Məhkəmə qərarları › İş №2(107)-933/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-933/2023

08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-933/2023 08.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi üzrə (Açar sözlər: Alimentin artırılması) X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 01 may 2023-cü il-ci il tarixli, 2(046)-781/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X4 və X1 üçün hər ay hər uşağa görə 150 manat miqdarında aliment tutulmuşdur. Lakin cavabdehin ödədiyi aliment uşaqların zəruri təlabatlarını ödəmir. Cavabdeh ona uşaqların saxlanması üçün əlavə olaraq maddi yardım göstərmir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, azyaşlı uşaqları böyüdüyündən, iddiaçının ödədiyi aliment onların saxlanmasında kifayət eləmir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Göyçay Rayon Məhkəməsinin 01 may 2023-cü il-ci il tarixli, 2(046)-781/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsi, Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi, alimentin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulması, Cavabdeh 30 manat məbləğində rüsumun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı azyaşlı uşaqların saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin miqdarının artırılaraq hər uşağa görə 220 manat məbləğində müəyyən edilməsini tələb edir.

7. Məhkəmə baxışı zamanı İddiaçı azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat məbləğində müəyyən edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

8. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən artırılaraq hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 78.1, 78.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı, Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh tərəf apellyasiya şikayəti vermişlər.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin ödədiyi aliment uşaqların maddi təlabatını ödəmir. Belə ki, uşaqlar böyüdükcə onların təhsili, saxlanması ilə bağlı xərcləri artmışdır. Ərzaqların qiyməti, kommunal xidmətlərin tarifi qaldırılmışdır. O bazarda kilosu 14 manata ət alıb uşaqlarıma yedizdirir. Ailəsini maddi cəhətdən təmin etmək üçün kredit götürərək hər ay əmək haqqısından iki müxtəlif banka kredit və faiz ödənişləri edir.

12. Uşaqlar təhsillə yanaşı döyüş idman növü kikboksinqlə də məşğuldur, yarışlara gedirlər. Bununla bağlı həm idman müəlliminin aylıq xərci, həm də idman geyim və ləvazimatlarının alınması, yarışlara getmək üçün yol pulu xərcləri və yarışa giriş haqqı onun tərəfindən ödənilir. O öz qazancı hesabına uşaqların maddi təlabatını təmin edə bilmir. Cavabdeh isə yalnız təyin edilmiş alimenti ödəməklə kifayətlənir, uşaqlarının yaşayışı, həyatı, təhsili və əlavə xərcləri ilə maraqlanmır.

13. Növbəti tədris ilində uşaqları ali məktəbə hazırlıq üçün kurslara da göndərməlidir. Bu səbəbdən də o alimentin miqdarının artırılması ilə bağlı əvvəl mediasiyaya, daha sonra məhkəməyə müraciət etdi.

14. Məhkəmə alimentin miqdarını müəyyən edərkən hazırkı sosial-iqtisadi çətin vəziyyətdə məktəbli qızlarının nəinki ərzaqla bağlı, həm də təhsillə bağlı xərclərinin artmasını nəzərə almamışdır. Bununla da qeyd etdiyi maddi normanın tələbi pozulmuşdur.

15. Məhkəmə uşaqlara veriləcək alimenti yaşayış minimumundan aşağı məbləğdə müəyyən etmişdir. 16.Məhkəmə qətnamədə göstərir ki, o cavabdehin hər ay hər uşağa görə 220 manat məbləğində müəyyən edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasında uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Lakin məhkəmə cavabdehin mənafeyini uşaqlarının mənafeyindən üstün tutmuşdur. Məhkəmə gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamışdır.

17. Qətnamədə iş üçün əhəmiyyətli və əsaslı olmalıdır. Qətnamədə iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədiyi, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadığı üçün qətnamə əsaslı hesab edilə bilməz. Məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etsə də sübutlara düzgün hüquqi qiymət verməmişdir. 18.Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(046)-781/2023 saylı qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1773/2022 saylı qətnaməsi ilə xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə 150 manat aliment tutulmuşdur. Həmin qətnamənin çıxarıldığı vaxtdan 6 ay keçməmiş, iş üzrə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, təyin edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir.

20. İstinad olunan qanun normasının məzmunundan, eləcə də Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeydən görünür ki, alimentin miqdarının artırılmasına o halda yol verilir ki, aliment ödəyən şəxsin maddi vəziyyətində dəyişiklik olsun.

21. İddiaçı ilə nikahları pozulduqdan sonra, X6 ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Nisə Soltanova ilə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Fidan anadan olmuşdur. Hazırki apellyasiya şikayətinə əlavə etdiyi Azərbaycan Beynəlxalq Bankından edilmiş çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq gəliri, yəni əmək haqqı 600 manat olmuşdur.

22. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi vəziyyətində hər hansı dəyişiklik olmadan, əsassız və qanunsuz olaraq təyin edilmiş alimentin miqdarını artırmışdır. Halbuki, aylıq 600 manat əmək haqqından başqa gəliri yoxdur. Aldığı əmək haqqı hazırda ailə üzvləri olan Nisə Soltanovanın və qızı Fidanın, eləcə də əvvəlki nikahından doğulmuş Ləman və Səmranın saxlanılması üçün yetərli deyil.

23. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarını pozmaqla çıxarmışdır. Çünki, işə baxan məhkəmə işin həqiqi və faktiki hallarını düzgün müəyyən etməmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normalarının tələblərini səhv təfsir etmişdir. Bu isə nəticədə qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

24. Odur ki, Göyçay Rayon Məhkəməsinin 01 may 2023-cü il-ci il tarixli, 2(046)- 781/2023 saylı qətnaməsininin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, özünün apellyasiya şikayətinin təmin edilməsi, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, özünün apellyasiya şikayətinin təmin edilməsi, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Konstitusiyasının; 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

29. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

30. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

31. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Göyçay Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(046)-781/2023 saylı qətnaməsini qismən mübahisəndirərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə Göyçay Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(046)-781/2023 saylı qətnaməsini tam mübahisəndirərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(046)-781/2023 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

38. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X4 və X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarının az olmasından narazı qalan İddiaçı himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

41. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

42. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

43. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

44. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

45. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

46. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

47. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

48. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

49. Məhkəmə kollegiyası iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

50. Lakin iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə dair dəlilləri ilə razılaşır.

51. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinin tələblərinə istinad etməmiş, qəbul etdiyi qətnaməni iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə istinadla əsaslandırmamışdır.

52. Kollegiya qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

53. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

54. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

55. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamış, Azərbaycan Respublikası Ailə Məcəlləsində məhkəmə tərəfindən alimentin müəyyən olunmasından sonra onun miqdarının dəyişdirilməsinə dair münasibətləri nizama salan düzünə maddi hüquq norması olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsi tətbiq edilməmişdir.

56. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.

57. Məhkəmə kollegiyası bildirir ki, mülki iş materiallarında olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə müəyyən edilmiş alimentin miqdarı artırılmış və hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilmişdir. Alimentin məbləğinin artırılmasından qıza müddət keçməsinə baxmayaraq, İddiaçı yenidən alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, İddiaçı alimentin artırılmasını tələb etsə də, keçən müddət ərzində tərəflərin ailə və maddi vəziyyətinin dəyişməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

58. Əlavə olaraq kollegiya qeyd edir ki, yuxarıda qeyd edilənlərin əksinə olaraq, mülki iş materiallarında olan Vahid Məhkəmə Sistemi Portalından əldə edilmiş iddiaçı və cavabdehin aylıq əmək haqları barədə çıxarışlardan görünür ki, İddiaçı aylıq əmək haqqısı 814,44 manat, Cavabdeh aylıq əmək haqqısı isə 500.00 manat təşkil edir.

59. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

60. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları, maddi hüquq normalarının və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almadan iddianı düzgün olmayaraq qismən təmin etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(046)-781/2023 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir.

61. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(046)-781/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar