Məhkəmə qərarları › İş №2(107)-925/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-925/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-925/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi X4, Cavabdeh və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1363/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş rayon, Maşad kəndində yaşayan Cavabdeh 1892.90 (bir min səkkiz yüz doxsan iki 90 qəpik) məbləğində əsas borcun, 30 (otuz) manat rüsum, 0.40 (qırx) qəpik xidmət haqqı, ümumilikdə isə 1923.30 manat (bir min doqquz yüz iyirmi üç 30 qəpik) borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1363/2020 nömrəli (hakim N.Əliyev) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1612.10 (bir min altı yüz on iki 10 qəpik) manat pul (sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 1331.30 manat və 280.80 manat isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı) və 15 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qalan 15 manatı İddiaçınə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1363/2020 saylı qətnaməsinin qismən - iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı iddia tələbinin tam təmin edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1363/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini, təqdim edilmiş sübutlar əsasında iş üzrə yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhər, Maşad küçəsində yaşayan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçı yaşadığı mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********01060 saylı qaz hesabında ödənilməmiş 1892.90 manat borc vardır, həmin borcun 1331.30 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 561.60 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. Cavabdeh mənzilinə istismarda olan qaz sayğacı üzrə yaranmış debitor borcu ödəməkdən yayınaraq təbii qazdan qeyri-qanuni xətt çəkərək istifadə etmiş, və bu yolla faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərini gizlətmişdir. Belə ki, İddiaçı İB, Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 09.04.2020-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 09.04.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 10.04.2020-ci il tarixli qərarı ilə 5616 m3 (və ya 561.60 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Həmçinin cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının İXM-in 282.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Energetika Nazirliyinin 09.07.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh 100 manat həcmində cərimə edilmişdir. İstehlakçının ünvanında qüsur aşkar edilməmişdən əvvəl ilə qüsur aşkar olunduqdan sonra istehlakçının qaz sərfiyyatları müqayisə edildiyi zaman görünür ki, aşkar edilmiş nöqsan aradan qaldırıldıqdan sonra istehlakçının qaz sərfiyyatının göstəricisi nəzərə çarpacaq dərəcədə artmışdır. Beləliklə qazdan qanunsuz, yəni pulsuz istidadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyət etibarilə düzgün hüquqi qiymət versə də iddia tələbinin sayğacdan kənar xəttə münasibətdə tam- başqa sözlə hesabat müddətində aparılmış dəymiş ziyanın tam təmin edilməməsində səhv nəticəyə gəlmişdir. İlk növbədə birinci instansiya məhkəməsi iddia tələbinin qalan hissədə təmin olunması məsələsinə qiymət verərək hesab edir ki, sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddən artıq yüksək məbləğ müəyyən edilmişdir və buna görə də həmin məbləğ azaldılmalıdır. Belə ki, iddiaçı itirilmiş qazın həcminin müəyyən edərkən nəyə əsasən hesabat müddətini 90 gün müəyyən etdiyini əsaslandıra bilməmişdir. İddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə iddiaçı tərəfindən iddiada qeyd edilən hallar sübuta yetirilmədiyindən həmin hallar üzrə hesablanmış zərər də tam həcmdə cavabdehdən tutula bilməz. Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, cavabdehə məxsus fərdi yaşayış evində istismarda olan qaz sayğacından kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etməsi mülki işin mübahisəsiz halıdır və birinci instansiya məhkəməsində öz təsdiqini tapmışdır. Bildirir ki, cavabdeh 09.04.2020-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 09.04.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 10.04.2020-ci il tarixli qərarı ilə 5616 m (və ya 561.60 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Həmçinin cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Energetika Nazirliyinin 09.07.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh 100 manat həcmində cərimə edilmişdir. Göründüyü kimi qanunsuz birləşmə ilin mülayim aylarına yox, qış aylarına təsadüft edir. Bununla belə məhkəmə 561.60 manat dəymiş ziyanın azaldılmasını da heç bir halda əsaslandırmamış və bu qənaətə hansı kriteriyalara yanaşmaqla gəlməsi göstərilməmişdir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na (Əlavə olunur) əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşmahesabına ödənilir. Göründüyü kimi iddiaçı dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı rəhbər tutduğu yeganə sənəd olan ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarda hesabat müddəti işin hallarına uyğun olaraq 3 ilədək müəyyən edilmişdir və iddiaçı tərəf həmin qərara uyğun olaraq hesabat aparmışdır. Birinci instansiya məhkəməsi hesabatın borcun şişirdilməsi əsası ilə hesabat müddətini qısadılması üçün heç bir maddi hüquq normasına istinad etməmişdir. Bundan başqa abonent saldosundan göründüyü kimi cavabdehin qaz hesabında uzun müddətdir sayğac göstəricisi yaşyış olmasına baxmayaraq az həcmdə hesabat gedir. Yuxarıda qeyd etdiyikləri sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli №2(014)-1363/2020 saylı qətnaməsi ilə 1612,10 (bir min altı yüz on iki manat 10 qəpik)manat pul (sayqac göstəricisinə əsasən aparılmış hesabata əsasən 1331.30 (bir min üç yüz otuz bir 30) manat və 280.80 (iki yüz səksən 80) manat isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı) və 15 (on beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə təmin edilmişdir . Aşağıda göstərərilənlərə görə Ağdaş rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli №2(014)-1363/2020 saylı qətnaməsi qanunlara bütövlüklə zidd, qeyri obyektiv olmasını, iddianın iftira yoluyla təmin edilməsini əsassız və ədalətsiz sayır. Belə ki, 28.-6.2020-ci il tarixində əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə, Energetika Nazirliyi Enerji X1 Mingəçevir Fillialı tərəfindən haqsız yerə tərtib edilmiş protokoldan isə Baş Prokurorluğa şikayət edib pozulmuş hüququnun bərpasının təmin edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsi tərəfindən məhkəmə iclası keçirilməyib və o məhkəmə iclasında olmamışdır. Məhkəmənin Hakimi onu görmədən müqavilə kimin tərəfindən bağlanılmış sənədi yoxlamadan qətnamə qəbul etməsinə inana bilmir. Məhkəməyə gəlməyən şəxsi polis vasitəsiylə gətizdirməlidir ki, ən azından vətəndaşın sənədləri və imzaları yoxlanılsın. Hakimin bu yolla səhv etməsi, onu borclu sayması İddiaçı İB-nin xeyrinə qətnamə qəbul etməsi qanuna zidd əməldir. Belə ki, onu heç bir zaman İddiaçı İB Zakatala RQİL-nin Ağdaş rayon Xidmət sahəsiylə münaqişəsi olmamışdır. O ailəliklə istehlakçı kimi istifadə etdiyi qazın pul vəsaitini ödəmişdir. Amma ola bilər ki, hansısa borc yığılmış qala bilər. Ən əsası isə odur ki, iddiada qeyd olunan və məhkəmə tərəfindən təsdiqlənən qeyri qanuni yolla təbii qazdan istifadə etmək, qaz liniyasına qoşulmaq yönlərini bacarmır və o bunu heç vaxt etməmişdir. Borcla bağlı qəbul edilmiş qətnamə barəsində bildirmək istəyir ki borc məbləği şişirdilmişdir və onun qətnamədə qeyd olunan qədər borcu ola bilməzdi. O ailə üzvüləri ilə birlikdə yuxarıda qeyd edilən ünvanda yaşayır və təbii qazdan istifadə qaydalarını pozmamışdır. Onun istehlakçı kimi hüququ İddiaçı Ağdaş rayon xidmət sahəsi əməkdaşları və rayon məhkəməsinin hakimi tərəfindən qərəzli olaraq kobudcasına pozulmuşdur. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdiyini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh 09.04.2020-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 09.04.2020ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 10.04.2020-ci il tarixli qərarı ilə 5616 m (və ya 561.60 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Həmçinin cavabdehə məxsus mənzildə təbii qazdan qeyri qanuni qazdan istifadə halı ilə bağlı foto və video çəkiliş aparılmışdır. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Energetika Nazirliyinin 09.07.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh 100 manat həcmində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi dəymiş zərəri 30 gün üçün təyin etmişdir. Lakin həmin dəymiş ziyan 30 gün müddətinə yox, 90 gün müddətinə hesablanmalıdır. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1363/2020 saylı qətnaməsinin qismən - iddia tələbinin təmin edilməyən hissələrdə ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı iddia tələbinin tam təmin edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, həmin qaz xətti yolun qarşı tərəfindən gedir.Yolun qarşı tərəfindən gedən 51 mm-lik qaz turbasına o rezin borunu necə keçirə bilər ki? Qaz xəttini 2019-cu ilin aprel ayında qoşublar. O hər ay debitor borcunu vaxtı vaxtında ödəyib. O 2010-cu ilə qədər İddiaçı İBdə işləyib. 2010-cu ildə işdən azad olunandan sonra ona debitor borcu yazıblar. Həmin qazdan yaranmış borcunu ödəyə bilmədiyi üçün 2019-cu ilə qədər qazları olmayıb. O qazdan istifadə etməyib, lakin ona 720 manat debitor borcu yazılmışdır. İddiaçı İB-nin verdiyi iddia ərizəsi və apellyasiya şikayəti əsassızdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, verdiyi apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdiyini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, istifadələrində olduğu qaz xətti 2010-cu ildən debitor borcuna görə bağlayıblar. 2019-cu ilə qədər həmin qazdan istifadə etməmişlər. Onlar debitor borcunu əsassız hesablayıblar. Bununla bağlı o, birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etsədə, verdikləri ərizə qəbul olunmamışdır. Odur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, verdiyi apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)- 1363/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş 04.06.2019-cu il tarixli **********01060 saylı abonent saldosundan da görünür ki, Cavabdeh 561.60 manat borcu var. İş materiallarında olan 10.04.2020-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən məlum olur ki, 09.04.2020-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh oğluna 5616 m3 (və ya 561.60 manat) ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 10.04.2020-ci il tarixli aktın surətindən məlum olur ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacdan kənar qanunsuz birləşmə aşkarlanmışdır. İş materiallarına əlavə olunmuş paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Zaqatala X10 idarəsi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 02.04.2019-cu il tarixli 833.04.2019 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən verilmiş 09.07.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh 100 manat həcmində cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri). «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 560.1ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir MM-in 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İlk öncə iddiaçının apelyasiya şikayətinə hüquqi qiymət verən Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən həddin artıq yüksək məbləğ müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Əvvəla ona görə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, cavabdehin aylar üzrə qaz sərfi o qədər yüksək olmamışdır. İkincisi, iddiaçı istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallarla bağlı, yəni cavabdehin 1612 (bir min altı yüz on iki 10 qəpik) manat pul (sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən 1331.30 manat və 280.80 manat isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı) onun sərfiyyatı”nın olmaması ilə bağlı dəlilinə qiymət verərək bildirir ki, Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Zaqatala X10 idarəsi ilə istehlakçı Cavabdeh oğlu arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 02.04.2019-cu il tarixli 833-04-2019 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Cavabdeh isə müqavilə öhdəliyini pozaraq yaranmış borcunu ödəməkdən yayınmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı,10.04.2020-ci il tarixli aktın surətindən məlum olur ki, İddiaçı İB-nin nümayəndələri tərəfindən istehlakçı Cavabdeh mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zaman, sayğacdan kənar qanunsuz birləşmə aşkarlanmışdır. Öz növbəsində cavabdeh bunun əksini təsdiq edəcək sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iclasında iştirak etmədiyini göstərsədə, işdə olan 04.11.2020-ci il tarixli Ağdaş Rayon Məhkəməsinin baxış iclasının protokolundan aydın olur ki, Cavabdeh məhkəmə iclasında iştirak etmiş, məhkəmə iclas zalında izahat vermiş və çıxış etmişdir. Hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin bu hissəsinin sübutetmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı həqiqətən də bu halları sübuta yetirəcək mötəbər dəlillər gətirə bilməmişdir. Hər bir işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni kifayət qədər əsas olmadan düzgün hesab etməmək işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)- 1363/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. MPM-in 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(014)-1363/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar