Məhkəmə qərarları › İş №2(107)-932/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-932/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-932/2022 02.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair (Açar sözlər: elektrik borcunun ödənilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(037)-183/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: Tərəflər arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli 285695 nömrəli “Enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısı barədə” müqavilənin surətindən görünür ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Müqavilənin 4-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,08 manat tarif üzrə aparılır. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. 19 may 2021-ci il tarixli 13-1141 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehdən 08 may 2021-ci il tarixə yaranmış 813,73 manat borcun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks halda müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 30 noyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Çıxarışdan görünür ki, cavabdehin istifadə etdiyi elektrik enerjisinə görə 813,73 manat borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 813 manat 73 qəpik əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında “Enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdehin istifadə etdiyi elektrik enerjisinə görə 813,73 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da, müxtəlif bəhanələrlə borcun ödənilməsini təmin etməmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 31 yanvar 2022-ci il tarixli, 2(037)- 183/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 813 manat 73 qəpik borc və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 843 (səkkiz yüz qırx üç) manat 73 (yetmiş üç) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında “Enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə uyğun cavabdeh elektrik enerjisindən istifadə etmiş və onun 813,73 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. İddiaçı cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış 813 manat 73 qəpik əsas borc və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1 və 136.4-cü maddələrinə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 448.1ci maddələrinə maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun xəbəri olmadan, heç bir araşdırma aparmadan iddianın təmin olunması haqqında qətnamə qətnamə qəbul etmişdir. Qətnamə qanusuz, əsassız və ədalətsiz olduğu üçün ondan şikayət verir. Şikayətinə əlavə elədiyi Diyallı İƏD üzrə nümayəndəliyin 13 saylı arayışdan göründüyü kimi o, 2014-ci ildən ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış və həmin müddətdən sonra ona məxsus olan ev boş olmaqla orada heç kim yaşamamışdır. Evdə heç kim yaşamadığı üçün elektirik enerjisindən də istifadə edilməyib və onun iddiaçıya borcu da yarana bilməzdi. Məhkəmədə qaldırılmış bu iddianın heç bir əsası yoxdur və məhkəmə araşdırma aparsaydı, yəqin ki, iddianın rədd edilməsi barəsində qətnamə qəbul edərdi. Məhkəmə qətnaməsi də evdə heç kim olmadığı üçün onlara verilməyib, hansısa qohum və ya kəndçi alıbsa qətnaməni onlara çatdırmayıb. O, İsmayıllı rayon İcra və Probasiya şöbəsinə telefon vasitəsi ilə çağırılandan sonra belə bir qətnamənin olmasından xəbər tutmuşdur və ondan sonra Məhkəməyə müraciət edərək 15 may 2022-ci il tarixdə məhkəmə qətnaməsini almışdır. İddia düzgün araşdırılmır, ondan və ya ərazi üzrə dövlət orqanlarından enerji haqqı kimi tələb olunan məbləğin olduğu mənzildə onun və ya başqa bir şəxsin yaşayıb-yaşamamasını araşdırmayıb, iddia ərizəsinə əsasən qətnamə qət etmişdir. Qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv olunmasını və iddianın rədd edilməsi haqqında yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin iddiaçı tərəf məhkəmənin elektron kabinetinə ərizə ünvanlayaraq şikayətin təmin olunmamasını və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. «Elektrik enerjisidən istifadə Qaydaları»nın (NK-ın 2005-ci il 2 fevral tarixli 18 nömrəli) “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarına əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8 .14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. 8.19. İstehlakçı (məişət abonenti istisna olmaqla) elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji sərfinin göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerji-təchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi istehlakçının müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edir. 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(037)-183/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(037)- 183/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, kollegiyanın araşdırması zamanı müəyyən olundu ki, “tərəflər arasında “Enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısı barədə” müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə uyğun cavabdeh elektrik enerjisindən istifadə etmiş və onun 813,73 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, apellyasiya icraatı zamanı elektron kabinet vasitəsilə 2014-cü ilin iyun ayından 2019-cu ilin fevral ayınadək həmin ünvanda yaşamamasına dair arayış təqdim etmişdir. Apellyasiya icraatı zamanı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 363 nömrəli arayışa münasibət bildirən kollegiya qeyd edir ki, əvvəla həmin arayış mübahisəli ünvanda ümumiyyətlə yaşayış olmaması, enerjidən isifadə olunmaması ilə bağlı deyil, cavabdehin həmin evdə yaşamamasını təsdiq edir. İkincisi cavabdehin qeyd olunan ünvanda yaşamaması, onu müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikdən azad edilməsi anlamına gəlməməlidir. Çünki yuxarıda qeyd olunduğu kimi tərəflər arasında “Enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə bağlanılmış, müqavilənin şərtlərinə görə də cavabdeh öhdəlik götürmüşdür. Kollegiya sonda qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(037)-183/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar