Məhkəmə qərarları › İş №2(107)-934/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-934/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-934/2022 09.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi ) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(024)-119/2022 nömrəli qətnaməsindən İddiaçı, Cavabdeh və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :

1. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmiş Cavabdeh izahatından görünür ki, o, 2019-2020-ci illərdə müxtəlif vaxtlarda iş qurmaq məqsədi ilə İddiaçı 20000 ABŞ dolları və 7000 manat məbləğində borc pul aldığını qeyd etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Cavabdeh iddiaçını tanıdığını, iş qurmaq məqsədilə iddiaçıdan 20.000 ABŞ dollar və 7000 manat məbləğində pul aldığını, aldığı pulun cəmi 41000 manat olduğunu, lakin işi düzgün getmədiyi üçün pulu qaytara bilmədiyini etiraf etmişdir.

3. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş: X2 ifadəsində iddiaçı və cavabdehi tanıdığını, onların şərikli iş qurduqlarını lakin aralarında olan borc pul məbləğini bilmədiyini göstərmişdir. Digər şahidlər X1 və X3 da şahid Polad Mirzəxanov ilə eyni məzmunda ifadə verərək iddiaçı və cavabdehi tanıdıqlarını, onların şərikli iş qurduqlarını lakin aralarında olan borc pul məbləğini bilmədiklərini göstərdilər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Qax rayonu, Marsan kəndində qeydiyyatda olan Cavabdeh 28000 ABŞ dolları, 20700 manat məbləğində pulu və ödənilmiş 294.90 manat məbləğindəki dövlət rüsumunun alınaraq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildən Şəki rayonu Baş Göynük kəndində "xxxx" MMC adlı müəssisəsində tütün və taxıl əkini ilə məşğul olur. İlk əvvəllər bank üzrə əməliyyatlarını "xxxx" ASC vasitəsilə həyata keçirmişdir. 2017-ci ilin dekabr ayında "xxxx" ASC ləğv edildiyi üçün bank hesablarını “Kapital Bank” Şəki filialına keçirmək qərarına gəlmişdir. Bu zaman “Kapital Bank” Şəki filialının müdiri Cavabdeh ilə tanışlığı yaranmışdır. Həmin vaxtdan onunla yaxın münasibətləri yaranmışdır. Cavabdeh müxtəlif vaxtlarda ondan borc götürərək qaytarmışdır. Belə ki, 2018-ci ildə ilk dəfə 3000 (üç min) manat götürmüş və təxminən bir ay sonra qaytarmışdır. Daha sonra yenə 1500 (bir min beş yüz) manat borc götürmüş və bir müddət sonra qaytarmışdır. Beləcə onunla sıx dostluq münasibətləri yaranmışdır. Təxminən 2018-ci ilin sentyabr ayında çay süfrəsi zamanı Cavabdeh iş qurmaq istədiyini bildirərək, duzlu fındıq emalı sexi açmaq fikrində olduğunu və bunun üçün ona 20000 (iyirmi min) ABŞ Dolları pul lazım olduğunu və həmin pulu bir il altı ay ərzində qaytaracağını bildirmişdir. Təxminən 3 ay sonra cavabdeh təkrar zəng etmiş və işin yarımçıq qaldığını və 8000 (səkkiz min) ABŞ Dollarına ehtiyac olduğunu bildirmişdir. İş yarımçıq qalmasın deyə həmin 8000 (səkkiz min) ABŞ Dollarını cavabdehə vermişdir. Təxminən 5 ay sonra cavabdehin açmaq istədiyi fındıq sexinə baxmaq üçün gedərkən işlərin tam yekunlaşmadığını görmüşdür. Cavabdeh işlərin tam yekunlaşıb fəaliyyətə başlaması üçün 10000 (on min) manat pul lazım olduğunu bildirmişdir. 15 gün sonra cavabdeh işləri yekunlaşdırıb fındıq almaq üçün yenidən 10700 (on min yeddi yüz) manat pul lazım olduğu bildirmişdir. O həmin pulu da vermişdir. Beləliklə cavabdehə işin qurub başa çatdırılması üçün cəmi 68300 manat (28000 ABŞ Dolları + 20700 manat) pul vermişdir. Cavabdeh həmin məbləğ üzrə işi quraraq fəaliyyətə başladıqdan sonra onun işin qurulması üçün qoyduğu pulu 1 il 6 ay ərzində qaytarmalı idi. Lakin bu müddət başa çatdıqdan sonra cavabdeh istehsal etdiyi fındığı sata bilmədiyini və özünə məxsus fındıq bağını sataraq pulun bir hissəsini verəcəyini bildirsə də bu günə kimi həmin pulu qaytarmamışdır.

6. Cavabdeh işin qurulması üçün ondan götürdüyü pulu bu günə kimi qaytarmadığı üçün ərizə ilə polis şöbəsinə müraciət etsə də xx.xx.2021-ci il tarixli qərarla işin mülki xarakterli olması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Polis şöbəsində cavabdehin izahatı alınmış və o izahatında onun dediklərini qismən etiraf etmiş və bildirmişdir ki, onunla ortaq sex açmaq üçün razılaşdığını və sexin fəaliyətə başlaması üçün cəmi 125000 (bir yüz iyirmi beş min manat) pul xərcləndiyini və həmin pulun cəmi 41000 manat (20000 ABŞ Dolları +7000 manat) hissəsini onun tərəfindən verildiyini qeyd etmişdir. Eyni zamanda bildirmişdir ki, sexi 2020-ci ilin fevral ayında “Toti” brendi adı altında fəaliyyətə başlamış cəmi 15 gün fəaliyyət göstərmiş və 15 gün sonra pandemiya başladığı üçün sexin faəliyyəti dayandırılmışdır. 15 günlük satışdan 1500 manat ona qaytardığını qeyd etmişdir.

7. İş materiallarına əlavə etdiyi xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qax rayon polis şöbəsinin qərarından göründüyü kimi sexin açılması üçün cəmi 125000 manat xərclənmişdir. Həmin xərcin yarı hissəsi özünün dediyi məbləğə bərabərdir. Eyni zamanda cavabdehə verdiyi pulların əksər hissəsi şahid yanında verilmişdir. Həmin şahid məhkəmə iclasında deyilənləri bir daha sübut edəcəkdir. Cavabdeh bu günə kimi pulları qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 10 may 2022-ci il tarixli, 2(024)- 119/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 20000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə), 7000 manat məbləğində pul və ödənilmiş 294.90 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh Qax rayonu, Marsan kəndində yaşayır. Tərəflər 2018-ci ilin sentyabr ayında birlikdə olan zaman, cavabdeh iddiaçıya iş qurmaq istədiyini bildirmişdir. Bu iş üçün cavabdeh iddiaçıdan 1 il 6 ay sonra qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində borc pul almışdır. Daha sonra işi yekunlaşdırmaq məqsədi ilə cavabdeh iddiaçıdan yenidən 7000 manat məbləğində borc pul almışdır. Lakin keçən müddət ərzində cavabdeh vədinə əməl etməyərək aldığı pulu iddiaçıya geri verməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin iddiaçıya 20000 ABŞ dolları və 7000 manat borcunun olması cavabdehin etirafedici izahatı, işin halları və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20000 ABŞ dolları və 7000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.

10. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə), 7000 manat məbləğində pul və ödənilmiş 294.90 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan İddiaçı, Cavabdeh və onun vəkili Nümayəndə apellyasiya şikayəti vermişlər.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, cavabdeh işin qurulması üçün ondan borc olaraq götürdüyü pulu bu günə kimi qaytarmadığı üçün ərizə ilə Qax rayon polis şöbəsinə müraciət etmişdir. Müraciətinə baxılaraq xx.xx.2021-ci il tarixli qərarla işin mülki xarakterli olması səbəbindən cinayət işinin başlanmasından rədd edilmişdir. Polis şöbəsində cavabdehin izahatı alınmış və o izahatında onun dediklərini qismən etiraf etmiş və bildirmişdir ki, onunla ortaq sex açmaq üçün razılaşdığını və sexin fəaliyətə başlaması üçün cəmi 125000 (bir yüz iyirmi beş min manat) pul xərcləndiyini və həmin pulun cəmi 41000 manat (20000 ABŞ Dolları +7000 manat) hissəsini onun tərəfindən verildiyini qeyd etmişdir. Eyni zamanda bildirmişdir ki, sexi 2020-ci ilin fevral ayında "Toti" brendi adı altında fəaliyyətə başlamış cəmi 15 gün fəaliyyət göstərmiş və 15 gün sonra pandemiya başladığı üçün sexin fəaliyyəti dayandırılmışdır. 15 günlük satışdan 1500 manat ona qaytardığını qeyd etmişdir. İş materiallarına əlavə etdiyi xx.xx.2021-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Qax rayon polis şöbəsinin qərarından göründüyü kimi sexin açılması üçün cəmi 125000 manat xərclənmişdir. Həmin xərcin yarı hissəsi o dediyi məbləğə bərabərdir. Eyni zamandan cavabdehə verdiyi pulların əksər hissəsi şahidlər yanında verilmişdir. Həmin şahidlər məhkəmə iclasında deyilənləri bir daha sübut etmişdir. Bundan başqa cavabdeh məhkəmə iclasında da bir daha ondan 20000 ABŞ Dolları və 7000 manat məbləğində pul aldığını etiraf etmişdir.

14. Lakin bütün bunlara baxmayaraq məhkəmə şahid ifadələrini nəzərə almamış və cavabdehin etirafı həcmində 20000 ABŞ Dolları və 7000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir.

15. Qeyd edilənlərə əsasən Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(024)-119/2022 saylı qətnaməsini iddianın təmin edilməmə hissəsində ləğv edib iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh və onun vəkili Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya Məhkəməsi məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, cavabdeh iddiaçıya iş qurmaq istədiyini bildirmişdir. Bu iş üçün cavabdeh iddiaçıdan 1 il 6 ay sonra qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində borc almışdır. Sonra işi yekunlaşdırmaq məqsədi ilə cavabdeh iddiaçıdan yenidən 7000 manat məbləğində borc almışdır. Lakin keçən müddət ərzində cavabdeh vədinə əməl etməyərək aldığı pulu iddiaçıya geri verməmişdir. Cavabdehin iddiaçıya borcunun olması cavabdehin etirafedici izahatı, işin halları və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə tam sübuta yetirilmişdir.

17. Məhkəmənin qeyd olunan mövqeyi ilə razı deyil. Cavabdeh istər məhkəmə iclaslarında, istərsədə Qax rayon Polis şöbəsində alınmış izahatında iddiaçıya hər hansı bir borcu olmadığını bildirmişdir. İddiaçı ilə şəriklik münasibətində iş görmüşlər. İddiaçının ona qeyd olunan məbləğləri borc pul qismində verməsi istər cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, istərsədə məhkəmə iclaslarında sübuta yetirilməmişdir. İddiaçı tərəfindən şahid qismində dəvət olunmuş şəxslər X2, X1 və X3 eyni məzmunda izahat verərək iddiaçı ilə cavabdehin şərikli münasibətlərinin olduğunu, aralarında borc pul ilə bağlı hər hansı bir münasibətlərinin olmağından məlumatları olmadıqlarını bildirmişlər. Belə olan təqdirdə iddiaçı cavabdehə pul verilməsini təsdiq edən hər hansı bir mötəbər sübutu təqdim edə bilmədiyi üçün iddia rədd olunmalı idi. Çünki tərəflər arasında olan münasibətlər borc münasibətləri deyil, şəriklik münasibətidir ki, həmin münasibəti iddiaçı tərəfindən məhkəməyə şahid kimi dəvət edilmiş şəxslər təsdiq edirlər. Şərikli Kapital hesabına qurulmuş sex və alınmış avadanlıqlar şərikli alındıqları üçün hər hansı öhdəlik münasibətindən yəni borc pul öhdəliyindən bəhs oluna bilməz. İddiaçıya məxsus əmlaklar sexdə olduğu üçün cavabdehdən hər hansı məbləğdə pulun alınaraq iddiaçıya ödənilməsinə dair iddiaçının tələbi təmin oluna bilməzdi. Eyni zamanda nə cavabdeh, nədə ki, vəkili tərəfindən iddia qəbul olunmamış, iddianın rədd olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə tərəfindən cavabdehin və vəkilinin iddianı qismən qəbul etməsi ilə bağlı məhkəmə qətnaməsində yazılması məhkəmənin işə birtərəfli baxmasını və qərəzli mövqeyini nümayiş etdirir.

18. Qeyd edilənlərə əsasən Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(024)-119/2022 saylı qətnaməsinin tamamilə ləğv olunması və İddiaçı iddiasının təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi onun iddiasını qismən təmin etsə də, rədd olunmuş hissə ilə razılaşmır. Belə ki, cavabdeh aralarında olan etibardan istifadə edərək ondan 28000 ABŞ dolları və hissə-hissə 20700 manat məbləğində pul almışdır. Cavabdehin pul alarkən məqsədi iş qurmaq, yəni fındıq sexi açmaq olmuşdur. Lakin üstündən xeyli müddət keçməsinə baxamayaraq cavabdeh onun pulunu qaytarmamış, hər dəfə müxtəlif bəhanələr gətirməklə yayınmışdır. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə rədd olunmasını xahiş edir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və onun vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin cavabdehin vəkili məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işin təxirə salınmasını xahiş etmiş, üzrlü səbəb barədə hər hansı sənəd təqdim etməmişdir.

22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin ərizəsini üzrsüz hesab edərək, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəllənin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, iddiaçı iddianın təmin olunmayan hissəsini, cavabdeh isə iddianın təmin olunmuş hissəsini mübahisələndirmişdir.

26. Ona görə də kollegiya Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(024)-119/2022 nömrəli qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

29. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

30. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

32. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

33. Kollegiya ilk növbədə hazırki mübahisənin aidiyyət məsələsinə xüsusi diqqət yetirərək qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan dəlilləri ayadınlaşdırmaq məqsədilə məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçının «fərdi sahibkar statusuna” (VÖEN **********) malik olması müəyyən edilsə də, cavabdehin adına hər hansı VÖEN, yəni fiziki şəxs kimi vergi orqanında qeydiyyatda olması aşkar edilməmişdir.

34. Ona görə də kollegiya belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə ümumi məhkəmədə baxılması düzgün olmuşdur.

35. İşin müəyyən edilən halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı uzun müddətdir bir-birlərini tanıyırlar. Cavabdeh bu tanşlıq münasibəttindən istifadə edərək iddiaçıdan iş qurmaq məqsədilə pul istəmiş, iddiaçıda aralarında olan etimada əsasən sonuncuya pul vermişdir. İddiaçı bu pulun 28000 ABŞ dollar və 20700 manat ollmasını israr edir, cavabdeh isə əksinə 20000 ABŞ dollar və 7000 manat olmasını etiraf edir.

36. Cavabdeh özü də həmin polis orqanında, həm birinci instansiya məhkəməsinin icraatı zamanı iddiaçıdan tələb olunan məbləğdə deyil, 20000 ABŞ dolları və 7000 manat məbləğində pul aldığını etitraf etmiş, sonradan işi düzgün getmədiyi üçün almış olduğu pulu geri qaytara bilmədiyi qeyd edərək, iddianın qismən təmin olunmasına etirazlarının olmadığını bildirmişdir.

37. Göründüyü kimi cavabdeh özü mübahisələndirilən məbləği qismən, yəni 20000 ABŞ dolları və 7000 manat hissəsində qəbul etməklə, iddiaçının hesabına gəlir əldə etməklə əsassız varlanmışdır.

38. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

39. Buradan da göründüyü kimi cavabdehin iddiaçıya 20000 ABŞ dolları və 7000 manat məbləğdə qaytarılmamış pul öhdəliyi qaldığından, həmin pulu qaytarmaqla bağlı öhdəliyini icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir.

40. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

41. Kollegiya iddiaçı tərəfin iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçı cavabdehə ümumilkdə 28000 ABŞ dollar və 20700 manat pul verildiyini bildirsə də, bu məbləği təsdiq edəcək sübutu məhkəməyə təqdim edə bilməmişdir.

42. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmalı və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmalıdır.

44. Kollegiya, cavabdeh tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlillərini də əsaslı hesab etmir.

45. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini, eyni zamanda cavabdehin iddiaya olan etiraf hissəsini və etirazını yoxlamışdır. Bu mənada, kollegiya hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbini qismən, yəni cavabdehin etiraf hissəsində təmin etməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.

46. İkincisi, kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı, yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız cavabdeh tərəfindən alınmış pulun qaytarılması tələbidir. Kollegiya qeyd edilən dəlilləri əsaslı hesab etmir və bu dəlilləri iddia tələbindən yayınmaq kimi qiymətləndirir.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı, Cavabdeh və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərii təmin edilməsin. Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(024)-119/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar