Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-910/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(051)-1255/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(051)-1255/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4500 (dörd min beş yüz) manat məbləğdə pul və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4500 (dörd min beş yüz) manat məbləğində pulun alınıb, ona verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 12.10.2018-ci ildə borc müqaviləsi bağlamışdır. Həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun olmadığından və aldanaraq bağlanıldığından etibarsız sayılmalıdır. Belə ki, onun oğlu həbsdə olan zaman Südabə oğlunun ona borcu olduğunu qeyd etmiş, əgər müqavilə bağlanmasa şikayətçi olacağını bildirmişdir. O da inanaraq müqavilə bağlamışdır. Sonradan isə belə bir borc məbləğinin olmadığı ortaya çıxmışdır. O, müqaviləni aldanaraq, çıxılmaz vəziyyətdə və yalana inanaraq bağlamışdır. Odur ki, qətnamənin ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh2 qızı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qarşı tərəfin ailəsi ilə tanışdır. X1 həbs edildiyi zaman oğluna kömək etmək məqsədi ilə İddiaçı ilə razılığa gələrək 4500 manat məbləğində borc müqaviləsi bağlamışdır. O İddiaçı həmin borcun hissə-hissə qaytaracağını demişdir. Sonradan ona məlum olmuşdur ki, onun oğlunun onlara 2000 manat borcu olubmuş. Lakin, iddiaçı tərəf onun ilk əvvəllər oğlu ilə danışmadığından istifadə edərək, onu aldadıb, 4500 manat məbləğində borc müqaviləsi bağlayıb. Apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(051)-1255/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(051)-1255/2020 nömrəli qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən cavabdehin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(051)-1255/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 4500 manat məbləğində borc pul vermişdir. Cavabdehlər pulu 12.10.2019-cu il tarixə qədər qaytarmağı öz öhdəsinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. MM-in 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. MM-in 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Çünki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cavabdeh tərəfindən imzalanmış borc sənədindən aydın olur ki, (hansıki, bu borc sənədinin cavabdeh tərəfindən icra edilərək imzalanması sonuncu tərəfindən mübahisələndirilmir) iddiaçı cavabdehlərə 4500 manat məbləğində borc pul vermiş. Cavabdehlər isə bu pulu 12.10.2019-cu il tarixədək qaytarmağı öhdələrinə götürürlər. Həmçinin, işdə olan birinci instansiya məhkəməsinin iclas protokolundan aydın olur ki, həmin iclasda Cavabdeh1 2018-ci ilin oktyabr ayında iddiaçının onlara 4500 manat məbləğində borc pul verdiyini etiraf etmiş, iddi tələbini qəbul etdiyini və həmin borcu hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Oxşar münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan MM-in 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-in 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-inin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçıdan borc almadığını göstərsə də iş materiallarında olan borcun alınması barədə borc sənədindən görünür ki, o həmin məbləği iddiaçıdan almışdır. Bundan başqa cavabdeh apellyasiya şikayətində məlum borc sənədini məcburiyyət qarşısında yazaraq imzaladığını bildirsə də həmin halları sübut edən heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə kollegiyası onu xatırladır ki, kredit müqaviləsi 12 oktyabr 2018ci ildə bağlanmış və keçən bu müddət ərzində cavabdeh bununla bağlı, yəni kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməmişdir. Halbuki, MM-in 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. MM-in 354.1-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Bu baxımdan da, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri inandırıcı qəbul etmir. MM-in 433.3-çü maddəsində qeyd edilir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. MM-in 529.3-cü maddəsinə görə isə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda öyrənilən işdən aydın olur ki, cavabdehin iddiaçıya verdiyi borc sənədi hələ də iddiaçıdadır. İşin bu müəyyən edilmiş halı da özü-özlüyündə təsdiq edir ki, tərəflər arasında mövcud olan borc öhdəliyinə xitam verilməmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası bu fikirdədir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(051)-1255/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(051)-1255/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-910/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-910/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver