Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-917/2022 02.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair (Açar sözlər: avtomobilə dəymiş ziyan- pul tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X2 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(014)-1526/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. "xxxx" ASC tərəfindən verilmiş 17 may 2021-ci il tarixli, RXA 86791 saylı sığorta aktının surətindən görünür ki, İddiaçı AZ68HAJC**********00018887 nömrəli hesabına 3188,78 manat sığorta ödənişi köçürülmüşdür.
2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1024 saylı qiymətləndirmə aktının surətindən görünür ki, “Nissan X-Trail” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ehtiyyat hissələri 7950 manat dəyərində qiymətləndirilmişdir.
3. Gəncə 1 saylı “Avtokomission” mağazası tərəfindən verilmiş 1119 saylı rəyin surətindən görünür ki, “Nissan X-Trail” markalı avtomobilin ehtiyat hissələri ilə təmiri üçün 11600 manat pul hesablanmışdır. İşin materiallarında olan 42 ədəd fotoşəkillərdən görünür ki, “Nissan X-Trail” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir.
4. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh barəsində olan material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX alayına göndərilmişdir.
5. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(039)- 430/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2021-ci il tarixli, 9/6996 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Gəncəl saylı Avtokomission’’ mağazasının xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “Nissan X-Trail” markalı, ** FP *** nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9800 manat müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh 06 aprel 2021-ci il tarixdə, saat 10:45 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Yevlax rayon Qaraoğlan kəndi ərazisindən keçən 273-cü kilometrliyində idarə etdiyi “Opel-Astra” minik markalı, **- GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşısı ilə hərəkətdə olan X4 idarə etdiyi “VAZ 21074” minik markalı, **- KO-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “VAZ 21074” markalı avtomobil əks istiqamətə çıxaraq, mülkiyyətində olan və idarə etdiyi “Nissan X-Trail” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə o, aldığı xəsarətlərlə bağlı Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Maşınına isə cəmi 11600 (on bir min altı yüz) manat ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ilkin qiymətləndirmə aktında öz əksini tapmışdır. Bundan sonra yol nəqliyyat hadisəsi ilə əlaqədar istintaq bölməsində araşdırma aparılmış, Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNH dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X5 tərəfindən 22 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Cavabdeh əməlində İXM-in 332.4-cü maddəsinin tərkibi olduğundan, onun barəsində inzibati işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilərək aidiyyəti üzrə göndərilmişdir. Avtomobilinə vurulmuş 11600 manat məbləğində zərərə görə sığorta şirkəti tərəfindən ona 3188,74 manat ödənilmişdir. Cavabdeh vurulmuş maddi ziyanın tam ödənilməsini tələb etməyinə baxmayaraq, o, həmin maddi ziyanı tam ödəməkdən imtina etmişdir. Bu səbəbdən də məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur.
9. Ağdaş Rayon Məhkəməsinin (hakim C.Sultanov) 14 dekabr 2021-ci il tarixli, 2(014)-1526/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 6611,26 (altı min altı yüz on bir manat iyirmi altı qəpik) manat məbləğində dəymiş ziyanın əvəzi, ilkin qiymətləndirmə aktına görə ödənilmiş 35 (otuz beş) manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.
10. Ağdaş Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(014)-1526/2021 saylı əlavə qətnaməsi ilə iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 06 aprel 2021-ci il tarixdə “VAZ 21074” markalı avtomobil əks istiqamətə çıxaraq, “Nissan X-Trail” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 3(039)-430/2021 saylı qərarı ilə həmin hadisə üzrə Cavabdeh təqsirli bilinmiş, zərərin 3188,78 manatı "xxxx" ASC tərəfindən İddiaçı hesabına ödənilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2021-ci il tarixli, 9/6996 saylı rəyinə əsasən 2001-ci il buraxılışlı “Nissan X-Trail” markalı, ** FP *** nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9800 manat təşkil etmişdir. Hazırda İddiaçı Cavabdeh onun xeyrinə 8412 (səkkiz min dörd yüz on iki) manat məbləğində pul, 30 manat dövlət rüsumu və ilkin qiymətləndirmə aktına görə ödənilmiş 35 (otuz beş) manat pulun tutulmasını xahiş etmişdir.
12. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 6611,26 (altı min altı yüz on bir manat iyirmi altı qəpik) manat məbləğində dəymiş ziyanın əvəzi, ilkin qiymətləndirmə aktına görə ödənilmiş 35 (otuz beş) manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1 və 1108.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81 və 89.3-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya dəymiş maddi ziyanlıq sığorta şirkəti tərəfindən ödənilmişdir. Buna baxmayaraq, iddiaçı əsassız olaraq ona qarşı aidiyyatı olmayan əlavə olaraq 8412 manat maddi ziyanlıq tələb etmişdir. Avtoqəza zamanı tərəfə dəymiş maddi ziyanlıqlar sığorta şirkətləri tərəfindən ödənilir. Onun idarə etdiyi avtomobilin də sığorta şirkətinin mütəxəssisləri tərəfindən iddiaçının avtomobilinə dəymiş maddi ziyanlıq hərtərəfli hesablanmış, iddiaçıya dəymiş ziyanlıq da sığorta şirkəti tərəfindən qarşılanmışdır. Mülki iş matrialları ilə iddiaçıya vurulan maddi ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi sübut olunsa da məhkəmə iddia tələbini təmin etməklə düzgün qərar verməmişdir. Hazırki iş üzrə qətnamə həqiqi hallara əsaslanmamışdır. Qeyd etdiyi kimi, iddiaçı məhkəməyə əsaslı bir sübut təqdim etməmiş, məhkəmə isə iddiaçıya dəymiş ziyanla bağlı ödənilmiş məbləği nəzərə almamışdır. MPM-ni 77.1- ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. İstinad etdiyi sübutlar qəbul edilmədiyi halda, onun sübut etmə imkanı məhkəmə tərəfindən məhdudlaşdırılmışdır. Bu əsasla da məhkəmə iddianı təmin etməklə haqlı olmamışdır. Bu hal MPM-nin 387-ci maddəsinə əsasən düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələndiyi üçün prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilir. Beləliklə də məhkəmə maddi prosessual hüquq normalrının pozuntusu ilə nəticələnən qətnamə qəbul etmişdir. Qəbul edilən qətnamə qeyd olunan səbəblərdən tam şəkildə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 2(014)- 1526/2021 saylı qətnaməsinin ləğv edilərək iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, baş vermiş hadisədə onun günahı yoxdur. İkincisi, hadisə nəticəsində dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənildiyi halda, nəyə görə ondan pul tələb olunur. Bundan əlavə hesab edir ki, ekspertiza tərəfindən dəymiş ziyan düzgün hesablanmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Kollegiya Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
20. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun:
36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(014)-1526/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(014)-1526/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(014)-1526/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
26. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
27. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
29. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
30. Baxılan işdə cavabdehin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, təqsirli şəkildə hüquqa zidd əməl törətməsi və bunun nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurması, iddiaçının əməli ilə cavabdehin düşdüyü zərər arasında uyğun səbəbli əlaqə işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ilə təsdiq olunur.
31. Birinci instansiyası məhkəməsi iddianı qismən təmin edərkən Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, 06 aprel 2021-ci il tarixdə “VAZ 21074” markalı avtomobil əks istiqamətə çıxaraq, “Nissan X-Trail” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 3(039)-430/2021 saylı qərarı ilə həmin hadisə üzrə Cavabdeh təqsirli bilinmiş, zərərin 3188,78 manatı "xxxx" ASC tərəfindən İddiaçı hesabına ödənilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2021-ci il tarixli, 9/6996 saylı rəyinə əsasən 2001-ci il buraxılışlı “Nissan X-Trail” markalı, ** FP *** nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9800 manat təşkil etmişdir.
32. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmiş və haqlı olaraq qüsur aktına və ekspert rəyinə əsaslanaraq cavabdehdən iddiaçının xeyrinə “Nissan X- Trail” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 6611,26 manat məbləğində pul vəsaiti tutmuşdur.
33. Kollegiyanın qənaətinə görə apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.
34. Cavabdeh apellyasiya şikayətində dəymiş ziyanın məbləğinin sığorta şirkəti tərəfindən tam qarşılandığını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, etirazını yalnız formal mülahizə ilə əsaslandırmağa çalışmışdır. Kollegiya qeyd edir ki, apellyator ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə dair hər hansı ciddi dəlillər göstərməmişdir.
35. Kollegiya cavabdeh tərəfin bu dəlilinə, yəni ekspert rəyi ilə razılaşmamasına münasibət bildirərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
36. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
37. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(014)-1526/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov