Məhkəmə qərarları › İş №2(107)-948/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-948/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-948/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi ilə Qax Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(024)-434/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Cavabdeh1 Qax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(024)-434/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Qax Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(024)-434/2020 saylı qərardadı ilə Cavabdeh1 Qax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(024)-434/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə Cavabdeh1 geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 Qax Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(024)-434/2020 saylı qərardadından şikayət verərək Qax Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(024)-434/2020 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(024)-434/2020 saylı qərаrdаdı ilə Cavabdeh1 Qax rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(024)-434/2020 saylı qərardadından verdiyi şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı və maraqlı şəxs lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə heç bur sübut təqdim etməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Qax Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(024)-434/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən apelyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-ci maddəsinə əsasən apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apelyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: “İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İş materiallarını nəzərdən keçirdikdə müəyyən olunur ki, iş üzrə Qax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(024)-434/2020 saylı qətnaməsi tərəflərə poçt vasitəsi ilə göndərilmiş, Cavabdeh1 19.10.2020-ci il tarixdə qətnaməni alması barədə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etmişdir. Bundan sonra Cavabdeh1 09.02.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək (ərizə 20.02.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur) məhkəmə qətnaməsini rəsmi qaydada almadığını bildirərək həmin qətnamənin ona göndərilməsini xahiş etmişdir. Cavabdeh1 rəsmi qaydada məktub göndərilərək sözügedən qətnamənin 14 oktyabr 2020-ci il tarixdə rəsmi qaydada poçt vasitəsi ilə göndərildiyi və qətnaməni alması barədə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməsi və qətnamənin surətinin təkrar alınması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh1 sözügedən qətnamənin surətinin təkrarən ona verilməsi barədə məhkəməyə ərizə ilə müraciət etdikdən sonra qətnamənin surəti qəbzə imza etməklə ona təkrarən verilmişdir. Beləliklə, də cavabdeh qətnamənin surətini vaxtında almasına baxmayaraq, qətnamədən heç bir üzürlü səbəb olmadan vaxtında apellyasiya şikayəti verməmiş, apellyasiya şikayətini 03 mart 2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Həmçinin, Cavabdeh1 Qax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(024)- 434/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti apellyasiya şikayətinə əlavə etməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Qax Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(024)-434/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(024)-434/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar