Məhkəmə qərarları › İş №2(107)-946/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-946/2024

03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-946/2024 03.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - aliment) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X4 və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 06 may 2024-cü il tаrixli, 2(016)-516/2024 saylı qətnаməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan AZ-İİİ seriyalı 865310 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 23 yanvar 2017-ci il tarixdə doğulmuş, “valideynləri” qrafasında atasının “Cavabdeh”, anasının “İddiaçı” olması qeyd edilmişdir.

2. İş materiallarında olan Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 27 yanvar 2020ci il tarixli, 2(110)-30/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə X2 arasındakı 04 aprel 2016-cı il tarixli nikahın pozulması, nikahın pozulmasından sonra xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh anası İddiaçı yanında qalması, Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 120 manat məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

3. İş materiallarında olan AZ-İ seriyalı 400925 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikaha xx.xx.2020ci il tarixdə xitam verilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, yetkinlik yaşına çatmayan uşağı xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmənin qət etdiyi alimentin miqdarının artırılaraq cavabdehdən həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(110)-30/2020 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında olan nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra o, soyadını dəyişərək Zeynalova soyadını seçmişdir. Cavabdehlə birgə nikahından xx.xx.2117-ci il təvvəlüdlü Nihat doğulmuşdur. 27 yanvar 2020-ci il tarixli, 2(110)-30/2020 saylı qətnamə ilə birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat miqdarında aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda, oğlu Nihatın 7 yaşı var, orta məktəbdə təhsil alır və ona görə də uşağın tələbatların ödəməsində əziyyət çəkir. 120 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın bütün ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh çıxış edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, aliment verməyə imkanı yoxdur. Hətta o, alimenti azaltmaq üçün müraciət etmək istəmişdir. İddiaçının imkanı var, xarici ölkələrə gedib gəlir. Alimentin artırılmasına etiraz edir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) 06 may 2024-cü il tаrixli, 2(016)-516/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(110)-30/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər 180 (bir yüz səksən) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 06 may 2024-cü il tаrixli, 2(016)-516/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, məhkəməyə başqa qadınla evləndiyini və həmin nikahdandan bir uşağının doğulduğunu bildirsə də, buna əhəmiyyət verilməmişdir. Bundan başqa qeyd edir ki, uşağın qayğısına qalmaq, onu tərbiyə etmək, tələbatını, təminatını təmin etmək onun vəzifəsi olduğu qədər, iddiaçının da vəzifəsidir. Bu gün uşaqlar üçün yaşayış minimumu 235 manat olduğuna görə onun maddi təminatı da iddiaçıyla yarı-bayarı olmalıdır. 235 manatın yarı hissəsi 117.50 manatdır. Alimentin miqdarıda 117.50 manat məbləğində ondan tutulmalıdır. Lakin buna baxmayaraq məhkəmə uşağın yaşayış minimumu olan 235 dən 180 manatın məbləğini ondan tutur. Məhkəmə iddiaçının ondan bir uşağın saxlanılması üçün 180 manat məbləğində alimentin tutulmasının təmin edilməsi qətnamədə göstərilən qanunlara ziddir. Çünki məhkəmənin özü də bildirir ki, uşaqların saxlanılması hər bir valideyinin vəzifəsi olduğundan alimentin (yemək pulu) ödənilməsi də hər bir valideyinin vəzifəsidir. Bu səbəbdən daha ədalətli olardı ki, iddiaçının tələb etdiyi 235 manat aliment bərabər şəkildə bölünsün, yəni 235 manat aliment pulunu yarıya bölsək 117.50 manata bərabərdir. Uşağa görə alimentin məbləği 117.5 manat olmalı, lakin məhkəmə yenədə uşaq üzərində ərlə arvadın bərabərlik (hüquq və vəzifələri) prinsipindən kənarlaşaraq alimentin çox bir hissəsinin, 180 manat məbləğində alimentin verilməsi haqda qətnaməni qət etmişdir. Onun aylıq gəliri işlədiyi iş yerində aldığı 380 manat məvacibdən ibarətdir. Başqa gəlir yeri yoxdur. Bu iş üçün əhəmiyyətli olan hallar aydınlaşdırılmayıb və nəticədə məhkəmə düzgün qərara gəlməyib. Alıdğı 380 manat məvaciblə o, həm ailəni saxlaya biləcəyini, həmdə alimentin ödəyə biləcəyi araşdırılmayıb. Göstərilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin 06 may 2024-cü il tаrixli, 2(016)- 516/2024 saylı qətnaməsinin ləvğ edilməsi və iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi.

13. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

16. Maddə 34. Nikah hüququ

İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

İnsan hüquqlarına dair Ümumi Bəyannamə

17. Maddə 25, 2-ci bənd. Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

18. Maddə 8. Hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

19. Maddə 13. Uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

20. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

21. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

22. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 06 may 2024-cü il tаrixli, 2(016)-516/2024 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

36. Yuxarıda qeyd edildiyi kimi tərəflər arasında bağlanmış 04 aprel 2016-cı il tarixli məhkəmə qaydasında pozulmuş, nikahın pozulmasından sonra xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh anası İddiaçı yanında saxlanılmış, uşağın atası Cavabdeh hər ay sabit pul məbləğində 120 manat məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

37. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.

38. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

39. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

40. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilən aliment uşağın saxlanılmasına, onun maddi və mənəvi inkişafının təmin edilməsi üçün yetərli olmalıdır. Alimentin məbləği müəyyən edilərkən uşağın mənafeyi başlıca şərt olaraq götürülməlidir.

41. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

42. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən alimentin tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

43. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əvvəlki qətnamə ilə təyin edilmiş alimentin məbləğini artıraraq 180 manat müəyyən edilməsi nəticəsinə gələrkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlimtərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyini nəzərə almışdır və bu baxımdan məhkəmənin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdeh apellyasiya şikayətində maddi vəziyyətinin aşağı olmasını bildirmişdir. Kollegiya hesab edir ki, həmin dəlillər onu, aliment ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin aliment hissəsində dəyişdirilməsi üçün yetərli deyildir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

46. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

48. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

49. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 06 may 2024-cü il tаrixli, 2(016)-516/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə görə, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

52. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Ağsu Rayon Məhkəməsinin mövcud qətnaməsi ilə qət edilmiş məbləğ isə 180 manat təşkil edir.

53. Cavabdeh artırılmış 180 manat məbləğin 60 manat hissəsini mübahisələndirir ki, həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 720 manat təşkil edir və beş min manatdan az olduğuna görə hazırkı mülki iş üzrə çıxarılmış qətnamənin alimentin tutulmasına dair hissəsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (qətnamənin 32-ci bəndi). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 06 may 2024-cü il tаrixli, 2(016)-516/2024 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar