Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-916/2025 17.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Baxışova (Cəbrayılova) Oksana İlqar qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc, əsassız varlanma) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı iddiasına görə, cavabdehlər Cavabdeh1 və Baxışova (Cəbrayılova) Oksana İlqar qızı qaytarmaq şərti ilə ondan 18500 manat pul almış və bugünədək qaytarmamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Baxışova (Cəbrayılova) Oksana İlqar qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 18500 manat pul, 1295 manat faiz, 3700 manat əldən çıxmış faydanın və 10000 manat mənəvi ziyan olmaqla, cəmi 33490 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehləri xeyli müddətdir ki, tanıyır. Əvvəl aralarındakı münasibət yaxşı olmuş və cavabdehlər ondan müxtəlif vaxtlarda borc pul almışlar. Bu gedişlə onlara olan inamı artmış və cavabdehlər ondan ev almaq adı ilə 18500 manat borc pul almışlar. Sözügedən məbləği bir neçə ay ərzində qaytarmağı öhdələrinə götürsələr də, həmin məbləği ödəməkdən yayınırlar. Uzun müddətdir ki, cavabdehlər ona olan borcunu ödəmədikləri üçün ziyana düşmüş və bankdan pul götürdüyü üçün faizləri ödəməyə məcbur qalmışdır. Cavabdehlər onun etibarından istifadə edərək 18500 manat pulunu mənimsəmişdir. Bununla əlaqədar X4 müraciət etmiş və məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Cavabdehlərə dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin hərəkətləri nəticəsində xeyli pul itirmiş və faiz tələbi etmişdir. Belə ki, 2024-cü il üçün bank uçot dərəcəsi 7 % təşkil edir, iki ilə görə bu məbləğ 1295 manat təşkil edir. Ona dəymiş ziyanın əvəzi kimi hazırda həmin müddət ərzində pulu özündə saxlayıb banka depozitə qoysaydı və ya öz biznesinə xərcləsəydi həmin pulun ən azı 10-15 % miqdarında xeyir götürərdi. Hər hansı biznes sahəsinə yatırım etsəydi 30 %-dən daha çox xeyir götürərdi. Əldən çıxmış fayda kimi cavabdehlərdən 3700 manat tələb edir. Bundan əlavə cavabdehlərin hərəkətləri nəticəsində ona maddi ziyanla bərabər mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin uzun müddət onu aldatması nəticəsində mənəvi sarsıntı və əsəb keçirmişdir. Onların hərəkətləri nəticəsində xeyli müalicə olmuşdur. Əsəbləri korlanmış və daimi müalicələr almışdır. Cavabdehin qanunsuz əməlləri ilə ona mənəvi ziyan kimi 10000 manat ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində cavabdehler Cavabdeh1 və Cəbrayılova (Baxışova) Oksana İlqar qızına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələri ilə bağlı heç bir üzrlü səbəb bildirməyiblər. Cavabdeh1 iddia tələbinə etiraz verərək, İddiaçı tanımadığını, onunla heç bir əlaqəsinin olmadığını, ondan pul almadığını, digər cavabdeh qızı Cavabdeh2 3 ildir ki, ölkə xaricində olduğunu və onun da İddiaçı fiziki olaraq pul almasının inandırıcı olmadığını qeyd etmiş, İddiaçı tərəfindən ona və qızı Cavabdeh2 qarşı verilmiş “pul tələbinə” dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 izahat verərək bildirmişdir ki, o, İddiaçı uzun müddətdir ki, tanıyır. Belə ki, onun oğlu iddiaçıya məxsus oteldə işləmişdir. Aralarındakı münasibət normal olmuş, ona hər zaman hörmət etmişlər. Cavabdeh1 şəxsən tanımır. Onu Mingəçevir şəhər regional “Asan Xidmət” mərkəzində İddiaçıla birgə olarkən görmüşdür. Belə ki, həmin vaxt Cavabdeh1 İddiaçı maddi dəstəyi ilə Sevilin əvvəl evini satdığı şəxsdən ev alğı-satqısı aparmaq üçün gəlmişdir. Həmin vaxt İddiaçı Gültəkinə 4000 manat ayrı, 57000 manat ayrı verdiyini bildirdi. Həmin alqı-satqının Sərxan adlı şəxslə Gültəkin arasında aparıldığını qeyd etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahat verərək bildirmişdir ki, fərdi olaraq usta fəaliyyəti ilə məşğuldur. İddiaçı uzun müddətdir ki, tanıyır. Aralarındakı münasibət normal olmuşdur. Dəfələrlə ona məxsus evlərdə təmir işləri görmüşdür. Təxminən ötən ilin avqust ayında Mübariz ona zəng edərək evə baxmağa gedəcəyini, onunla birlikdə getməsini istəmişdir. Birlikdə Mingəçevir şəhəri, “Kosmos” adlanan ünvan tərəfə getmişlər. Həmin 2 otaqlı mənzili ona göstərmiş və təmir işləri olduğunu bildirmişdir. Həmin evi Mübarizin aldığını və ya alacağını xatırlamadığını bildirərək, qiymətindən xəbəri olmadığını bildirmişdir. Evin normal vəziyyətdə olduğunu, bəzi işlərinin olmasını Mübarizə demişdir. Gültəkin və Oksana adlı şəxsləri tanımadığını qeyd etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45.70 kv.m. olan mənzil tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh1 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 015QA**********01 saylı Qiymətləndirmə hesabatı və Təhvil-təslim Aktından görünür ki, İddiaçı bazar dəyəri 7835 manat olan qızıl əşyalarını ”Accessbank” QSC-yə girov olaraq qoymuşdur. xx.xx.2024-cü il tarixli KBEK1753886C252 saylı kredit müqaviləsinə Əlavədən görünür ki, İddiaçı ona 24 ay müddətinə illik 24 % dərəcəsi ilə verilmiş 16500 manat məbləğində krediti xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli GTKR5526537B299 saylı kredit müqaviləsinə Əlavədən görünür ki, İddiaçı ona 24 ay müddətinə illik 11,5 % dərəcəsi ilə verilmiş 12440 manat məbləğində krediti xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qətnaməsi (hakim: G.Quliyeva) ilə, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cəbrayılova (Baxışova) Oksana İlqar qızından müştərək qaydada 10665 (on min altı yüz altmış beş) manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında yazılı borc müqaviləsi yoxdur. Tərəflər arasında bir müddət çəkən “Whatsapp” yazışmalarından müəyyən edilir ki, cavabdehlər iddiaçıya 18500 manat pulu verməli olduğunu qəbul etmiş, düzgünlüyünü təsdiq etməklə hər dəfəsində yaxın müddətdə ödəyəcəklərini bildirmişlər. Bununla yanaşı həmin yazışmalarda cavabdehlər iddiaçıya verdikləri qızıl-zinət əşyalarının satılmasına razılıq vermişlər. İddiaçı tərəfindən təqdim olunan qiymətləndirmə hesabatı və təhvil-təslim aktında qeyd olunan qızıl-zinət əşyalarının likvid dəyəri 4888,23 manat, bazar dəyəri 7835 manat olmuşdur. Qeyd olunan əşyaların bazar dəyərini götürməklə borca verilmiş puldan çıxıldıqda (18500-7835=10665) 10665 manat edir. Cavabdehin nümayəndəsi verdiyi etirazda həmin yazışmaların düzgün olmamasını qeyd etsə də, iddia ərizəsi üzrə mülki işə məhkəmədə baxılmasının yeri və vaxtı barədə 3 dəfə, hətta telefon vasitəsi ilə şəxsən məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Bundan başqa tərəflər arasında olan danışıqlarda borcun 2024-cü ilin avqustunda, iddia ərizəsinin isə 2024-cü ilin noyabr ayı nda verildiyi görünür. Borcun 2 aya qaytarılması razılaşdırılmışdır. İddiaçının qeyd olunan borc məbləğinə görə 2 ay üçün 2 illik əldən çıxmış faydanın əvəzini tələb etməsi əsassızdır. Eyni zamanda tərəflər arasında borc müaviləsinə görə faiz almaq razılaşdırılmamışdır. Ona görə də pulun qaytarılması məqamında iddiaçının cavabdehlərdən borca görə faiz tələb etməsi əsassızdır. İddiaçının könüllü olaraq iki ay müddətinə qaytarmaq şərti ilə cavabdehlərə borca pul verməsi və həmin müddətin sonunda borcun qaytarılmaması nəticəsində mənəvi sarsıntı, iztirab keçirməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cəbrayılova (Baxışova) Oksana İlqar qızından müştərək qaydada 10665 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21, 385.1, 425, 427, 442, 443, 739, 740, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 217-ci maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddianın tamamilə rədd edilməsini barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk öncə İddiaçı tanımır. Onunla hər hansı yaxınlıq, dostluq münasibəti, ümumiyyətlə heç bir əlaqəsi olmamışdır. Qeyd edir ki, o İddiaçı bir manat belə olsun pul almamış, nə də onun tərəfindən cavabdehə hər hansı bir məbləğdə pul verilməmişdir. Bundan başqa digər cavabdeh qızı Cavabdeh2 3 (üç) ildən artıq bir müddətdir ki, ölkə xaricindədir. Bu müddət ərzində Azərbaycana gəlməmişdir. Onun da fiziki olaraq İddiaçı pul alması mümkün deyildir. Ümumiyyətlə hansısa alınmış borcdan söhbət gedirsə gərək ya bu borc müqaviləsi ilə ya da başqa bir sövdələşməilə rəsmiləşəydi. Əgər hansısa borc və ya öhdəlik müqaviləsi yoxdursa o zaman bu cür iddia əsassız ərizələri ilə məhkəməyə müraciət edib məhkəmələrin iş yükünü artırır bu da hüquqi baxımdan doğru deyildir. Qızı Cavabdeh2 iddiaçıda səs yazısının olması da tamamilə absurddur. Əgər hansısa səs yazısı belə varsa da həmin səs yazıları nə mənə, nə də qızım Cavabdeh2 məxsusdur. Həmçinin vatsap yazışmalarının da onlara aid olmadığını və istənilən şəxsin onların adından yazdığını bildirərək qəbul etmədiyini bildirir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlərə etibar etdiyindən yazılı müqavilə bağlamamışdır. Borcu avqust ayında vermişdir. Səs yazıları cavabdehlərə məxsusdur. Bu hal aşkar edilməsin deyə heç bir məhkəmə iclasına gəlmirlər. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Baxışova (Cəbrayılova) Oksana İlqar qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 18500 manat pul, 1295 manat faiz, 3700 manat əldən çıxmış faydanın və 10000 manat mənəvi ziyan olmaqla, cəmi 33490 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirir. Ümumiyyətlə apellyator iddianın rədd edilməsini tələb edirlər. Məhkəmə kollegiyası ilkin olaraq apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslıdır. Belə ki, apellyator şikayətində məhkəmənin hazırki mübahisəyə borc münasibəti kimi yanaşmasının düzgün olmamasını bildirmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçının borc verdiyini iddia etdiyi məbləğ üç min manatdan çoxdur. Qanunvericiliyin tələbinə görə, borcun məbləği üç min manatdan çoxdursa (hazırki işdə məhz belədir) müqavilə yazılı formada bağlanılmalıdır. Hazırki işdən isə görünür ki, tərəflər arasında yazılı borc müqaviləsi yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həm qanunvericiliyin, həmdə formalaşmış məhkəmə təcrübəsinə əsasən hazırki münasibətlərə borc yox, əsassız varlanma ilə bağlı normalar tətbiq edilməli idi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 cavabdehlik daşımaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Kollegiya ilkin olaraq qeyd edir ki, tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbinə təqdim edilmiş sübutlar və tərəflərin izahatları əsasında qiymət verilməlidir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı Cavabdeh1 tanımır, cavabdeh ondan pul almamışdır və heç bir səs yazısı yoxdur. Məhkəmə kollegiyası ilkin olaraq birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrinə qiymət verərək qeyd edir ki, həmin ifadələrin heç birindən iddiaçı tərəfindən cavabdehlərə pul verilməsi görünmür. Buna baxmayaraq cavabdehlərin iddiaçıdan pul almaları işə əlavə edilmiş səs yazıları ilə öz təsdqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 1 nömrəli yaddaş kartında (flaş kartda) olan birinci səs yazısından görünür ki, həmin danışıqlar İddiaçı ilə Cavabdeh1 arasında keçmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində heç bir səsyazısının olmadığını qeyd etsədə, səsyazısının yoxlanılması və dinlənilməsi üçün üç dəfə birinci instansiya məhkəməsinə çağırılsada məhkəmə iclasına getməmişdir. Bundan başqa, cavabdehlər hazırki məhkəmə iclasına çağırılsa da məhkəmə iclasına gəlməmişlər. Hətta məhkəmə kollegiyası tərəflərə məktub ünvanlayaraq şəxsən iştirak etmələrini tələb etmiş, buna baxmayaraq onlar gəlməmişlər. Kollegiya daha sonra qeyd edir ki, tərəflərin məhkəmə iclaslarına gəlməmək və vəkillə təmsil edilmək hüququ olsada, hazırki halda cavabdehlərin iştirakını lüzumlu edən hallar vardır. Lakin buna baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Belə olan halda kollegiya səs yazılarının cavabdehlərə məxsus olmamasını inandırıcı hesab etmir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, 1 nömrəli yaddaş kartında (flaş kartda) olan birinci səs yazısında Cavabdeh1 iddiaçının sualına cavab olaraq “.....iddiaçıya 42500 manat yox, 43000 manat pul verdiyini bildirir. İddiaçı isə cavabında 500 manatı geri qaytardığını bildirir” (00:24 saniyə). Bu hal iddiaçının qeyd etdiklərini təsdiq mahiyyətində olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlərin ona 42500 manat pul verdiyini qalan məbləği isə (18500 manatını) özü qoyduğunu bildirmişdir. Bundan başqa, həmin səs yazısında Cavabdeh1 iddiaçıya xitabən bildirmişdir ki, “.....mənim də sizdə qızıllarım var. İddiaçı isə cavab olaraq bildirmişdir ki, bəli danmıram qızıllar var, şəkilləridə var” (1:00 dəq.). Göründüyü kimi, Cavabdeh1 iddiaçıya 42500 manat ev almaq üçün pul verməsi və borca görə qızıllar verməsi səs yazıları ilə tamamilə təsdiq edilir. Bundan başqa, həmin səs yazısında Cavabdeh1 iddiaçıya xitabən bildirmişdir ki, “.....öz pulum ilə daha ucuz ev götürməyimə sən (iddiaçı) razı olmadın. Əgər elə olsaydı borcum xərcimdə olmazdı. İddiaçı isə cavab olaraq bildirmişdir ki, o ev təmirsizdi deyə razılıq verməmişdir” (2:10 dəq.). Bundan başqa, həmin səs yazısında Cavabdeh1 iddiaçıya xitabən bildirmişdir ki, “.....sənin məndə pulun olmayıb, mənim səndə qızıllarım və pulum olmuşdur” (5:30 dəq). Göründüyü kimi, Cavabdeh1 apellyasiya şikayətində puldan, qızıllardan məlumatsız olduğunu bildirsədə bu hal öz təsdiqini tapmamış, əksinə iş materialları ilə cavabdehin bütün hadisələrdə məlumatlı olması müəyyən edilmişdir. Beləliklə 1 nömrəli yaddaş kartında (flaş kartda) olan birinci səs yazısında 42500 manat ev almaq və borca görə qızılların məhz Cavabdeh1 tərəfindən iddiaçıya verilməsi öz təsdiqini tapmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş 2 nömrəli yaddaş kartında (flaş kartda) olan səs yazısından görünür ki, “.....cavabdeh Baxışova (Cəbrayılova) Oksana İlqar qızı iddiaçıdan 18500 manat pul alındığını etiraf edir (4:50 dəq.). Kollegiya qızılların kimə məxsus olması ilə bağlı bildirir ki, ümumiyyətlə cavabdeh tərəf qızılların kimə məxsus olmasını mübahisələndirməmişdir. Lakin, iş materiallarına əlavə edilmiş 1 nömrəli yaddaş kartında (flaş kartda) olan 2-ci səs yazısında cavabdeh Baxışova (Cəbrayılova) Oksana İlqar qızı pulun (42500 manat) və qızılların özünə məxsus olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 1 nömrəli yaddaş kartında (flaş kartda) olan 1-ci səs yazısında isə Cavabdeh1 qızılların özünə məxsus olduğunu bildirmişdir (1:00 dəq.). Bundan başqa, Cavabdeh1 42500 manat pulu atasına məxsus olan evi sataraq, ərinin göndərdiyi puldan yığaraq və uşağının sosial müavinət pulunu yığaraq toparladığını bildirmişdir. Göründüyü kimi, cavabdehdlər ana və qızıdır. Bundan başqa, səs yazılarında hər iki cavabdeh qızılların özlərinə məxsus olduğunu bildirsələrdə bununla bağlı (yəni konkret olaraq hansı cavabdehə) məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Belə olan halda kollegiya hesab edir ki, qızıllar cavabdehlərin hər ikisinə məxsus olmuş özlərinə ev almaq məqsədilə banka qoyulmaq üçün iddiaçıya verilmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 iddiaçını tanımaması ilə bağlı isə qeyd edir ki, 1 nömrəli yaddaş kartında (flaş kartda) olan birinci səs yazısında Cavabdeh1 iddiaçıya “Mübariz müəllim” deyə müraciət edir, eyni zamanda danışıqdan tərəflərin bir-birini uzun müddət tanıdığı müəyyən edilir. Göründüyü kimi, cavabdeh iddiaçını tanımadığını bildirsədə iş materiallarından bunun əksi olduğu müəyyən edilir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45.70 kv.m. olan mənzil tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası bir məqamıda qeyd edir ki, 2 nömrəli yaddaş kartında (flaş kartda) olan səs yazısında cavabdeh Baxışova (Cəbrayılova) Oksana İlqar qızı iddiaçıya bildirir ki, “....sən olmasan biz ev ala bilməzdik”. Həmçinin, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh Baxışova (Cəbrayılova) Oksana İlqar qızının adına hər hansı daşınmaz əmlak mövud deyildir. Buda bir daha onu təsdiq edir ki, pul məhz Cavabdeh1 adına mənzil alınması üçün götürülmüşdür. Kollegiya daha sonra qeyd edir ki, məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər. Kollegiya qeyd edir ki, bir şəxsin başqasının hesabına əsassız varlanması nəticəsinə gəlmək üçün kifayət deyil. Bunun üçün hüquqi dəyərləndirmə yuxarıda qeyd olunduğu kimi, normanın şərtlərinə uyğun şəkildə aparılmalıdır. Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yəni, əsassız varlanma müəyyən bir şəxsə məxsus olan əmlakın və ya pulun başqa şəxs tərəfindən lazımi əsas (hüquqi əsas) olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Əsassız varlanma qanundan əmələ gələn öhdəlikdir və onun əsas funksiyası öz əmlakından əsassız olaraq məhrum edilən şəxsin mülkiyyət hüququnu qorumaqdır. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehlər ev almış, həmin evin pulunun bir qismi iddiaçıdan alınmış pul hesabına ödənmişdir və nəticədə iddiaçının hesabına varlanmışlar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin vatsap yazışmalarının Cavabdeh1 və Baxışova (Cəbrayılova) Oksana İlqar qızına məxsus olmaması, vatsap yazışmalarının istənilən şəxsin adından yazılmış olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı mobil telefonda olan nömrələr siyahısında (kontaktlarda) istənilən tanışının nömrəsini cavabdehlərin adı ilə qeyd edə və mesajlaşa bilər. Belə olan halda yazışmanın guya cavabdehlər tərəfindən edildiyi görünəcəkdir. Məhkəmə kollegiyası apellyatorun şikayətində qeyd etdiyi həmin ehtimalın olabilməsi ilə razılaşır. Lakin, hazırki işdən görünür ki, iddiaçı tərəf məhkəməyə sübut kimi yazışma yox, ancaq səsyazıları təqdim etmişdir. Həmin səsyazılarının məğzindən açıqaydın görünür ki, səsyazısında olan tərəflər işdən tamamilə məlumatlı şəxslərdir. Əgər səs yazısının tərəfləri elə iş üzrə tərəflər olmasa idi, səsyazısı axıcı olmazdır. Məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş səs yazılarında isə tərəflərin işin hallarından kifayət qədər məlumatlı olması aydın olur. Kollegiya xüsusilə qeyd edir ki, cavabdeh tərəf səsyazılarının olmadığını və onlara məxsus olmadığını bildirsə də, nə birinci instansiya məhkəməsinə nədəki apellyasiya məhkəməsində baxış iclaslarına gəlməmişlər (hətta xüsusilə dəvət edilmələrinə baxmayaraq). Bu halda məhkəmədə daxili inam yaranmışdır ki, cavabdeh tərəf səsyazılarını mübahisələndirmələri üçün məhkəmə iclaslarından yayınmışlar. Məhkəmə kollegiyası səsyazılarının qəbuledilənlik məsələsinədə münasibət bildirərək qeyd edir ki, həmin səsyazıları birinci instansiya məhkəməsində təqdim edilmiş və həqiqətin və işin faktiki hallarının müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddiaçı gələcəkdə öz hüquqlarının pozulduğunu sübut etmək və onların bərpasını təmin etmək məqsədilə səsyazısı aparmışdır. Bundan başqa, səsyazısının qeydə alındığı şəraitdə tərəflərin aralarında olan mübahisədən kənar şəxsi və ailə həyatı sirrinə dair hər hansı məlumatlar əks olunmamışdır. Nəhayət kollegiya nəzərə alır ki, tərəfin təqdim etdiyi səsyazısı hazırkı mübahisə üzrə həqiqətin müəyyən olumasını təmin etməyin yeganə vasitəsi kimi çıxış edir və məhkəmə tərəfindən həmin sübutun qəbul edilməməsi məhkəmə icraatının Konstitusiya ilə müəyyən edilmiş məqsədlərinə riayət etməmək kimi qiymətləndirilə bilər. Belə ki, Konstitusiyanın 125-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Odur ki, həqiqətin müəyyən edilməsini prinsipinin tələbləri baxımından baxılan iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş səsyazısını qəbuledilən hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Baxışova (Cəbrayılova) Oksana İlqar qızının üç ildir ölkə xaricində olması və iddiaçıdan borc almaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, doğrudan da cavabdehlərdən Baxışova (Cəbrayılova) Oksana İlqar qızı xx.xx.2023-cü il tarixdə ölkədən çıxmış 2025-ci ilin avqust ayına qədər (sorğulanan tarixədək) geri qayıtmamışdır. Kollegiya daha sonra qeyd edir ki, Baxışova (Cəbrayılova) Oksana İlqar qızının ölkədə olmaması onun iddiaçıdan pul almadığını sübuta yetirmir. Belə ki, işə əlavə edilmiş 2 nömrəli yaddaş kartında (flaş kartda) olan səs yazısında cavabdeh Baxışova (Cəbrayılova) Oksana İlqar qızı iddiaçıya bildirir ki, “.....ondan 18500 manat pul almışdır”. Bundan başqa, iş materiallarına əlavə edilmiş 1 nömrəli yaddaş kartında (flaş kartda) olan 2-ci səs yazısında da, cavabdeh Baxışova (Cəbrayılova) Oksana İlqar qızı “.....qızılların və pulun iddiaçıya verildiyini” etiraf etmişdir. Bundan başqa, iş materialları ilə banka qoymaq üçün qızılları və yarımçıq 42500 manat pulun iddiaçıya digər Cavabdeh1 tərəfindən verilməsi öz təsdiqini tapmışdır. Belə olan halda kollegiya bildirir ki, cavabdeh Baxışova (Cəbrayılova) Oksana İlqar qızı ölkədə olmasada iddiaçı ilə danışıqlar aparmış və digər cavabdeh olan anasi ilə birlikdə iddiaçıdan pul almışdır. Yəni, Baxışova (Cəbrayılova) Oksana İlqar qızı pulu iddiaçıdan şəxsən almasada, işdən onun anası ilə birlikdə hərəkət etdiyi müəyyən edilir. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, apellyator qətnamə ilə tutulan məbləği ümumiyyətlə mübahisələndirməmiş, sadəcə iddiaçıdan heç bir pul almadıqlarını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Baxışova (Cəbrayılova) Oksana İlqar qızından müştərək qaydada 10665 (on min altı yüz altmış beş) manat məbləğində pulu tutaraq İddiaçı verməkdə haqlı olmuşdur. Kollegiya bir məqamıda qeyd edir ki, hazırda yalnız iddiaçı yox, cavabdeh tərindən verilmiş apellyasiya şikayətində baxılmaqdadır, odur ki, kollegiya tələbin təmin edilməyən hissəsinə münasibət bildirmir. Məhkəmə kollegiyası son olaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normaları düzgün tətbiq etmədiyindən qətnamə tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalıdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulan dövlət rüsumuna münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi 61 manat ödənilməmiş rüsumu tutmaqda haqlı olmamışdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, tutulan məbləğ iddianın təmin edilmiş hissəsinə uyğun gəlmir. Belə ki, iş üzrə qəbul edilmiş qətnamə ilə iddia qismən təmin edildiyindən (10665 manata münasibətdə) 122 manat dövlət rüsumu tutulmalı idi. Lakin, hazırda iddiaçı tərəfin şikayəti olmadığından, cavabdeh tərəfin apellyasiya şikayətində həmin hal mübahisələndirilmədiyin, apellyasiya baxışının predmeti baxımından kollegiya rüsumu artırmır. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(051)-225/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Baxışova (Cəbrayılova) Oksana İlqar qızından müştərək qaydada 10665 (on min altı yüz altmış beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi 61 manat cavabdehlər Cavabdeh1 və Baxışova (Cəbrayılova) Oksana İlqar qızından tutulub dövlət büdcəsinə keçirilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.