Məhkəmə qərarları › İş №2(107)-945/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-945/2024

11.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-945/2024 11.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əmirova (Qədirova) Ülviyə Əziz qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Əmirova (Qədirova) Ülviyə Əziz qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)-649/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İsmayıllı Rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli 2(037)-1951/2016 nömrəli əmri ilə 11 avqust 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehdən hər ay 80 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Əmirova (Qədirova) Ülviyə Əziz qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından 11 avqust 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün İsmayıllı Rayon Məhkəməsinin 23 sentyabr 2016cı il tarixli 2(037)-1951/2016 nömrəli əmri ilə təyin olunmuş 80 manat məbləğində alimentin artırılaraq sabit pul məbləği ilə 250 manat müəyyən olunması və mediasiya təşkilatına ödənilmiş 50 manat xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir..

3. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 23 sentyabr 2016cı il tarixli 2(037)-1951/2016 nömrəli əmri ilə 11 avqust 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün cavabdehdən hər ay 80 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Təyin olunmuş aliment məbləği hazırki vəziyyətdə uşağın saxlanması üçün azlıq edir və minimum təminatını belə ödəmir. Övladı Ülkərin yaşının artması, orta məktəbdə təhsil alması xərclərinin də artmasına səbəb olmuşdur. Özü heç yerdə işləmir. Cavabdeh isə avtomobil təmiri və avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olmaqla yüksək aylıq gəlir əldə etsə də təyin olunmuş alimenti vaxtında ödəməməklə yanaşı uşağına əlavə heç bir köməklik etmir. Ona görə də təyin olunmuş alimentin məbləğinin artırılaraq hər ay 250 manat müəyyən olunması və mediasiya təşkilatına ödənilmiş 50 manat xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1951/2016 nömrəli 23 sentyabr 2016-cı il tarixli məhkəmə əmri ilə 11 avqust 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün Cavabdeh hər ay 80 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətində müsbət dəyişiklik olmamışdır. Cavabdehin ümumi səbəbdən İ qrup əlil olan iki qardaşı vardır. Atası 2022-ci ildə müayinə olunarkən onda “Vəlvələ pozğunluğu (epizodik paroksizmal həyəcanlıq) diaqnozu aşkar olunmuşdur.

5. İddiaçının nümayəndəsi qeyd olunan aliment məbləğinin hazırki vəziyyətdə uşağın saxlanması üçün azlıq etdiyini və uşağın normal təminatını ödəmədiyini, uşağın yaşının artması xərclərinin də artmasına səbəb olduğunu, iddiaçının işləmədiyini, cavabdehin isə avtomobil təmiri və avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olmaqla yüksək aylıq gəlir əldə etdiyini qeyd edərək alimentin məbləğinin artırılaraq hər ay 250 manat müəyyən olunması və mediasiya təşkilatına ödənilmiş 50 manat xidmət haqqının cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Cavabdehin nümayəndəsi aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətində müsbət dəyişikliyin olmadığını, cavabdeh Rusiya istehsalı olan keçmiş avtomobillərin elektrik avadanlıqlarının təmiri ilə məşğul olduğunu, aylıq gəlirinin 200 manatdan da az olduğunu, özü xəstə olmaqla hələ evlənmədiyini, himayəsində İ qrup əlil olmaqla əmək qabiliyyətini itirmiş, daimi qulluğa ehtiyacı olan iki qardaşının, uzun müddət İİ qrup əlil olan hazırda əlilliyi ləğv olunmuş xəstə atasının, yüksək təziqli və şəkər xəstəsi anasının olduğunu, uşağın saxlanması üçün ayda 100 manat aliment ödəyə biləcəyini, bundan artıq aliment ödəməyə maddi imkanını olmadığınını qeyd edir.

6. Cavabdehin rəsmi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətinini nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 avqust 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat aliment tutularaq Əmirova (Qədirova) Ülviyə Əziz qızına ödənilməsini əsaslı hesab edir.

7. İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)-649/2024 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia qismən təmin olunmuş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1951/2016-ci il tarixli 23 sentyabr 2016-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 avqust 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat alimentin tutularaq Əmirova (Qədirova) Ülviyə Əziz qızına ödənilməsi, Cavabdeh ödənilmiş mediasiya xərcinin yarısı yəni - 25 (iyirmi beş) manat məbləğinin tutulması və Əmirova (Qədirova) Ülviyə Əziz qızına ödənilməsi, Cavabdeh 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumu tutulması və dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22, 75, 78 və 112-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: AZ-İİİ 691718 saylı xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1951/2016 nömrəli 23 sentyabr 2016-cı il tarixli məhkəmə əmri “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞQ/MT035/2023-178 nömrəli xx.xx.2024-cü il tarixli arayışı DSMF İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş 004608 nömrəli və 075549 nömrəli əlillik vəsiqələr Şəki rayon Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli 063 nömrəli məktubu

10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun aylıq qazancı 200 manatı ötmədiyi və himayəsində, onun köməyinə ehtiyacı olan dörd nəfər, ikisi birinci qrup olmaqla şəxs olduğu halda, onun yüksək məbləğdə, yəni məhkəmə qətnaməsində göstərilən məbləğdə aliment ödəmək iqtidarında deyildir. Qanunvericiliyə görə hər iki valideyn övladları qarşısında bərabər məsuliyyət daşıyır, amma iddiaçı onun övladıyla görüşməyinə imkan vermir və eşitdiyinə görə uşağa atasının, yəni onun öldüyünü söyləyir.

12. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)- 649/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və alimentin 100 manat məbləğində artırılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)-649/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya:

18. Qərarlar: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)- 649/2024 nömrəli qətnaməsinin iddianın təmin edilmiş mübahisələndirilən 70 manata aid hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şiakyətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş mübahisələndirilən 70 manata aid hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

23. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, alimentin müəyyən edilməsi barədə öncəki məhkəmə əmrinin qəbul olunduğu 2016-cı ildən hazırki iş üzrə məhkəmə qətnaməsinin qəbul olunduğu 2024-cü ilədək uşaqlar üçün yaşayış minimumunda 118 manat dəyişiklik olmuş, o cümlədən ölkənin iqtisadi həyatında müsbət dəyişikliklər baş vermişdir. İddiaçının iddia ərizəsində ayda 250 manat sabit pul məbləğində aliment tələb etməsinə baxmayaraq, birinci instansiya alimenti sabit pul məbləğində 170 manat həcmində təmin etməklə, alimenti yalnız 90 manat məbləğində artırmışdır. Göründüyü kimi, hazırki şəraitdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan olmuşdur. Qətnamənin alimentin artırılması hissəsinin ləğv edilməsi üçün heç bir əsas müəyyən edilmir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, onun köməyinə ehtiyacı olan dörd nəfər şəxs olması, uşaqla ünsiyyətdə ola bilməməsi onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş mübahisələndirilən 70 manata aid hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)-649/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş mübahisələndirilən 70 manata aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 3 iyun 2024-cü il tarixli 2(037)-649/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş mübahisələndirilən 70 manata aid hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar