Məhkəmə qərarları › İş №2(107)-924/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-924/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-924/2022 15.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “ziyan” tələbinə dair (Açar sözlər: maddi ziyan-sübutetmə yükü) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı MMC-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(046)- 138/2022 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları 1.Rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə xx.xx.2019-cu il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə tarixdə İsmayıllı rayonu, Qalınçaq kəndinin ərazisində Cavabdeh ** AC *** dövlət nömrə nişanlı Hovo markalı betonqarışdıran avtomobili səhlənkarlıqla idarə etdiyindən İddiaçı MMC X3 məxsus 80 metr TPP 30x2 və TPP 20x2 kabelləri zədələnmiş, 1 ədəd dirək qırılmış, 2 ədəd dirək əyilmişdir. (Akt ilə Cavabdeh tanış olmuş və imzalamışdır).

2. İsmayıllı rayonu Qalınçaq kəndində hava rabitə kabellərinin bərpası üçün tərtib edilmiş təqribi smetadan görünür ki, İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində FO-20 kabelinin bərpası üçün təqribi smetadan görünür ki, 80 metr TPP 30x2 və TPP 20x2 kabellərin və 1 ədəd dirəyin bərpası üçün cəmi 973.81 manat tələb olunur.

3. AB 471 137 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, **-AC-*** dövlət nömrə nişanlı Hovo ZZ5257GJBN3841 markalı betonqarışdıran nəqliyyat vasitəsi ATF MMC-nin qanuni sahibliyindədir. Məhkəməyə təqdim edilmiş Hovo ZZ5257GJBN3841 markalı betonqarışdıran nəqliyyat vasitəsinin texniki göstəricilərindən görünür ki, Hovo ZZ5257GJBN3841 markalı betonqarışdıran nəqliyyat vasitəsinin hündürlüyü 3.9 metrdir.

4. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı Qərarının Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydalarına rabitə xəttlərinin digər yeraltı, yerüstü, sualtı və hava qurğularından minimal məsafəsi barədə edilmiş əlavələr cədvəlinin 2-ci sırasında göstərilmişdir ki, avtomobil və dəmir yollarında üfüqi istiqamət üzrə yolun torpaq hissəsindən 5 metr aralıda yerləşdirilməlidir.

5. Apellyasiya instansiya məhkəməsinin sorğusu əsasında ATF MMC tərəfindən təqdim edilmiş 01 may 2019-cu il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC mülkiyyətində olan “HOVO” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı (ban № ZZ5257GJBN3841) betonqarışdan maşını idarə etməyi ünvan 1 ünvanda qeydiyyatda olan (Seriya AZE № ********) Cavabdeh etibar edir.

6. Etibarnamə 3 illik müddətə verilmişdir. Etibarnamə 05 nömrə ilə qeydiyyata alınmışdır. Apellyasiya icraatı zamanı əldə edilmiş;

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli, 9/5542 nömrəli ekspert rəyindən görünür ki, iş materialında və ekspertiza təyini haqqında qərardadda qeyd edilən 5 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 682,00 manat müəyyən edilir. O cümlədən: - dirək - 212,00 (2x106) manat, - TPP-20x2 kabeli - 200,00 (80x2,50) manat, - TPP-30x2 kabeli - 252,00 (80x3,15) manat, - TPP-20x2 kabeli üçun qolçaq - 9,00 (2x4,5) manat, - TPP-30x2 kabeli üçun qolçaq - 9,00 (2x4,5) manat.

8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı MMC-nin X8 filialının İsmayıllı şöbəsinin xx.xx.2022-ci il tarixli, 4/527 nömrəli məktubunun məzmunundan aydın olur ki, İsmayıllı rayonunun Qalıncıq kəndi ərazisində rabitə xətləri yolun istiqamətində mühafizə zonası gözlənilməklə paralel çəkilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 973.81 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 avqust 2019-cu il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndinin ərazisində Cavabdeh tərəfindən ** AC *** dövlət nömrə nişanlı Kamaz markalı betonqarışdıran yük maşını ilə İddiaçı X2na məxsus 80 metr TPP 30x2 və TPP 20x2 kabelləri zədələnmiş, 1 ədəd dirək qırılmış, 2 ədəd dirək əyilmiş, bir neçə abunəçi xətti yararsız vəziyyətə düşmüşdür. Baş vermiş hadisə ilə bağlı İsmayıllı TKQ-nin və Qalınçaq kənd İnzibati Ərazi Dairəsinin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmiş və hazırlanmış smetaya əsasən dəymiş zərərin məbləği 973,81 manat müəyyən olunmuşdur. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə yazılı və şifahi şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən də, mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır. Buna görə də tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 14 aprel 2022-ci il tarixli, 2(046)- 138/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh ehtiyyatsızlığından İddiaçı MMC X3 məxsus FO-20 markalı rabitə kabeli FO-20 kabeli sıradan çıxmışdır. Hazırda İddiaçı MMC Cavabdeh həmin kabelin təmiri üçün 973.81 manat tələb edir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh 14 avqust 2019-cu il tarixdə İsmayıllı rayon Qalınçaq kəndinin ərazisində idarə etdiyi ** AC *** dövlət nömrə nişanlı Hovo markalı betonqarışdıran yük maşını ilə hərəkətdə olarkən İddiaçı MMC-yə məxsus kabelləri təqsirli hərəkətləri nəticəsində zədələmişdir. Ona görə ki, İddiaçı MMC-yə məxsus kabel xəttləri yoldan 5 metr aralıda və hündürlükdə olmalıdır. Cavabdeh idarə etdiyi avtomobilin hündürlüyü isə 3.9 metr olmuşdur. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Cavabdeh 973.81 manat ziyanın tutulmasına əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə cavabdeh Quliyev X4 rayonu, Qalınçaq kəndi ərazisində ** AC *** dövlət qeydiyyat nişanlı “Hovo” markalı betonqarışdıran yük maşınını idarə edərkən İddiaçı (bundan sonra İddiaçı MMC) X8 filialının İsmayıllı şöbəsinə (əvvəlki X2) məxsus 80 metr TPP 30x2 və TPP 20x2 kabellərini zədələmiş, 1 ədəd rabitə dirəyini qırmış, 2 ədəd dirəyi əymiş, ümumilikdə İddiaçı MMC-yə 973,81 manat zərər vurmuşdur.

16. Hesab edirlər ki, məhkəmənin Cavabdeh qarşı 973,81 manat maddi ziyanın ödənilməsi tələbinin rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə ziddir. Belə ki, baş vermiş hadisə ilə bağlı X8 filialının İsmayıllı şöbəsinin və Qalınçaq kənd İnzibati Ərazi Dairəsinin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş akta əsasən, xx.xx.2019-cu ildə saat 23:00 radələrində Cavabdeh idarə etdiyi ** AC *** dövlət qeydiyyat nişanlı “Hovo” markalı yük maşını X8 filialının İsmayıllı şöbəsinə məxsus yuxarıda qeyd olunan rabitə kabelləri, dirəkləri zədələmiş və nəticədə rabitə xidmətlərinin kəsilməsinə səbəb olmuşdur.

17. Göyçay Rayon Məhkəməsinin qətnaməsinin 11-ci abzasında qeyd olunur ki, “işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İsmayıllı rayon Qalınçaq kəndinin ərazisində idarə etdiyi ** AC *** Dövlət qeydiyyat nişanlı “Hovo” markalı beton qarışdıran yük maşını ilə hərəkətdə olarkən İddiaçı MMC-yə məxsus kabelləri təqsirli hərəkətləri nəticəsində zədələmişdir. Ona görə ki İddiaçı MMCyə məxsus kabel xətləri yoldan 5 metr aralıda və hündürlükdə olmalıdır.”

18. Göründüyü kimi, məhkəmənin əsaslandığı və qeyd etdiyi fikirlər bir-birini təkzib edir, bir tərəfdən şəxsin təqsirli olduğunu yazsa da digər tərəfdən cavabdehin ifadəsinə əsaslanaraq rabitə kabellərinin tələblərə uyğun hündürlükdə çəkilməməsi halına əsaslanmışdır. Məhkəmə həmin hadisə ilə bağlı dəqiq, obyektiv araşdırmanın aparılması məqsədilə müvafiq ekspertiza təyin etməmiş, həmçinin başqa hər hansı tədbir görməmiş, yalnız cavabdehin verdiyi ifadəyə əsaslanmışdır. Qeyd edirlər ki, hadisənin baş verdiyi ərazidə rabitə kabelləri yolun kənarı ilə çəkilmişdir. Qanunvericiliyə əsasən, yolun kənarı ilə çəkilən rabitə kabel və dirəkləri üçün onların 5 metr hündürlükdə olması tələbi yoxdur. Hadisə ilə bağlı tərtib olunmuş akta əsasən, Cavabdeh hadisəni gecə radələrində törətmişdir. O, avtomobili idarə edərkən yolun kənarı ilə çəkilmiş rabitə kabellərini və dirəkləri zədələmişdir. Qətnamədən də göründüyü kimi məhkəmə zədələnmə faktını təsdiq etmişdir. Hesab edirlər ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə qeyd edilən faktları dəqiq araşdırmamış, işə əlavə olunan rabitə kabellərinin bərpası üçün tərtib olunmuş smeta və xx.xx.2019-cu il tarixli aktın mövcudluğunu nəzərə almamış, heç bir hüquqi əsas olmadan cavabdehin dediyi sözlərə istinad edərək iddianı rədd etmişdir.

19. İşin hallarına uyğun olaraq, vurulmuş 973,81 (doqquz yüz yetmiş üç manat, səksən bir qəpik) manat zərər Cavabdeh tərəfindən ödənilməli, ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə qaytarılmalıdır.

20. Qeyd edilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ciil tarixli, 2(046)-138/2022 nömrəli qətnaməsinin ləğv olunmasını, Cavabdeh tərəfindən 973,81 (doqquz yüz yetmiş üç manat, səksən bir qəpik) manat zərərin ödənilməsi barədə iddia tələbinin təmin olunub, ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə tam və obyektiv araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, cavabdeh özü də məlum hadisəni törətdiyini, ziyan vurduğunu etiraf etməsinə baxmayaraq, məhkəmə öz mülahizəsinə və cavabdehin dediyinə əsaslanaraq qərar qəbul etmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını kollegiyadan xahiş edir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, həmçinin istifadəsində olan 050 781 01 36 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.

24. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)

25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(046)-138/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 29.Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(046)- 138/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(046)- 138/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

31. İddia tələbinin mahiyyətindən görünür ki, tələb vurulmuş ziyanın tələb edilməsi barədədir.

32. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

33. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

34. Nəzərə alınmalıdır ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

36. Bu baxımdan ziyanın ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

37. Öyrənilən mülki işin faktiki hallarından belə aydın olur ki, 14 avqust 2019-cu il tarixdə İsmayıllı rayonu Qalınçaq kəndinin ərazisində Cavabdeh idarə etdiyi ** AC *** dövlət nömrə nişanlı Kamaz markalı betonqarışdıran yük maşını ilə İddiaçı X2na məxsus 80 metr TPP 30x2 və TPP 20x2 kabelləri zədələnmiş, 1 ədəd dirək qırılmış, 2 ədəd dirək əyilmiş, bir neçə abunəçi xətti yararsız vəziyyətə düşmüşdür.

38. Baş vermiş hadisə ilə bağlı İsmayıllı TKQ-nin və Qalınçaq kənd İnzibati Ərazi Dairəsinin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmiş və hazırlanmış smetaya əsasən dəymiş zərərin məbləği 973,81 manat müəyyən olunmuşdur. Borcun ödənilməsinə dair cavabdehə yazılı və şifahi şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən də, iddiaçı tərəf məhkəməyə müraciət etmişdir.

39. İlk olaraq qeyd olunmalıdır ki, baş vermiş hadisə nəticəsində iddiaçıya vurulmuş ziyana görə cavabdehin mülki məsuliyyət daşıması müəyyən edilmiş haldır. Lakin cavabdeh 14 avqust 2019-cu il tarixdə İsmayıllı rayonu, Qalınçaq kəndinin ərazisində idarə etdiyi ** AC *** dövlət nömrə nişanlı Hovo markalı betonqarışdıran yük maşını ilə hərəkətdə olarkən İddiaçı MMC-yə məxsus kabelləri zədələdiyini bildirsə də, baş vermiş hadisənin onun təqsiri ucbatından deyil, səbəb kimi həmin kabellərin normadan daha aşağı olmasını göstərir.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

41. Belə ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.

42. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.

43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

44. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

45. Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı)

46. Beləliklə kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə cavabdeh Quliyev X4 rayonu, Qalınçaq kəndi ərazisində ** AC *** dövlət qeydiyyat nişanlı “Hovo” markalı betonqarışdıran yük maşınını idarə edərkən İddiaçı X8 filialının İsmayıllı şöbəsinə məxsus 80 metr TPP 30x2 və TPP 20x2 kabellərini zədələmiş, 1 ədəd rabitə dirəyini qırmış, 2 ədəd dirəyi əymişdir. Cavabdeh hadisəni törətdiyini etiraf etsə də, səbəb kimi elektrik naqillərinin normadan aşağı olmasını göstərmiş, birinci instansiya məhkəməsi də məhz bu səbəbdən iddianı rədd etmişdir.

47. Məhkənmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, sözügedən rabitə xətləri yola üfüqi istiqamətdə deyil, yolun istiqamətində mühafizə zonası gözlənilməklə paralel çəkilmişdir.

48. Bundan başqa işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(107)-924/2022 nömrəli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

49. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli, 9/5542 nömrəli ekspert rəyindən görünür ki, iş materialında və ekspertiza təyini haqqında qərardadda qeyd edilən 5 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 682,00 manat müəyyən edilir. O cümlədən: - dirək - 212,00 (2x106) manat, - TPP-20x2 kabeli - 200,00 (80x2,50) manat, - TPP-30x2 kabeli - 252,00 (80x3,15) manat, - TPP-20x2 kabeli üçun qolçaq - 9,00 (2x4,5) manat, - TPP-30x2 kabeli üçun qolçaq - 9,00 (2x4,5) manat.

50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmamış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilməmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmamış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilməmişdir.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir.

52. Kollegiya həmçinin hesab edir ki, iş üzrə ekspertiza xərci 50 manat cavabdehə aid edilməlidir.

53. Kollegiya sonda qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(046)-138/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 682,00 (altı yüz səksən iki) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci 50 manat Cavabdeh alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar