Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-917/2025 28.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki ş üzrə (Açar sözlər: pul tələbi, müqavilə öhdəliyi, əsassız varlanma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-556/2025 nömrəli qətnaməsindən Cavabdeh (nümayəndəsi Nümayəndə) tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Nümayəndə və Cavabdeh 22.576 (iyirmi iki min beş yüz yetmiş altı) manat borcu və ödənilmiş 142 (yüz qırx iki) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh və Nümayəndə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, iddia tələbinin cavabdeh kimi göstərdiyi Nümayəndə aidiyyəti olmadığını və məhkəmədən Cavabdeh 22.576 manat borcun və ödənilmiş 142 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh ilə müxtəlif vaxtlarda maşın və buğda alqısatqısı edərək iş birliyi qurmuşlar. Sonradan Cavabdeh ona ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğdə borcu yaranmışdır. Yaranmış borc məbləğinə görə Cavabdeh ilə arasında mübahisələri olmuşdur. Göycay rayon polis şöbəsinə Cavabdeh və borc məsələsinə qarışan dostları barəsində təsirli tədbirlərin görülməsini və Cavabdeh tərəfindən ona ödənilməmiş borcun qaytarılması barədə ərizə ilə müraciət etmiş, təhqiqat araşdırması aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən izahatlar alınmış, alınmış izahatlardan məlum olmuşdur ki, alqısatqı nəticəsində Cavabdeh ona ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğdə borcu mövcuddur və həmin borcdan yalnız 2450 manat geri qaytarılmışdır. Göyçay rayon polis şöbəsində aparılan tətqiqat zamanı Cavabdeh anası cavabdeh Nümayəndə oğlu tərəfindən ödənilməmiş qalan 22.576 (iyirmi iki min beş yüz yetmiş altı) manat pulu ayda 1000 (bir min) manat olmaqla hər ayın 30-dək ona hissə-hissə geri ödəyəcəyi barədə yazılı iltizam-qəbz verərək razılığa gəlmişlər. Lakin ötən dövür ərzində cavabdehlərdən ödənilməmiş qalan 22.576 (iyirmi iki min beş yüz yermiş altı) manat pulu ödənilməsini onlardan tələb etsə də cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək ondan uzaqlaşmış, aparılmış söhbətdə cavabdehlər müxtəlif bəhanələr gətirərək onu aldatmış, pulu olan kimi borcu qaytaracaqlarını bildirsələr də, pulu qaytarmaqdan və borcu ödəməkdən qəsdən yayınmışlar. Axır vaxtlar isə etdiyi zənglərinə cavab verməmişlər. Bu səbəbdən etdiyi söhbətlərin heç bir nəticəsi olmamış, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, sözügedən borcun avtomobillərin nisyəalqısından əmələ gəldiyini bildirmiş və iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, İddiaçı bir il bundan qabaq 3000-4000 manat dəyərində olan avtomobili oğluna 16000 manata satmışdır. Cavabdeh bir neçə nəfər şəxsə borcu vardır. O bilmir ki, hansı borcu qaytarsın. Daha sonra oğlu Hidayət İddiaçı 7500 manat dəyərində buğda götürmüşdür ki, icarəyə obyekt götürüb orada satacaqdır. Lakin İddiaçı həmin sözügedən malın pulun təcili olaraq qaytarılmasını tələb etmiş, oğlu aldığı malı Bərdə rayon sakininə 6500 manata satıb İddiaçı olan borcunu qaytarmaq istəmişdir. İddiaçı oğlundan tələb etdiyi pulun hamısı faizə verilən puludur. Bu səbəbdən də məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Göyçay Rayon Məhkəməsinin (hakim Gülnaz Qurbanova) xx.xx.2025-ci il tarixli, e- 2(046)-556/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 22.576 (iyirmi iki min beş yüz yetmiş altı) manat pul tutularaq İddiaçı ödənilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 142 (yüz qırx iki) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, İddiaçı müraciəti əsasında Göycay rayon polis şöbəsində Cavabdeh izahatı alınmış, həmin izahatda o, İddiaçı avtomobillər aldığını və ona 23750 manat məbləğində borcu olduğunu etiraf etmişdir.
8. Məhkəmə həmçinin müəyyən etmişdir ki tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki qanunvericiliyə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İşin faktiki hallarından, tərəflərin əqdin icrasına yönəlmiş hərəkətlərindən görünür ki, iddiaçı hissə-hissə ödəmək şərti ilə avtomobilləri alıcının (Cavabdeh) mülkiyyətinə vermiş, alıcı isə aldığı əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh aldığı əşyanın dəyərinin bir qismini ödəməsi də onun əqdi bağlamaq iradəsinin ifadəsidir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə qeyd etmişdir ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası MM-nin 600.4-cü maddəsi təşkil edir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmışdır.
11. Məhkəmə qeyd edir ki, Cavabdeh nümayəndəsi Nümayəndə borcun olduğunu etiraf etməsə də, tərəflər arasında müxtəlif vaxtlarda şifahi nisyə alqı-satqı müqavilələrin bağlanması və həmin müqavilələr əsasında alınmış əmlakın əvəzində ümimilikdə 25000 manat məbləğində pulun Cavabdeh tərəfindən razılaşdırılmış müddət ərzində qaytarılmadığı sonuncunun Göyçay Rayon Polis Şöbəsinə verdiyi etirafedici izahatından müəyyən olunmuşdur.
12. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh şifahi nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən İddiaçı iddia tələbi təmin edilməlidir.
13. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 22.576 (iyirmi iki min beş yüz yetmiş altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 142 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 567, 600.1, 427, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.3, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan Cavabdeh (nümayəndəsi Nümayəndə) apellyasiya şikayəti vermişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini tamamilə qəbul etmir. İlk öncə onu qeyd edir ki, iddia tələbi aşağıda qeyd etdiyi əsaslarla tamamilə əsassızdır. Belə ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Belə ki, iddiaçının tələb etdiyi pullar faizlə şişirdilmiş pullardır. Necə ola bilər ki, iddiaçı cavabdehə 22576 manat borc verir lakin buna dair cavabdehlə yazılı formada notariat qaydada təsdiqlənmiş müqavilə bağlamır.
17. Göründüyü kimi qanunverici Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsinin yazılı formada bağlanmasını imperativ norma kimi müəyyən etmişdir. Ancaq iddiaçı cavabdehlə hər hansı bir borc müqaviləsi bağlaması barədə məhkəməyə hər hansı bir sübut növü təqdim etməmişdir. İddiaçı yalnız məhkəməyə cavabdehin arvadının yazdığı və borcun məbləği qeyd edilməyən yazı, iddiaçının anasının yazdığı yazı və qanunsuz təyziq altında yazılmış Göyçay rayon PŞ-də verilmiş izahatlar əlavə edilmişdir. Bir daha bildirir ki, həmin borc məbləği tamamilə əsassızdır. Və həmin məbləğin heç bir hüquqi əsası yoxdur.
18. Bundan başqa məhkəmə işə alqı-satqı kimi hüquqi qitmət versə də, əslində onların arasında alqı-satqıdan söhbət belə gedə bilməz. Hesab edir ki, məhkəmə mübahisəni alqısatqıya yönəltməklə iddianın təmini üçün əlindən gələni edib. Halbuki, iddiaçının iddia tələbində istinad etdiyi hüquqi normalar da borc müqviləsi ilə bağlı olmaqla əsaslandırılmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.
19. Hesab edir ki, iddia tələbi qanunvericiliklə də tam ziddiyyət təşkil edir və tam əsassılıdır. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı ilə Cavabdeh arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlandığını, həmin müqavilənin bağlanma sübututnun İddiaçı müraciəti əsasında Göycay rayon polis şöbəsində Cavabdeh izahatı alınmış, həmin izahatda o, İddiaçı avtomobillər aldığını və ona 23750 manat məbləğində borcu olduğunu etiraf etməsi hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan RespublikasıMM-nin 600.4-cü maddəsi təşkil etməsi qeyd etsələr də bu tamamilə əsaszıdır. Təsir və təhdid altında alınan izahat necə ola bilər ki, alqı-satqı müqaviləsinin mövcudluğunu göstərsin və ya tərəf olmayan şəxsin hər hansı bir məbləğ qeyd etmədən ərizə yazması tam əsasızdır. Həmçinin Göyçay Rayon Məhkəməsi qətnaməni əsaslandırıb ki, mülki qanunvericilikdə alqı-satqı müqaviləsinin bağlanması üçün forma tələbi müəyyən edilməmişdir. Halbuki, mülki qanunvericilikdə açıqaşkar bütün müqavilələrin forması və məzmunu göstərilmişdir. Bundan başqa məhkəmə əsaslandırmışdır ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Mülk qanunvericiliyə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İşin faktiki hallarından, tərəflərin əqdin icrasına yönəlmiş hərəkətlərindən görünür ki, iddiaçı hissə-hissə ödəmək şərti ilə avtomobilləri alıcının (Cavabdeh) mülkiyyətinə vermiş, alıcı isə aldığı əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh aldığı əşyanın dəyərinin bir qismini ödəməsi də onun əqdi bağlamaq iradəsinin ifadəsidir. Necə ola bilər ki, qeyri müəyən əşyalardan söbət getsin. İddiaçının özündə canlandırdığı xəyalları məhkəmə davam etdirərək. Qətnamədə avtomobillər qeyd edir. Hansı avtomobillərdir bunlar. Qətnamədə olmayan xəyallar üzərində qurulmuş alqı-satqıdan söhbət gedir.
20. Müvafiq qanunvericilikdə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalı olduğu halda onların arasında belə bir müqavilə mövcud deyildir. Halbuki, borcalanın borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur.
21. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Halbuki, onların aralarında bu qeyd edilənlərin heç biri baş tutmamışdır. İddiaçı yalnız məhkəməyə cavabdehin arvadının yazdığı və borcun məbləği qeyd edilməyən yazı, iddiaçının anasının yazdığı yazı və qanunsuz təyziq altında yazılmış Göyçay rayon PŞ-də verilmiş izahatlar əlavə edilmişdir.
22. Məhkəmə təqdim edilmiş sübutlara obyektiv və hərtərəfli qiymət verməmişdir. Necə ola bilər ki, saxta və təhdid altınd toplanmış sübutlar və mövcud olmayan alqı-satqı üzrə qətnamə qəbul edilir.
23. İş materiallarına əlavə edilmiş sübutlar iddianın təmin edilməsi üçün əsas ola bilməz.
24. Azərbaycan Respublikası MPM tələblərindəndə göründüyü kimi iddiaçı tərəfin təqdim etdiyi sübutlar cavabdehin iradəsindən asılı olayaraq toplanmış və heç bir hüquqi əsası olmayan sübutlardır. Lakin məhkəmə həmin saxta sübutlara özünə uyğun formada qiymət verməklə bəzəyərək iddianı təmin etmişdir.
25. Məhkəmə tərəfindən düzgün araşdırma aprılmamış, cavabdehin iradəsində asılı olmayan sübutlara hüquqi qiymət vermiş, eyni zamanda qətnamə tərtib edilən zaman bu saxtakarlıqları bəzəməyə çalışmışdır. Buna görə də iddiaçının təqdim etdiyi saxta sübutlara düzgün qiymət verməyərək yanlış qətnamə qəbul edilmişdir.
26. Onun sübutları yoxdur. Lakin hesab edir ki, iddiaçının təqdim etdiyi sübutları saxta və qanuna müvafiq əldə edilmədiyindən sübut hesab edilə bilməz.
27. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-556/2025 nömrəli qətnaməsi ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmənin kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında tərəflər arasındakı mübahisənin yalnız iddiaçının cavabdehə şifahi qaydada avtomaşınların və buğdanın satışı üzrə münasibətlərindən yarandığını, lakin Cavabdeh tərəfindən həmin alqı-satqı münasibətləri üzrə İddiaçı olan borcun tam ödənildiyini göstərmişdir.
30. Məhkəmənin kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-556/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında cavabdehlə aralarındakı mübahisənin yalnız onun cavabdehə şifahi qaydada avtomaşınların və buğdanın satışı üzrə münasibətlərindən yarandığını, Cavabdeh tərəfindən cəmi 25000 manatlıq alqı-satqı məbləğindən 2450 manatının qaytarılmasına baxmayaraq, qalan məbləğin ödənilmədiyini göstərmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. 14.2.1, 14.2.7-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, həmçinin əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandırlar. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-556/2025 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam diqqətə almamışdır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Kollegiyanın iclasında müəyyən edildi ki, tərəflər arasında 2021-2023-cü illər ərzində avtomaşınların və buğdanın nisyə alqı-satqısı üzrə şifahi münasibətlər mövcud olmuşdur. İddiaçı həmin münasibətlər çərçivəsində cavabdehin ona 25000 manat borcunun yarandığını, həmin borcdan 2450 manatının cavabdeh tərəfindən geri qaytarılmasına baxmayaraq, qalan borcun ödənilmədiyini əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçı ilə aralarında avtomaşınların və buğdanın nisyə alqısatqısı üzrə şifahi münasibətlərin mövcud olmasını təsdiq etsə də, həmin münasibətlər çərçivəsində iddiaçıya heç bir borcunun qalmadığını əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir.
40. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi üçün əsas deyildir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin alqı-satqının mövcud olmamasına dair dəlilinə münasibətdə qeyd etməyi vacib hesab edir ki, iddiaçı ilə cavabdeh arasında buğdanın alış və satışı üzrə münasibətin olmasını hər iki tərəfin təsdiq etməsi nəzərə alınaraq buna dair hər hansı bir yazılı müqavilənin bağlanılması zərurəti olmasa da, onların arasındakı avtomobil alışı və satışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilənin imzalanması, beləliklə avtomobillərin alışı və satışı üzrə tərəflər arasında etibarlı bir müqavilələrin bağlanılması halı müəyyən edilməmişdir.
42. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
44. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
45. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
48. Kollegiya qeyd edir ki, tərəflər arasında avtomobillərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş etibarlı alqı-satqı münasibətləri mövcud olmamaqla, onların arasında avtomobillərin alqı-satqısı ilə bağlı bağlanmış əqdlər əhəmiyyətsiz əqddirlər.
49. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar).
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının cavabdehlə hər hansı bir borc müqaviləsi bağlaması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməməsi, borc müqaviləsi yazılı formada bağlanılmalı olduğu halda onların arasında belə bir müqavilənin mövcud olmaması, məhkəmə işə alqı-satqı kimi hüquqi qiymət versə də, əslində onların arasında alqı-satqıdan söhbət belə gedə bilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında da iddiaçıdan və cavabdehin nümayəndəsindən dəqiqləşdirildikdə onların hər ikisi tərəflər arasındakı münasibətin hər hansı borc məbləği üzrə deyil, şifahi qaydada razılaşdırılmış nisyə alqı-satqıdan qaynaqlandığını təsdiq etmişlər. Birinci instansiya məhkəməsi də iddia tələbinin qanuni əsası kimi borcla bağlı müqavilə münasibətlərinə istinad etməmişdir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Göyçay rayon PŞ-də verilmiş izahatın təyziq altında yazılması, təsir və təhdid altında alınan izahatın alqı-satqı müqaviləsinin mövcudluğunu göstərməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Cavabdeh 23 iyul 2024-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinə yazdığı izahatdan görünür ki, o, həmin izahatında iddiaçı ilə arpa-buğda satışı əsnasında tanış olduqlarını, sonuncu ilə aralarında avtomobilin alışı-satışı üzrə münasibətlərinin olduğunu, hazırda onun İddiaçı ümumilikdə 23750 manat borcunun olduğunu göstərmişdir.
53. Kollegiya qeyd edir ki, iş materiallarından Cavabdeh 23 iyul 2024-cü il tarixdə Göyçay rayon Polis Şöbəsində verdiyi izahatının hər hansı bir təsyiq, təsir altında yazılması halı müəyyən edilməməklə, cavabdeh tərəfindən bununla bağlı, həmçinin əgər onun izahatı hər hansı bir təsyiq, təsir altında yazılmışdırsa sonradan bu barədə müvafiq dövlət orqanlarına müraciət etməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş materiallarına əlavə edilmiş sübutların iddianın təmin edilməsi üçün əsas ola bilməməsi, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticənin işin həqiqi hallarına uyğun olmaması, məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməməsinə dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin nisyə alqısatqıdan yaranmış 25000 manat borcundan 2450 manatının ödənildiyini göstərdiyi, beləliklə cavabdehin iddiaçı qarşısında 22550 manat öhdəliyinin qalmasının müəyyən edildiyi halda birinci instansiya məhkəməsi yanlış olaraq 22550 manatdan əlavə olaraq 26 manatın da, yəni cəmi 22576 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması qənaətinə gəlmişdir.
55. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş 26 manata aid hissəsində gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, iddiaçı həmin məbləğin ödənildiyini qeyd etdiyi halda, birinci instansiya məhkəməsi 22550 manatdan əlavə olaraq 26 manatın da cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması nəticəsinə gəlmişdir.
56. Cavabdeh tərəf isə iddiaçı ilə aralarındakı buğda və avtomobillərin alış-satışı üzrə iddiaçı qarşısında hər hansı bir pul öhdəliyinin qalmadığını göstərsə də, məhkəməyə iddia tələbinə etirazını əsaslandıra biləcək hər hansı bir sübut təqdim etməmişdir.
57. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
59. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
60. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il 13 iyun və M.Şahverdiyevanın şikayəti üzrə 2013-cü il 23 iyul tarixli Qərarları).
61. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iddianın təmin edilən 26 manata dair hissədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iddia həmin hissədə təmin edilməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianın təmin edilmiş digər-22550 manat pul, 142 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə həmin hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, həmin hissədə birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir.
63. Qeyd edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-556/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş “Cavabdeh 26 manat pulun tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi “Cavabdeh 26 manat pulun tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilməli, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-556/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş “Cavabdeh 26 manat pulun tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi “Cavabdeh 26 manat pulun tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilsin. Qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.