Məhkəmə qərarları › İş №2(107)-930/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-930/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-930/2024 15.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(014)-1637/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh olan Cavabdeh ilə 2019-ci ilin əvvəllərində tanış olmuş və ondan sonra aralarında dostluq münasibətləri yaranmışdır. 2019-cu ilin iyul ayında cavabdeh ona əhaliyə ödənişli xidmətlər fəaliyyəti ilə məşğul olmağa başladığını, lakin maddi vəziyyəti ağır olduğundan lazım olan materialları almaqda çətinlik çəkdiyini bildirərək biznes fəaliyyətini nizama salmaq məqsədi ilə ona 9000 (doqquz min) manat borc pul verməyi xahiş etmişdir və onu əmin etmişdir ki, əgər o, cavabdehə borc verərsə, o bu borcun 3000 (üç min) manatını 2022-ci ilin yanvar ayında, qalan 6000 (altı min) manatını isə həmin, 2022-ci ilin iyun ayına qədər qaytaracaq. O, cavabdehin səmimiliyinə inanaraq 2019-cu ilin avqust ayında ona 9000 (doqquz min) manat məbləğində borc pul vermişdir. Cavabdeh ondan almış olduğu pulun 3000 (üç min) manatını 2022-ci ilin yanvar ayında qaytarmağa söz verməsinə baxmayaraq, 2022-ci ilin mart ayına qədər cavabdeh ona heç nə ödəmədiyindən və həmçin o, cavabdehin ondan başqa da digər şəxslərdən pul alaraq onu mənasız yerə xərcləyərək çətin maddi vəziyyətə düşməsindən xəbər olduğundan ondan borcunun qaytarılmasını tələb etmişdir. Cavabdeh maddi vəziyyətinin ağır olması səbəbindən pulunu verə bilmədiyini demiş və ona bir az da möhlət verməyini xahiş edərək 2022-ci ilin sonunadək borc verdiyi pulun hamısını ona qaytaracağını bildirmişdir. 2022-ci ilin oktyabr ayında o, Rusiya Federasiyasına getməli olmuş və cavabdehə ona borclu olduğu barədə qəbz yazmasını və ilin sonunda onun pulunu verməsini bildirmişdir. Cavabdeh bununla razılaşaraq ondan 9000 (doqquz min) manat borc almış olduğu barədə Şahid yanında öz əli ilə qəbz yazmışdır. Mart ayından bu günədək dəfələrlə ondan ümumi borcdan qalan 8250 (səkkiz min iki yüz əlli) manat borcun qaytarmağını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə onun pulunu verməkdən imtina etmişdir. Qeyd edilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüş və pulunu cavabdehdən almaq üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh borc vermiş olduğu 9000 manat pulun qalıq hissəsi kimi 8250 manat pulun, hüquqi yardıma görə ödədiyi 1500 manat pulun və iddianın baxılması üçün ödədiyi 120 manat dövlət rüsumunun, cəmi 9870 manat məbləğində pulun alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin (hakim C.Sultanov) 29 noyabr 2023-cü il tarixli, 2(014)-1637/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 8250 (səkkiz min iki yüz əlli) manat məbləğində pulun, hüquqi yardımın göstərilməsinə görə 500 (beş yüz) manat və 107,50 (yüz yeddi manat, əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh İddiaçı 9000 manat məbləğində borc pul almış, cavabeh həmin məbləğdən üç dəfə olmaqla, cəmi 750 manat məbləğində ödəniş etmiş, lakin Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı 8250 (səkkiz min iki yüz əlli) manat məbləğində borcu qalmışdır. Hazırda iddiaçı həmin borcun və məhkəmə xərclərinin geri qaytarilmasını tələb edir. Cavabdeh isə borcu ödədiyini bildirsə də, borcun ödənilməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı iddia tələbinə dair hüquqi yardımın alınması üçün 1500 manat məbləğində ödəniş etdiyini iddia edərək vəkil tərəfindən qəbz başlığı ilə komputer vasitəsi ilə 2 sentyabr 2023-cü il tarixdə hüquqi yardımın göstərilməsi üçün İddiaçı tərəfindən 1500 manat məbləğində ödənilməsi qeyd edilmiş qəbz tərtib olunmuşdur. Həmin qəbz tərtib olunarkən “Ödəniş qəbzi”-nin (Forma № ÖQ-1) forma və rekvizitləri və onlardan istifadə qaydalarına riayət edilməmiş və ya həmin ödənişin edilməsinə dair bank və ya terminal ödənişlərinə dair qəbz əlavə edilməmişdir. Məhkəmə İddiaçı vəkil tərəfindən hüquqi yardım alınmasına dair 1500 manat ödəniş edilməsi xüsusatlarla razılaşmamış və hesab etmişdir ki, həmin məbləğ ağlabatan deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 8250 (səkkiz min iki yüz əlli) manat məbləğində pul, hüquqi yardımın göstərilməsinə görə 500 (beş yüz) manat və 107,50 (yüz yeddi manat, əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 739.1, 739.2, 739.3-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(014)-1637/2023 saylı qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. O, şərikli iş qurmaq üçün iddiaçıdan aldığı və bu barədə sonradan yazdığı qəbz üzrə həmin məbləğin satılmış malların pullarını aldıqca, sonradan isə düzəltdiyi avadanlıqların pulunu iddiaçıya qaytarmaq üçün 2023-cü ilin oktyabr ayına kimi 8020 manatını müxtəlif vaxtlarda ona qaytarmışdır. İşlədiyi vaxtda iddiaçı ondan ümumi qiyməti 820 manat olan bağ mebeli dəsti də götürmüş və bildirmişdir ki, həmin məbləği ümumi puldan silərsən. O, bütün xərcləri və gəlirləri, sonradan isə ona qaytardığı pulların özünün qeyd dəftərində hesabatını aparmışdır. Onun iddiaçıya cəmi 160 manat borcu qalmışdır. İşə baxan məhkəmə iddiaçı tərəfindən iddiaçının ona 9000 manat pulu şərikli iş qurmaq məqsədi ilə verdiyindən, onun həmin pulu ona borc kimi verməsi sübut olunmur. Həmçinin həmin pulun 8840 manatını müxtəlif vaxtlarda iddiaçıya qaytardığından ona 8250 manat borclu olmağı sübut olunmur. İşə baxan məhkəmə iddiaçıdan götürdüyü 9000 manat pulun 8840 manat hissəsini qaytarmağına dair məhkəməyə dəvət etdiyi şahidi dindirməmiş, təqdim etdiyi səs yazılarına qulaq assa da, onları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmamış, həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(014)-1637/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(014)-1637/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf xəstə olması ilə bağlı məhkəmə kollegiyasına heç bir sübüt növü təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(014)-1637/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(014)-1637/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(014)-1637/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki Cavabdeh İddiaçı 9000 manat məbləğində borc pul almış, cavabeh həmin məbləğdən üç dəfə olmaqla, cəmi 750 manat məbləğində ödəniş etmiş, lakin Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı 8250 (səkkiz min iki yüz əlli) manat məbləğində borcu qalmışdır. Hazırda iddiaçı həmin borcun və məhkəmə xərclərinin geri qaytarilmasını tələb edir. Cavabdeh isə borcu ödədiyini bildirsə də, borcun ödənilməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, şərikli iş qurmaq üçün iddiaçıdan aldığı və bu barədə sonradan yazdığı qəbz üzrə həmin məbləğin satılmış malların pullarını aldıqca, sonradan isə düzəltdiyi avadanlıqların pulunu iddiaçıya qaytarmaq üçün 2023-cü ilin oktyabr ayına kimi 8020 manatını müxtəlif vaxtlarda ona qaytarmışdır. İşlədiyi vaxtda iddiaçı ondan ümumi qiyməti 820 manat olan bağ mebeli dəsti də götürmüş və bildirmişdir ki, həmin məbləği ümumi puldan silər. O, bütün xərcləri və gəlirləri, sonradan isə ona qaytardığı pulların özünün qeyd dəftərində hesabatını aparmışdır. Onun iddiaçıya cəmi 160 manat borcu qalmışdır. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. İşin materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh 2019-cu ilin avqust ayında 9000 manat pul borc almış, almış olduğu pulun 3000 manatını 2022-ci ilin yanvar ayında, qalan məbləği isə 2022-ci ilin iyun ayına qədər qaytaracağını qeyd edərək imzası ilə təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbini sübut etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsində borcalanın (kredit alanın) vəzifəsi belə göstərilib: “... digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Məcəllənin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Mülki Məcəllənin 529.7-ci maddəsinə əsasən icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərinin hazırki mübahisəyə tətbiqi onu deməyə əsas verir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, 8250 manat pulu qaytarmamışdır. Əks hal (yəni, öhdəliyin icrası) ən azı aşağıdakılar müəyyən olunduğu halda sübuta yetirilmiş sayıla bilər: - əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənəd qaytarılmalı, qaytarmaq mümkün olmadıqda isə bu hal icranı təsdiq etmək üçün verilmiş sənəddə göstərilməli; - əgər kreditor borc sənədini qaytıla bilmirsə, öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış alınmalıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, iddiaçıdan alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Göründüyü kimi, işdə olan sübutlarla (sadə yazılı formada tərtib edilmiş qəbz, izahatlar və s.), işin müəyyən olunmuş halları araşdırılmaqla, cavabdehin iddiaçıya 8250 manat pul ödəməli olması müəyyən olunur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində ümumi qiyməti 820 manat olan bağ mebel dəstini iddiaçıya verdiyini qeyd etmiş, lakin bu barədə hər hansı bir sübut növü təqdim etməmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, işə baxan məhkəmə iddiaçı tərəfindən iddiaçının ona 9000 manat pulu şərikli iş qurmaq məqsədi ilə verdiyindən, onun həmin pulu ona borc kimi verməsi sübut olunmur. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, o, həqiqətən İddiaçı 9000 manat borc pul almışdır. Eyni zamanda Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, 2019-cu ilin avqust ayında 9000 manat pul almış, almış olduğu pulun 3000 manatını 2022-ci ilin yanvar ayında, qalan məbləği isə 2022-ci ilin iyun ayına qədər qaytaracağını qeyd edərək imzası ilə təsdiqləmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən məbləğin birgə fəaliyyət üçün iddiaçıdan pul alındığına dair şikayətin dəlilləri əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, işə baxan məhkəmə iddiaçıdan götürdüyü 9000 manat pulun 8840 manat hissəsini qaytarmağına dair məhkəməyə dəvət etdiyi şahidi dindirməmiş, təqdim etdiyi səs yazılarına qulaq assa da, onları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmamış, həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir. Kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. Birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, cavabdehin vəsatəti qismən təmin edilmiş, cavabdeh şahid təqdim edəcəyi təqdirdə isə dindiriləcəyi barədə qərar qəbul edilmişdir. Lakin cavabdeh tərəf məhkəməyə hər hansı bir şahid təqdim etməmişdir. Ona görə də şikayətin bu dəlili də əsassızdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı, bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə, məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(014)- 1637/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(014)-1637/2023 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar