Məhkəmə qərarları › İş №2(107)-913/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-913/2023

08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-913/2023 08.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “alimentin artırılması” tələbinə dair mülki işi üzrə Şəki Rayon Məhkəməsinin 24 may 2023cü il tаrixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(075)-408/2022 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında 29 iyun 2008-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 155 nömrəli nikahın pozulması, tərəfləri birgə nikahdan olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci i təvəllüdlü X1 iddiaçının(analarının) yanında saxlanılmaları, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 26 noyabr 2009-cu il təvəllüdlü X8, 21 mart 2011-ci il təvəllüdlü X9 və 09 aprel 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi məbləğində və hər ay hər uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat aliment olmaqla, cəmi 660 (altı yüz altmış) manatın, ödənilmiş 50 manat ilkin mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi və alimentin tutulmasının əvvəlinin mediasiyaya müraciət edilmə tarixindən hesablanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 29 iyun 2008-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 26 noyabr 2009-cu il tarixdə X8, 21 mart 2011-ci il tarixdə X9 və 09 aprel 2020-ci il tarixdə X7 adlı üç övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da münasibətləri pisləşmiş və Şəki Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(075)- 408/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan uşaqları onun himayəsində saxlanılmışlar, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 330 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Artıq təyin olunmuş aliment hazırkı şəraitdə uşaqların həyat fəaliyyətinin minimumu səviyyəsi üçün zəruri olan tələbatlarını təmin etmir. Həmin qətnamə qəbul olunandan sonra yaşayış minimunun məbləği artmışdır. Bundan əlavə bazar qiymətləri də artmış və nəticədə həmin məbləğ uşaqların tələbatının ödənilməsi üçün həddindən artıq azdır. Övladları günü gündən böyüyür və belə olan halda xərcləri də artır. Cavabdehin isə maddi vəziyyəti olduqca yaxşıdır. Cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X12 cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləyir. Həmçinin cavabdeh “X10” da cərrah işləyir. Ona görə də o, alimentin artırılması tələbi ilə bağlı Mediasiya Şurasina müraciət etmək məcburiyyətində qalmışdır. Lakin cavabdeh mediasiya sessiyasına dəvət edilməsinə baxmayaraq mediasiya sessiyasına gəlməmiş və ona görə də mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Buna görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)-755/2023 nömrəli iş üzrə qəbul etdiyi 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia tələbinin qismən təmin edilməsi, 26 noyabr 2009-cu il təvəllüdlü X8, 21 mart 2011-ci il təvəllüdlü X9 və 09 aprel 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəki Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(075)-408/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında müəyyən edilməsi və həmin aliment məbləğinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 65 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, iddiaçının Şəki Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(075)-408/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahdan olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Göründüyü kimi cavabdehin qazancı minimum 1.407 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin qazancının 1/2 hissəsi yüksək məbləğ təşkil edir. Həmin məbləğdən artıq sabit pul məbləğində alimentin təyin olunmasını məqsədə müvafiq hesab etmir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78.1, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü, “Uşaq hüquqları haqqında” Qanunun 3-cü maddələlərinə istinad etməklə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilərək, iddiaçıya ödənilməli olan alimentin cavabdehin yalnız 1407(min dörd yüz yeddi) manat məbləğində əmək haqqısının 1/2 hissəsi miqdarında müəyyən edilməsi və həmin məbləğin tutularaq İddiaçı ödənilməsi, cavabdehin başqa gəlirlərindən alimentin müəyyən edilməsi və tutulmasına dair hissədə isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasın xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi qətnaməni çıxararkən Ailə Məcəlləsinin 112 və 78.1-ci maddələrini düzgün olmayaraq mübahisənin həllinə tətbiq etmiş, 76-cı maddəsini tətbiq etməli olduğu halda etməmişdir. Belə ki, qətnamə çıxarmış məhkəmə yuxarıda göstərilən maddi hüquq normasını mübahisənin həllinə tətbiq etsə də, qətnaməsini qeyd olunan maddi hüquq normaları ilə də əsaslandırsa da nəzərə almamış, araşdırmamış və əhəmiyyət verməmişdir ki, haqqında söhbət gedən maddi hüquq normasında göstərildiyi kimi Şəki Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçıya verilməli olan alimentin 330 manat məbləğində miqdarı müəyyən olunduqdan sonra nə iddiaçının, nə də cavabdehin maddi və ailə vəziyyətində heç bir dəyişklik olmamışdır, belə olduğu halda, iddiaçı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbini hansı hüquqi əsasla qaldırmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehdən alimentin əmək haqqısından və başqa gəlirlərindən tutulmasını qət etdiyi halda heç bir zərurət olmadan alimentin sabit pul məıbləğində tutulmasından bəhs edən 78.1-ci maddəsini məsələnin həllinə tətbiq etmişdir. Halbuki birinci instansiya məhkəməsinin hakimi mübahisənin həllinə əslində Ailə Məcəlləsinin 76-cı maddəsi tətbiq edilməli idi. Məlum məhkəmə qətnaməsi çıxarılarkən Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinin tələbləri pozulmuşdur. Beləki, qanunun həmin maddəsində qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunların və normativ hüquqi aktların göstərilməli olması imperativ olaraq göstərilsə də, birinci instansiya məhkəməsi mövcud qətnamənin əsaslandırıcı hissəsində Şəki Rayon Məhkəməsinin bundan əvvəlki qətnaməsi ilə iddiaçıya sabit pul məbləğində təyin edilmiş aliment miqdarının iddiaçı tərəfin mənafeyi və maraqlarına xələl gətirməsi əsası ilə iddiaçıya təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, uşaq üçün alimentin sabit pul məbləğində müəyyən edilməli olmasını göstərsə də, qətnamənin bu hissəsində göstərdikllərinə zidd olaraq qətnamənin nəticə hissəsində alimentin cavabdehdən sabit pul məbləğində yox, qazancının və başqa gəlirlərinin 1/2 hissədə tutulmasını qət etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin Şəki Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimenti vaxtlı-vaxtında ödəməsinə, iddiaçı ilə birgə nikahlarından anadan olmuş azyaşlı uşaqlarının gündəlik hər cür qayğılarına qalmağını, uşaqların hər gün cavabdehin yanlarında olmalarını, 330 manat aliment miqdarının ödənilməsi şəraitində bu məbləğdə ödəmənin onların və iddiaçının mənafe və maraqlarına xələl gətirib-gətirmədiyini araşdırmamış, aydınlaşdırmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, lakin iddiaçı qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tamamilə ləğv edilməsi xahiş olunsa da, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnamənin iddia tələbinin təmin edilən hissəsini mübahisələndirir. Ona görə də Məhkəmə birinci instansiyası məhkəməsinin aktını yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. “Şəki rayon mərkəzi xəstəxanası” X12in 04 aprel 2023-cü il tarixli, PHŞ-6-71/2- 102/2023 saylı arayışından görünür ki, Cavabdeh “Şəki rayon mərkəzi xəstəxanası” X12 cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 1407 manat (vəzifə maaşı 607 manat və aylıq sabit pul məbləğində həvəsləndirici əlavə 800 manat) təşkil edir. Bundan əlavə ona işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə (həkim bonusu) verilir. İşin faktiki hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, Şəki Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırki yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, cavabdehin aylıq qazancı və gəlirləri barədə sübutların olduğunu, həmçinin uşaqlarının mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi və alimentin miqdarının müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 may 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar