Məhkəmə qərarları › İş №2(107)-924/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-924/2023

05.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-924/2023 05.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan torpaq sahəsindəki darvazanın sökülməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: Yoldan istifadə, zəruri keçid) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq və X4 ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “mülkiyyətində olan torpaq sahəsindəki darvazanın sökülməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tаrixli 2(075)-75/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, F.X.Xoyski küçəsində onun adına **********87 saylı reyestrlə DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola Cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi və Cavabdeh məxsus evin həmin yola baxan hissəsində olan pəncərələrin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. 01 sentyabr 2021-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində quraşdırılmış qapının (dəmir darvaza) cavabdeh İddiaçı öz hesabına sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

4. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh onun qardaşıdır. Göstərmişdir ki, hazırda mübahisələndirilən ev və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi vaxtilə ataları X2 mülkiyyətində olmuşdur. Cavabdeh olan qardaşı da daxil olmaqla bütün bacı-qardaşları həmin evdə doğulmuş və həmin evdə böyüyüb boya-başa çatmışlar. Atası hələ sağlığında mülkiyyətində olan torpaq sahəsinin 0.0635 ha hissəsini xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən ona bağışlamış, o da həmin hədiyyəni qəbul etmiş və buna dair çıxarış almışdır. Həmçinin atası 25 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətində olan 77.6 kv/m-lik sahəsi olan evi və 0.1741 ha torpaq sahəsini Cavabdeh bağışlamış, o da hədiyyəni qəbul edərək öz adına çıxarış almışdır. Həmin vaxt evin bir hissəsi və həyətyanı torpaq sahəsindən onun payında bir hissə qalmışdır. Həyətyanı torpaq sahəsi kimi onun adına bir hissə torpaq sahəsi **********87 saylı reyetr nömrə ilə qeydiyyata keçmişdir. Göstərmişdir ki, Cavabdeh adına qeydə alınmış reyestrdən çıxarış onun iddia etdiyi kimi bütün evi və torpaq sahəsini əhatə etmir. Belə ki, sonradan cavabdeh hansısa yollarla atası tərəfindən ona bağışlanan hissədən əlavə torpaq sahəsini də öz mülkiyyətində qeydə alınmasına nail olmuşdur. Belə ki, hazırda onun evinə və torpaq sahəsinə gedən yeganə yolun 64 kv/m-lik hissəsi cavabdehin mülkiyyətindədir. Hansı ki, həmin hissədən keçən yol onun evinə gedən yeganə yoldur və o həmin yerdə qapı kimi darvaza quraşdırmışdır. Belə ki, ona məxsus ev və torpaq sahəsi Şəki şəhərinin yuxarı dağlıq hissəsində yerləşir. Evinin arxa hissəsi və sol hissəsi dağlıq ərazi, sağ hissəsi isə cavabdehə məxsus evə və torpaq sahəsidir. Evindən və torpaq sahəsindən küçəyə yalnız cavabdehə məxsus torpaq sahəsində keçməklə çıxa bilir. Cavabdeh isə ona həmin yoldan istifadə etməsinə maneəçilik törədir. Göstərmişdir ki, onun və cavabehin küçədən onların evlərinə və torpaq sahələrinə giriş darvazaları ayrıdır. Lakin onun mülkiyyətində olan torpaq sahəsində cavabehin istifadəsində olan ev var və cavabdeh də ona məxsus darvazadan istifadə etməklə həmin evə girmək istəyir. Həmçinin həmin tikilinin üzərində 2 ayrı-ayrı pəncərə var. Qeyd edilən pəncərə bir başa onun həyətinə baxır. Göstərmişdir ki, evin qeyd edilən hissəsi vaxtilə atasının mülkiyyətində olmuş və əvvəllər həmin tikilinin cavabehin evinin içərisinə qapısı olmuşdur. Həmin tikilinin hazırkı vəziyyəti sonradan bu şəklə salınmışdır. Hazırda evin həmin hissəsində anası yaşayır. Hesab edir ki, həmin yoldan istifadə etməsinə maneçilik cavabdehə qadağan edilməli və cavabdehin istifadəsində olan və onun həyətinə baxan pəncərələr bağlanmalıdır. Məhkəmə tərəflərə dəfələrlə barışmaları üçün təklif bildirsə də iddiaçı iddianı müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddiaya münasibət bildirərək onu əsassız hesab etmiş və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X12 küçəsi, dalan 9 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evi onun adına reyestrdə dövlət qeydiyyatına alınmışdır. Mülkiyyətində olan həmin fərdi yaşayış evi ilə bağlı texniki pasport işlənilmiş və mülkiyyətinin hüdudları müəyyən edilmişdir. Lakin, mülkiyyətində olan həmin əmlakından istifadə etməsinə iş üzrə İddiaçı müxtəlif bəhanələrlə maneəçilik yaradır. Mübahisə predmeti olan fərdi yaşayış evi ona məxsusdur. Mübahisə predmeti olan fərdi yaşayış evinin ona məxsus olmasına dair hüquq müəyyənedici sənədlər vardır. Mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin mülkiyyətində, istifadəsində və icarəsində deyildir və bununla bağlı cavabdeh tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilə bilməz. Yaranmış vəziyyətdə mülkiyyətində olan əmlakdan istifadə etməsi ilə bağlı İddiaçı tərəfindən ona olan manelərin qadağan edilməsini onun tələb etmək hüququ vardır. Mülkiyyətində olan həmin fərdi yaşayış evindən istifadə etməsi ilə bağlı İddiaçı tərəfindən edilmiş maneələrə son qoyulması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticə olmamışdır. Buna görə də həmin tələblə məhkəməyə müraciət etməli olmuş və iddiası həmin hissədə təmin edilmişdir. Lakin, İddiaçı hazırda ona qarşı məhkəmədə əsassız bir iddia qaldırmışdır. Halbuki, cavabdeh İddiaçı söküləməsini tələb etdiyi qapı-ayna onun mülkiyyətində olan torpaq sahəsinə açılır. Cavabdeh İddiaçı belə bir hüququ yoxdur. Əslində, cavabdeh İddiaçı həmin qapının açıldığı torpaq sahəsinə, hansı ki, onun mülkiyyətindədir və giriş üçün qapı qoymuşdur. Həmin qapının saxlanılması onun mülkiyyət hüquqlarını pozur.

6. Məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, İddiaçı onun qardaşıdır. Göstərmişdir ki, hazırda mübahisələndirilən ev və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi vaxtilə ataları X2 mülkiyyətində olmuşdur. İddiaçı olan qardaşı da daxil olmaqla bütün bacı-qardaşları həmin evdə doğulmuş və həmin evdə böyüyüb boya-başa çatmışlar. Atası hələ sağlığında mülkiyyətində olan torpaq sahəsinin 0.0635 ha hissəsini xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamış, o da həmin hədiyyəni qəbul etmiş və buna dair çıxarış almışdır. Həmçinin atası 25 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətində olan 77.6 kv/m-lik sahəsi olan evi və 0.1741 ha torpaq sahəsini ona bağışlamış, o da hədiyyəni qəbul edərək öz adına çıxarış almışdır. Göstərmişdir ki, hazırda onların hər ikisinin küçədən evlərinə gedən giriş qapısı ayrıcadır. Lakin iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin 64 kv/m-lik hissəsində özünə darvaza-qapı qoymuşdur. Halbuki, onun Elmanın evinə gedən yol hissəsində 1 otaq və dəhlizdən ibarət evi vardır və evinin həmin hissəsinə yalnız Elmanın onun mülkiyyətində quraşdırdığı darvaza-qapıdan keçməklə gedə bilər. Bildirmişdir ki, əvvəllər həmin evin içdən onun evinin daxilinə açılan qapısı olmuşdur. Lakin sonradan həmin qapı bağlanmış və ev hazırkı vəziyyətə gətirilmişdir. Həmin evdən hazırda istifadə edə bilmir. Bildirmişdir ki, Elman tərəfindən onun evinə gedən yolda quraşdırılmış darvazaqapı sökülməli və həmin yol iki hissəyə ayrılaraq o Elmana məxsus torpaq sahəsinə baxan evinə mülkiyyətində olan evinə sərbəst gedib gəlməlidir. Bütün bunları nəzərə alaraq ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil1 da, Cavabdeh ilə oxşar məzmunda izahat vermiş və əlavə olaraq göstərmişdir ki, ekspert rəyində göstərilmiş İlhama məxsus evin 11 kv/m-lik hissəsinin Elmana məxsus torpaq sahəsi üzərində yerləşməsi hissəsi ilə razılaşmır. Belə ki, bağılama zamanı həmin hissədə İlhama hədiyyə edilmiş və bu evin texniki pasportunda öz əksini tapmışdır. Bütün qeyd edilənləri nəzərə alaraq ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Şəki Rayon Məhkəməsinin 2(075)-75/2022 nömrəli iş üzrə qəbul etdiyi 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.İmanov) ilkin iddia tələbinin qismən təmin edilməsi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X12 küçəsi ünvanında İddiaçı mülkiyyətində olan 0.0635 ha torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh tərəfindən törədilən maneələrin ona qadağan edilməsi və həmin 0,0635 ha torpaq sahəsinin 11 kv.m hissəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş evin (tikilinin) pəncərələrinin bağlanması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X12 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid olan torpaq sahəsinin girişində İddiaçı tərəfindən quraşdırılmış darvaza-qapının cavabdeh İddiaçı öz hesabına sökülərək götürülməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh qardaşdırlar. Mübahisələndirilən ev və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi vaxtilə onların ataları X2 mülkiyyətində olmuşdur. Onlar özləri də daxil olmaqla bütün bacı-qardaşları həmin evdə doğulmuş və həmin evdə böyüyüb boya-başa çatmışlar. Ataları hələ sağlığında mülkiyyətində olan torpaq sahəsinin 0.0635 ha hissəsini xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamış, o da həmin hədiyyəni qəbul etmiş və buna dair çıxarış almışdır. Həmçinin ataları 25 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətində olan 77.6 kv/m-lik sahəsi olan evi və 0.1741 ha torpaq sahəsini cavabdehə bağışlamış, o da hədiyyəni qəbul edərək öz adına çıxarış almışdır. Müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin küçədən onların öz evlərinə gedən yol ayrıdır və hər iki evə girişdə darvaza-qapı mövcuddur və tərəflər arasında faktiki bölgü mövcuddur. Cavabdehin həm evi həm də torpaq sahəsi onun mülkiyyəti kimi reyestrdə qeydə alınsa da, iddiaçının yalnız torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdehin mülkiyyətində olan 64 kv/m-lik hissəsində darvaza-qapı quraşdırmışdır. Həmçinin cavabdehin iddiaçının həyətinə baxan hissəsindən keçməklə mülkiyyətində ev və iddiaçının mülkiyyətində olan 11 kv/m-lik torpaq sahəsi üzərində istifadəsində olan tikili vardır.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhz iddiaçının bağlanmasını xahiş etdiyi pəncərələr də onun özünün torpaq sahəsi üzərində inşa edilmiş tikilinin üzərindədir. Belə olan halda iddiaçı cavabdehdən mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmiş tikilinin pəncərəsinin bağlanmasını tələb edə bilər. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinin qeyd edilən mübahisəli pəncərələri bir mülkiyyətçi kimi iddiaçının öz mülkiyyətində olan əmlakdan sərbəst istifadəsinə maneçilik yaradır. Bu isə qanunla yol verilməz hesab edilir.

11. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, 71-ci maddəsinin 1-ci bəndinə, 139.1, 157.2, 180.1, 180.2, 180.3, 180.4-cü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(107)-1295/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(107)-1295/2022 saylıqətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1729/2023 saylı qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2(107)-1295/2022 saylı qətnaməsinin qismən, ilk iddianın rədd edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilməsi, qətnamə qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1729/2023 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi müəyyən etdiyi işin faktiki hallarına əsasən iddiaçının istifadəsində olan darvazanın cavabdehin mülkiyyətində olan 64 kv.m torpaq sahəsində quraşdırılmasını müəyyən edərək həmin darvazanın sökülməsini qət etmişdir. Lakin bu zaman həmin 64 kv.m torpaq sahəsindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən evinə gediş-gəliş yolu kimi istifadə olunduğunu nəzərə almamış, cavabdeh həmin torpaq sahəsindən istifadəni qadağan etdiyi halda, iddiaçıya həmin torpaq sahəsindən keçid verilməsinin zəruriliyini müzakirə etməmişdir.

16. Apellyasiya məhkəməsi qətnaməsində yalnız iddiaçıya Cavabdeh torpaq sahəsindən servitut hüququ əsasında özünə aid torpaq sahəsinə gediş gediş-gəliş yolunun verilməsi ilə bağlı sonuncuya müraciət etmək, bu barədə mübahisə yarandıqda isə müvafiq məhkəməyə müraciət etmək hüququnun olmasını izah etməklə kifayətlənmişdir.

17. Halbuki apellyasiya məhkəməsi tərəflər arasında artıq yoldan istifadə ilə bağlı mübahisənin olmasına və iddiaçının yoldan istifadəyə maneələrin aradan qaldırılması barədə iddia tələbinin mövcudluğuna, birinci instansiya məhkəməsinin həmin tələbi rədd edərkən hər hansı əsaslandırma aparmamasına diqqət yetirməmiş, iddiaçının başqa yolu olmadığına görə servitut müəyyən edilənə qədər onun Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada zəruri keçidlə təmin edilməsi məsələsini müzakirə etməmişdir.

18. Belə ki, sözügedən normaya əsasən əgər torpaq sahəsi mülkiyyətçinin öz sahəsindən ictimai yola keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. İşdə olan sənədlərdən aydın görünür ki, ilk iddia üzrə iddiaçının ictimai yola birbaşa və rahat keçid imkanı yoxdur.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin darvazanın sökülməsi tələbinin təmin edilməsi ilə yanaşı iddiaçının ictimai yola keçidi yalnız cavabdehin mülkiyyətində olan 64 kv.m torpaq sahəsindən olduğu halda, iddiaçıya həmin sahədən zəruri keçid verilməsi məsələsinə ilkin iddianın yoldan istifadəyə maneələrin aradan qaldırılması tələbi çərçivəsində baxılmalı, zəruri keçid verildikdən sonra isə iddiaçıya həmin hüququ servitut kimi tələb etmək, əks tərəfə isə zəruri keçidə görə əvəz və ya muzd ödənilməsini tələb etmək hüququ izah edilməlidir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı apellyasiya şikayətini ilk iddianın rədd edilən hissəsində onunla əsaslandırmışdır ki, onun ailəsinin yeganə giriş-çıxış yolu buradır, ayrı yerdən giriş-çıxış yolu yoxdur. Bu faktı öz qətnaməsində göstərsə də, birinci instansiya məhkəməsi obyektiv qərar qəbul etməmişdir. Belə olan halda onların ailəsi həyətə gəlib-getmək üçün vertolyotdan istifadə etməlidir. Ona görə ki, heç bir halda, heç bir vaxt atası X5 onun evinə giriş-çıxış hissəsini əhatə edən yeganə mənzillərinin həyətinə giriş-çıxış torpaq sahəsini Cavabdeh mülkiyyətinə verə bilməzdi. Ona görə ki, bu halda onların evlərinə gediş-gəliş yolu tamam bağlanmış olardı. Atası bunları etməmişdir. Ancaq bu, qardaşı Cavabdeh və Şəki şəhər Torpaq Şöbəsinin əməkdaşlarının saxtakarlığı ucbatından baş vermişdir.

21. Ona görə də, Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tаrixli 2(075)-75/2022 saylı qətnaməsinin qismən yəni həyətə giriş hissəsində qoyulmuş qapının sökülərək götürülməsi hissəsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Apellyasiya baxışının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

24. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. 169.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1729/2023 saylı qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2(107)-1295/2022 saylı qətnaməsinin qismən, ilk iddianın rədd edilən hissəsində ləğv edilməsi, həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qarşılıqlı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

34. Ona görə də məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tаrixli 2(075)-75/2022 nömrəli qətnaməsinin əsaslılığını ilk iddianın rədd edilən hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin iddiaçının adına qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola Cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi hissəsinə münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq həmin hissədə rədd etmişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1729/2023 saylı qərarında əks olunan göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan və mübahisələndirilən yəni, İddiaçı adına qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola Cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsinə dair hissəsinə qiymət verilməsi zəruridir.

37. Məhkəmə kollegiyasının iclasında və mübahisəli əraziyə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, küçədən iddiaçının həyətyanı torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə gedən yol sahəsinin üzərində darvaza-qapı mövcuddur. Hansı ki, həmin darvaza Cavabdeh mülkiyyətində olan 64 kv/m torpaq sahəsində yerləşir. Mübahisəli əraziyə yerində baxış keçirilərkən, həmin 64 kv/m torpaq sahəsindən keçməklə iddiaçıya məxsus həyətə daxil olduqda sağ tərəfin dağlıq ərazi, sol tərəfdə cavabdehin evi və həyətyanı sahələri ayıran daş hasarı, iddiaçının evinin arxa hissəsində isə digər qonşularla həyətləri ayıran daş hasarın olması, beləliklə iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş evinə hazırda iddiaçının yol kimi istifadə etdiyi cavabdehin mülkiyyətində olan 64 kv/m torpaq sahəsindən zəruri keçidin verilməsinin mümkün olması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının zəruri keçidin hansı ərazidən verilməsinin mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə dəvət etdiyi mütəxəssis, Daşınmaz Əmlakın Dövlət Reyestri və X9 şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X6 da iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş evinə zəruri keçidin yalnız hazırda iddiaçının yol kimi istifadə etdiyi cavabdehin mülkiyyətində olan 64 kv/m torpaq sahəsindən verilməsinin mümkün olduğunu göstərmişdir.

38. Hazırki iş üzrə iddiaçı torpaq sahəsi və onun üzərində tikilmiş evinə gedən yola Cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsini tələb edir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının istifadəsində olan darvazanın cavabdehin mülkiyyətində olan 64 kv.m torpaq sahəsində quraşdırılmasını müəyyən edərək həmin darvazanın sökülməsini qət etsə də, darvazanın yerləşdiyi 64 kv.m torpaq sahəsindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən evinə gediş-gəliş yolu kimi istifadə olunduğunu, iddiaçının mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən evinə gediş-gəliş üçün digər yolunun olmadığını nəzərə almamış, iddiaçıya həmin torpaq sahəsindən keçid verilməsinin zəruriliyini müzakirə etməmişdir.

40. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində yoldan istifadəyə maneələrin aradan qaldırılmasını xahiş etsə də işə baxan birinci instansiya məhkəməsi bu istiqamətdə heç bir əsaslandırma aparmamış, eyni zamanda iddiaçının başqa yolu olmadığına görə servitut müəyyən edilənə qədər onun Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada zəruri keçidlə təmin edilməsi məsələsini müzakirə etməmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əraziyə yerində baxış keçirilərkən və bu məqsədlə dəvət edilmiş mütəxəssisin fikirlərindən zəruri keçidin məhz Cavabdeh mülkiyyətində olan 64 kv.m torpaq sahəsindən verilməsinin daha yolverilən olması müəyyən edilmişdir.

42. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin ilk iddianın rədd edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və ilk iddianın rədd edilmiş hissəsində əsaslı qətnamə qəbul edilməmişdir.

43. Apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin qismən ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir.

44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tаrixli 2(075)-75/2022 nömrəli qətnaməsi iddianın rədd edilmiş iddiaçının adına qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı adına qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsinə dair iddiası Cavabdeh mülkiyyətində olan 64 kv/m torpaq sahəsindən zəruri keçid verilməklə təmin edilməli, Şəki şəhəri F.X.Xoyski küçəsində İddiaçı adına **********87 saylı reyestrlə DƏDRX-nin 12 saylı ərazi İdarəsi tərəfindən qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yolun qarşısında Cavabdeh mülkiyyətində olan 64 kv/m topraq sahəsindən zəruri keçid verilməli və zəruri keçid şəklində verilmiş yola Cavabdeh tərəfindən yaradılmış maneələr qadağan edilməlidir.

45. Kollegiya həmçinin hesab edir ki, İddiaçı zəruri keçid verilmiş yolla bağlı hüququ servitut kimi tələb etmək, Cavabdeh isə zəruri keçidə görə əvəz və ya muzd ödənilməsini tələb etmək hüququ izah edilməlidir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tаrixli 2(075)-75/2022 nömrəli qətnaməsi iddianın rədd edilmiş iddiaçının adına qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı adına qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yola cavabdeh tərəfindən yaradılmış maneələrin qadağan edilməsinə dair iddiası Cavabdeh mülkiyyətində olan 64 kv/m topraq sahəsindən zəruri keçid verilməklə təmin edilsin. Şəki şəhəri F.X.Xoyski küçəsində İddiaçı adına **********87 saylı reyestrlə DƏDRX-nin 12 saylı ərazi İdarəsi tərəfindən qeydə alınmış torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş evinə gedən yolun qarşısında Cavabdeh mülkiyyətində olan 64 kv/m torpaq sahəsindən zəruri keçid verilsin və zəruri keçid şəklində verilmiş yola Cavabdeh tərəfindən yaradılmış maneələr qadağan edilsin. İddiaçı zəruri keçid verilmiş yolla bağlı hüququ servitut kimi tələb etmək, Cavabdeh isə zəruri keçidə görə əvəz və ya muzd ödənilməsini tələb etmək hüququ izah edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar