Məhkəmə qərarları › İş №2(107)-916/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-916/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-916/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(014)-152/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş şəhər, M.İsayev küçəsi 2-də yaşayan xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh 635.90 (altı yüz otuz beş 90 qəpik) manat əsas borcun, 30 ( otuz) manat dövlət rüsumu və 0.40 (qırx) manat bank xidmət haqqının, ümumilikdə isə 666.30 (altı yüz altmış altı 30 qəpik) manat borcun (pulun) tutlaraq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB sabunçu filialı, Kod 805573, VöEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB VÖEN**********, İBAN: AZ72İBAZ**********99********) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(014)-152/2020 nömrəli (hakim N.Əliyev) qətnaməsi ilə İddiaçı” X1 Tərafət Nizam qızına qarşı debitor borcun ödənilməsi tələbi barədə iddiasının qismən təmin edilməsi, Cavabdeh 66 (altmış altı) manat pul və 15 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı İB-nin X12 İstismarı İdarəsi tərəfindən Cavabdeh abonent koduna vurulmuş 569.90 (beş yüz altmış doqquz 90 qəpik) manat borc silinməsini, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qalan 15 manatı İddiaçınə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin qismən iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etmişdir. İşin halları: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ”İddiaçı” İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhər, M.İsayev küçəsi 2-də yaşayan xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. Cavabdehin yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdehin Cavabdeh yaşadığı mənzilin **********00020 saylı qaz hesabında ödənilməmiş 635.90 manat borc vardır, həmin borcun 563.90 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 72 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Belə ki, istehlakçı istifadə edilmiş təbii qazın dəyərini tam şəkildə ödəmədiyindən istismarda olan G-4 markalı 10283166 qaz sayğacının 6993 m3 göstəricisi ilə 563.90 manat borc yaranmışdır. Bundan başqa cavabdehə məxsus fərdi yaşayış evinin qaz hesabında qeydə alınmış 72 manat həcmində dəymiş ziyan həmin ünvanda istismarda olan qaz sayğacından kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə halı aşkar edilməsi nəticəsində yaranmışdır. Cavabdeh bu yolla faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr ayardır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərinin gizlətməkdədir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİnin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 19.06.2019-cu il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində cavabdehin sayğacından kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19.06.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 28.06.2019-cu il tarixli qərarı ilə 720 m3 (və ya 72 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Eyni zamanda cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni istifadə halı ilə bağlı foto çəkiliş aparılmışdır. Bundan əlavə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi Ağdaş Rayon Polis Şöbəsinə müraciətlər edilmişdir. Cavabdeh nizam qızı Ağdaş RPŞ-də verdiyi izahatında qeyri qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə etdiyi etiraf etmişdir. Eyni zamanda Ağdaş RPŞ-nin TQ 27.09.2019-cu il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın surətini Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərmişdir. Daha sonra 05.10.2019-cu il tarixli qərarla Cavabdeh barəsində Azərbaycan Respublikası İXMnin 282.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Borcun könüllü şəkildə ödənilməsi tələbi ilə Cavabdeh 11.09.2019-cu il tarixli 01/**-EC-***6 yazılı xəbərdarlıq göndərilsə də və həmin xəbərdarlıq rəsmi şəkildə qarşı tərəfdən alınsa da ona heç bir münasibət bildirməmiş və tələb olunan borc ödənilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında fərdi yaşayış evində yaşayır. İddiaçı İB-nın Zaqatala RQİİ- nin Ağdaş Xidmət sahəsinin əməkdaşları 2017-ci ilin aprel ayında küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Baxış zamanı Ağdaş Xidmət sahəsinin əməkdaşları qanuna uyğunsuzluq aşkar etmişlər. Bundan sonra mərhum oğlum X6 abonent koduna 549.90 manat borc hesablanmışdır. Bundan sonra İddiaçı Ağdaş rayon məhkəməsinə müraciət edərək, mərhum oğlu X4 549.90 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunu tutulmasını tələb etmişdir. Ağdaş rayon məhkəməsi 13 aprel 2017-ci il tarixli 2(014)-1432/2017 saylı qərarı ilə iddia tələbini təmin etmiş, mərhum oğlu X4 549.90 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasını qət edilmiş, həmin məbləği mərhum oğlu X9 tərəfindən ödənilməsi tələb edilmiş, borcun bir qismi ödənilmiş, övladının vəfat etməsi ilə əlaqədar olaraq icra sənədi üzrə icraata xitam verilmişdir.Həmin borc məbləği İddiaçı İB tərəfindən əvvəllər tələb edildiyindən və həmin iş üzrə icra işinə xitam verildiyindən ilkin iddiaçı həmin məbləğdə borcu ondan tələb edə bilməz. Bundan əlavə mübahisələndirilən qaz sayğacı həyətin çöl divarında yerləşir.Həmin qaz sayğacına hər hansı müdaxilə və pozuntulara görə o və mərhum övladı heç bir məsuliyyət daşıya bilməz. Hazırki işlə tanış olarkən ona məlum olmuşdur ki, 2016-cı ilin yanvar ayında qaz sayğacında olan müdaxilələrlə bağlı 726 AZN borc hesablanmışdır. 2 fevral 2017-ci ildə 302.40 manat əsassız borc hesablanmışdır. 2019-cu ildə qazdan istifadə etdiyindən 72 AZN borc hesablanmışdır. Hal-hazırda iddiaçı ondan 635.90 manat borcun qaytarılmasını tələb edir. 2016-cı ilin yanvar və 2017-ci ilin fevral aylarında abonent koduna yazılmış borclar əsassız olduğundan qarşılıqlı iddia ərizəsində qeyd etdiyi 569.90 manat borcun silinməsini, qarşılıqlı iddianın tam təmin edilməsini, ilkin iddianın isə qismən təmin edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdehİddiaçınə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin etibarsız hesab edilməsi, iddianın rədd edilməsi və Ağdaş rayon məhkəməsinin 13 aprel 2017-ci il tarixli 2(014)- 1432/2017 saylı qərarı ilə İddiaçı İB-nin xeyrinə ödənilməsi qət edilmiş 569.90 manat borcun mərhum oğlu X6 vəfat etməsi ilə bağlı icra sənədi üzrə icraata xitam verilməsi səbəbindən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 03.03.2020-ci il tarixli e-2(014)- 152/2020 saylı qətnaməsi ilə İddiaçı İB-nin iddia ərizəsinin qismən təmin edilməsi, “Cavabdehdən 66 (altmış altı) manat pul və 15 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia təmin edilməsi, İddiaçı İB-nin X12 İstismarı İdarəsi tərəfindən Cavabdeh abonent koduna vurulmuş 569.90 (beş yüz altmış doqquz 90 qəpik) manat borc silinsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qalan 15 manatı İddiaçınə aid edilməsi qərara alınmışdır. Ağdaş Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli e-2(014)-152/2020 saylı qətnaməsi çıxarılarkən iddia tələbinin təmin edilməyən hissədə və qarşılıqlı iddianın təmin edilən hissəsində maddi və prossesual hüquq normaları pozulduğundan qətnamə həmin hissələrdə ləğv edilməli və iddia tələbinin həmin hissədə təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi çıxarılmış qətnamə yalnız cavabdeh tərəfindən etiraf etdiyi hissədə təmin edilmişdir. Lakin iddia tələbi üzrə təqdim edilmiş sübutlara məhkəmə araşdırmamış və hüquqi qiymət verməmişdir. Məhkəmə iddia tələbinin sayğacdan kənar xəttə münasibətdə və onun əsasında hesablanmış 72 manat zərərin təmin etməməsində ümumiyyətlə düzgün yanaşmamış, sayğacdan kənar xətt vasitəsilə qanunsuz qazdan istifadəni sayğaca müdaxilə kimi qiymətləndirirərək Azərbaycan Respublikası NK-nin 80 saylı 2011-ci il qərarının 4.7 və 4.8ci bəndlərini tətdbiq etməklə sonda düzgün hüquqi nəticəyə gəlməmişdir. Çünki iş materiallarından göründüyü kimi iddia tələbinin 72 manata aid hissədə vəziyyət ondan ibarətdir ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 19.06.2019-cu il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində cavabdehin sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19.06.2019cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 28.06.2019-cu il tarixli qərarı ilə 720 m (və ya 72 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Eyni zamanda cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto çəkiliş aparılmışdır. Bundan əlavə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi Ağdaş Rayon Polis Şöbəsinə müraciətlər edilmişdir. CavabdehAğdaş RPŞ-də verdiyi izahatında qeyri qanuni xətt vasitəsilə təbii qazdan istifadə etdiyini etiraf etmişdir. Eyni zamanda Ağdaş RPŞ-nın TQ 27.09.2019-cu il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın surətini Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 3 3 282.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nın İTB-nə göndərmişdir. Daha sonra 05.10.2019-cu il tarixli qərarla Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Birinci instansiya məhkəməsi göründüyü kimi mülki iş üzrə təqdim edilmiş sübutlar üzrə sadə şəkildə araşdırma aparsa idi bu məqam diqqətdən yayınmazdı. Halbuki iş üzrə eyni zamanda foto və video çəkilişlər, inzibati icraatla bağlı sənədlər təqdim edilmişdir. Göründüyü kimi hazırkı mübahisdə məsələ sayğaca müdaxildən yox sayğacdan kənar xətt vasitəsilə qazın oğurluq faktından qaynaqlanmaqdadır. Digər bir məqam birinci instansiya məhkəməsi sayğac gösəricisinə əsasən tələb olunan borc məbləği ilə bağlı qətnaməsini belə əsaslandırmışdır ki, mərhum X4 borc 569.90 manat tələb edildiyindən, həmin icra sənədi üzrə icraata xitam verildiyindən həmin məbləğ daxilində iddiaçının məhkəməyə yenidən müraciət etmək hüququ aradan qalxmışdır. Bununla bağlı bildirirəm ki, iş materiallarından göründüyü kimi icra sənədinə xitam verilməsinə səbəb X6 dünyasını dəyişməsidir. Lakin cavabdehin izahatından da bəlli olduğu kimi həmin ünvanda təbii qaz istifadəçisi təkcə X9 yox, hazırkı cavabdehin və onun ailə üzvləri də olmuşdur. Tərəflər arasında həmin anda yazılı müqavilə olmasa belə tərəf təbii qaz istifadəçisi kimi müqavilə öhdəliklərini qəbul etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfinin verdiyi izahatda da o məhz bu məqamı etiraf etməkdədir. X9 dünyasını dəyişsə belə onun vərəsələri tələb olunan borc üzrə cavabdeh şəxslərdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətində göstərdiyi xüsusatlarla oxşar məzmunda izahat verərək, Ağdaş Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(014)-152/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın tam təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1370/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş Səyyar Asan10 tərəfindən verilmiş 07.05.2018-ci il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Nümayəndə xx.xx.1968-ci il tarixdə Zaqatala rayon, Çardaxlar kəndində anadan olmuş, Zaqatala rayon, Çardaxlar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ağdaş RPŞ-nin tərəfindən verilmiş 27.05.2005-ci il tarixli AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx.xx.1952-ci il tarixdə Bərdə rayon, Xanərəb kəndində anadan olmuş, Ağdaş şəhər, M.İsayev küç 19-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 yanvar 2018-ci il tarixli AZ-İ 918821 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 10.01.2018-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında b19 yanvar 2018-ci il tarixli 29 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X8 tərəfindən verilmiş 26.01.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən məlum olur ki, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 2(014)-1432/2017 saylı 13 aprel 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan 28.10.2016-cı il tarixli **********00020 saylı abonent saldosundan da görünür ki, 563.90 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 72 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmış borcdur. İş materiallarında olan **********00020 saylı abonent saldosundan məlum olur ki, 2016cı il yanvar ayında qalıq və aktlar sütununda 726 AZN, 2017-ci ilin fevral ayında 302.40 AZN, 2019-cu ilin iyul ayında isə 72 AZN borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin 28.06.2019cu il tarixli qərarından məlum olur ki, itirilmiş qazın miqdarı 720 m3 (və ya 72 manat) həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı, 28.06.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktın surətindən məlum olur ki, İddiaçı İBnin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacdan kənar qanunsuz birləşmə aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş 11.09.2019-cu il tarixli 01/**-EC-***6 saylı xəbərdarlıqdan məlum olur ki, Cavabdeh fərdi yaşayış evinə **********00020 saylı qaz hesabınızda qeydə alınan 650.30 manat borcun ödənilməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı X12 İstismar idarəsi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 18 aprel 2018-cu il tarixli ***-**-** saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarına əlavə edilmiş Ağdaş RPŞ-nin rəsisi VMİE polis polkovnik-leytenantı tərəfindən verilmiş 05 oktyabr 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan məlum olur ki, Ağdaş şəhər, M.İsayev küçəsi 2-də yaşayan Cavabdeh qızına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Ağdaş RPŞ-nin TQ-nun təhqiqatçısı Polis kapitanı tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, İddiaçı İB Zaqatala RQİİ-nin Ağdaş RPŞ-nə müraciəti əsasında toplanmış 17.09.2019-cu il tarixli, HK-1-946 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9-cu bəndləri). “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir MM-in 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, mərhum X4 borc 569.90 manat tələb edildiyindən, həmin icra sənədi üzrə icraata xitam verildiyindən həmin məbləğ daxilində iddiaçının məhkəməyə yenidən müraciət etmək hüququ aradan qalxmışdır. Həmçinin abonent koduna qaz sayğacı həyətin çöl divarında kənarda yerləşdiyindən qaz sayğacına hər hansı müdaxiləyə görə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə Cavabdeh hər hansı bir məsuliyyət daşıya bilməz. İkincisi, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı yalnız dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na (Əlavə olunur) əsasən müəyyən edilməsini şiakyətində qeyd etmişdir. Həmçinin şikayətdə göstərilmişdir ki, həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Məhkəm kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi sənəd o vaxt sübut kimi qəbul edilə bilərdi ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Lakin həmin sənəd vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”nı sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(014)-152/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermədiyi üçün birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(014)-152/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(014)-152/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar