Məhkəmə qərarları › İş №2(107)-929/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-929/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-929/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzr borc tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)-48/2021 nömrəli qətnaməsindən İddiaçı QSC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)-48/2021 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh4 13.01.2015-ci il tarixli 015L**********15 saylı kredit razılaşması üzrə 8,303.98 manat əsas borc, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 8,333 (səkkiz min üç yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpiyin İddiaçı QSC-nin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manatın Cavabdeh4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 015R********** saylı kredit razılaşması üzrə 8,303.98 manat məbləğində kredit borcunun və iddia qaldırmaq üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 13.01.2015-ci il tarixli 015L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20,000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı 13.01.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10,000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 12.10.2015ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 15.12.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 1,696.02 manat ödəmiş, onun 8,303.98 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin erasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4lə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı QSC-nin nümayəndəsi Emin Əliyev teleqramla birinci instansiya məhkəməsinə müraciət edərək üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alıb iştirakı olmadan işə baxıb etirazı üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh4 iddianı qismən qəbul edərək bildirmişdir ki, qeyd edilən müqavilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının təsiri altına düşmüş və onun borcundan kompensasiya olaraq müəyyən məbləğ silinmişdir. Lakin, Bank tərəfindən hesablama düzgün aparılmamışdır. Bankın əməkdaşı ilə görüşdə ona bildirilmişdir ki, 4,300 manat məbləğində borcu var. Hazırdan həmin məbləğdən 1,000 manat ödəməyə, qalan məbləğə görə isə uzunmüddətli kredit müqaviləsi bağlanmasına razıdır. Digər cavabdehlərə məhkəmənin vaxtı və yeri barədə məlumat vermişdir. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Birinci instansiya məhkəməsi həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı QSC-nin nümayəndəsi X1 apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı QSC-nin nümayəndəsi X1 apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, qətnamə qismən (iddia tələbinin zaminə münasibətdə təmin olunmaması hissəsində) mübahisələndirilir və hesab edir ki, qətnamə həmin hissədə maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. İşdən göründüyü kimi iddiaçı "İddiaçı" QSC hazırkı tələblə bağlı məhkəməyə 2020-ci ilin iyun ayında müraciət etmişdir. Eyni zamanda tərəflər arasında yaranmış, hüquq münasibətləri Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Hər iki hal onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarlarını bu işə tətbiq etməklə maddi və prosessual hüquq normasının tələbini pozmuşdur. On görə də, Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)-48/2021 nömrəli qətnaməsinin qismən (iddia tələbinin zaminə münasibətdə təmin olunmaması hissəsində) ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq İddiaçı QSC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı QSC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)-48/2021 nömrəli qətnaməsinin mübahisələndirilən-zaminlərə münasibətdə iddianın təmin edilməməsi hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 13.01.2015-ci il tarixli 015L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncu üçün 120 ay müddətinə 20,000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan eyni tarixli 015R********** nömrəli Kredit razılaşması ilə müəyyən olunur ki, kredit xətti daxilində Cavabdeh4 36 ay müddətinə, aylı 2.25 % ödəmək şərti ilə 10,000 manat kredit verilmişdir. İşdə olan kredit xətti üzrə öhdəliklərin təmin edilməsi məqsədi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanmış və sonuncular kredit müqaviləsi üzrə yaranacaq borc üzrə birgə məsuliyyət daşımaqları barədə üzərilərinə öhdəlik götürmüşlər. İşdə olan tərəflərin imzaladıqları 12.10.2015-ci il tarixli 015R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, razılaşmanın müddəti 14 sentyabr 2018ci il tarixədək uzadılmışdır. İşdə olan maliyyə arayışlarına əsasən, 13.01.2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması üzrə 04 iyun 2020-ci il tarixə 8,303.98 manat əsas məbləğ üzrə borc yaranmışdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2020-ci il tarixli 9/3792 nömrəli rəyində qeyd edilir ki, 13.01.2015-ci il tarixli 015L**********15 saylı kredit razılaşması üzrə 13 yanvar 2018-ci il tarixı əsas borc 8,303.98 manat müəyyən edilmişdir. İşdə olan hesabdan çıxarışdan müəyyən olunur ki, 15 dekabr 2015-ci il tarixdən sonra Cavabdeh4 tərəfindən ödəniş edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 470.1, 472.1, 472.2, 477.0, 477.0.1, 477.0.4 və 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə görə, Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Həmin Qərarda daha sonra bildirilir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Həmin Qərara görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış kredit xətti əsasında 13.01.2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması ilə sonuncuya aylıq faiz dərəcəsi 2.25 % olmaqla, 36 ay müddətinə 10,000 manat kredit verilmişdir. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələri ilə Cavabdeh4 öhdəlikləri üzrə birgə məsuliyyət daşımaq barədə üzərilərinə öhdəlik götürmüşlər. Kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri Cavabdeh4 lazımınca icra etməmiş və bunun nəticəsində borcu yaranmışdır. Bu səbəbdən iddiaçı yaranmış borcu Cavabdeh4 tələb etməkdə haqlıdır. Mövcud sübutlar, habelə ekspert rəyi ilə müəyyən olunur ki, Cavabdeh4 04.06.2020ci il tarixə 13.01.2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması üzrə 8,303.98 manat əsas borc yaranmışdır. Həmin borcun düzgün hesablanmadığına dair Cavabdeh4 tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən qeyd edilən borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. Lakin, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış kredit xətti müqaviləsində kredit xəttinin məbləği və ümumi müddəti göstərilsə də, kredit razılaşması üzrə veriləcək məbləğin qaytarılması üçün konkret müddət və faiz dərəcəsi müəyyən edilməmişdir və hazırkı iş üzrə zaminlər həmin kredit xətti üzrə üzərilərinə öhdəlik götürmüşlər. Kredit xəttinin şərtlərinə görə, veriləcək məbləğ, onun qaytarılması üçün müddət və faiz dərəcəsi ayrıca bağlanacaq kredit razılaşması üzrə olmalıdır. Bu səbəbdən İddiaçı QSC ilə Cavabdeh4 arasında 13.01.2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması imzalanmış, bu razılaşma əsasında ona 36 ay müddətinə, aylıq 2.25 % ödənilmək şərti ilə 10,000 manat məbləğində kredit verilmişdir. Həmin kredit razılaşması ilə və ona əlavə edilmiş ödəniş planı ilə cavabdehlər ümumiyyətlə tanış edilməmiş, onlar tərəfindən həmin razılaşma imzalanmamışdır. Bununla da razılaşmanın şərtlərinin onlar tərəfindən qəbul edilməsi təsdiqini tapmır. Sonradan həmin razılaşmaya əlavə olaraq 12 oktyabr 2015-ci il tarixdə Saziş imzalanmaqla razılaşmanın şərtləri dəyişdirilmiş, müddəti artırılmış, lakin zaminlər bu sazişlə də tanış edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, zaminlərə münasibətdə iddia təmin edilə bilməz, belə ki, Mülki Məcəllənin 477.0.1 maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə hazırkı halda onların zaminliyinə xitam verilməli və onlara münasibətdə iddia təmin edilməməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun qeyd ediləndə Qərarında Mülki Məcəllənin 477.0.1 maddəsinə şərh verilərək izah olunan hallarda zaminliyə hissəvi deyil (faiz və cərimə məbləğinə münasibətdə), tam xitamı nəzərdə tutulmuşdur. Ekspertiza tədqiqatının dəyəri Cavabdeh4 aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsinin də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından İddiaçı QSC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)-48/2021 nömrəli qətnaməsinin mübahisələndirilən-zaminlərə münasibətdə iddianın təmin edilməməsi hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(039)-48/2021 nömrəli qətnaməsinin mübahisələndirilən-zaminlərə münasibətdə iddianın təmin edilməməsi hissəsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı QSC-nin nümayəndəsi X1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar