Məhkəmə qərarları › İş №2(107)-92/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-92/2022

26.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-92/2022 26.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(033)-387/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(033)-387/2021 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin olunmuş, Cavabdeh 3680 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 3680 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, İnfiniti FX 35 markalı ** KV *** dövlət qeydiyyat nişanlı minik avtomobili mülkiyyət hüququ üzrə ona məxsusdur. Mülkiyyətində olan avtomobili 05 aprel 2019-cu il tarixdə X6 etibarnamə əsasında idarə etmək üçün vermişdir. X4 etibarnamə əsasında idarə etdiyi İnfiniti FX 35 markalı ** KV *** dövlət qeydiyyat nişanlı minik avtomoblili Cavabdeh idarə etdiyi Mersedec Benz minik markalı ** UZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilləri 05 sentyabr 2020-ci ildə toqquşmuş, nəticədə mülkiyyətində olan avtomobilə 8690 manat maddi ziyan dəymişdir. Avtomobilə dəymiş zərərin 5000 manat hissəsi "xxxx" ASC şirkəti tərəfindən ödənilmiş, 3690 manat məbləğ ödənilməmişdir. O, dəfələrlə cavabdehdən qalan məbləği tələb etsə də sonuncu bundan imtina etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanlara əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hadisə törədilən zaman avtomobili idarə edən o yox, qardaşı Faiq Cavadov olmuşdur. Bu fakt şikayətinə əlavə etdiyi Faiq Cavadova yazılmış inzibati xəta haqqında protokol və qərar ilə sübut olunur. Bundan başqa qətnamədə qeyd olunmuşdur ki, işə əlavə edilmiş 18.11.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh haqqında İXM-nin 327.2 və 333.3-cü maddələri ilə icraat başlanmışdır. Lakin kimin qərarı olması məlum deyil. Eyni zamanda həmin icraatın yekunlaşıb-yekunlaşmamağı barədə iş materialında heç bir sənəd yoxdur. Belə ki, sonradan və yalandan onun haqqımda yazılmış İXM-nin 327.2 və 333.3-cü maddələri ilə olan protokollar Zaqatala rayon Məhkəməsinə göndərilsə də məhkəmə tərəfindən baxılmamış və hadisənin törədilməsində səbəbkar kimi onun olduğu sübuta yetirilməmişdir. Belə olan halda hazırki iş üzrə iddia ona qarşı qaldırılmalı deyildir. Bundan başqa məhkəmə qətnaməsində qeyd olunur ki, işə əlavə edilmiş avtomobillərə texniki xidmət sexinin 16.09.2020-ci il tarixli aktından görünr ki, İddiaçı məxsus İnfınti markalı avtomobilə 8690 manat ziyan dəymişdir. Məhkəmə araşdırmamışdır ki, həmin xidmət sexinin verdiyi akt nə dərəcədə həqiqətə uyğundur. Həmin aktda avtomobilin ehtiyat hissələrinin qiyməti, avtomobili təmir edəcək ustaların xidmət haqqı bir neçə dəfə şişirdilərək yazılmışdır. O, məhkəmə baxışında iştirak etmədiyinə görə həmin aktla yaxından tanış olmamışdır, həmin aktın surəti ona göndərilməmişdir. Məhkəmə açıq-aşkar şişirdilmiş qiymət olan ziyanlığı ona öhdəlik kimi ödəmək üçün qətnamə qəbul etmişdir. 8690 manat ziyan həqiqətən də həddən artıq şişirdilmiş ziyandır. Hətta həmin məbləğə bazarda avtomobil almaq mümkündür. Qiymətlərin şişirdilmiş olmasını baş vermiş hadisədən də müəyyən etmək mümkündür. Belə ki, baş vermiş hadisədən görünür ki, Mersedes markalı minik avtomobili ilə İnfınti markalı (krasover) avtomobil toqquşmuşdur. Avtomobil toqquşarkən İnfıntinin tərəfi sıyrılmış və bir təkər sıradan çıxmışdır. Avtomobilin bir təkərinin sıradan çıxması ilə onun təmiri 8690 manat təşkil edə bilməz. Ona görə də ziyanlığın miqdarının məbləğinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsində ekspertiza təyin edilməli idi. Lakin o, məhkəmədə iştirak etmədiyinə görə bu barədə vəsatət verə bilməmişdir. Məhkəmə də ziyanlığı müəyyən etmək məqsədi ilə ekspertiza təyin etməkdə maraqlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə qarşısında vəsatət qaldırır. İş üzrə cavabdehlik daşımayan və cavabdeh olmayan şəxsə qarşı iddia qaldırıldığına görə qətnamə ləğv edilsin və işin icraatına xitam verilsin. Vəsatətin birinci hissəsi təmin olunmadığı təqdirdə iş üzrə ekspertiza təyin edilsin. Ekspertiza qarşısında İnfınti markalı avtomobilə dəymiş zərərin müəyyən edilməsi barədə suallar qoyulsun. Ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılsın. Ekspertə təqdim etmək və avtomobilə dəymiş zərəri müəyyən etmək məqsədi ilə Sığorta şirkətindən, Zaqatala rayon DYP bölməsindən və Zaqatala rayon Prokurorluğundan iş üzrə toplanmış materiallar, avtomobilin hadisədən sonrakı şəkilləri və digər lazımi sənədlərin götürülməsi barədə məhkəmə tərəfindən qərardad qəbul olunsun və həmin sənədlər götürülərək işə əlavə edilsin. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(033)- 387/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs X3 da izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, dəymiş ziyanın onun özündən tutulmasını xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, Zaqatala Rayon Məhkəməsindən və Zaqatala Rayon Prokurorluğundan götürülmüş materialları öyrənib, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(033)-387/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş 2574 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası həmin hissədə rədd edilməli, qətnamə iddia tələbinin təmin edilmiş 1106 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşə əlavə edilmiş "xxxx" ASC-in 15 fevral 2021-ci il tarixli hesab üzrə çıxarışdan görünür ki, "xxxx" tərəfindən İddiaçı 5000 manat ödənilmişdir. İşə əlavə edilmiş 18 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-ın 327.2 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşə əlavə edilmiş “Avtomobillərə texniki xidmət sexi”nin 16 sentyabr 2020-ci il tarixli aktından görünür ki, İddiaçı məxsus İnfiniti FX 35 markalı ** KV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 8690 manat ziyan dəymişdir. İşə əlavə edilmiş AD No 471383 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, İnfiniti FX 35 markalı ** KV *** dövlət qeydiyyat nişanlı minik avtomoblil İddiaçı adına 05 aprel 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ƏN-İ 187969 №-li etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən 21.12.2027-ci il tarixə kimi X6 İnfiniti FX 35 markalı ** KV *** dövlət qeydiyyat nişanlı minik avtomoblili idarə etməyə etibarnamə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 60və 71.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1115-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəm müdafiəsinə təminat verir. Konstitusiyasının 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilmısini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan avtomobilə cavabdehin təqsirli hərəkətləti nəticəsində zərər vurulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, istinad edilmiş (MM-in 1096-cı maddəsi) mülki qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquqa görə məsuliyyət, hüquqpozma qanunun və ya müqavilənin tələblərini pozan hərəkət (və ya hərəkətsizlik) əsasında yaranır. Mülki hüquq və vəzifələri pozanların məsuliyyətə cəlb olunması üçün şəxsin öz üzərinə qoyulmuş vəzifələri və digər şəxslərin subyektiv hüquqlarını hüquqa zidd şəkildə pozması, ziyan və zərərin mövcudluğu, hüquqpozanın hüquqa zidd davranışı ilə baş vermiş ziyanlı nəticələr arasında səbəbli əlaqənin, həmçinin hüquq pozanın təqsirinin olması vacib şərtlərdir. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçının avtomaşınına zərər vurulmuşdur. Bu hərəkətlə baş vermiş ziyan arasında səbəbli əlaqə mövcuddur. Həmin zərər “Avtomobillərə texniki xidmət sexi”nin 16 sentyabr 2020-ci il tarixli aktına əsasən 8690 manat məbləğində müəyyənləşdirilmişdir. Həmin zərərin 5000 manatı "xxxx" tərəfindən iddiaçıya ödənilmiş, qalan 3690 manat cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Mülki məsuliyyətin yaranması üçün cavabdehin ziyanı ehtiyatsızlıqdan və ya qəsdən vurması qanunvericiliyin tələbləri baxımından o qədər də böyük əhəmiyyət daşımır. Çünki ümumi qaydalara görə məsuliyyətin meydana çıxmasına və ölçüsünə təsir göstərmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh mülki hüquq pozuntusu törətmişdir. Onun törətdiyi mülki hüquq pozuntusu nəticəsində iddiaçının mülkiyyətində olan atomaşına zərər vurulmuşdur. İşin bu halı işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Ona görə də bu zərərin əvəzi 3680 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh 3680 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, hadisə törədilən zaman avtomobili idarə edən o yox, qardaşı Faiq Cavadov olmuşdur. Bu fakt şikayətinə əlavə etdiyi Faiq Cavadova yazılmış inzibati xəta haqqında protokol və qərar ilə sübut olunur. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 08 oktyabr 2020-ci il tarixdə Zaqatala rayon prokurorluğuna daxil olmuş Paşa Sığorta ASC-nin Zaqatala RPŞ-nin DYPB yol-patrul xidməti inspektoru, polis baş serjantı X2 qanunsuz hərəkətlərinin araşdırılması ilə bağlı 24 sentyabr 2020-ci il tarixli müraciəti əsasında X5 tərəfindən rayon prokurorluğunda 158 C-20 nömrəli material üzrə araşdırma aparılmışdır. Həmin araşdırma nəticəsində 05 noyabr 2020-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara alınmışdır ki, baş vermiş hadisədə cinayət qanununda nəzərdə tutulmuş hər hansı cinayət əməlinin tərkib əlamətləri olmadığından toplanmış 158 C-20 nömrəli material üzrə cınayət işinin başlanması rədd edilsin. 2. Zaqatala RPŞ-nin DYPB yol-patrul xidməti inspektoru polis baş serjantı Əliyev Sabir oğlu tərəfindən X3 barəsində 06 sentyabr 2020-ci ıl tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP3924187 nömrəli qərarın ləğv edilməsi məsələsinə baxılması məqsədilə qərarın surəti Zaqatala RPŞ-nin DYPB-nə göndərilsin 3. Vətəndaş Cavabdeh barəsində Azərbaycan Respublikası İnziba Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə İnzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün toplanmış materiallar Zaqatala rayon prokuroruna təqdim edilsin 4. Qəbul edilmiş qərarın surəti maraqlı tərəflərə göndərilməklə, qərardan narazı qalındığı təqdirdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zaqatala prokuroruna, yuxarı prokurora, yaxud məhkəmə nəzarətini həyata keçirən Zaqatala rayon məhkəməsinə şikayət etmək hüququnun olması izah edilsin. Göstərilən qərar əsasında 18 noyabr 2020-ci il tarixdə Zaqatala rayon prokuroru, ədliyyə müşaviri Rasim Musayev tərəfindən “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar” qəbul edilmiş, qərarla müəyyən edilmişdir ki, 158 C-20 nömrəli toplanmış material üzrə Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.2 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlansın. Qərar baxılması üçün Zaqatala rayon Polis Şöbəsinə göndərilsin. Beləliklə, məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edildi ki, qəza həqiqətən Cavabdeh tərəfindən törədilmişdir, bu səbəbdən də İddiaçı hazırki iddianı ona qarşı qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. “İnfinity FX 35 ” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəqiq müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 dekabr 2021-ci il tarixli 9/7994 nömrəli ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Avtomobillərə texniki xidmət sexi”-nin 16.09.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “İnfinity FX 35” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilmədən təxminən 6106 manat müəyyən edilir. Avtomobilə dəymiş zərər 6106 manat olduğundan və bu məbləğin 5000 manatı "xxxx" ASC tərəfindən ödənildiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yalnız 1106 manat pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə iddianın təmin olunmuş 2574 manata aid olan hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(033)-387/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş 2574 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası həmin hissədə rədd edilməli, qətnamə iddia tələbinin təmin edilmiş 1106 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Zaqatala Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(033)-387/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş 2574 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş 3680 manat zərərin ödənilməsi tələbinə dair iddiasının 2574 manata aid hissəsi rədd edilsin. Qətnamə iddia tələbinin təmin edilmiş 1106 manata aid hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar