Məhkəmə qərarları › İş №2(107)-93/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-93/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-93/2022 03.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh2 və onun vəkili X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(025)-11/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 6913.93 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz borcu, 1143.66 ABŞ dolları cərimə borcu olmaqla 29.01.2018-ci il tarixdən 20.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda olaraq 522.55 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 27.05.2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 6913.93 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz borcu, 1143.66 ABŞ dolları cərimə borcu olmaqla 29.01.2018-ci il tarixdən 20.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda olaraq 522.55 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 10000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 29 yanvar 2015-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.25.05.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 29.01.2018 tarixədək təyin edilir. "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh2 kompensasiya verilmişdi və bununlada Cavabdeh2 əsas borcu 4201.52 ABŞ dolları azaldılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il aprelin 20-dək Cavabdeh2 banka 29 yanvar 2015-cü il tarixli kredit müqaviləsi üzrə 2283.35 ABŞ dolları əsas ,3838.35 ABŞ Dolları faiz , 1143.66 ABŞ dolları cərimə borcu Amaqla ümumilikdə cəmi 7265.36 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qəbələ Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(025)-11/2021 saylı qətnaməsi ilə (hakim A.Əliyev) İddia tələbi qismən təmin edilmiş, cavabdehlər (borclu) Cavabdeh2 və (zamin) Cavabdeh1 müştərək qaydada 6913 ABŞ dolları 93 sent əsas borc, 50 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 29.01.2018-ci il tarixdən 20.04.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 522 ABŞ dolları 55 sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 7486 ABŞ dolları 48 sent qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC- nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh2 tutularaq “X4” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun vəkili X2 apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Eyni zamanda cavabdeh həqiqətən də kredit məbləğini sahibkarlığın inkişaf etdirilməsi üçün aldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı nümayəndəsi X7 apellyasiya şikayətlərinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayətlər qismən əsaslı olduğundan təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(025)-11/2021 saylı qətnaməsi ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya məhkəməsinin icraatı zamanı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Fiziki Şəxsin Sahibkarlıq Uçotu haqqında Şəhadətnaməyə əsasən cavabdehin fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (Cavabdeh2 VÖEN **********). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Həmin Qərarın 8-ci bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz ortaq kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(025)-11/2021 saylı qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Qərarının tələbləri baxımından mülki iş məhkəmə aidyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(025)-11/2021 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar