Məhkəmə qərarları › İş №2(107)-948/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-948/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-948/2022 09.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair (Açar sözlər: kredit borcunun tutulması-yalnız cərimə hissəsi mübahisələndirilir) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(025)-491/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı QSC-i ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 60 ay müddətinə, aylıq 0.0833 faiz dərəcəsi ilə 7787,52 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsinin “Ödəniş cədvəli”ndən görünür ki, borcalan Cavabdeh1 7787,52 manat məbləği aylıq 0.0833 %-lə, 60 ay müddətinə ilk on ay 10 manatdan çox olmamaqla, sonrakı aylar 166 manat, sonuncu ay isə 146,77 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür.

3. 09 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019cu il tarixli, 035A********** saylı Kredit müqaviləsi üzrə 7774,7 manat əsas, 69,63 manat faiz və 3228,01 manat cərimə olmaqla, cəmi 11072,34 manat məbləğində kredit borcu vardır.

4. İddiaçı QSC-nin İsmayıllı filialı ilə zamin Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 035G**********03 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır.

5. İddiaçı QSC-nin İsmayıllı filialı ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 035G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır.

6. İddiaçı QSC-nin İsmayıllı filialı ilə zamin Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 035G**********02 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün hər bir zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir.

7. Kassa məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 7787,25 manatı imza edərək qəbul etmişdir.

8. «Xəbərdarlıq» məktublarından görünür ki, cavabdehlər (kredit alan) Cavabdeh1, (zaminlər) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit üzrə əsas, hesablanmış faiz və cərimə borcunun qaytarılmasına dair xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

9. Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.1980-ci ildə Qəbələ rayonu Zarağan kəndində doğulmuşdur və Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır.

10. Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1957-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır.

11. Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1944-cü il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır.

12. Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1980-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində doğulmuş, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatdadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 7774,7 manat məbləğində kredit borcu, 69,63 manat məbləğində faiz borcu və 3228,01 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11072 (on bir min yetmiş iki) manat 34 (otuz dörd) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırılmaq üçün ödənilmiş 123,22 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019cu il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833 % olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7787,52 (yeddi min yeddi yüz səksən yeddi manat əlli iki qəpik) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 12,82 manat ödəniş etmiş və onun iddiaçıya 7774,7 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bənd ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 373 gün üçün hesablanmış faiz borcu 69,63 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 3873 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 3228,01 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqavilə üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Onlar, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.

15. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 20 aprel 2022-ci il tarixli 2(025)- 491/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər (borclu) Cavabdeh1 və (zaminlər) Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 7774,7 manat məbləğində kredit borcu, 69,63 manat məbləğində faiz borcu və 2500 manat cərimə borcu olmaqla, cəmi 10344,33 (on min üç yüz qırx dörd manat otuz üç qəpik) manatın və 123,22 (bir yüz iyirmi üç manat iyirmi iki qəpik) manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli, 035A********** saylı Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC-dən 60 ay müddətinə, aylıq 0.0833 % faiz dərəcəsi ilə 7787,52 manat manat məbləğində kredit alıb, onu ödəniş planına uyğun olaraq annuitet qaydada ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməmişdir.

17. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı QSC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır.

18. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsi üzrə 7774,7 manat əsas və 69,63 manat faiz borcunun tutulmasını əsaslı sayır. Həmçinin məhkəmə öhdəliyini lazımınca icra etmədiyinə görə ondan 3228,01 manat məbləğində tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir.

19. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə tətbiq olunmuş cərimənin tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, onun azaldılması, yəni 2500 manat cərimə tutulmasını yetərli və ədalətli hesab edir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclu kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır.

20. Bununla da məhkəmə cavabdehlər Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada, xx.xx.2019-cu il tarixli, 035A********** saylı kredit razılaşması üzrə 7774,7 manat əsas, 69,63 manat faiz və 2500 manat cərimə olmaqla, ümumilikdə 10344,33 manat kredit borcunun tutulması qənaətinə gəlir.

21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.2, 421.2, 423.2, 467, 472.1, 472.2 və 472.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1, 80, 81, 119.1 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

22. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiacı İddiaçıQSC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 035A********** saylı kredit müqaviləsinə əsasən əvvəlki krediti Azərbaycan Respubilikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq restrukturizasiya edilmişdir. Amma iddiaçı Prezidentin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq 01 faizlə 60 ay müddətinə krediti restrukturizasiya etməmişdir. Bundan yuxarı faizə yəni idddiada və məhkəmə qərarında göstərdiyi kimi 0.0833 faizlə qanunsuz olaraq restrukturizasiya etmişdir. Bundan başqa Cənab Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı fiziki şəxsləri problemli kreditlərdən xilas etmək qanunsuz faiz və dəbbə pullarından azad etmək məqsədi ilə verilməsinə baxmayaraq iddiaçının əsassız hesabladığı cərimə pulunu məhkəmə qismən təsdiq etmişdir.

24. Belə ki, krediti götürdüyü xx.xx.2019-cu il tarixindən 3 ay sonra yəni 2020-ci ilin mart ayından etibarən Azərbaycan Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirirdi. həmin müddətdən sonra qapanmaların olması, heç bir yerin işləməməsi, vətəndaşların küçəyə ancaq zəruri ehtyaclar ücün saat hesabı ilə çıxması vaxtlarında, o, evdən çölə çıxa bilmirdi və heç bir işlə məşğul ola bilmirdi. Bu müddətlər ərzində İddiaçı ona qanunsuz olaraq yüksək məblğdə cərimə hesablamışdır. Bundan başqa Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, habelə bank sektoru üzrə requlyativ çərçivənin modifikasiyası tədbirləri çərçivəsində 30 sentyabr 2020-ci il tarixinədək kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış və dividend ödənişləri məhdudlaşdırılmış, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilmişdir. Bununla yanaşı, kredit təşkilatlarına 30 sentyabr 2020-ci il tarixinədək əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilmişdir. Məhkəmə tərəfindən bunlar araşdırılmadan 2500 manat cərimə pulu ödəməli olduğu təsdiq edilmişdir. Məhkəmədə kreditin əsas hissəsinin və faizini ödəyəcəyini bildirib, cərimənin tamamən silinməsini xahiş etsə də, xahişi məhkəmə tərəfindən nəzərə alınmamışdır.

25. Necə ola bilir ki, bu müddət ərzində cəmi 69 manat faiz hesablansın amma dəbbə pulu 2500 manat hesablansın. Buda onu göstərir ki dəbbə pulu qanunsuz hesablanmışdır.

26. Qeyd edilənlərə əsasən məhkəmə aktının qismən dəyişdirlməsini, birinci instansiya məhkəməsinin barəsində şikayət verilən qətnaməsinin dəbbə pulu hissəsinin ləğv edilməsini və 2500 manat dəbbə pulunun silinməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, bir müddət ödəniş etsə də, sonradan yaranmış maddi vəziyyəti ilə bağlı ödəniş edə bilməmişdir. Bu gün də əsas və faiz borcunu ödəməkdən imtina etmir, sadəcə hesablanmış cərimənin silinməsini xahiş edir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, sonda cərimənin silinməsinin xahiş etmişdir.

30. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə münasibət bildirərək qeyd etdi ki, əgər cavabdeh tərəf yaranmış əsas borcu birdəfəyə tam ödəyərsə, onlara faiz və cərimə borcu güzəşt edilər. Bununla belə cərimə borcunun azaldılmasına etiraz etmirlər və bu hissədə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxırlar.

31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 462.1. Dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..

Apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(025)-491/2022 nömrəli qətnaməsini qismən “2500 manat dəbbə (cərimə) pulu” hissəsində mübahisələndirərək qətnamənin bu hissədə dəyişdirilməsini xahiş etmişdir.

35. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(025)- 491/2022 nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Apellyasiya şikayəti qətnamənin cərimə hissəsinə münasibətdə ləğv və həmin hissədə rəddinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, cərimə (dəbbə pulu) borcuna münasibətdə dəyişdirilməlidir.

38. İddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehlərdən alınması barədədir.

39. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833 % olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7787,52 (yeddi min yeddi yüz səksən yeddi manat əlli iki qəpik) manat məbləğində kredit götürmüşdür.

40. İşin müəyyən edilmiş hallarından göründüyü iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitlərini cavabdehlərə vermişdir. Lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.

41. Kollegiya Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh (apellyator) apellyasiya şikayətində cərimə borcunu mübahisələndirərək, cərimənin həddən artıq çox hesablanmasını, bu səbəbdən də iddianın cərimə ilə bağlı hissəsinin rədd edilməsini xahiş etmişdir.

42. Məhkəmə kollegiyası, apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək illik faizin dərəcəsi və cərimənin hesablanma qaydası dəqiq müəyyən edilmişdir.

43. İşdən görünür ki, iddiaçı tərəf iddia qaldırılarkən cavabdehlərdən 3228.01 manat cərimə tələb edilmiş, lakin birinci instansiya məhkəməsi cəriməni qismən azaldaraq 2500 manat məbləğində müəyyən etmişdir.

44. İddianı qismən, yəni cərimə borcunu 2500 manat hissədə təmin edən birinci instansiya məhkəməsi cərimə məbləğini müəyyən edərkən iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslanmışdır.

45. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə işə baxan məhkəmə tərəfindən cərimə məbləği kifayət qədər az məbləğdə azaldılmışdır ki, bu da MM-in 467-ci maddəsini tələbi baxımından tənasüb müəyyənləşdirilərkən cavabdehlərin həm əmlak, həm ödəmə imkanları, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır.

46. Kollegiya qeyd edir ki, hesablanmış cərimənin məbləğindən asılı olmayaraq işə baxan məhkəmələr işin faktiki hallarını nəzərə almaqla həmin cəriməni ağlabatan məbləğdə azaltmaq hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə cərimə borcuna (o cümlədən cəmi borca mübahsibətdə) dəyişdirilərək, cərimə borcu 200 manat məbləğində ( cəmi borc 8.044,33 manat olmaqla) müəyyən edilməlidir.

47. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(025)-491/2022 nömrəli qətnaməsi cərimə məbləğinə münasibətdə dəyişdirilməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(025)-491/2022 nömrəli qətnaməsi cərimə borcunun məbləğinə münasibətdə (o cümlədən cəmi borca münasibətdə) dəyişdirilsin. Cərimə borcunun məbləği 200 (iki yüz) manat (əsas, faiz və cərimə borcunun cəmi 8.044,33 manat olmaqla) müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar