Məhkəmə qərarları › İş №2(107)-913/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-913/2022

26.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-913/2022 26.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (açar sözlər: alimentin miqdarının artırılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(014)-448/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Tərəflər faktiki nikah münasibətlərində olmaqla qeyd nikahlarını 21 fevral 2007-ci ildə rəsmiləşdirmişlər.

2. Onların birgə ailə münasibətlərindən 10 iyul 2004-cü ildə Elməddin və 25 dekabr 2005-ci ildə Aydan adlı uşaqları doğulmuşdur.

3. Ağdaş Rayon Məhkəməsinin 2(014)1363/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılara Ağdaş rayon Tofiqi kəndində 21 fevral 2007-ci il tarixdə 03 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Həmin qətnaməyə ilə 10 iyul 2004cü ildə anadan olmuş X1 və 25 dekabr 2005-ci ildə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin cavabdehdən Səfərov tutularaq iddiaçının xeyrinə verilməsi qət edilmişdir.

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 193 manat məbləğində alimentin, eləcə də mediasiya işləri ilə əlaqədar ödəmiş olduğu 50 manat pulun tutulmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddia tələbini onunla əsaslandırmışdır ki, uşaqlar yetkinlik yaşına çatmadığından və özü heç bir yerdə işləmədiyindən 100 manat məbləğlə uşaqların saxlanılmasında, yəni fiziki və əqli cəhətdən sağlam böyülməsində, qidalanmasında, təhsilində və vaxtlı-vaxtında müayinə və müalicə olunmasında, indiki zamanda uşağın tələbatının ödənilməsi mümkün deyildir. Eləcə də bütün gündəlik tələbat mallarının qiymətlərinin xeyli məbləğdə artdığından, yəni keçən müddətdə şərait dəyişdiyindən bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq fərdi əməklə məşğul olmasına və gəlirinin yüksək olmasına baxmayaraq, hər ay hər uşağa 100 manat ödəməklə öz valideynlik vəzifəsini yerinə yetirmiş hesab edir. Uşaqların saxlanılmasında və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü olaraq əlavə yardım göstərməkdən yayınır. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq sabit pul məbləğində müəyyən edilməsinə zərurət yaranmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən alimentin miqdarının artırılmasına dair ərizə ilə mediatora müraciət etmişdir. Lakin cavabdeh mediasiyya sesiyasında iştirak edən zaman alimentin miqdarının artırılması ilə bağlı onunla qarşılıqlı razılaşmaya gələ bilmədiklərinə görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh maddi imkanının pis olduğunu bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

8. Ağdaş Rаyоn Məhkəməsinin (hakim Cavid Sultanov) 31 mart 2022-ci il tarixli, 2(014)-448/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 10 iyul 2004-cü il təvəllüdlü X6 və 25 dekabr 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, ilkin mediasiya sessiyası zamanı İddiaçı ödədiyi pulun 30 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

9. Cavabdeh Ağdaş Rаyоn Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(014)-448/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddia tələbinin bir dəfəyə 30 manat artırılaraq qismən təmin edilməsi ilə razı deyil. Belə ki, məhkəmə 15 noyabr 2019-cu ildən hər ay hər uşaq üçün 100 manat aliment qət etdiyindən bugünədək mənim maddi vəziyyətimdə heç bir dəyişiklik olmamışdır. Buna onun aylıq gəlirini, həmçinin maddi vəziyyətində heç bir dəyişikliyin olmadığını nəzərə almadan iddiaçının iddia tələbini qismən təmin edərək birdəfəyə alimentin miqdarını hər uşaq üçün 30 manat olmaqla cəmi 60 manat artırmışdır. Ona görə də, Ağdaş Rаyоn Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(014)-448/2022 saylı qətnaməsinin tam ləğv edilib, iddianın təmin edilməsi hissəsində hər ay hər uşaq üçün 10 manat olmaqla, cəmi 20 artırılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

12. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə bağlı iştirak edə bilmədiyi üçün məhkəmə iclasını başqa vaxta təxirə salınmasının xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

13. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

16. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

18. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rаyоn Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(014)-448/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

23. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

24. İş materialında olan Ağdaş RPŞ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmaqla, Ağdaş rayonunun Tofiqi kəndində qeydiyyatdadır.

25. İş materialında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı, № 723952 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X3r.

26. İş materialında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı, № 723908 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X3r.

27. Müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 10 iyul 2004-cü il təvəllüdlü X6 və 25 dekabr 2005-ci il təvəllüdlü X7 anadan olmuşlar, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar həmin vaxtdan ayrı yaşamışlar, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-1363/2019 saylı qətnaməsi ilə tərəflər arasında qeyd edilmiş nikah pozulmuş, 10 iyul 2004-cü il təvəllüdlü X1 və 25 dekabr 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin 09 iyul 2019-cu il tarixdən başlayaraq alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 193 manat məbləğində alimentin, eləcə də mediasiya işləri ilə əlaqədar ödəmiş olduğu 50 manat pulun tutulmasını tələb edir.

28. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.

29. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilən aliment uşağın saxlanılmasına, onun maddi və mənəvi inkişafının təmin edilməsi üçün yetərli olmalıdır. Alimentin məbləği müəyyən edilərkən uşağın mənafeyi başlıca şərt olaraq götürülməlidir.

31. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

32. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

33. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının artırılaraq hər uşaq üçün 130 manat müəyyən edilməsi nəticəsinə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdeh apellyasiya şikayətində maddi vəziyyətinin aşağı olmasını bildirmişdir. Kollegiya hesab edir ki, həmin dəlillər onu, aliment ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi yetərli deyildir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

36. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

38. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

39. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rаyоn Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(014)-448/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə görə, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

42. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə qət edilmiş hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq 193 manat müəyyən edilməsini xahiş edir. Yəni artırılmış tələb 186 manat təşkil edir.

43. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə bir il ərzində əlavə ödəmənin məcmusu 2232 manat təşkil edir.

44. Birinci instansiya məhkəməsi tutulmalı olan alimentin miqdarını hər uşaq üçün 30 manat artırmışdır. Cavabdeh həmin artırılan məbləği münahisələndirir ki, həmin məbləğ beş min manatdan az olduğuna görə hazırkı mülki iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rаyоn Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(014)-448/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar