Məhkəmə qərarları › İş №2(107)-908/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-908/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-908/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(014)-1553/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1511 manat əsas borcun və 906 manat faiz üzrə borcunun, cəmi 2417 manat borcun, həmçinin dövlət rüsumu hesabına ödədiyi 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə əlavə araşdırmaya zərurət yarandığı üçün iş iddia icraatına keçirilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(014)-1553/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1511 manat əsas borc və 15 manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1556 manat (bir min beş yüz əlli altı manat) borc tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçıdan xx xxxxx 2016-cı il tarixdə 3936 manat məbləğində kreditlə məişət avadanlıqları almışdır. Əvəzində müavinət kartını iddiaçıya vermiş, iddiaçı da hər ay 130 manat pul götürməklə xx xxxx 4290 manat pul çıxartmışdır. Lakin birinci instansiya məhkəməsi onun ödədiyi məbləğləri nəzərə almamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(014)-1553/2019 saylı qətnаməsi ləğv edilərək iddia rədd edilməlidir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasnda iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(014)-1553/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət, qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq onu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(014)-1553/2019 saylı qətnaməsi Cavabdeh apelyasiya şikayətinə münasibətdə yoxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli borc müqaviləsinə əsasən 2 ədəd stol stul dəsti, televizor altılığı, paltaryuyan, ütü, ütü stolu, elektrik samovarı,Dnepr soyuducu, çanaq antina komplekti alınması məqsədi ilə cavabdehə 24 ay müddətinə, yəni xx xxxxx 2018-cı il tarixədək illik faiz dərəcəsi tətbiq edilməməklə 3936 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh xx xxxxx 2016-cıil tarixli borc müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə cəmi 2425 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə faiz borcu ilə bağlı maddi hüquq normalarını tətbiq etməli olduğu halda, tətbiq etməmiş, əvəzində dəbbə pulu ilə bağlı hüquq normalarını tətbiq edərək mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. xx xxxxx 2016-cı il tarixli borc müqaviləsinin 3.2-ci bəndinə əsasən, ödəmələrin vaxtında edilmədiyi təqdirdə illik 60 faiz pul ödənilməsi nəzərdə tutulmuşdur. Apelyasiya şikayəti qalan hissədə əsaslı deyildir. Belə ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, cavabdeh 3936 manat borcdan iddiaçıya ümumilikdə 2425 manat pul ödəmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(014)-1553/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən etməmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(014)-1553/2019 saylıqətnaməsinin ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(014)-1553/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 1511 manat əsas borc və 15 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1556 manat (bir min beş yüz əlli altı manat) borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar