Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-932/2025 23.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş ziyanın əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maddi ziyanın ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş ziyanın əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(014)-31/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş ziyanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yəni İddiaçı xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Şıxlı kəndi ərazisində yerləşən A822232 nömrəli torpaq sahəsinin planı və ölçüsünə, **********97 reyestr nömrəli Çıxarışla 4,48 hektar, A822233 nömrəli torpaq sahəsinin planı və ölçüsünə, **********98 reyestr nömrəli Çıxarışla 0,82 hektar, cəmi 5,3 hektar torpaq sahəsinə vurulmuş 4000 (dörd min) manat məbləğində ziyanın əvəzinin və dövlət rüsumu hesabına ödənilmiş 60 (altmış) manat pulun Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh1 və Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh2 tutularaq İddiaçı xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonunun Şıxlı kəndində xüsusi mülkiyyətində ona məxsus kənd təsərrüfatı təyinatlı torpaqlar vardır. Belə ki, A822232 nömrəli torpaq sahəsinin planı və ölçüsünə, **********97 reyestr nömrəli Çıxarışla 4,48 hektar, A822233 nömrəli torpaq sahəsinin planı və ölçüsünə, **********98 reyestr nömrəli Çıxarışla 0,82 hektar ölçülərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Həmin torpaq sahələrinə payızlıq arpa əkmişdir. Əkin barədə 26 oktyabr 2023-cü il tarixdə X2 İnformasiya Sistemində bəyan edərək, suvarma üsulunun suvarılma (selləmə suvarma) ilə olunacağını bildirmişdir. Ağdaş rayonu, Şıxlı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 onun torpaq sahəsinə qonşu olan torpaq sahələrinə yonca əkmişlər. Həmin torpaq sahələrinin yanından qurudulmuş suvarma kanalı keçir. Cavabdeh1 və Cavabdeh2 hazırda işlək olan digər suvarma kanalından köhnə qurudulmuş suvarma kanalına su yolu açmışlar. Köhnə suvarma kanalı vasitəsilə öz torpaq sahələrini səhv (qanunsuz) suvardıqları üçün kanaldan kənarlara axıdılan sular onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə axaraq onun əkinini yararsız hala salmışdır. Nəticədə ona xeyli miqdarda ziyan vurmuşlar. Ağdaş rayonu, Şıxlı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir məhəl qoymayaraq qanunsuz və icazəsiz hərəkətlərini davam etdirmişlər. Bununla bağlı dərhal həmin əraziyə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün X4 İnkişaf Mərkəzinə müraciət edilmişdir. Lakin məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi tövsiyə olunmuş, bundan sonra məhkəmənin göndərəcəyi sorğu əsasında həmin dəymiş ziyan barədə müvafiq arayışın veriləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 torpaq sahəsinə çəltik əkmiş, o, isə arpa əkmişdir. O, arpanı 2024-cü ilin may ayında əkmişdir. May ayında arpa əkini biçilməli idi. Cavabdehlərə əkinini biçdirdikdən sonra suyun açılmasını bildirsə də, onlar arpanı biçən vaxt cavabdehlər suyu açdılar. Səhhət də torpağına çəltik əkmişdir. Onunla Səhhətin torpağının arasında iki nəfərin torpağı var. Hər ikisinin torpağından axan su onun torpağına zərər verir. Onun həmin ərazidə 4,48 və 0,82 ha olmaqla iki torpağı var. Həmin torpaqların arasından əvvəllər arx keçib lakin hazırda yoxdur. Torpaq sahəsinə dəymiş ziyanın ödənilməsini, iddianın tam təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir.
4. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, iddia tələbi əsassızdır. Onun 5 hektar torpaq sahəsi vardır, yarısına çəltik, yarısına yonca əkmişdir. Arxa yaxın hissədə çəltik əkmiş, çəltiyin suyu da şirə kanalına tökülür. İddiaçının torpağında su qalmır. İddiaçının torpağı onun torpağından hündürdə yerləşir, suyun da aşağıdan yuxarı qalxması mümkün deyil. Bundan əlavə iddiaçının iki torpağı var həmin ərazidə, həmin torpaqların arasından əvvəl arx keçmişdir, sonradan iddiaçı həmin arxı düzləşdirmişdir. Eləcə də, iddiaçı ərizəsində göstərdiyi ziyanın ona dəyməsi mümkün deyil. Əgər ziyanlıq onun tərəfindən dəymişdirsə iddiaçı sübut etməlidir. əgər həmin ziyan mövcuddursa iddiada qeyd olunan məbləğdə mövcud ola bilməz. Fəqan Məmmədov tərəfindən həmin torpağa baxış keçirilmiş və dəymiş ziyan müəyyən edilmişdir. Ona görə də iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir.
5. Cavabdeh2 əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmişdir.
6. Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(014)-31/2025 nömrəli qətnaməsi ilə (hakim Aygün Mürsəlova) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə 240 (iki yüz qırx) manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı verilməsi, mütəxəssisə ödənilməli olan 100 (yüz) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun təmin olunmuş tələbə mütənasib olaraq 30 (otuz) manat cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə hesab etmişdir ki, iddiaçıların torpaq sahələrinə dəymiş ziyan cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyi iddiaçının və cavabdehin izahatları, təqdim olunmuş fotoşəkillər və videogörüntü, "xxxx" MMC tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli ƏQ-122/2025 saylı məktubu ilə təsdiq olunduğundan, iddiaçı maddi ziyanın əvəzinin cavabdehlərdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur, cavabdehlər həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşıyır. Lakin bununla belə məhkəmə qeyd edir ki, cavabdehlərdən vurulmuş ziyanın əvəzi kimi iddiaçnın xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi 4000 manat məbləğində deyil, İddiaçı ona və ailə üzvlərinə məxsus arpa əkilmiş 0.30 hektar torpaq sahəsindən su basması nəticəsində əldə olunacaq təqribən 600 kiloqram arpa miqdarında, (1 kiloqram arpanın orta bazar qiyməti 0.40 qəpik olması nəzərə alınmaqla) 240 manat miqdarında müəyyən edilmiş, həmin məbləğ cavabdehlərdən tutulmalıdır.
8. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 30 (otuz) manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
9. Həmçinin məhkəmə hesab etmişdir ki, iş üzrə mütəxəssisə ödənilməli məbləğ 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı ödənilməlidir.
10. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu surətdə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə müştərək qaydada 240 (iki yüz qırx) manat məbləğində pul, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 100 (yüz) manat mütəxəssisə ödənilməli məbləğ tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 386.1, 1096.1, 1097.1 və 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 81, 101.3, 103.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 3-16-16/2-7/1992- 9/10022/2024 saylı ekspert rəyindən görünür ki, bioloji tədqiqatın gəldiyi nəticəyə əsasən iş mateiallarında qeyd edilən buğda məhsullarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdkı kimi müəyyən edilmişdir: - 0.82 hektar sahədən bir illik məhsuldarlığı 1640 kq (hər hektara 20 senter) olan arpa məhsulu 656.00 (1640kqx0.40) manat, - 1,5903 hektar sahədə bir illik məhsuldarlığı 150 kq (torpaq sahəsi çox şoranlaşmış və torpağın duzluluğu adi gözlə görünürdü) olan arpa məhsulu 60.00 (150kqx0.40man) manat, - 2,8897 hektar 5779.4 kq (hər hektara 20 senter) olan arpa məhsulu 2311.76 (5779.4 kqx0.40) manat. Lakin məhkəmə tərəfindən "xxxx" MMC tərəfindən 02 sentyabr 2024-cü il tarixli ƏQ-114/2024 saylı qiymətləndirmə əsas götürülmüşdür.
14. Bildirmək istəyir ki, məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul edilərkən iddia tələbinə düzgün qiymət verilməmiş və Məhkəmə Ekspertiza Mərkəzinin rəyi nəzərə alınmamışdır.
15. Göründüyü kimi cavabdehlər köhnə qurudulmuş suvarma kanalına su yolu açaraq köhnə suvarma kanalı vasitəsilə öz torpaq sahələrini səhv (qanunsuz) suvardıqları üçün kanaldan kənarlara axıdılan suların onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə axaraq onun əkinini yararsız hala salmışlar və ona 4000 manat zərər vurmuşlar. Əgər cavabdehlər əkin sahəsini məhv etməsəydi sahədən 4000 manat gəlir əldə edə bilərdi.
16. Cavabdehlər mülkiyyətində olan torpaq sahəsinə əkdiyi əkinini məhv etdiyinə görə onların hərəkətləri ona zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveiriciliyin normalarını pozan) əməldir və buna görə onlar mülki hüquq məsuliyyəti daşıyır. Lakin bütün bunlara baxmayaraq işə baxan məhkəmə iddia tələbini qismən təmin etməklə qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuşdur.
17. Cavabdeh1 və Cavabdeh2 hazırda işlək olan digər suvarma kanalından köhnə qurudulmuş suvarma kanalına su yolu açaraq köhnə suvarma kanalı vasitəsilə öz torpaq sahələrini səhv (qanunsuz) suvardıqları üçün kanaldan kənarlara axıdılan sular onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə axaraq onun əkinini yararsız hala salmış, nəticədə ona xeyli miqdarda ziyan vurduqlarına görə o, haqlı olaraq cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək onlardan ona vurduqları zərərin əvəzinin ödənilməsini tələb etmiş və buna subyektiv hüququ yaranmışdır
18. O, iddia tələbinin əsasını təsdiq edən sübutları məhkəməyə təqdim etdiyi halda, işə baxan məhkəmə qətnaməsini həmin sübutlarla əsaslandırmamış, yalnız cavabdeh tərəfin iddianı qəbul etməməsinə və iddiaçılar tərəfindən dəymiş ziyanının miqdarının müəyyən edilməsinə dair heç bir mötəbər sübut təqdim edilməməsinə əsaslanaraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir
19. O, cavabdehlər tərəfindən mülkiyyətində olan torpaq sahəsində əkdiyi əkini su açaraq məhv etməsini təsdiq edən mötəbər sübutları (şəkillər) məhkəməyə təqdim etsə də, işə baxan məhkəmə həmin sübutları araşdırmamış və onlardan düzgün istifadə etməmişdir. İşə baxan məhkəmə onun tərəfindən təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli yuxarıda göstərdiyi hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir.
20. İşə baxan məhkəmə iddia tələbinin qismən təmin edilməsi barədə qəbul etdiyi qətnaməsi, mülkiyyətində olan torpaq sahəsində əkdiyi əkinin məhz cavabdehlərin su açaraq həmin əraziyə su axıtmaqla məhv etməsi kimi faktiki hallarına uyğun gəlmir.
21. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair 2(014)-31/2025 saylı iş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbi əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qətnaməsinin iddiasının təmin edilməyən hissəsində ləğv edilməsi və iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyator şikayətində Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.
31. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(014)- 31/2025 nömrəli qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də iddiaçı cavabdehin onun əmlakını yararsız hala salması səbəbli cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyətinin yarandığı qənaətinə gəlmişdir.
35. Hazırkı iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.
36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** və ********** qeydiyyat nömrəli çıxarışlara əsasən Ağdaş rayonu Şıxlı kəndində yerləşən 4.48 və 0.82 ha torpaq sahələri İddiaçı ümumibirgə mülkiyyətindədir. İddiaçı 2023-cü ildə ümumibirgə mülkiyyətində olan torpaq sahələrində payızlıq arpa əkdiyini, cavabdehlərin isə onun torpaq sahəsinə qonşu olan torpaq sahələrinə yonca əkdiklərini, həmin torpaq sahələrinin yanından qurudulmuş suvarma kanalının keçdiyini, cavabdehlərin hazırda işlək olan digər suvarma kanalından köhnə qurudulmuş suvarma kanalına su yolu açdıqlarını, cavabdehlərin köhnə suvarma kanalı vasitəsilə öz torpaq sahələrini səhv (qanunsuz) suvardıqları üçün kanaldan kənarlara axıdılan suların onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə axaraq onun əkinini yararsız hala saldıqlarını əsas gətirərək, onlardan vurulmuş maddi ziyanın əvəzi olaraq 4000 manat pulun, 60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini tələb etmişdir. Cavabdehlər tərəfindən iddia tələbi qəbul edilməmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
38. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin rəyinin nəzərə alınmaması, "xxxx" MMC tərəfindən 02 sentyabr 2024cü il tarixli ƏQ-114/2024 saylı qiymətləndirmənin əsas götürülməsi, cavabdehlərin ona 4000 manat zərər vurmaları, cavabdehlər əkin sahəsini məhv etməsəydilər sahədən 4000 manat gəlir əldə edə biləcəyinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan "xxxx" MMC tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli ƏQ-114/2024 saylı qiymətləndirmədən görünür ki, Ağdaş rayon Şıxlı kəndinə yerləşən İddiaçı və ailə üzvlərinə məxsus reyestr nömrəsi **********597 nömrəli çıxarışla 4.8 hektar, reyestr nömrəsi **********598 çıxarışla 0.82 hektar olmaqla ümumi 5.3 hektar torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsində əkilmiş arpanın təqribən 0.30 hektar hissəsi, kənar qonşuluqda yerləşən sahənin suvarılması zamanı su basması nəticəsində su altında qalaraq məhv edilmişdir. İddiaçı ona və ailə üzvlərinə məxsus arpa əkilmiş 0.30 hektar torpaq sahəsindən su basması nəticəsində əldə olunacaq təqribən 500 kiloqram arpa miqdarında, (1 kiloqram arpanın orta bazar qiyməti 0.45 qəpik olması nəzərə alınmaqla) 225 manat miqdarında maddi ziyanlıq dəymişdir.
39. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 3-16- 16/2-7/1992-9/10022/2024 nömrəli ekspert rəyindən görünür ki, Ağdaş rayonu Şıxlı kəndi ərazisində yerləşən **********597 reyestr nömrəli çıxarışla 4.48 hektar, **********598 reyestr nömrəli çıxarışla 0.82 hektar cəmi 5.3 hektar torpaq sahəsinə əkilmiş-0.82 hektar sahədə bir illik məhsuldarlığı 1640 kq (hər hektara 20 sentner), 1.5903 hektar sahədə bir illik məhsuldarlığı 150 kq (torpaq sahəsi çox şoranlaşmış və torpağın duzluluğu adi gözlə görünürdü). 2.8897 hektar 5779.4 kq (hər hektara 20 sentner) məhsul əldə edilməsi mümkündür.
40. Bioloji tədqiqatın gəldiyi nəticəyə əsasən iş mateiallarında qeyd edilən buğda məhsullarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdkı kimi müəyyən edilmişdir: - 0.82 hektar sahədən bir illik məhsuldarlığı 1640 kq (hər hektara 20 senter) olan arpa məhsulu 656.00 (1640kqx0.40) manat, - 1,5903 hektar sahədə bir illik məhsuldarlığı 150 kq (torpaq sahəsi çox şoranlaşmış və torpağın duzluluğu adi gözlə görünürdü) olan arpa məhsulu 60.00 (150kqx0.40man) manat, - 2,8897 hektar 5779.4 kq (hər hektara 20 senter) olan arpa məhsulu 2311.76 (5779.4 kqx0.40) manat.
41. Kollegiya qeyd edir ki, iddiaçının ümumibirgə mülkiyyətində olan torpaq sahəsinin hansı həcmdə olan hissəsində əkilmiş arpanın subasmaya məruz qalması ekspertiza tədqiqatı ilə deyil, "xxxx" MMC-nin apardığı tədqiqatla müəyyən edilmiş, həmin qurumun verdiyi sənəddən iddiaçının ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən cəmi 0.30 ha hissəsini su basması nəticəsində məhz 0.30 ha arpa sahəsinin yararsız hala düşməsi müəyyən edilmişdir. "xxxx" MMC 0.30 ha torpaq sahəsinin su basmaya məruz qalması nəticəsində iddiaçının təqribən 500 kiloqram arpa məhsulunu əldə etmək imkanından məhrum olduğunu qeyd etsə də, birinci instansiya məhkəməsi itkiyə məruz qalmış arpanın çəkisinin və dəyərinin müəyyən edilməsində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 3-16-16/2-7/1992-9/10022/2024 nömrəli ekspert rəyinə istinad etmişdir.
42. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 3-16-16/2- 7/1992-9/10022/2024 nömrəli ekspert rəyi ilə iddiaçıya hansı məbləğdə ziyanın vurulması deyil, iddiaçının ümumibirgə mülkiyyətində olan torpaq sahəsindən ümumilikdə hansı miqdarda arpa məhsulunun əldə edilməsinin mümkünlüyünə aydınlıq gətirilmişdir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlər tərəfindən mülkiyyətində olan torpaq sahəsində əkdiyi əkini su açaraq məhv etməsini təsdiq edən mötəbər sübutları (şəkillər) məhkəməyə təqdim etsə də, işə baxan məhkəmənin həmin sübutları araşdırmaması, onlardan düzgün istifadə etməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərin ona 240 manatdan daha yüksək məblədə ziyan vurmalarına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
44. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
46. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
47. İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
48. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(014)-31/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(014)-31/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.