Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-918/2025 25.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan ” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(054)-28/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin vurduğu maddi ziyana görə 5000 manat, mənəvi ziyana görə 15000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş 151 manat dövlət rüsumununun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2000-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)- 355/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış və 10 may 2000-ci il tarixdə Oğuz rayonu Kərimli kənd İcra Nümayəndəliyində 09 nömrə ilə qeyd edilən nikah pozulmuşdur.Uzun illər rəsmi nikah münasibətlərində olduğu Cavabdeh tərəfindən çox ciddi təsir və təyziqlərə məruz qalmışdır. 2019-cu ildən başlayaraq cavabdeh onun barəsində nalayiq ifadələr işlətmiş, onu təhqir etmiş, yalan olduğunu bilə-bilə barəsində böhtan xarakterli məlumatlar yaymış, onun şərəf və ləyaqətini alçaltmışdır. İşlədiyi müəssisədə və rayon əhalisi arasında onun şəxsiyyətini və işğüzar nüfuzuna xələl gətirən məlumatlar yaymışdır. Dəfələrlə onun barəsində qanuna müvafiq tədbir görülməsini hüquq mühafizə orqanlarından xahiş etmişdir. Təəssüflər olsun ki, hər dəfə Cavabdeh onun barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərar verilməsinə nail olmuşdur. Cavabdeh 2019-cu ildən başlayaraq anadan olub boya başa çatdığı Oğuz rayonunun Kərimli kəndində, uzun illər işlədiyi Oğuz rayon MƏrkəzi Xəstəxanasında yalan şayələr yayaraq guya onun əxlaqsız olduğu və qızını da Türkiyəyə apararaq həmin yola cəlb etmək istədiyi barədə yalan məlumatlar yaymış və yaymaqda davam edir. İş o yerə çatıb ki, cavabdeh onun oğurluq etməsi barədə yalan məlumatlar yayır. 2019-cu ildən başlayaraq müxtəlif vaxtlarda yazılı formada onun oğurluq etdiyini bildirən cavabdeh Şəki Apellyasiya Məhkəməsinə də eyni məzmunlu yalan məlumat vermişdir. Hətta cavabdeh həmin oğurladığı pulla Oğuzda iki mərtəbəli ev tikdiyini də bildirmişdir. Hal-hazırda da cavabdeh onu yenə öldürməklə hədələyir, söyür, təhqir edir, şərəf və ləyaqətini alçaldır. Cavabdeh 5 ildən çox müddətdə ona göstərdiyi təzyiqləri davam etdirir. Bütün bunların səbəbi kimi cavabdeh onun barəsində etdiyi şikayətləri göstərir və onun barəsində təhqiramiz sözlər deyir. Cavabdeh dəfələrlə onun barəsində yalan məlumatlar yaymış, yazmağa və deməyə belə çətinlik çəkdiyi və utandığı sözlər danışmışdır. Cavabdeh bu hərəkətlərə son qoyulmasını dəfələrlə ona bildirsədə heç bir nəticəsi olmamışdır. Maddi ziyanı o, 5000 (beş min) manat kimi qiymətləndirir. Çünki cavabdeh tərəfindən o, təhqir olunduqdan, söyüldükdən, barəsində yalan məlumatlar yayıldıqdan sonra əsəbləşərək səhhətində ciddi problemlər olmuş və dəfələrlə həkimə müraciət edərək müayinə və müalicə olunmuşdur. Hüquqi yardıma görə vəkillərə ödədiyi vəsaitlər, dövlət rüsumları, yol xərci, müalicə xərcləri və digər ödənişlərlə bağlı xeyli vəsait xərcləmişdir. Bundan başqa cavabdeh onun ünvanına nalayiq ifadələr işlətmiş və onun şərəf və ləyaqətini alçaltmışdır. Hər dəfə cavabdehin onun barəsində təhqiramiz ifadələr işlətdiyi zaman o, mənəvi iztirab keçirmiş, əsəbiləşmiş, ciddi sarsıntılar keçirmişdir. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı o, 15000 (on beş min) manat məbləğində qiymətləndirir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, cavabdehlə 2000-ci ildə rəsmi nikahla ailə qurmuşdur. Həmin nikahdan iki övladı doğulmuşdur.Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-355/2019 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Uzun illər rəsmi nikahda olduğu cavabdeh tərəfindən çox ciddi təsir və təyziqlərə məruz qalmışdır. 2019-cu ildən başlayaraq cavabdeh onun barəsində nalayiq ifadələr işlətmiş, onu təhqir etmiş, yalan olduğunu bilə-bilə barəsində böhtan xarakterli məlumatlar yaymış, onun şərəf və ləyaqətini alçaltmışdır. Belə ki, oğlu həmin dövrlərdə Türkiyə Respublikasında oxuduğundan onun yanında olanda cavabdeh boşanma ilə bağlı məhkəməyə müraciət etmiş, o da razılıq vermişdir. Həmin vaxtdan cavabdeh onun üzərinə şər ataraq onu evdən oğurluq etməkdə, həmçinin əxlaqsızlıqda təqsirləndirib. Halbuki o indiyədək də özü işləyib qazanc əldə edən bir qadındır, oğlu da ona kömək edir. Evdə də həmişə təsərrüfat işləri ilə məşğul olub, mal-qaraya uşaqlarla birgə o baxıb. Türkiyəyə gedəndə 2 baş mal satıb yol pulu və uşağa görə xərclərə sərf etmişdi. Onun Türkiyəyə necə getməsindən cavabdehin xəbəri olub. 30 ildir ki, rəsmi olaraq tibb işçisi kimi də çalışır, oğlu ilə birlikdə ev tikirlər. Özünə yaşayış yeri düzəltmək hüququ vardır. Cavabdeh isə onu əxlaqsız kimi qələmə verir, belə ki, hara gedirsə ona deyirlər ki, sənin barəndə belə söz-söhbət gəzir. Onun barəsində birbaşa məhkəməyə ərizə yazaraq qeyd etdiyi şər-böhtan xarakterli məlumatların yayılmasına şərait yaradıb. Bu ərizə onun cavabdehə qarşı Oğuz Rayon Məhkəməsində 2020-ci ildə baxılmış uşaq və aliment tələbinə dair iş materiallarına əlavə edilib. Ərizənin məzmunu vəkilin çıxışı zamanı ona məlum olub. 2 dəfə polisə bu barədə şikayət edib, lakin cavabdeh barəsində cinayət işi başlamadılar, ona məhkəməyə müraciət etməyi tövsiyə etdilər. Cavabdehin hərəkətləri səbəbli maddi və mənəvi ziyana düşüb. Ona 7-8 min manatdan çox maddi ziyan dəyib, yəni dəfələrlə məhkəmə xərcləri, rüsumlar, vəkilə xidmət haqqı ödəyib. 6 ildir kirayədə yaşayır, 2 tələbə oxutdurub. İstəyir ki, cavabdehə birdəfəlik xəbərdarlıq edilsin ki, onun barəsində yalan məlumatlar yaymağı dayandırsın. Cavabdehin onun əxlaqı və guya oğurluq etməsi ilə bağlı yaydığı şər-böhtan səbəbli ona dəymiş mənəvi zərəri 15000 manat məbləğində qiymətləndirir. Stres keçirib, əsəbləri pozulub. Hazırki iddia ilə müraciət etmək üçün vəkilə 300 manat xidmət haqqı ödəyib. İddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 4.İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçını ağır bir oğurluq cinayətində, yəni 45000 manat pulu götürməkdə ittiham edir. Mətanət xanıma əxlaqı ilə bağlı da böhtan atır, iddiaçı ciddi sarsıntı keçirir. Cavabdeh iddiaçı ilə bağlı alçaldıcı və təhqiramiz ifadələr işlədib, hazırda da bu hərəkətini davam etdirir. Əslində o bu hərəkətinə görə təkzib verməli, üzr istəməlidir. İddiaçı polisə rəsmi müraciət edib, cinayət işinin başlanması rədd edilib. Buna görə məhkəməyə üz tutublar. İddiaçı cavabdehin hərəkətləri səbəbli maddi ziyana düşüb, hirslənib, səhhəti pozulub, müayinə və müalicəyə pul xərcləyib. Maddi ziyana görə 5000 manat tələb edirlər. Mənəvi ziyanı isə 15000 manatla dəyərləndiriblər. Cavabdeh özü də məhkəmə iclaslarında izahatı ilə həqiqətən iddiaçının şərəfləyaqəti ilə bağlı doğru olmayan ifadələr işlətdiyini təsdiq edir. İş materiallarında olan ərizə ilə də bu, öz əksini tapmışdır. Əldə olan sübutları məhkəməyə təqdim ediblər. İddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 2019-cu ilin may ayında o, işdə olanda ondan xəbərsiz və icazəsiz onun 3 baş malını satıb çıxıb Türkiyəyə gedib. O zaman kənddə yayıldı ki, arvadın qaçıb, bu hərəkəti ilə onu da biabır etdi. İddiaçının əxlaqı barədə heç bir söz deməyib. Bu barədə iddiaçı ona şər atır, amma onun 45000 manat pulunu evdən götürməsi dəqiqdir. Belə ki, 2019-cu ildə səhər saat 7-dən axşam 23-dək bağda işləyirdi. İşdən gələndə evdə heç kimin olmadığını görüb. Zəng edəndə qızı cavab verib, nənəsigildə olduğunu bildirib, anasının Türkiyəyə getdiyini deyib. Halbuki ailə olublar. Türkiyəyə getdiyini ona deməliydi. Türkiyəyə, oğlunun yanına deyil, kiməsə baxıcılıq etməyə gedib. Pulu da evdən götürüb gedib. Həmin pulu birlikdə yığmışdılar. İddiaçının icazəsiz getməsi onu kənd içində pis vəziyyətdə qoyub. Böyüksüzlük edib. Pulun götürülməsi ilə bağlı müraciət etməməsi onun səhvidir. İddiaçı Türkiyəyə gedəndə oğlu Qars şəhərində yaşayırdı, amma iddiaçı İstanbula getmişdi. İddiaçının əxlaqı barədə ərizədə göstərilənlərdən onun məlumatı olmayıb. Bunu vəkil yazıb, o da imzalayıb. Türkiyədə kafedə işləməyini iddiaçının anası zalda deyib. İddiaçı uşaq və aliment tələbi ilə məhkəməyə müraciət edəndə o, vəkil kimi Vaqif müəllimə deyib ki, elə yaz ki, uşağı ondan almasınlar, amma əxlaqsız olması barədə yazmağı deməyib. Yazıları oxumadan imzalayıb, təqsirlidir, amma iddiaçının əxlaqı ilə bağlı heç nə deməyib. Nə edə bilər, amma iddiaçı qaçıb gedib, bu faktdır. İddiaçı qurana and içsin ki, həqiqətən heç nə olmayıb. Hazırda ailəlidir, bir azyaşlı uşağı var. Gəliri də aşağıdır, ailəsini güclə dolandırır. İddiaçı 20000 manat pul istəməklə onun hesabına varlanmaq istəyir. Əslində mənəvi ziyan ona dəyib. İddianın rədd edilməsini xahiş etmişdir.
6. Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(054)-28/2025 nömrəli qətnaməsi ilə (hakim S.Zeynalova) iddianın qismən təmin edilməsi, Cavabdeh mənəvi ziyana görə 3000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və 53 manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi, iddia tələbinin 5000 manat maddi ziyan, 12000 manat mənəvi ziyan, 98 manat dövlət rüsumu hissəsində təmin edilməməsi qət edilmişdir. 7.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və cavabdeh keçmiş ərarvad olmaqla onların birgə nikahdan iki övladı doğulmuşdur. Tərəflərin nikahı 2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur. İddiaçının cavabdehə qarşı uşaq və aliment tələbinə dair 2(054)-149/2020 saylı mülki işə Oğuz Rayon Məhkəməsində baxılarkən cavabdeh iddiaya dair etiraz qeydlərini məhkəməyə təqdim etmiş, həmin qeydlərdə iddiaçının şəxsiyyətinə dair xoşagəlməz ifadələr və cümlələr öz əksini tapmışdır. Həmin qeydlərdə cavabdeh “nikahın pozulmasına və uşağın yanında qalmasına səbəb olmuş əsas hallar olaraq İddiaçı adının 2019-cu ilin əvvəllərindən tanışlar və qohumlar arasında nikah və ailə münasibətlərinə sadiq olmamağında hallanmağa başlamasını, onun xx.xx.2019-cu il tarixdə evdə olan mal-qaranı bir günün içində xəbərsiz sataraq və evdə olan pulu da götürərək gizli şəkildə Türkiyə Respublikasına qaçmasını, getdikdən sonra orada kafelərdə işləməyə başlamasını, bu zaman onun əxlaqı barəsində xoşagəlməz xəbərlərin yayılmasını göstərərək, hərəkətləri ilə onun və övladının adını və ləyaqətini el arasında ləkələdiyinə görə aralarında olan nikahı pozmağa məcbur olmasını bildirmişdir. Etiraz qeydlərində daha sonra bildirilir ki, Mətanətin niyyəti münasibətlərini hörmət hissi və qarşılıqlı yardım əsasında qurmaq, ailəni möhkəmləndirmək, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq olsaydı, işlədiyi tibb işini atıb gedib Türkiyədə şübhəli işlərlə məşğul olmazdı. Cavabdeh qeydlərdə daha sonra göstərmişdir ki, Mətanət xx.xx.2019-cu ildə Türkiyədən qayıdıb gəlmiş, yayılan xəbərlərə görə birgə nikahdan doğulmuş qızı Firuzəni də əldə edərək özü ilə götürüb Türkiyəyə qayıtmaq məqsədi güdmüşdür. Ehtimal etdiyinə görə iddiaçının uşağı tələb etməkdə məqsədi yetkinlik yaşına çatmağa az qalmış qız uşağını Türkiyə Respublikasına apararaq orada özü ilə birgə barlarda fəaliyyət göstərmək niyyəti olmuşdur.” Etiraz qeydləri xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanasında qeydə alınaraq iş materiallarına (səh 34-35) əlavə edilmişdir. Cavabdeh məhkəmə iclasında etiraz qeydlərinin məzmununun ona deyil, vəkilə aid olduğunu bildirmiş, sədrlik edənin “vəkilin İddiaçı Türkiyəyə getməsi, pul oğurluğu və digər hallarla bağlı” məlumatları hardan əldə etdiyinə dair sualına isə məntiqli cavab verməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 8.Qanunvericiliyin tələbinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Haqqında belə məlumatlar yayılmış şəxsin həmin məlumatların təkzibi ilə yanaşı onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarla müəyyən etmişdir ki, zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Habelə Ali Məhkəmə «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» yuxarıda adı qeyd edilən qərarı ilə məhkəmələrin şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı olmasını və onlara məcmu halında, yəni məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılmasına hüquqi qiymət verməli olmasını müəyyən etmişdir.
9. Sözügedən mülki iş materialları araşdırılarkən və məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh məhkəməyə təqdim etdiyi etiraz qeydlərində həqiqətən iddiaçının şəxsiyyəti, əxlaqı və digər davranışları haqqında onun nüfuzunu aşağı salan, şərəf-ləyaqətini ləkələyən məlumatları göstərmiş, lakin hazırki məhkəmə icraatı zamanı həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, qeydlərin məzmununun vəkilə aid olduğunu, özünün isə oxumadan imza etdiyini, iddiaçının əxlaqsız olmağı barədə heç nə demədiyini, lakin birgə nikah zamanı əldə edilmiş 45000 manat pulun iddiaçı tərəfindən götürüldüyünü bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir.
10. Göründüyü kimi cavabdeh iddiaçı barəsində sözügedən etiraz qeydlərini məhkəməyə təqdim etməklə, həmçinin izahatı ilə yuxarıda qeyd edilmiş sözügedən üç halın, yəni məlumatın vətəndaşın şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatın doğru olmaması, bu məlumatın yayılmasının məcmu halında mövcud olmasını təsdiq etmişdir.
11. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin onun şərəf və ləyaqətini ləkələməsinə dair sübutlar təqdim edildiyindən iddia tələbinin dəymiş maddi və mənəvi zərərin ödənilməsi hissələrinə qiymət verilməlidir.
12. Məhkəmə qeyd edilənlərə hüquqi qiymət verərək bu nəticəyə gəlmişdir ki, cavabdehin hərəkətləri ilə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi və beləliklə ona dəyən mənəvi zərər arasında səbəbli əlaqə olduğundan cavabdehdən iddiaçının xeyrinə pul əvəzi tutulmalıdır. Məhkəmə mənəvi zərərə görə cavabdehdən tutulacaq pul əvəzinin miqdarını müəyyən edərkən onun iddiaçı barəsində yazdıqları böhtan xarakterli məlumatların iddiaçının ictimai sferalarda nüfuzdan salınması ilə nəticələnən mənəvi sarsıntının xarakterini və dərəcəsini nəzərə alır.
13. İddiaçı vurulmuş mənəvi zərərə görə cavabdehdən 15000 manat pul tutulmasını tələb etsə də, məhkəmə həmin məbləği cavabdehin əməlinə adekvat hesab etmir, çünki iddiaçı tərəfindən ona dəyən mənəvi zərərin məbləği ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə hər bir halda iddiaçının mənəvi sarsıntıya məruz qaldığını nəzərə almaqla mənəvi zərərə görə cavabdehdən 3000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını cavabdehin əməlinə və maddi vəziyyətinə uyğun hesab edir.
14. İddiaçı iddia tələbində cavabdehdən 5000 manat maddi zərərin tutulmasını xahiş etmiş, bunu ona 7-8 min manatdan çox maddi ziyan dəyməsi, yəni dəfələrlə məhkəmə xərcləri, rüsumlar, vəkilə xidmət haqqı ödəməsi, 6 ildir kirayədə yaşaması, 2 tələbə oxutdurması ilə əsaslandırmış, həmin xərclərlə bağlı sübutlarını təqdim etməmişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı 5000 manat maddi ziyana dair sübutlarını məhkəməyə təqdim etmiş olsa belə, həmin ziyanın yaranması əsası ilə iddiaçı barəsində yayılmış böhtan xarakterli məlumatların səbəbli əlaqəsinin olması müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002- ci il tarixli Qərarına, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 aylı qərarına, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 аpellyаsiyа şikаyəti vermişlər.
18. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Məhkəmə tərəfindən maddi hüquq normalarının tələbi pozulmuşdur.
19. Belə ki, onun cavabdeh tərəfindən təhqir və təqiblərə məruz qalmağı nəticəsində onun təhlükəsiz yaşamaq hüququm pozulmuşdur. Məhkəmə cavabdehin onun şəxsi həyatı və ailə üzvləri barədə yaydığı yalan məlumatları, təhqir, şərəf və ləyaqətimi alçaldan ifadələri nəzərə almamışdır.
20. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilməli olduğu halda Oğuz Rayon Məhkəməsi bunu etməmişdir. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalı olduğu halda məhkəmə qeyd edilən hallardan heç birini nəzərə almamışdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Plenumun Qərarının 11-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Lakin məhkəmə bu halı da nəzərə almamışdır.
21. Məhkəmə cavabdehin barəsində tam araşdırma aparmadan onun vurduğu maddi və mənəvi ziyanı cüzi miqdarda qiymətləndirmiş, təqdim etdiyim sübutlara (məhkəmə qətnaməsi, ödəniş qəbzləri, arayışlar, ekspert rəyi, polis qərarı, məktublar və s) obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda bunu etməmişdir.
22. Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli 2(054)-28/2025 nömrəli Qətnaməsi ümumiyyətlə cavabdehin barəsində heç bir araşdırılma aparılmadan qiyabi olaraq əsaslandırılmış, cavabdehin maddi imkanları nəzərə alınmamışdır. Məhkəmə cavabdehin hüquqa zidd hərəkətlərinin iddiaçının şüurunda müəyyən mənfi-psixi reaksiyaya səbəb olsa da, o, tələb etdiyi həcmdə mənəvi zərərə məruz qalmadığını qeyd etsə də iddianın təmin olunan hissəsini də əsaslandıra bilməmişdir. Məhkəmə iddiaçının tələb etdiyi həcmdə mənəvi zərərə məruz qalmadığını qeyd edirsə 3000 (üç min) manat həcmdə mənəvi zərərə məruz qaldığını da əsaslandırmalı idi.
23. Məhkəməyə kifayət qədər dəlil və sübut təqdim etmişdir. Həm də onun təqdim etdiyi dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. Məhkəmə isə iddiaçının iddia tələbinin əsaslandırılması üçün təqdim etdiyi sübutlara cavabdehin münasibətinə də hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh həmin dəlil və sübutlara münasibət bildirərkən “ölənə qədər həmin sözləri deyəcəyini” qeyd etmişdir.” 24.Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırki iddianın qismən (cüzi miqdarda) təmin olunmasını əsaslandırmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır. Tətbiq olunan hüquq normaları imkan versə də məhkəmə iddianın maddi və mənəvi ziyanın tutulması hissəsində iddiaçının simasında məzlum obrazı yaradaraq iddianı cüzi miqdarda təmin etmişdir. Məhkəmə onun cavabdehin təqsiri üzündən sağlamlığının pozulması, guya evdən pul götürdüyü barədə yalan məlumatları yayması və digər hallar barədə təqdim etdiyi sübutları nəzərə almamışdır.
25. Odur ki, Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(054)-28/2025 saylı qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi, barədə qətanamə qəbul edilməsini xahiş etmişdir.
26. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hesab edirlər ki, qətnamə əsassız və qanunsuzdur. 27.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqelərə əsasən, fiziki şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlara görə məsuliyyətin yaranması üçün bu məlumatların kütləvi informasiya vasitələrində və ya digər şəxslərin məlumatlanmasına səbəb ola biləcək formada yayılması mütləq şərtdir. Hüquqi presedentlər və məhkəmə təcrübəsində də təsbit olunduğu kimi, sadəcə bu cür məlumatların ifadə edilməsi deyil, onların konkret olaraq yayılması — yəni digər şəxslərin həmin məlumatlarla tanış olması və ya tanış ola bilməsi ehtimalı hüquqi məsuliyyətin əsasını təşkil edir. Bu kontekstdə vurğulamaq istəyir ki, onun tərəfindən iddiaçı barədə şərəf və ləyaqəti, yaxud işgüzar nüfuzu ləkələyə biləcək hər hansı məlumatların yayılması faktı baş verməmişdir və bu barədə iddiaçı tərəfindən təqdim olunan hər hansı inandırıcı və hüquqi qüvvəyə malik sübut mövcud deyil. Onu da qeyd edir ki, hər bir halda xx.xx.2020-ci il tarixində Oğuz Rayon Məhkəməsinə təqdim olunmuş və yalnız iş materiallarında yer alan sənəd yalnız məhkəmə orqanına ünvanlanmışdır. Bu isə təklikdə məlumat bildirmək halına aiddir. Qeyd olunan sənəd ictimaiyyətə, mətbuata və ya üçüncü şəxslərə təqdim edilməyib, məhz məhkəmə müstəvisində və sadəcə məhkəmə hakiminə təqdim olunub. Bu faktın özü qanunvericiliyin qeyd etdiyi "yayılma" meyarını ödəmir və şərəf və ləyaqətin müdafiəsi tələbinin əsas elementlərindən birini–yayılma faktını–istisna edir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarında da açıq şəkildə qeyd olunur ki, mənəvi ziyanın əvəzinin ödənilməsi üçün iddiaçı yalnız hüquq pozuntusunun baş verdiyini deyil, eyni zamanda onun nəticəsində keçirdiyi mənəvi və ya fiziki sarsıntıları əsaslandırmalı və bu halları sübuta yetirməlidir. Yəni mənəvi ziyan subyektiv xarakter daşımaqla yanaşı, onun real surətdə mövcud olması və şəxsin psixoloji vəziyyətinə, cəmiyyət içindəki nüfuzuna və gündəlik həyat fəaliyyətinə təsir göstərməsi obyektiv sübutlarla təsdiq edilməlidir. Hazırkı halda isə iddiaçı tərəfindən onun hərəkətləri nəticəsində hər hansı mənəvi sarsıntıya məruz qaldığına dair hər hansı tibbi rəy, ekspertiza rəyi və ya digər sübutlar təqdim edilməmişdir. Bu isə mənəvi ziyanın mövcudluğunun sübuta yetirilmədiyini göstərir. Qeyd etmək istəyir ki, iddiaçı bu barədə hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etmiş, lakin hər bir halda onun şikayətləri əsassız sayılmış, toplanmış materiallar nəticəsində cinayət tərkibi müəyyən edilmədiyindən "cinayət işinin başlanmasının rədd edilməsi" barədə qərar qəbul olunmuşdur. Bu isə bir daha göstərir ki, iddiaçının irəli sürdüyü iddialar hüquqi əsasdan məhrumdur və şəxsi mövqeyə, subyektiv yanaşmaya əsaslanır. Məlumatın onun tərəfindən yayılması baş vermədiyi kimi, iddiaçının mənəvi və ya psixoloji sarsıntı keçirdiyini təsdiq edən heç bir sənəd, şahid ifadəsi və ya obyektiv sübut iş materiallarına təqdim edilməmişdir. Sadəcə hüquqi sənəddə yer almış və tərəfindən bilavasitə yayılmamış fikirlərə görə mənəvi zərər ödənilməsi tələb olunması qanunvericiliyin tələblərinə və hüquqi məntiqə uyğun deyil. Bu cür ümumi xarakterli iddialar hüquqi müstəvidə qorunmur və yalnız sübuta yetirilmiş faktlara əsasən təmin oluna bilər. İddiaçının ona qarşı irəli sürdüyü "şəxsiyyətinə böhtan atılması", "əxlaqı ilə bağlı yalan ifadələrin verilməsi" kimi ittihamlar tamamilə əsassız və iftiradır. O, bu ifadələrin heç birini səsləndirməmişdir. Həmin ifadələrin, vəkil vasitəsilə ərizəyə daxil edilməsi halları baş vermişsə də, bu, onun birbaşa iradəsinə əsaslanmayıb. O, sadəcə vəkilə etimad göstərmiş, yazılan sənədləri oxumadan imzalamış – bu isə onun hüquqi savadsızlığımla bağlı bir təəssüf doğuran hal olmuşdur, lakin niyyəti heç vaxt təhqir və böhtan olmamışdır. Hətta özü şəxsən vəkilə də demişdi ki, uşağı əlindən almasınlar, amma iddiaçının əxlaqı ilə bağlı heç bir ifadə yazılmasın. İddiaçı bu məsələni şişirdərək və kontekstdən çıxararaq, onu ictimaiyyət və məhkəmə qarşısında "böhtan atan", "şərəf və ləyaqəti ləkələyən" şəxs kimi göstərməyə çalışır. Halbuki o, yalnız bir ailə başçısı olaraq baş verənləri vəkilə izah etmişdir. İddiaçının "kafedə işləməsi", "kimsəyə baxıcılıq etməyə getməsi" kimi fikirlər onun dilindən deyil, onun anasının məhkəmə zalında dediyi sözlərdir. Təkrar qeyd etmək istəyir ki, vəkilin yazdıqlarını oxumadan imzalamaqla ehtiyatsızlıq etmiş, lakin bunun qəsdən böhtan səviyyəsində qiymətləndirilməsi ədalətsizlik olardı. Bu ifadələrin böyük bir hissəsi hüquqi sənədlərin hazırlanması prosesində vəkil tərəfindən tərtib olunmuş, onun tərəfindən isə hüquqi biliyin olmaması səbəbindən oxunmadan imzalanmışdır. Ən önəmlisi odur ki, o, nə məhkəmədə, nə də şəxsi münasibətlərində İddiaçı şərəf və ləyaqətinə toxunan heç bir sübuta əsaslanan, hüquqi və vicdani məsuliyyətlə deyilmiş ifadə işlətməmişdir. Bu, tamamilə əsassız ehtimallara və ictimai şayiələrə söykənən fərziyyələrdir və təəssüf ki, vəkil tərəfindən yazılı şəkildə ifadə edilmişdir. O, sadəcə 2019-cu ildə onun razılığı və xəbəri olmadan evdən çıxması, malqaranı satması və birgə yığılmış vəsaitin aparılması faktlarını qeyd etmişdir. Həmin məqamlar onun üçün ağır mənəvi zərbə olmuş, eyni zamanda kənd ictimaiyyətində şəxsi nüfuzuma ciddi xələl yetirmişdir. Ancaq o, bu hadisəyə hüquqi baxışla yanaşmağa çalışır – heç bir halda insanın ləyaqətinə toxunan və onu aşağılama məqsədi güdən fikirlər səsləndirməmişdir. Vəkilinə dəfələrlə demişdi ki, yazılan hər hansı sənəddə uşağın ondan alınmaması əsas götürülsün, amma iddiaçının əxlaqı ilə bağlı ifadələrə yer verilməsin. Əgər bu sənədlərdə belə ağır və ləyaqəti alçaldıcı sözlər yeralıbsa, o, bir vətəndaş kimi bu cür tərtibata yol verdiyi üçün təəssüf edir və bildirir ki, bu ifadələrin hüquqi nəticələri barədə məlumatı olmamışdır. Onun niyyəti nə Mətanətin şəxsiyyətini təhqir etmək, nə də onun ailə və uşaqla bağlı hüquqlarını sorğulamaq olub. Ailəsinin dağılmasından sonra baş verən hadisələri emosional şəkildə izah etməyə çalışarkən, bəzi ifadələr təhrif olunaraq onun mövqeyi kimi təqdim edilmişdir. Onu da xüsusi olaraq vurğulamaq istəyir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər hüquqi baxımdan əsassız olmaqla yanaşı, həm də məqsəd və niyyət baxımından qərəzli xarakter daşıyır. Belə ki, iddiaçı bildirir ki, guya o, 2019-cu ildən etibarən ona qarşı nalayiq ifadələr işlətmiş, onu təhqir etmiş, yalan olduğunu bilə-bilə barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Bu əsassız və heç bir sübutla təsdiqlənməyən iddialar əsasında iddiaçı guya ona həm maddi, həm də mənəvi zərər dəydiyini iddia edərək, ondan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin tutulmasını tələb edir. Lakin buradakı əsas məqam, bu iddianın həm zaman baxımından, həm də tələb edilən məbləğin həddi baxımından məntiqə sığmamasıdır. Əvvəla, əgər iddiaçı doğrudan da özünü təhqir olunmuş, nüfuzuna xələl yetirilmiş hesab edirdisə, niyə bu barədə dərhal hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməyib? Niyə bu “təhqir və böhtanların” baş verdiyi iddia edilən tarixdən 5-6 il sonra bu məsələ gündəmə gətirilib? Əgər iddiaçının doğrudan da şəxsi nüfuzuna xələl gətirildiyi və ya hər hansı bir zərər gördüyü fikri reallığa uyğun olsaydı, o zaman hüququnun müdafiəsi üçün bu qədər uzun müddət gözləməzdi. İddiaçının bu qədər uzun müddət ərzində susması və yalnız illər sonra belə yüksək məbləğdə təzminat tələb etməsi, hüququn müdafiəsi məqsədindən deyil, qarşı tərəfə psixoloji və maddi təzyiq göstərmək niyyətindən qaynaqlandığını açıq şəkildə göstərir.
28. Oğuz Rayon Məhkəməsinin 2(054)- 28/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mənə qanunla müəyyən olunmuş qaydada təqdim edilməmişdir. Qətnamə ona təqdim edilmədiyi üçün məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin ona çatdırılmasını xahiş etmişdir. Ərizəsinə cavab olaraq məhkəmə tərəfindən bildirilmişdir ki, həmin qətnamə xx.xx.2025-ci il tarixində elektron məhkəmə sistemində yerləşdirilmişdir. Lakin bu cavab hüquqi baxımdan əsaslı deyil. Çünki onun Elektron məhkəmə sistemində şəxsi kabineti mövcud olmamış, beləliklə o, həmin qətnaməyə bu sistem vasitəsilə çıxış əldə edə bilməmişdir. Bu isə prosessual hüquqlarının pozulması deməkdir. Qanunvericiliyə əsasən, əgər tərəfin elektron kabineti yoxdursa, məhkəmə aktı ona mütləq poçt vasitəsilə yazılı şəkildə göndərilməlidir. Həqiqətdə isə qətnamə yalnız onun ərizəsinə əsasən, xx.xx.2025-ci il tarixində ona rəsmi qaydada təqdim olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş bir aylıq müddətin hesablanması məhz qətnamənin ona faktiki və rəsmi olaraq təqdim edildiyi– yəni xx.xx.2025-ci il tarixindən başlamalıdır. Əks halda, hüququm qanunsuz və əsassız şəkildə məhdudlaşdırılmış olar.
29. Odur ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-28/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətanamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh öz apellyasiya şikayətini müdafiə edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(054)-28/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 33.İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasına göndərdiyi ərizədə məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilmədiyini göstərmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Konstitusiyasının; 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
37. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər.
38. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
39. “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə Avropa Məhkəməsinin 18 sentyabr 2009-cu il tarixli Qərarı Mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
44. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-28/2025 nömrəli qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 isə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(054)-28/2025 nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də iddianın təmin edilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası qətnamədən hər iki tərəfin şikayət verməsini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən iddianın mənəvi zərərin ödənilməsi hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh keçmiş ər-arvad olmuşdur. Tərəflərin nikahı 2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur. İddiaçının cavabdehə qarşı uşaq və aliment tələbinə dair 2(054)-149/2020 saylı mülki işə Oğuz Rayon Məhkəməsində baxılarkən cavabdeh iddiaya dair etiraz qeydlərini məhkəməyə təqdim etmiş, həmin qeydlərdə iddiaçının şəxsiyyətinə dair xoşagəlməz ifadələr və cümlələr öz əksini tapmışdır. Həmin qeydlərdə cavabdeh “nikahın pozulmasına və uşağın yanında qalmasına səbəb olmuş əsas hallar olaraq İddiaçı adının 2019-cu ilin əvvəllərindən tanışlar və qohumlar arasında nikah və ailə münasibətlərinə sadiq olmamağında hallanmağa başlamasını, onun xx.xx.2019-cu il tarixdə evdə olan malqaranı bir günün içində xəbərsiz sataraq və evdə olan pulu da götürərək gizli şəkildə Türkiyə Respublikasına qaçmasını, getdikdən sonra orada kafelərdə işləməyə başlamasını, bu zaman onun əxlaqı barəsində xoşagəlməz xəbərlərin yayılmasını göstərərək, hərəkətləri ilə onun və övladının adını və ləyaqətini el arasında ləkələdiyinə görə aralarında olan nikahı pozmağa məcbur olmasını bildirmişdir. İddiaçı isə cavabdeh tərəfindən onun şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirən, yəni onun şərəf və ləyaqətini alçaldan məlumatlar yaymasını və nəticədə cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəyməsini əsas gətirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfdən iddia tələbi qəbul edilməmişdir.
48. Hazırkı iddia tələblərinin qanuni əsası kimi şəxsin şərəf və ləyaqətini müdafiə etmək hüququna və bu hüququn pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə dair normalar nəzərdən keçirilə bilər.
49. Bu kontekstdə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
50. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin onun tərəfindən iddiaçı barədə şərəf və ləyaqəti, yaxud işgüzar nüfuzu ləkələyə biləcək hər hansı məlumatların yayılması faktının baş verməməsi, bu barədə iddiaçı tərəfindən təqdim olunan hər hansı inandırıcı və hüquqi qüvvəyə malik sübutun mövcud olmaması, yalnız iş materiallarında yer alan sənəd yalnız məhkəmə orqanına ünvanlanması, qeyd olunan sənədin ictimaiyyətə, mətbuata və ya üçüncü şəxslərə təqdim edilməməsi, etirazda qeyd olunan ifadələrin vəkil vasitəsilə ərizəyə daxil edilməsi, vəkilə etimad göstərməsi, yazılan sənədləri oxumadan imzalamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur. Şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissini müəyyən edir. Şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün kütləvi yayılma halı olmadan şəxsin şəxsiyyətinə uyğun olmayan, onu açıq-aşkar alçaldan, nüfuzdan salan hərəkətlər zərərçəkənin ləyaqətini alçaltmaqla onun mənəvi iztirab və sarsıntı keçirməsinə, başqa sözlə mənəvi zərərə məruz qalmasına səbəb ola bilər. 51.Hazırkı işdə iddiaçının barəsində şəxsiyyətini alçaldan və mənfi qiymətləndirən hərəkətlərin cavabdeh tərəfindən iddiaçıya qarşı edilməsi, bununla da onun ləyaqətini ləkələnməsi işin mübahisəsiz halıdır. Belə ki, işdə olan iddiaçının cavabdehə qarşı uşaq və aliment tələbinə dair 2(054)-149/2020 saylı mülki işə Oğuz Rayon Məhkəməsində baxılarkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair etiraz qeydlərindən görünür ki, cavabdeh həmin qeydlərdə iddiaçının şəxsiyyətinə dair xoşagəlməz ifadələr və cümlələr öz əksini tapmışdır. Həmin qeydlərdə cavabdeh “nikahın pozulmasına və uşağın yanında qalmasına səbəb olmuş əsas hallar olaraq İddiaçı adının 2019-cu ilin əvvəllərindən tanışlar və qohumlar arasında nikah və ailə münasibətlərinə sadiq olmamağında hallanmağa başlamasını, onun xx.xx.2019-cu il tarixdə evdə olan malqaranı bir günün içində xəbərsiz sataraq və evdə olan pulu da götürərək gizli şəkildə Türkiyə Respublikasına qaçmasını, getdikdən sonra orada kafelərdə işləməyə başlamasını, bu zaman onun əxlaqı barəsində xoşagəlməz xəbərlərin yayılmasını göstərərək, hərəkətləri ilə onun və övladının adını və ləyaqətini el arasında ləkələdiyinə görə aralarında olan nikahı pozmağa məcbur olmasını bildirmişdir. Cavabdeh etiraz qeydlərinin vəkil tərəfindən tərtib olunmasını əsas gətirsədə həmin qeydlərdən görünür ki, Cavabdeh özü tərəfindən imzalanmışdır.
52. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin iddiaçının barəsində sözügedən etiraz qeydlərində təsdiqini tapmayan yuxarıda sadalanan xoşagəlməz məlumatları məhkəməyə təqdim etməsi iddiaçını cəmiyyətdə və ayrı-ayrı şəxslər arasında nüfuzdan salmaqla yanaşı, onun ləyaqətinin də alçaldılmasına səbəb olur.
53. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətləri ilə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, beləliklədə ona dəyən mənəvi zərər arasında səbəbli əlaqə olduğundan cavabdehdən iddiaçının xeyrinə pul əvəzi tutulmalı olması hissədə düzgün nəticəyə gəlmiş, lakin mənəvi zərərin məbləğini müəyyən edərkən İddiaçı şərəf və ləyaqətini alçaldan hərəkətin dərəcəsini, Cavabdeh təqsiri, şəxsiyyəti və sair hallar nəzərə alınmamışdır.
54. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23-cü maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
55. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
56. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
57. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
58. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti iləəlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
59. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 14 may 1999-cu il tarixli qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidməti və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslərin dairəsinə bildirildikdə, yayılmış hesab edilir.
60. Məhkəmə kollegiyası işin araşdırılan halları ilə bağlı qeyd edir ki, iddiaçı barəsində cavabdeh tərəfindən yayılan məlumatlar onlara olan inam və etibarın şübhə altına alınmasına, barəsində mənfi imicinin formalaşmasına səbəb olduğundan, iddiaçı iztirab, mənəvi sarsıntı keçirmişdir.
61. Həmçinin, bu məlumatların həqiqətə uyğun olması barədə cavabdeh tərəfindən işə heç bir sübut əlavə olunmamışdır. Halbuki, bu məlumatların doğru olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
62. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yaydığı məlumatlar iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olan məlumatlardır və onun sarsıntı keçirməsi ağlabatandır.
63. Yuxarıda sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən mənəvi zərərin əvəzi kimi iddiaçının xeyrinə 500 manat məbləğində pul tutulması məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində ona dəymiş mənəvi ziyanın məhz hansı səbəblərdən 15.000 manat məbləğində müəyyən olunmasını əsaslandırmamış və bu barədə mötəbər sübutlarını kollegiyaya təqdim edə bilməmişdir.
64. İşin bu halları əsasında o nəticəyə gəlmək olar ki, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri, məlumatların yayılma dərəcəsi məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş kompensasiya məbləğinə uyğundur. Müəyyən olunmuş zərərin məbləği ağlabatan, keçirilmiş mənəvi əzaba adekvatdır.
65. Kollegiya həmçinin iddiaçı tərəfin apellyasiya şikayətinin maddi ziyanla bağlı hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən ona 5000 manat məbləğində maddi zərərin (müalicə xərcləri, nəqliyyat xərcləri və s) dəyməsini bildirsə də, buna dair mötəbər sübutlar təqdim edilməmişdir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
67. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
68. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
69. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
70. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
71. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb.
72. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
73. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
74. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». 76.Məhkəmə kollegiyası həmçinin iddianın “300 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini qismən əsaslı hesab edir.
77. Belə ki, işdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2025–cü il tarixdə hüquqi yardım üçün 300 manat pul ödəmişdir.
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
79. Məhkəmə kollegiyası hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 100 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir.
80. Məhkəmə kollegiyası ümumilikdə iddiaçının nümayəndəsinin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və iş üzrə tam qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
81. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(054)- 28/2025 saylı qətnaməsi cavabdehin nümayəndəsinin apellyasiya şikayətinə münasibətdə qismən, yəni iddianın təmin edilmiş 2500 manatına, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manata və iddianın təmin edilən məbləğinə mütənasib olaraq 23 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı verilməsinə aid hissədə ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-28/2025 saylı qətnaməsi qismən, yəni iddianın təmin edilmiş mənəvi ziyanın 2500 manatına, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manata və 23 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilsin.Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh mənəvi ziyana görə 2500 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat pulun və 23 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı verilməsi hissəsində rədd edilsin. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.