Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-941/2025 09.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(035)-312/2025 nömrəli qətnaməsindən İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 835,74 (səkkiz yüz otuz beş manat yetmiş dörd qəpik) manat əsas kredit borcu, 23,11 (iyirmi üç manat on bir qəpik) manat faiz borcu, 31 (otuz bir) manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022- 2023-2024-cü illər üçün 257 (iki yüz əlli yeddi) manat, cəmi 1099,85 (bir min doxsan doqquz manat səksən beş qəpik) manat borcu,həmçinin iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli № 2(035)-312/2025 saylı Qərardadı ilə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “kreditin, faizlərin ödənilməsi tələbi”nə dair iddiası iddia icraatına keçirilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 oktyabr 2019-cu il tarixli 18/1019- 042 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 835,74 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixə olan və iddiaçı tərəfindən aparılan hesablamalara görə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-ə 835,74 (səkkiz yüz otuz beş manat yetmiş dörd qəpik) manat əsas kredit borcu, 23,11 (iyirmi üç manat on bir qəpik) manat faiz borcu, 31 (otuz bir) manat penya borcu, cəmi 889,85 (səkkiz yüzsəksən doqquz manat səksən beş qəpik) manat borcu var.
4. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, 23 oktyabr 2019-cu il tarixli müqavilə ilə ona verilmiş kreditin qaytarılması barədə 2021-ci ildə ona son xəbərdarlıq edilmiş, əks halda 3 gün ərzində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin iddiaçı məhkəməyə 2025-ci ildə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. İddia müddəti ötürüldüyündən məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən 2019-cu ildə ona 835,74 manat məbləğində kredit verilmişdir. Bir müddət kredit borcunu ödəsədə sonradan maddi vəziyyətinin pisləşməsi səbəbi ilə iddiaçıya olan borcunu ödəyə bilməmişdir. İddiaçı sonuncu dəfə 2021-ci ildə ona son xəbərdarlıq etmiş və yaranmış borcu 3 gün ərzində ödəməyəcəyi halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Lakin iddiaçı sonuncu bildirişdən təxminən 4 il sonra yəni 2025-ci ildə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür
7. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(035)-312/2025 nömrəli qətnaməsi (hakim İ.Həsənquliyev) ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “kreditin, faizlərin ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 23 oktyabr 2019-cu il tarixli 18/1019-042 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 835,74 manat məbləğində kredit verilmişdir. Borclu öhdəliklərini icra etmədiyindən iddiaçı tərəfindən 16 iyul 2021-ci il tarixdə cavabdehə “Sonuncu bildiriş” göndərilmiş və borcun ödənilməyəcəyi halda 3 gün ərzində məhkəməyə müraciət olunacağı bildirilmişdir. Sonuncu bildirişdən sonra iddiaçı hərəkətsizlik göstərmiş və 3 il 7 ay sonra iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə qeyd etmişdir ki, hazırki, işə 3 illik iddia müddəti tədbiq olunmalı, iddia müddətinin əvvəli isə “Sonuncu bildiriş” in göndərildiyi tarixdən hesablanmalıdır.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehə sonuncu bildiriş göndərib ona müqavilə öhdəliklərinin icrası üçün 3 gün müddət verdiyindən və həmin müddət ərzində müqavilə öhdəlikləri icra olunmadığından eyni zamanda cavabdeh həmin bildirişə münasibət bildirmədiyindən (müddətlə bağlı hissədə) məhkəmə hesab etmişdir ki, kredit müddəti 60 ay müəyyən olunsada, lakin tərəflər arasında olan sonuncu yazışmada bu müddət dəyişdirilərək sonuncu icra müddəti bildirişin göndərildiyi tarixdən 3 gün sonra yəni 19 iyul 2021-ci il müəyyən olunmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə və 71-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.1, 375.2, 377.1, 385.1, 443.1, 448.1, 462.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-cü il tarixli Qərarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə, istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 23 oktyabr 2019-cu il tarixli 18/1019-042 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 835,74 manat məbləğində kredit verilmişdir. Bu o deməkdir ki, müqavilə xx.xx.2024- ci il tarixdə bitir. Belə olan halda iddia müddəti xx.xx.2024-ci il tarixdən sonra 3 il müddətinə şamil olunur, yəni iddia müddətinin son tarixi xx.xx.2027-ci il olmalıdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində müraciət etmişdir.
14. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmədən yalnız formal əsaslandırma ilə kiyafətlənmişdir. Bununla Zərdab Rayon Məhkəməsi maddi hüquq normalarının tələbini pozmuşdur.
15. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-312/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və Zərdab Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e- 2(035)-312/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
25. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
26. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(035)-312/2025 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2(035)-312/2025 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, beləliklə maddi hüquq normalarının tələbləri pozulmuş, iş materiallarında olan sübutlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
30. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli 18/1019- 042 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən əsasən cavabdehə 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 835,74 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-ə 835,74 (səkkiz yüz otuz beş manat yetmiş dörd qəpik) manat əsas kredit borcu, 23,11 (iyirmi üç manat on bir qəpik) manat faiz borcu, 31 (otuz bir) manat penya borcu vardır. İddiaçı əlavə olaraq cavabdehdən Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-cü illər üçün 257 manat faiz borcu olmaqla, ümumilikdə 1099,85 manat məbləğində pul tələb etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etsə də, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə 24 fevral 2025-ci il tarixdə təqdim edilməsi müəyyən edilmişdir. 31.Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin xx.xx.2024-ci il tarixdə bitməsi, iddia müddətinin xx.xx.2024-ci il tarixdən sonra 3 il müddətinə şamil olunması, yəni iddia müddətinin son tarixinin xx.xx.2027-ci il olması, iddiaçının isə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə müraciət etməsi, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbinin pozulmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan “ASEL KREDİT» Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli 18/1019-042 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, kredit təşkilatı tərəfindən Cavabdeh 5 il müddətinə illik 1 % dərəcəsi ilə borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 835.74 manat qalıq məbləğini ödəməsi məqsədilə 835,74 manat məbləğində kredit verilmişdir.
32. İşdə olan iddia ərizəsinə Zərdab Rayon Məhkəməsi tərəfindən vurulmuş daxil olma ştampından görünür ki, hazırkı iş üzrə iddia ərizəsi 24 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinə daxil olmuş və icraata qəbul olunmuşdur.
33. Yuxarıda sadalanan sənədlərdən göründüyü kimi 23 oktyabr 2019-cu il tarixli 18/1019-042 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə kreditin qaytarılmasının son müddəti kimi xx.xx.2024-cü il tarixi müəyyən edilmiş, “ASEL KREDİT» Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən isə həmin tarixdən 3 illik iddia müddəti ötürülmədən, yəni 24 fevral 2025-ci il tarixdə hazırkı mülki iş üzrə iddia ərizəsi birinci instansiya məhkəməsinə göndərilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin axımının borclu öhdəliklərini icra etmədiyindən iddiaçı tərəfindən 16 iyul 2021-ci il tarixdə cavabdehə “Sonuncu bildiriş” in göndərildiyi tarixdən hesablanmaqda səhvə yol vermişdir.
35. Belə ki, tərəflər arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli 18/1019-042 saylı kredit (restrukturizasiya) müqaviləsində öhdəliyin icrası müddəti 5 il müəyyən olunmuşdur. Buna görə də iddia müddətinin axımı müqavilədə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddət bitdikdə başlanmışdır.
36. Bundan başqa məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı “ASEL KREDİT» Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası əsaslıdır. 37.Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli 18/1019-042 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən əsasən cavabdehə 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 835,74 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə 835,74 (səkkiz yüz otuz beş manat yetmiş dörd qəpik) manat əsas kredit borcu, 23,11 (iyirmi üç manat on bir qəpik) manat faiz borcu, 31 (otuz bir) manat penya borcu yaranmış, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 257 manat faiz borcu hesablanmışdır.
38. Beləliklə qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “ASEL KREDİT» Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(035)-31/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməli, iddiaçı “ASEL KREDİT» Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 835.74 manat əsas borc, 23.11 manat faiz borcu, 31 manat cərimə, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üzrə hesablanan 257 manat faiz borcu, cəmi 1099,85 manat borc və 31 manat dövlət rüsumu alınaraq iddiaçı “ASEL KREDİT» Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(035)-312/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilsin. Cavabdeh 835,74 manat əsas borc, 23,11 manat faiz borcu, 31 manat cərimə, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün hesablanan 257 manat faiz borcu, cəmi 1099,85 manat kredit borcu və 31 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.