rayonu Qumlaq kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 10/5715 nömrəli ekspert rəyində qeyd olunur ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarışın plan-ölçüsündə göstərilən 0,1082 hektar həyətyanı torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolu yerquruluğu planında qeyd olunmuşdur(yerquruluşu planı mütəxəssi rəyinə əlavə edilmişdir). İddiaçı iddia etdiyi ərazidən sənəd üzrə yol yeri nəzərdə tutulmamışdır (yerquruluşu planı mütəxəssi rəyinə əlavə edilmişdir). Birinci instansiya məhkəməsində icraat İddiaçı, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu Qumlaq kəndində yerləşən, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinə əsasən mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun cavabdehlərin vəsaiti hesabına açılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,11 hektar həyətyanı torpaq sahəsi 1992-ci ildə onun istifadəsinə verilmişdir və həmin vaxtdan indiyədək onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsinə dair onun və ailə üzvlərinin adına xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədi tərtib edilmişdir. Bir neçə ay əvvəl həyətyanı torpaq sahəsinə gedərkən həmin torpaq sahəsinə gedən, 30 il istifadə etdiyi yolun qazılaraq bağlandığının şahidi olmuş və bu məsələ ilə maraqlandıqda yolun Cavabdeh1 tərəfindən qazıldığı məlum olmuşdur. O, bununla bağlı Cavabdeh1 müraciət etdikdə həmin şəxs yolun onun evinin qarşısından keçdiyini, yoldan avtomobil keçən zaman toz olduğunu deyərək bu səbəbdən yolu bağladığını və açmayacağını bildirmişdir. Cavabdeh1 Rusiya Federasiyası vətəndaşı olmaqla, xeyli vaxtdır ki, mübahisəli ərazidə ev tikərək ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Bundan sonra o, həmin məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etmişdir. Onun müraciətlərinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd edilən yolun yerləşdiyi ərazi bələdiyyənin ərazisi olmaqla, həmin yoldan ondan başqa digər kənd sakinləri də istifadə edirlər. Cavabdeh yolu açmadığına görə o, məhkəməyə müraciət etməli olmuşdur. Sonradan iddiaçı məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Oğuz rayonu Qumlaq kənd sakini Cavabdeh2 yolun digər hissəsindən öz həyətinə qaz xətti çəkdirərək yolu Cavabdeh1 bağladığı yerdən müəyyən məsafədə, başqa ərazidən bağlamışdır. Ona görə də Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini, xüsusi mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsinə avtomobillər və piyadalar üçün gediş-gəliş yolunun cavabdehlərin vəsaiti hesabına açılması və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının vəsatəti əsasında Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilmişdir. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(054)-73/2022 nömrəli iş üzrə qəbul etdiyi 06.05 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Süleymanov) iddia təmin edilməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği, həmçinin iş üzrə mütəxəssis rəyi verilməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat müayinə və tədqiqat xərci iddiaçının özünə aid edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçının göstərdiyi ərazidə sənəd üzrə gediş-gəliş yolu mövcud olmadığından, iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,11 hektar torpaq sahəsinə sənəd üzrə mövcud olan gediş-gəliş yolunun isə cavabdehlər tərəfindən qeyri-qanuni olaraq bağlandığı sübuta yetirilmədiyindən iddiaçının hazırki iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçının iddia tələbinin əsası kimi istinad edərək naturada göstərdiyi ərazidə sənəd üzrə gediş-gəliş yolu mövcud olmadığı, qeyd olunan torpaq sahəsinə sənəd üzrə olan gediş-gəliş yolunun iddiaçının qeyd etdiyi ərazidən tamamilə fərqli bir ərazidə yerləşdiyi mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İşin faktiki hallarından göründüyü kimi, mübahisələndirilən yol sahəsi iddiaçının mülkiyyətində olmadığı kimi cavabdehin də mülkiyyətində deyil, cavabdeh də bunu inkar etmir. Lakin məhkəmə cavabdehin nümayəndəsinin və digər şəxslərin məhkəmə iclasında verdiyi izahatlarını əsas tutaraq həmin ərazidə yol olmadığı qənaətinə gəlmişdir. Halbuki məhkəmə tərəfindən həmin əraziyə yerində baxış keçirilsə idi, real vəziyyətin həmin şəxslər bildirdiyi kimi deyil tam fərqli olduğunu müəyyən edərdi. Mübahisələndirilən ərazidə yol olmadığı qeyd olunsa da həmin ərizidən uzun illərdir yol kimi istifadə edilir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Oğuz rayonu Qumlaq Bələdiyyəsinin sədri X2 izahatında bildirmişdir ki, iddiaçının iddia etdiyi ərazi yol kimi nəzərdə tutulmamışdır.həmin ərazidən böyük diametrli qaz borusu keçir. İddiaçının mərhum atsı evinə daha yaxın məsafədən getmək üçün keçmiş dövrdə həmin borunun üstünü torpaqlayaraq oradan yol kimi istifadə etmişdir. Lakin iddiaçının evinə getməsi üçün alternativ yol mövcuddur. Cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azəriqaz” İstehsalat Birliyi apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində Rayon Məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 165.1 Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən iddiaçının iddia tələblərinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Belə ki, Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddiasının təmin olunması üçün iddiaçının mülkiyyətə başqa maneələrin törədilməsi və mülkiyyətçi kimi hüquqlarının pozulması faktı sübut olunmalıdır. Yalnız bu halda iddiaçı mülkiyyətçi cavabdehlər tərəfindən bu cür hərəkətlərə son qoymağı tələb edə bilər. Lakin cavabdehlərin iddiaçının evinə gedən gediş-gəliş yolunun bir hissəsini bağlamaları və bunun nəticəsində iddiaçının hüquqlarının pozulması müəyyən olunmamışdır. Rayon Məhkəməsi cavabdehlər tərəfindən iddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,11 hektar həyətyanı torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun hansı ərazidən keçdiyi, mübahisə predmetinə aid olan ərazidə sənəd üzrə yol mövcud olub-olmadığı, əgər yol mövcud olmuşdursa, həmin yolun (və ya bir hissəsinin) hazırki iş üzrə cavabdehlər və ya digər şəxslər tərəfindən bağlanıb-bağlanmadığını, həmin şəxslər tərəfindən yoldan istifadəyə maneələr törədilib-törədilmədiyini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyi verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin orqandan verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə müəyyən edilmişdir ki, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədində göstərilən 0,1082 hektar həyətyanı torpaq sahəsinə sənəd üzrə gedişgəliş yolu yerquruluşu planında qeyd olunmuşdur. İddiaçının iddia etdiyi, hazırki iş üzrə mübahisə predmetinə aid olan ərazidən sənəd üzrə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəmə iclasında mütəxəssis qismində iştirak edən nümayəndəsi İlkin Əzizov da məhkəmə iclasında mütəxəssis rəyi və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə bağlı izah (şərh) verərək bildirmişdir ki, iddiaçıya məxsus 0,11 hektar həyətyanı torpaq sahəsində onun qeyd etdiyi ərazidən sənəd üzrə gediş-gəliş yolu mövcud deyildir. İddiaçının iddia etdiyi gediş-gəliş yolunun kiçik bir hissəsi 10-15 il əvvəl təbii qazın nəqli üçün quraşdırılmış xətt - qaz borusu kəmərinə görə bağlanmışdır. İddiaçıya məxsus 0,11 hektar torpaq sahəsinə sənəd üzrə olan gediş-gəliş yolu iddiaçının qeyd etdiyi ərazidə yerləşir və hazırda da həmin yoldan istifadə edilir. İşdə olan sübutlara əsasən işin halları kimi müəyyən edilir ki, iddiaçının göstərdiyi ərazidə rəsmi sənəd üzrə gediş-gəliş yolu mövcud deyildir. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,11 hektar torpaq sahəsinə rəsmi sənəd üzrə mövcud olan gediş-gəliş yolu var və bu yol iddia olunan ərazidən tamamilə fərqli bir sahədə yerləşir. Bu yol isə cavabdehlər tərəfindən bağlanmamışdır, yoldan hazırda da istifadə edilir. İddiaçı apelyasiya şikayəti bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi yalnız işdə iştirak edən şəxslərin izahatlarına əsaslanmışdır. Halbuki, Rayon Məhkəməsi mübahisəli ərəziyə yerli baxış keçirsəydi, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətinə olan torpaq sahəsinə gedib gəlmək üçün mövcud olan yolun bağlanıldığı təsdiq olunardı. Məhkəmə, iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, yerində baxış keçirməsi MPM-də məhkəmənin mütləq vəzifəsi kimi müəyyən edilməyib. Obyektlə (hazırki halda gediş-gəliş yolu) bağlı nəzərə alınmalı olan xüsusatlar barədə kifayət qədər aydınlıq olmadığı halda bu tədqiqat üsulundan istifadə etmək məhkəmənin hüququdur. Məhkəmə bildirir ki, ki, Rayon Məhkəməsi hazırki işdə olan tərəflərin izahatları, mütəxəsis rəyi və həmin rəylə bağlı DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin izahı əsasında işin əhəmiyyətli haları barədə tam təsəvvürə malik olmuşdur və yerində baxış keçirilməsinə zərurət olmamışdır. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində ifadə olunmuş dəlilləri iş materiaları ilə təsdiq olunmur. İddiaçının mülkiyyətindən istifadə etməsi üçün cavabdehlər tərəfindən iddiaçının iddia etdiyi maneə törədilmir. Bu baxımdan hesab edilməlidir ki, iddiaçının iddiası əsassızdır və Rayon Məhkəməsi bu iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəliləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Oğuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar